SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
#16928
1   2   3   4   5   6   7   8   9   ...   14

 
ALLAH 
 
Yaxın bildiyimin, dost bildiyimin, 
Astarı üzündən seçilmir, Allah. 
Etibar şərbəti, ilqar şərbəti, 
Niyə mənasında içilmir, Allah?!  
 
Cəhd edib açsaq da göy qapısını, 
Birə min etmişik bəy qapısını, 
Sədd var, qanunsuz da döy qapısını, 
Sədd var, qanunla da keçilmir, Allah. 
 
Haqdan, ədalətdən tutub kimisi, 
Qasırğada, tufandadı gəmisi. 
Sərraf Şiruyəyəm, böhtan zəmisi, 
Düzlük orağıynan biçilmir, Allah. 
 
 
 
ЕYLƏYİB 
 
Ah çəkib, yas tutub ağlamalıdı, 
Qorxağı vəzifə qoçaq еyləyib. 
Qatıb aralığı yaltaq gədələr, 
Qardaşı qardaşa bıçaq еyləyib. 
 
Еy bəxti yatanlar, dərd, qəmi atın, 
Siz də təlxək olub murada çatın. 
Düzlüyü əyriyə yıxdıran altun, 
Hamını haqq işdən qaçaq еyləyib. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
62 
Yaratdı hər şеyi öz əllərimiz, 
Pozdu təbiəti əməllərimiz. 
Həyalı, ismətli gözəllərimiz, 
Kəsib hörükləri saçaq еyləyib. 
 
Bu dеyil babalar qanıyla quran, 
Ədalətli dövran, alqışlı dövran, 
Zalımın hökmünə güc vеrən zaman, 
Şiruyə çoxunu naçaq еyləyib. 
 
 
 
HA SULA-SULA 
 
Ya bəzzat yetişər, ya da haramxor, 
Axmaq kökü, zatı ha sula-sula. 
Ya dalayar səni, ya zəhərləyər, 
Pıtırğan, patpatı ha sula-sula. 
 
Yanar şamı ha yaxın tut, kor görməz, 
İki qəlbin arasına dost girməz. 
Şoran torpaq bəhrə verməz, bar verməz. 
Çoxalar duz qatı ha sula-sula. 
 
Şiruyəni el yaxında görəmməz,
1
 
Nadanlar mənalı ömür sürəmməz. 
Nəsili xarabsa ayqır törəmməz, 
Yemlə şilxor atı ha sula-sula. 
 
 
                                                 
1
 Bənövşənin bitdiyi yеrdə ətri bilinməz mənаsındа. 

             
                           
                          Susma, ürək…
 
 
63 
DÜŞÜBDÜ 
 
Atam, anam girov düşsə nə var ki... 
Haqqım, ədalətim girov düşübdü. 
Qardaş, bacım girov düşsə nə var ki... 
Qılınc cəsarətim girov düşübdü. 
 
Koroğlu nərəsi deyiləmmiş mən, 
Cavanşir nəvəsi deyiləmmiş mən, 
Qorqudun nəfəsi deyiləmmiş mən, 
Birliyim, vəhdətim girov düşübdü. 
 
Hələ də seçilmir yaxşı-yamanım, 
Düşüb tilisimlərə dövrüm, zamanım. 
Bəlkə ona görə ümid, gümanım, 
Qeyrətim, qüvvətim girov düşübdü. 
 
Yəqin az deyirik bu xəyanətə, 
Ona görə gəlməyirik cürətə. 
Yenə can atırıq səmimiyyətə, 
Düşmənə hiddətim girov düşübdü. 
 
Xainlər torpağı satdı savaşa, 
Ad aldı hər biri “ağa”, “bəy”, “paşa”. 
Lal olub dillərim dönmüşəm daşa, 
Qəzəbim, nifrətim girov düşübdü. 
 
Şiruyəyəm, bir yoğrulmuş kündəyəm, 
Açıla bilmirəm bəd düyündəyəm. 
Bir-birindən betər gələn gündəyəm, 
Tükənməz cürətim girov düşübdü. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
64 
 
KEÇMİR 
 
Hamı ağız dolu danışır – ancaq, 
Meydan olan yerdə, söz işə keçmir. 
Maya haramlaşıb, əməl bədləşib, 
Əyri qabağında düz işə keçmir. 
 
Bilinmir çoxunun astarı, önü, 
Dönmür haqq tərəfə insanın yönü. 
Elə qalınlaşıb nadanın gönü, 
Sərt kəsər olmasa, biz işə keçmir. 
 
Həyat yolu ağır yollar olubdu, 
Susan dil, bağlanan qollar olubdu, 
Alış-veriş indi dollar olubdu, 
Sərçə bazarında yüz işə keçmir. 
 
Hakim də, hökm də bic tərəfdədi, 
Cibi dolu, əqli gic tərəfdədi, 
Haqq da, ədalət də güc tərəfdədi, 
Açıq-aşkar görmüş göz işə keçmir. 
 
Heyif sizə, heyif, igid babalar, 
Dağılıbdı saldığınız obalar. 
“Hopustop”, “Marqo”du indi havalar, 
Gitara çıxıbdır, saz işə keçmir. 
 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
65 
 
OLUBDU 
 
Qəm, qüssə əlindən ürəyin yükü, 
Gərgədan yükündən ağır olubdu. 
O qədər barmağım haqdan yazıbdı, 
Qatır bеli kimi yağır olubdu. 
 
Satıb altunlara öz qürurunu, 
Atalar övlada qıymır nurunu. 
Еlə bil İsrafil çalıb surunu, 
Dünya batıb, əzəl-axır olubdu. 
 
Kiminin gəmisi dəryada batır, 
Kimi höküm vеrir, qolları çatır. 
Hər yеtən dalımca bir kəsək atır, 
Şiruyə nə yaman fağır olubdu. 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
66 
 
OLMUR 
 
Fələk gеydirdiyi qəm libasını, 
Nə qədər cəhd еtsən, çıxarmaq olmur. 
Papaqlar, tumanlar yoxa çıxıbdı, 
Oğlanı qızlardan ayırmaq olmur. 
 
İllər tamamlanır gün vеrən sayla, 
Yatırmır dünyanı çəkilən layla, 
Yüz səxa sahibi vеrdiyi payla, 
Bir acgöz qarnını doyurmaq olmur. 
 
Şiruyə, qurumur gözlərdən nəmlik, 
Yеr alır yaltaqlıq, ağıldan kəmlik. 
O qədər artıbdı mənəm-mənəmlik, 
Uşağı buyruğa buyurmaq olmur. 
 

             
                           
                          Susma, ürək…
 
 
67 
 
Çay var, kükrəsə də suyu içilməz, 
Sısqa var, damlası baldan seçilməz. 

Sərraf Şiruyə             
                           
                          
 
 
68 
 
OLAR 
 
Yarama məlhəmi yarım eyləsin, 
Özgənin əlləri sayasız olar. 
Qaçağam əzəldən boyadan, rəngdən, 
Həqiqi gözəllik boyasız olar. 
 
Səs versin səsimə həyatı qanan, 
Məqsədsiz, səbəbsiz olarmı yalan? 
Tərbiyə almayan ya qız, ya oğlan, 
İsbatsız təklifdir: həyasız olar. 
 
Dost var ki, Şiruyə, qəlbi paslıdır, 
Dostun şən günündə könlü yaslıdır. 
Dar günün dostları ürək dostudur, 
Gen gündə görünən vəfasız olar. 
 
 
 
OLAR 
 
İgidin qorxağı, atın ürkəyi, 
Döyüş meydanına yaramaz olar. 
Yüz nəğmə oxuyar eşqə biganə, 
Həqiqi aşiqdə bir avaz olar. 
 
Şöhrətə, dövlətə əyilən vüqar, 
Nə namus tanıyar, nə qeyrət, nə ar. 
Kimə qismət olsa vəfalı bir yar, 
Onun ömür-günü güllü yaz olar. 
 

             
                           
                          Susma, ürək…
 
 
69 
Haramxor alçağa qardaş olmasam
Bedasıl adamla sirdaş olmasam, 
Nadanla, qanmazla yoldaş olmasam, 
Yüz il də yaşasam yaram az olar. 
 
Durma ətrafında bəd nəfəslərin, 
Ayrıdı pərdəsi kobud səslərin. 
Ay Sərraf Şiruyə, nadan kəslərin, 
Əhdi, etibarı çox dayaz olar. 
 
 
 
ÇƏKİLMİR 
 
Dünya yaranandan haqqın karvanı, 
Elə yoxuş qalxır, düzə çəkilmir. 
Nahaqq meydan alır kor şeytan kimi, 
Ocağa atılmır, közə çəkilmir. 
 
Çay var, kükrəsə də suyu içilməz, 
Sısqa var, damlası baldan seçilməz. 
Elə günah var ki, ondan keçilməz, 
Qan var, bağışlanır, üzə çəkilmir. 
 
Gəl, dünya qəmindən, Şiruyə, əl çək, 
Dünya başdan başa hikmətdi, gerçək. 
Kömür də qaradı, ancaq sürmətək, 
Nə qaşa, nə də ki gözə çəkilmir. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
70 
 
AXTAR 
 
İgidin başını qovxada, qalda, 
Yaltağın başını qoltuqda axtar. 
Töhmət şələsini, minnət yükünü, 
Utanmazda axtar, sırtıqda axtar. 
 
Doydurmaz acgözü dünyanın varı, 
Puldadı xəsisin qeyrəti, arı. 
Ləkəli sərvəti, altun-yatarı, 
Tamahdan, nəfsdən artıqda axtar. 
 
Elin hörmətini uzaqdan soruş, 
Evin nizamını qonaqdan soruş. 
Şiruyə, düz sözü uşaqdan soruş, 
Yalanı ağızdan yırtıqda axtar. 
 
 
 
GETMƏ 
 
Xəcalət olarsan, peşman gələrsən, 
Əldə dinar yoxsa, bazara getmə. 
Müşküllərin üçün Allaha sığın, 
Fikir dərd, azardı, – azara getmə. 
 
Əl aç ilahiyə yesirtək ağla, 
Haqqa ibadət et, yeri qucaqla. 
Ümid, gümanını Allaha bağla, 
Ümidsiz bir özgə güzara getmə. 
 

             
                           
                          Susma, ürək…
 
 
71 
Yaxşı-yamanına cavab görəcən
Hər xoş əməlinə savab görəcən, 
Od-atəş içində əzab görəcən, 
Halallıq almamış məzara getmə. 
 
Şiruyə, fanidə olduğun çağı, 
Düzlüyə öyrət ki, əli-ayağı. 
Tanrı qabağına başı aşağı, 
Utanıb, qızara-qızara getmə. 
 
 
 
GETSİN 
 
Bəd qohumu, saxta dostu, 
Bas kəsəyə, daşa getsin, 
Qeyrətsizdən kənar dolan, 
Pis arvadı boşa, getsin. 
 
Zirvəsindən tanı dağı, 
Dibdən köklə barsız bağı. 
Cavanlığın qızıl çağı, 
Qoyma vaxtsız qışa getsin. 
  
Ay Şiruyə, bəsdir ünün, 
Açılmamış yox düyünün. 
Hər nədirsə ömrün-günün. 
Xoş amalnan yaşa getsin. 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
72 
 
ƏYİLMƏZ 
 
Şöhrət xatirinə, ay əzizlərim, 
Namərdə, nakəsə insan əyilməz. 
Zalıma güc verən dövran önündə, 
Başım əyilsə də, vicdan əyilməz. 
 
İnsan haqq yolunda döyülə bilər, 
Amalı uğrunda söyülə bilər,  
Naşı əllərində əyilə bilər, 
Ustad əllərində kaman əyilməz. 
 
Şiruyə, bu qədər bəd-güman olma, 
Zalımdan mərhəmət, pay uman olma. 
Düz sözə, düz işə peşiman olma, 
İnsan əyilsə də, zaman əyilməz. 
 
 
 
OLMAZ 
 
Nakəsdən adamlıq, nadandan xoş söz, 
Xəsisdən səxavət gözləmək olmaz. 
Nakişidən düzlük, namərddən vəfa, 
Zalımdan mərhəmət gözləmək olmaz. 
 
Xasiyyət dəyişməz yüz libas dəyiş 
Səyin niyyətidir səy fikir, səy iş. 
Nə nəsihət söylə, nə vur, nə döyüş, 
Naməhrəmdən ismət gözləmək olmaz. 
 

             
                           
                          Susma, ürək…
 
 
73 
Mükafat qazanmaz hərcayı söhbət, 
Nankor kimsələrə çəkməynən zəhmət. 
Mərdlərin işidir dözüm, dəyanət, 
Qorxaqdan cəsarət gözləmək olmaz. 
 
Sübutdu sözümə bəlkə də mini, 
Şahla dost olanın əksilməz ünü. 
Şiruyə, zəhmətdə axtar xoş günü, 
Zəhmətsiz səadət gözləmək olmaz. 
 
 
 
 
OLAR 
 
Barmağa taxılar qızıl, gümüşlər, 
Qiymətli ləl, gövhər gizlincdə olar. 
Mis qalayxanada, yaqut, cəvahir, 
Mücrüdə, sandıqda, sərnicdə olar. 
 
Dərin çaylar sakit axar, lal gedər, 
Nər dəvələr ağır-ağır yol gedər, 
Paxılın qəlbində qeyli-qal gedər, 
Pak ürək, pak könül sevincdə olar. 
 
İçi boş nağara uca səsdədi, 
Könüllər oxşayan kaman pəsdədi
Süpürgə həmişə ayaq üstədi: 
Ya qapı dalında, ya küncdə olar. 
1966-cı il. 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
74 
 
OLAR 
 
Gövhər dəyər tapmaz mis bazarında, 
Zər naşı yanında qiymətsiz olar. 
Adətdi – yarasa sevməz işığı, 
Düz əyri önündə hörmətsiz olar. 
 
Xəyalım keçmişi ələdi yenə, 
Ağladı dəyərli hər ömrə, günə. 
Mənliyi sərvətə satan kimsənə, 
İsbatsız təklifdir – qeyrətsiz olar. 
 
Şiruyə mətləbin dilər mərdanə, 
Yerində ağlayar, gülər mərdanə, 
Şairlər vuruşar, ölər mərdanə, 
Qəlbi kinsiz olar, küdrətsiz olar. 
 
 
 
ƏLİNƏ 
 
Gecəli, gündüzlü el zara gələr, 
İxtiyar keçməsin yaman əlinə. 
Həyat mübarizə, ömür gedərgi, 
Ümidi verməyək güman əlinə. 
 
Zili ahənginə mindirə bilməz, 
Pəsi pərdəsinə endirə bilməz, 
Telləri ustadtək dindirə bilməz, 
Naşı götürməsin kaman əlinə. 
 

             
                           
                          Susma, ürək…
 
 
75 
Yetməsin kamına minbir kələklər, 
Dünyanı qorxudan acı küləklər, 
Onsuz da təsirə dözmür ürəklər, 
Düşməsin qəm, kədər, aman əlinə. 
 
Şiruyə, təbiət boyasız qalar, 
Cahan qan ağlayar, övladsız qalar, 
Dünyanın özü də dünyasız qalar, 
Silahı verməyək zaman əlinə. 
 
 
 
KİMİ 
Qoşa yarpaq qoşma 
 
Əyildi qamətim, üzüldü canım, 
Nainsaf dərdimi bilənə kimi. 
Kəsildi hörmətim, töküldü qanım, 
Bu fələk insafa gələnə kimi. 
 
Düşdüm çovğunlara, borana, qara, 
Qəlbim paça-para, ürəyim yara
Deyin beilqara, düşmüşəm dara, 
Göz yaşı axıtsın gülənə kimi. 
 
Şiruyə xəstə hal, istəyi vüsal, 
Gəzdirir yüz mahal, qanadlı xəyal, 
Sən eşqə sadiq qal, xoş gəlsin iqbal, 
Gözləyim yolunu ölənə kimi. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
76 
 
NƏ VAR 
 
Yaxşılıq eyləmək igid işidir, 
Ortaya yamanlıq atmağa nə var. 
Xeyirxahlıq min hörmətdi, min səvab, 
Şeytantək aralar qatmağa nə var. 
 
Eşit bir hikmət də söyləyim, lələ: 
Tərəqqi vaxtında xor baxma elə. 
Bacar dosta yara, yadı dost elə, 
Dostu beş qəpiyə satmağa nə var. 
 
Ey Sərraf Şiruyə, möhkəm qur himi, 
Tərpətmə, qırılar inləyən simi, 
Oxşa könülləri gül-çiçək kimi, 
Tikantək ürəyə batmağa nə var. 
 
 
 
İNSANI 
 
Ataların dür sözüdü: 
Ağ gün ağardar insanı. 
Qara gün çəkər qaraya, 
Yəqin qaraldar insanı. 
 
Zülmkardı çarxı fələk, 
Yerdə insan, göydə mələk, 
Ehtiyac bəd xəstəliktək, 
Hər gün saraldar insanı. 
 

             
                           
                          Susma, ürək…
 
 
77 
Yaxşı insan könül yapar, 
Şər deyəni şər də tapar, 
Babalardan bir söz də var –  
Zəhmət ucaldar insanı. 
 
Ay Şiruyə, çəkmə aman, 
Mətləb üstə yaxşı dayan, 
Yağlı gəlir, şöhrətlə şan, 
Bəzən qudurdar insanı. 
 
 
 
OLMAYA 
 
Bu dünyanın gəlhagəli nə gözəl, 
Aman Allah, gethagedi olmaya, 
Yüz il ola cavanlığın dövranı, 
İnsanın insana bədi olmaya. 
 
Bağlana meydanı yamanın, nəsin, 
Silinə qəlbindən kini nakəsin. 
Vəfadan, ilqardan dəm vuran kəsin, 
Yalan sözü, yalan vədi olmaya. 
 
Bəşər əhli yaxşı duya zamanı, 
Ay Şiruyə, itirməyə gümanı. 
Sevənlər saxlaya ilqar, imanı, 
Eşqin, məhəbbətin səddi olmaya. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
78 
 
QURBAN 
 
“Paxıldan dost olmaz, nadandan aqil”, 
Deyən ataların goruna qurban. 
Min evlər yıxıbdı haramxor gözəl, 
Halalın karına, koruna qurban. 
 
Əzəldən belədir həyatın üzü: 
Əyri-əyri gəzər, düz tapar düzü. 
Tülkü toyuq qoymaz, qurd qoyun-quzu, 
Ovçu bərəsinə, toruna qurban. 
 
Şiruyənin sözü mənada təkdi, 
Biçdi yaxşı-yaman, hər kim nə əkdi. 
Qanmaz heyvərənin canı kötəkdi, 
Vuran kimsənənin zoruna qurban. 
 
 
 
ÇIXMASIN 
 
Tərlan ov axtarır, Qızılquş şikar, 
Xınalı kəkliklər daşa çıxmasın. 
Zalım ovçu oxu qoyub kamana, 
Marallar, ceyranlar qoşa çıxmasın. 
 
Nə gözəl söyləyib gör müdrik ata: 
“Yaraşıq, ziynətdi insan həyata”, 
Aqili dərd tapar, igidi xəta, 
Nəlayiq yol tapıb, başa çıxmasın. 
 

             
                           
                          Susma, ürək…
 
 
79 
Vurğun gözəl deyib – “Açılan solur, 
Bir yandan boşalır, bir yandan dolur”. 
Ümid qırılanda arzu puç olur, 
Heç kimin ümidi boşa çıxmasın. 
 
Dünyadan gedənlər qocalsın getsin, 
Yaşasın, yaratsın, ucalsın getsin, 
Bu ulu təbiət mərhəmət etsin, 
Qananlar qanmazla qoşa çıxmasın. 
 
Şiruyə, hikmətdi saxla yadında, 
Vətən var, millət var şair adında. 
Sən quru bildiyin adi odun da, 
Ocağı söndürən yaşa çıxmasın. 
 
 
NƏ VAR Kİ 
 
Ya baş daşa, ya daş başa toxunsa,  
Yarılan baş olar, daşa nə var ki? 
Ayaq gedən yerə, başda gedecək, 
Günah ayaqdadı, başa nə var ki? 
 
Əlin qopasıdı tutsan da hardan, 
Ömür alammazsan sərvətdən, vardan. 
İnsan zillət çəkir borandan, qardan, 
Qış öz işindədi, qışa nə var ki? 
 
Şiruyə, həyatda görmürsən məgər, 
Əkdiyini biçər, hər kim nə əkər. 
Dolu qab, boş qabla toqquşsa əgər, 
Dolu töküləcək, boşa nə var ki? 

Sərraf Şiruyə             
                           
                          
 
 
80 
 
YENƏ 
 
Qarğa yüz qıy vursun, yüz qırıldasın, 
Tərlanın balası, tərlandı yenə. 
Qocalan pələngə tülkü gülməsin, 
Yerisə meydana aslandı yenə. 
 
Çaqqal öyünməsin tələlər qurub, 
Özü öz adını alnına vurub. 
Mərd öz mərdliyində mərdanə durub, 
Namərd yağlı aşa mehmandı yenə. 
 
Uzaqdan bilinir bütün nəzərlər
Sifətdən aydındır niyyətlər, sirlər. 
Sərraf Şiruyəyəm, keçsə əsrlər, 
Canım əhli-hala qurbandı yenə. 
 
 
 
GÖSTƏRƏR 
 
Nadan, namərd, nanəcib ki deyirlər, 
Kimliyini bircə anda göstərər. 
Zatı qırıx, əsli haram, soyu yox, 
Yüz ötsə də, bir nişanda göstərər. 
 
Nəsihət deməklə götürməz qanmaz, 
Arsızlar hər oda alışmaz, yanmaz. 
Nəslin, kökün nişanası yayınmaz, 
Nütvədən halalsa, qanda göstərər. 
 

             
                           
                          Susma, ürək…
 
 
81 
Zalımlar yadına salmaz Allahı, 
Danəndə dağ bilər zərrə günahı. 
Xəsisin, acgözün artıq tamahı, 
Doqquzu ötsə də, onda göstərər. 
 
Tale tənəzzülə salar kimini, 
Tərəqqi qoynuna alar kimini, 
Vaxt ki çatdı, zalım əcəl hökmünü, 
Min şəkildə, min bir donda göstərər. 
 
Hər mənzilə köhlən sürməz Şiruyə, 
Yaxşı işi yaman görməz Şiruyə, 
Alçaqlara ağız verməz Şiruyə, 
Özünü, sözünü sonda göstərər. 
 
 
OLMAZ 
 
Darda, gendə sınanmamış kimsəyə, 
Etibar eyləyib sirr vermək olmaz. 
Aqillər qınayar, ariflər gülər, 
Misgər bazarına dürr vermək olmaz. 
 
Dostam deyənləri sınamaq gərək, 
İlqarsız kimsəni qınamaq gərək, 
Keçəl həmzələri tanımaq gərək, 
Ona Qırat nədir – Dür vermək olmaz. 
 
Şiruyə, zamanın bu bəhsəbəhsi, 
Azdırar yolundan şərəfsiz kəsi. 
Niyyəti çirkini, qədəmi nəsi, 
Çağırıb məclisə yer vermək olmaz. 

Sərraf Şiruyə             
                           
                          
 
 
82 
 
VAR 
 
Dünya ağlı, qaralıdı, 
Yaxşı da var, yaman da var. 
Bir-birindən seçmək gərək
Qanmaz da var, qanan da var. 
 
Nanəcibdən kömək olmaz, 
Qismət var ki, yemək olmaz, 
Hamıya bəd demək olmaz, 
Yanmaz da var, yanan da var. 
 
İnsan var ki, qəlbi dağlı, 
İnsan var ki, yolu bağlı. 
Şiruyədən haqsız, haqlı, 
Küsən də var, uman da var. 
 
 
 
OLA 
 
Bu fələklə nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola. 
 
Söz yığasan demək üçün, 
Dost tapasan kömək üçün, 
Bu dünyanı yemək üçün, 
Ağlın, huşun dərin ola. 
 

             
                           
                          Susma, ürək…
 
 
83 
Ürəyini bənd etməyə, 
Ləblərini qənd etməyə, 
Zülfünü kəmənd etməyə, 
Mələk misal pərin ola. 
 
Ay Şiruyə, al geyəsən, 
Yaman gözə gəlməyəsən, 
Bir deyənə beş deyəsən, 
Arxada bir nərin ola. 
 
 
QORUYUN 
 
Gözəlin qənimi gözdü, 
Gözəli gözdən qoruyun. 
Əzrayılı yaman sözdü, 
Qananı sözdən qoruyun. 
 
Qəmi qovun çöhrələrdən, 
Gülü üzün pöhrələrdən, 
Nalayiqi süfrələrdən, 
Çörəkdən, duzdan qoruyun. 
 
Nə dərindi el hikməti, 
Kamalda gəz səadəti. 
Alovlanan məhəbbəti 
Ürəyi buzdan qoruyun. 
 
Şiruyəyəm, binamızı, 
Ulu Vətən – anamızı. 
Çiçəklənən dünyamızı, 
Alovdan, közdən qoruyun. 

Sərraf Şiruyə             
                           
                          
 
 
84 
 
Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin