179
Сечмяляр (шеирляр)
GƏL ƏZİZİM
İçimizin istəkləri ayrı düşüb nə vaxtdı,
Məcnun kimi biyabana salıbdı yazıq baxtı,
Eyləmisən həsrətləri xoşbaxtların xoşbaxtı,
Gəl, əzizim, ayrılığın sinəsin parçalayaq,
Üstümüzə gələn qəmin yolların haçalayaq.
Dağın, düzün küləkləri qəm ələyər üstümə,
Cırır köksü dəli hicran, durur hər an qəsdimə,
Yanır ürək dərd qovunda, kimsə gəlməz üstünə,
Gəl, əzizim, alışdıraq sonu yetmiş şamları,
Alovuyla ram eləyək çadralı axşamları.
Bağrın içi atəşinin alovuna tamarzı,
Bir gecəlik gözüm yaşı doydurar min Arazı,
Bas köksünə dinsin susmuş eşqin tilsimli sazı,
Gəl, əzizim, dəli könül tək könlünün ögarı,
Nəğməsiylə qoy ayıltsın mürgüləyən rüzgarı.
Bu ürəyim öz bağrına yabançı bir çiçəkdi,
Onun qəmin sənnən qeyri söylə kim çəkəcəkdi?
Eşqimiz də, ruhumuz da, Tanrı bilir, gerçəkdi,
Gəl, əzizim, həsrət ilə savaş etsin ürəklər,
Mağar qurub, qol götürüb yallı getsin ürəklər.
23.08.1991
|