41. “Koroğlu” dastanının toplanması və nəşri; 42.“Koroğlu” dastanının yaranması “Koroğlu” dastanı öz möhtəşəmliyi, düşüncə tipi, spesifikası ilə “Kitabi-Dədə Qorqud”dan sonrakı mərhələnin əsas epik hadisəsidir. Həm “Kitabi-Dədə Qorqud”, həm də “Koroğlu” öz möhtəşəmliyi ilə etnosun ruhunu, milli varlığını, bahadırlıq düşüncəsini ifadə edir. “Koroğlu” yeni şəraitdə Azərbaycan sazının möcüzəsidir. Xalqın qəhrəmanlığının, vətən, yurd sevgisinin, amal və ideallarının, apardığı mücadilənin məqsəd və məramının dastanlaşmış bədii ifadəsidir. XIX əsrin 30-40-cı illərindən bu dastan müxtəlif vaxtlarda ayrı-ayrı folklorşünaslar, ədəbiyyat həvəskarları, toplayıcılar tərəfindən ictimaiyyətə çatdırılmışdır. XVII-XVIII əsrə aid olan cünglərdə də dastanın ayrı-ayrı parçalarına rast gəlinir. Məsələn, E.Müşeqin “Nəğmələr kitabında” (7şeir), Ə.Qaracadağinin “Şeirlər məcmuəsi”ndə çoxsaylı (20 şeir) nümunələrin verilməsi, XIX əsrin 30-cu illərindən başlanan nəşr prosesinin daha sonrakı mərhələlərdə A.Xodzko, S.Penni, J.Sand tərəfindən davamı buna nümunədir. Elə həmin vaxtlardan da dastanın öyrənilməsi başlayır. İ.Münşinin, H.Rumlunun, Ö.Çələbinin XVI əsrin sonu XVII əsrin əvvəllərindən başlayan kəndli üsyanları barədə verdiyi məlumatlar bu və ya digər şəkildə “Koroğlu” dastanı ilə bağlanır.
Artıq folklorşünaslıqda “Koroğlu” haqqında ayrıca elmi istiqamət-koroğluşünaslıq formalaşmışdır. İ.Şopen “Koroğlu” süjetlərinin ilk toplayıcısı kimi koroğluşünaslığın tarixinə adını yazmışdır. Onun hazırladığı mətn üç qoldan (“Alı kişi” və “Həmzənin Qıratı aparması”, “Bayazid səfəri” (bir parça)) ibarətdir. Aşıq Ömərdən toplanmışdır. İ.Şopen Koroğlunu kasıbların, məzlumların pənahı və Çənlibeli mərdliklə qoruyan yenilməz qəhrəman kimi göstərir. Düzdür, burada müəyyən əlavələr, yerində olmayan elə artırmalar vardır ki, onlar folklor mətnşünaslığı baxımından qəbul olunmazdır. Hətta bir yerdə İ.Şopen özü vurğulayır ki, son epizod mənim ixtiramdır. V.V.Jirmunski, B.Karrıyev, H.Zarifov, M.H.Təhmasib, P.Əfəndiyev və başqaları həmin mətnin geniş şərhini verərək ona özlərinin elmi münasibətlərini bildirmişlər. Dastanın sonrakı nəşri XIX əsrin 30-cu illərində Gilanda rus konsulu olmuş A.Xodzko ilə bağlıdır. O, “Koroğlu”nun 13 qolunu toplayıb kitabça şəklində 1842-ci ildə ingilis dilində Londonda nəşr etdirmişdir. Orijinalı Paris Milli Kitabxanasında saxlanan əlyazmanın nəsr hissəsi fars, nəzm hissəsi Azərbaycan dilindədir. Orada Koroğlu təkcə qəhrəman kimi deyil, həm də bir aşıq, şair kimi təqdim edilir və xüsusi olaraq vurğulanır ki, o, tarixi şəxsiyyət və istedadlı aşıqdır, nəğmələri aşıqlar tərəfindən ifa olunur, qoşmaları dağ çeşməsinin büllur fəvvarələri kimi safdır. Göründüyü kimi, dastan hələ XIX əsrin əvvəllərindən Avropa elmi - nəzəri fikrinin marağına səbəb olmuş və müxtəlif istiqamətli təhlillərə şərait yaratmışdır.
Şərq xalqları arasında “Koroğlu” dastanı qədər geniş yayılmış bəlkə də ikinci bir dastan yoxdur. Qafqaz, Kiçik Asiya və Orta Asiya xalqları bu qəhrəmanlıqdan ilhamlanaraq özlərinin “Koroğlu”sunu yaratmaq yolunu tutmuşlar. Bütün mövcud “koroğlu”lar üçün başlanğıc Azərbaycan xalqının yaratdığı “Koroğlu”dur. Bu məsələ ilə bağlı folklorşünaslıqda müxtəlif səpkili yazılar özünə yer almaqdadır. Akademik A.N.Samoyloviçin “Dədə Qorqud və Koroğlu haqqında əfsanələr” məqaləsində bu baxımdan maraqlı elmi mülahizələrə rast gəlinir: “Koroğlu – yəni kor kişinin oğlu, bu ad çox-çox qədimdir. Bunun yayılması ilə əlaqədar olaraq Goroğlu - yəni bir qəbir oğlu sonradan meydana gəlmişdir”. Fransız yazıçısı Jorj Sand Koroğludan tarixi şəxsiyyət kimi söhbət açır, “qılınc kimi möcüzələr yaradan mahnılarına, sazına” heyran qaldığını bildirir: “Koroğlu idealdır, kamillik nümunəsidir. Onun hünərləri haqqında rəvayətlər Mərkəzi Asiyadan tutmuş Fərat çayına qədər ağızdan-ağıza gəzir”. Bunlar Azərbaycan “Koroğlu”sunun əsasında yürüdülən mülahizələrdir və bir növ onun yayılma xəritəsini özündə ehtiva edir. “Koroğlu” Azərbaycan xalqının bağrının başından qopmuşdur. Onun ruhunun, varlığının, tarixi taleyinin ifadəçisidir. Azərbaycan “Koroğlu”su başlanğıcdır, özüldür, ilkin olandır.
Dastanın Azərbaycanda V.Xuluflu, H.Əlizadə, Rza Zəkibəy, M.H.Təhmasib, Ə.Kamali variantları vardır. Bu variantlar ayrı-ayrı vaxtlarda nəşr olunmuş və müxtəlif tədqiqatların istinad mənbəyinə çevrilmişdir. V.Xuluflu dastanın iki qolunu (“Toqat səfəri”, “Bağdad səfəri”) Aşıq Hüseyn Bozalqanlıdan yazıya almışdır (1927). Sonrakı mərhələdə dastanın toplanması və nəşri H.Əlizadənin və M.H.Təhmasibin adı ilə bağlıdır. H.Əlizadə eposun 14 qolunu toplayaraq 1941-ci ildə çap etdirmişdir. Dastanın sonrakı nəşr taleyi daha çox M.H.Təhmasiblə əlaqədardır. 1949-cu ildə M.H.Təhmasib dastanın 17 qolunu çap etdirmişdir. Keçən əsrin doxsanıncı illərinə qədər bu mətn bir sıra kiçik dəyişikliklərlə təkrar-təkrar nəşr olunmuşdur.
Ustad sənətkarların repertuarında bu gün də mühüm bir hissəni “Koroğlu” dastanı, Koroğlu havalar silsiləsi, Koroğlu nəğmələri tutur. Böyük Azərbaycan şairi S.Vurğun deyirdi ki, tarixin hansısa dönəmində Koroğlunun göstərdiyi qəhrəmanlıqlardan bəziləri unudula bilər, ancaq şair Koroğlu bu xalqla birlikdə həmişə yaşayacaqdır.