Sərraf Şiruyə
220
YAVAŞ-YAVAŞ
Fələk mənlə bəd başlayıb, sitəmini artırıb,
Sinəm üstə çalın-çarpaz dağ çəkir yavaş-yavaş.
Hicran qəmi pərvanədi, cəsədimdi yanar şam,
Mən yanıram, o qovrulur, yağ çəkir yavaş-yavaş.
Ellər gəlsin nəzər salsın mənim solğun büstümə,
Qəza məndən uzaqlaşmır, yaman girib qəsdimə.
Qəm qüssələr hücum çəkir dəstə-dəstə üstümə,
Sığallayır saçlarımı, ağ çəkir yavaş-yavaş.
Qohum-qardaş yola gedər, aman arvad əlindən,
Yaşamağa yoxdu zərrə güman arvad əlindən,
Vəfasız dost, paxıl qonşu, yaman arvad əlindən,
Biçarə Sərraf Şiruyə ah çəkir yavaş-yavaş.
DEYİLƏM
Dayazlara baş vurmaram, qəvvasıyam dərinin.
Əşrəfiyəm bu dünyanın, altunun, zərinin.
Mən Leylinin Məcnunuyam, Fərhadıyam Şirinin.
Hər gözəlin mübtəlası, divanəsi deyiləm.
Billur kimi çeşmə axır ürəyimin gözündən,
Kimin qəlbi kinlidirsə qorxsun özü-özündən.
İlqarından, peymanından, haqq bildiyi sözündən,
Kim dönürsə dönsün nə qəm, mən dönəsi deyiləm.
|