Sərraf Şiruyə
26
OLUNCA MƏN
Demirəm yanmışam xalqın oduna,
Od alıb, alışıb kül olunca mən.
Özümü vətənə oğul saymaram,
Ellərin dilində el olunca mən.
Eşqin yollarında olmasa cəfam,
Sınanmaz ilqarım, bilinməz vəfam.
Demərəm bülluram, demərəm safam,
Zərgər körüyündə ləl olunca mən.
Şiruyə, şeirin ustadaları var:
Nizami, Fizuli verməz ixtiyar.
Nə şair demərəm, nə də sənətkar,
Sənətdə Rüstəmi Zal olunca mən.
BİLMƏZ
Vətəni öz qanı, canı bilməyən,
Vətənin yükünü daşıya bilməz.
Vətən istəyəni kəsərli xəncər,
Mərdin ürəyindən qaşıya bilməz.
Nə gözəl söyləyib görün dədələr:
“Şah olsa gədədi, yenə gədələr”.
Sərvətə əyilməz əsilzadələr,
Yaltaq əyilməsə yaşaya bilməz.
|