05.10.1992
SƏNİ UNUTMAQ ÇƏTİN
Yandırardım eşqinlə çağlayan diləkləri,
Çıxardım axırına yabançı həqiqətin.
Unuda bilməyirəm saf, köklü dirəkləri,
Səni unutmaq çətin, unutmamaq lap çətin.
Ağrılı ürəyimdən eşqi verərdim yelə,
Salmazdım mən sevgini yad ağıza, yad dilə,
Tuş olmazdı düşüncəm boş aylara, boş ilə,
Səni unutmaq çətin, unutmamaq lap çətin.
Acılar taleyimdə bahartək çiçəklədi,
Sevgi daşqın sel olub elə hey diləklədi,
Neyləyim ki, əbədi ürək o ürəklədi...
Səni unutmaq çətin, unutmamaq lap çətin.
Tanrı yazan yazını, gücüm çatsa, pozardım,
Amansızca gedişlə güman etmə azardım,
Ağrılı sevgilərə özüm qəbir qazardım,
Səni unutmaq çətin, unutmamaq lap çətin.
Ürəyimə min kərə hər gün tənə edərdim,
Dəlisov duyğuları parçalayıb didərdim,
Məhəbbətin əlindən baş götürüb gedərdim...
Səni unutmaq çətin, unutmamaq lap çətin.
10.11.1991
|