Sərraf Şiruyə
218
OLMUR
Haqqın, ədalətin arxası yoxdu,
Deməmək də olmur, demək də olmur,
Acıdı, şirindi dünyanın dadı,
Yeməmək də olmur, yemək də olmur.
Tale qul eləyib yamana bizi,
Gətirmir ilqara, imana bizi,
Kəndirbaz eləyib zamana bizi,
Gülməmək də olmur, gülmək də olmur.
Şiruyə, fikirdən yoruldu başın,
Uydu şöhrətlərə dostun, sirdaşın,
Haqsız tənələrdən axır göz yaşın,
Silməmək də olmur, silmək də olmur.
BİR DƏ
Geri dönə dəli gənclik,
Sevəm bir də, seçəm bir də.
O, gözaltı cığırlardan,
Ürkə-ürkə keçəm bir də.
Çəkəm min bir həsrətini,
Hicranını, möhnətini.
Eşqin vüsal şərbətini,
Yar əliynən içəm bir də.
|