05.09.1992 KÖNÜL VERDİM Taleyimin hökmüylə könül verdim mən sənə,
Sənsə, onun bağına tufan, boran gətirdin.
Bu bəlalı ömrümü saldın dumana, çənə,
Dilbilməz ayrılığı sən qapıma ötürdün.
Çox bəlalar çəkibdi ürək sənin ucundan,
Gəl apar hicranını, könlümü ver özümə.
Nə həsrət yollarının yapışmısan ucundan,
Leysan, dolu nə lazım hər an nəmli gözümə?
Buludlar toqquşanda əzəldən qara gəldi,
Qara üstdən qaranı çəkməyə gəl tələsmə.
Hicranın göylərində haraylarım yüksəldi,
Seltək çağlar köksümün eşq payını sən kəsmə.
08.02.1989