08.11.1992
NƏ SIZLARSAN KAMAN KİMİ
Nə sızlarsan kaman kimi ahəstə,
Qaldırarsan şahə segah, şikəstə,
Canım olub yolundaca bir xəstə,
Məndən uzaq gözlərinə qurbanam,
Könül, şəkər sözlərinə qurbanam.
Ürəyimdə əsir həzin küləklər,
Sinəm yazdı, açılıbdı çiçəklər,
Sevgim, eşqim butalanan ləçəklər,
Mənsiz keçən ay, ilinə qurbanam.
Şirin-şəkər, xoş dilinə qurbanam.
Səndən qopan məhəbbətim bir dünya,
Sən gələndə əriyər min daş, qaya,
Dönüb eşqim dəli-dolu bir çaya,
Coşub-daşan kəmalına qurbanam,
Canla olan xoş halına qurbanam.
Mavi göylər gen sinəmə sığmayır,
Günəş mənsiz üfüqlərdə doğmayır,
Mən dolmasam, buludlar da yağmayır,
Canda coşan pak sevginə qurbanam,
Sənlə keçən aya, günə qurbanam.
Dostları ilə paylaş: |