27. “Kitabi - Dədə Qorqud”un əlyazma nüsxələri Ana abidəmiz sayılan “Kitabi-Dədə Qorqud”un orta əsrlərə aid edilən əlyazması Drezden və Vatikan muzeylərində qorunur. Qorqudşünasların verdiyi bilgiyə görə, indiyədək "Kitabi-Dədə Qorqud" un iki əlyazması məlumdur. Bunlardan biri alman şərqşünası F.Fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış 1 müqəddimə və 12 boydan ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış 1 müqəddimə və 6 boydan ibarət nüsxədir. Qorqudşünasların qeyd etdiyinə görə, elmə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud" un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılıb.
Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud" da, vaxtilə bəzi digər qədim türk dastanları kimi, başdan-başa şeirlə yaradılıb, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilib.
Abidə haqqında ilk dəfə F.Dits məlumat verib və "Təpəgöz" boyunu alman dilinə tərcüməsi ilə dərc etdirib. T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəyib. V.V.Bartold əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirib. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırıb. Həmin tərcümə 1950-ci ildə Bakıda, 1962-ci ildə isə Moskvada nəşr olunub. 1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini taparaq italyanca tərcüməsi ilə birlikdə nəşr etdirib. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunub.
28. “Kitabi - Dədə Qorqud”da boyların adları və sırası “Kitabi-Dədə Qorqud” bir müqəddimə və 12 boydan ibarətdir. Bu boylar aşağıdakılardır:
1. “Dirsə xan oğlu Buğac xan” boyu;
2. “Salur Qazanın evinin yağmalandığı” boy;
3. “Baybörənin oğlu Bamsı Beyrək” boyu;
4. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu” boy;
5. “Duxa Qoca oğlu Dəli Domrul” boyu;
6. “Qanlı Qoca oğlu Qanturalı” boyu;
7. “Qazılıq Qoca oğlu Yeynək” boyu;
8. “Basatın Təpəgözü öldürdüyü” boy;
9. “Bəkil oğlu İmran” boyu;
10. “Uşun Qoca oğlu Səgrək” boyu;
11. “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi” boy;
12. “İç oğuza Daş oğuzun dönük çıxması və Beyrəyin öldüyü” boy.