23. Tərtib üsulu ilə yazılmış Oğuznamə mətnləri Tərtib üsulu ilə yaranmış mətnlərə “Əmsali-Məhəmmədəli” və ya “Məcməül-əmsali-Məhəmmədəli” adlanan əlyazma və bəzi şəcərələr aid olunur. “Əmsali-Məhəmmədəli” Topqapı Oğuznaməsi, “Atalar sözü” və “Kitabi-Dədə Qorqud”da da özünə yer tapan didaktik oğuznamələr əsasında tərtib olunmuşdur. Əlyazmanın müəllifi şifahi ənənədə sintaktik paralelizmlərdən ibarət olub tiradalar şəklində birləşən nəsihətamiz oğuznamələrin komponentlərini parçalamış və onları ərəb əlifbasının sırasına uyğun olaraq tərtib etmişdir. Günümüzə gəlib çatmış osmanlıların soy kötüyündən ibarət olan Mahmud Bayatın (XV) “Cam-Cəm-Ayin” əsəri və Əbubəkr Tehraninin (XV) “Kitabi-Diyarbəkriyyə” əsərində yer tutan Ağqoyunlu soykötüyü əsərin müəlliflərinə məxsusdur. Bu şəcərələr peyğəmbərlər tarixi ilə başlayıb Oğuznamə qəhrəmanları ilə davam edir və gerçək əcdadlarla tamamlanır.
24. Ozan sənəti; 25. Oğuznamənin poetik forması Oğuznamələrin yaradıcıları və ifaçıları ozan və ya ozançı adlanan epik söyləyicilər olmuşdur. Oğuznamə söyləyən ozanlar haqqında böyük Azərbaycan şairi Nizami Gəncəvidən başlayaraq orta əsrlərin müxtəlif tipli qaynaqlarında məlumatlar var. Bununla yanaşı, Oğuznamə ifaçısının adı, həm Azərbaycan, həm Anadolu türkləri, həm də başqırdların yaddaşında bu günə qədər yaşamaqdadır. Bu məlumatlardan bəlli olur ki, ozanlar böyük bir coğrafi məkanda el şənliklərində, orduda və sarayda Oğuznamə söyləmiş və özlərinin maddi ehtiyaclarını da Oğuznamə ifaçılığı sənəti ilə ödəmişlər. Ən yaxşı Oğuznamə ifaçılarına “alb ozan” deyilmişdir.
Bu gün ozanlar yoxdur və Oğuznamələr də epik dövriyyədən çıxaraq unudulmuşdur. Biz Oğuznamələrlə XIII-XVII əsrlər arasında və XX əsrə gəlib çatmış bəzi mətnlər əsasında tanış oluruq. Bu mətnlər olmasaydı, Oğuznamə kimi böyük epik yaradıcılıq hadisəsi haqqında biliklərə sahib olmayacaqdıq. Yazıya alınmış mətnlər isə müxtəlif şəkildədir. Bu mətnlər gah tarix (Məsələn, Rəşidəddin və Əbülqazi mətnləri), gah ərəb əlifbasının sırası ilə verilmiş atalar sözləri, (“Əmsali-Məhəmmədəli”), gah sintaktik paralelizmlər şəklində verilən atalar sözləri və öygülər (“Hazih-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-Atalar sözü”), gah da qəhrəmanlıq dastanları (“Kitabi-Dədə Qorqud”) şəklində qarşımıza çıxır. Bu hal oğuznamələrin hansı şəkildə olması sualını qarşıya çıxarır. Bu sualın cavabı yazıya alınmış oğuznamələrin necə mətnləşdirilməsi məsələsinə də aydınlıq gətirir.
Yazılı ədəbiyyatdan fərqli olaraq epik mətnin poetik forması onun ifasından təcrid olunmuş şəkildə öyrənilə bilməz. Çünki poetik forma çalğı ilə ifadə olunan hava və səs kimi komponentlərlə sinxron şəkildə auditoriyaya çatdırılır.
“Dədə Qorqud” dastanlarının qopuz adlanan musiqi alətinin müşayiəti ilə ifası bəllidir. Boylarda qopuzalça, qolca, quruluca epitetləri ilə təqdim olunur və Dədə Qorquda məxsus olduğu üçün müqəddəs tutulur. Bununla yanaşı, boyların qəhrəmanları soylamaları qopuz çalğısı ilə söyləyirlər. Dədə Qorqudun oğuznamə yaratması da qopuzla müşayiət olunur. Əbdülqadir Marağalı ozan qopuzudeyə yad etdiyi musiqi alətinin üçtelli və çanağının bütün simli musiqi alətlərindən böyük olduğunu söyləyir.
Qaynaqların verdiyi bilgiyə görə, Oğuznamə ozan, ozon və ya ozmaq adlı hava üstündə oxunub. Oğuznamə havasının ozan adı cığatayca-farsca lüğətlərdə, ozon adı “Əmsali-Məhəmmədəli” adlanan əlyazmada, ozmaq adı isə Əlişir Nəvainin “Mizanül-əvzan” əsərində əks olunur. Maraqlıdır ki, bəzi qaynaqlarda ozon sözü həm də Oğuznaməni müşayiət edən musiqi alətinin adı kimi verilir. Belə görünür ki, ozan sözünün Oğuznamə havasının və ya Oğuznamə ifasını müşayiət edən musiqi alətinin adı kimi işlənən məktəblərdə ifaçı ozançı adlanıb. Ancaq Dədə Qorqud və başqa tarixi qaynaqlardan bəlli olur ki, Oğuznamə ifaçısı anlamında daha çox ozan sözü işlənib və bu gün haqlı olaraq Oğuznamə ifaçısı ozan adı ilə tanınır. Omonim anlamlardan yayınmaq üçün epik nəğmənin və poetik formanın adı olaraq Ə.Nəvainin işlətdiyi ozmaqsözü daha münasibdir. Ozmaq başqa bir şey yox, Dədə Qorqud oğuznamələrində tiradalar şəklində qurulan soylamalardır. V.M.Jirmunski ozmağın vəznini hecaların nisbi sərbəstliyi ilə ritmli sintaktik paralelizm adlandırır və onun qədim türk epik şeirinin bünövrəsi olduğunu söyləyir. Dədə Qorqud oğuznamələrində ozmağın varlığı təsbit edilsə də, onun mətndə tutduğu yer bu günə qədər aydınlaşdırılmayıb. Məsələ ondadır ki, Dədə Qorqud oğuznamələrinin mətninin tamamilə nəsr və ya şeir olması haqqında fikirlər var. O.Ş.Gökyay, V.M.Jirmunski, X.Koroğlu, K.Hüseynoğlu mətnin nəzm və nəsr hissələrindən ibarət olması fikrindədir. XV əsrdə yazılmış “Zibdətül-ədvar” adlı əsərdə ozan adlanan musiqi aləti ilə türkcə mənzum və mənsur hekayələr deyildiyi qeyd olunur. Söhbətin Dədə Qorqud boylarından getməsi şübhə doğurmur. Oğuznamənin müasiri olan qaynaq hekayələri “mənzum və mənsur” hissəyə bölürsə, mətndə nəsr hissələrinin varlığını inkar etmək əbəsdir. Beləliklə, Oğuznamələr poetik formasına görə “oxumaq və nağıl etmək” (V.M.Jirmunski), yəni şeirlə nəsrin növbələşməsi şəklində olub. Ancaq boyların mətnində nəsrlə nəzmin hüdudları bu günə qədər aydınlaşdırılmamışdır. Buna baxmayaraq, Oğuznamənin poetik forması haqqında müəyyən təsəvvür mövcuddur və bu təsəvvürə söykənib təkcə Dədə Qorqud oğuznamələrinin deyil, müxtəlif şəkildə yazıya alınmış mətnlərin şifahi ənənədəki halını görmək asanlaşır.