205
Сечмяляр (шеирляр)
***
Mən canımdan keçərəm əhd ilə ilqarım üçün,
Əhdimi, ilqarımı hifz edərəm yarım üçün.
Yarımın şövqü ilə qəlb həmişə vəcdə gəlir,
Sevgimi bəsləmişəm sevgili dildarım üçün.
Məni dəfn eylə, bəşər, sən «segah»ın naləsinə,
Sevirəm çünki, onu əfv elə israrım üçün.
Öyməsin qoy özünü bir daha, eşq əhli olan,
Mən ki, başdan ayağa Şirinəm öz yarım üçün.
06.07.1995
***
Səni çox sevdiyimi dildə bəyan eyləmişəm,
Bilə qoy cümlə-cahan mən ki, əyan eyləmişəm.
Gül üzün, al günəşim, od qalayır can evinə,
Necə gör qəlb evimi şöləfəşan eyləmişəm?
Bil ki, hər əmrinə, yar, müntəzirəm aləmdə mən
Könlümü eşqinə əlbəttə, nişan eyləmişəm.
Eşqə böhtan demək olmuş peşə əğyarılara,
Eşqə böhtan deməyi mən qadağan eyləmişəm.
Əzrayıl gəlsə əgər ərz et ona, ey Şadiman,
Canı cananıma verdim, nə ziyan eyləmişəm?
12.05.1996
|