20. Lətifə janrı və Azərbaycanın məhşur lətifə qəhrəmanları Epik folklorun kiçik janrlarından biri də lətifələrdir. Lətifələr həcm etibarilə yığcam olur. Komik və ya gülməli məzmuna malikdir. Əsas funksiyası hər hansı bir fikri modelləşdirməkdir. Bununla yanaşı, yardımçı funksiyaları da mövcuddur:
1. nəsihətamizlik
2. gələcəyi müəyyən etmə (proqnoz vermə).
3. magiq; (dəm dəm gətirər, qəm qəm gətirər və ya bir lətifə deyən yeddi lətifə deməlidir).
4. əks ünsiyyət (neqativ- kommunikasiya); (nə isə demək, eyni zamanda heç nə deməmək; istəmədiyin cavabdan yayınmaq, müsahibin fikrini rədd etmək)
5. əyləndirmə.
6. danışığa naxış vurmaq.
Azərbaycan folklorunun lətifə fondu kifayət qədər zəngindir. Folklorumuzda xalq kütləsinin hamısına və ya bir hissəsinə məlum olan məşhur lətifə qəhrəmanları da mövcuddur: Molla Nəsrəddin, Bəhlul Danəndə, Kəlniyət, Əlləmə.
Lətifə qəhrəmanları içərisində ən məşhuru Molla Nəsrəddindir. Lətifə qəhrəmanı kimi Molla Nəsrəddin Türkiyə türklərinə, türkmənlərə, özbəklərə də məlumdur. Özbəklər, türkmənlər ona Nəsrəddin Xoca, Türkiyə türkləri isə Xoca (hoca) Nəsrəddin deyirlər. Təkcə adlarına görə deyil, həm də Molla Nəsrəddin adına deyilən bir çox lətifələr bu xaqlar arasında da yaşayır. Xalq arasında olan inanca görə bir Molla Nəsrəddin lətifəsini deyən, ard-arda yeddi lətifə deməlidir.
Bəhlul Danəndə tanınma baxımından Molla Nəsrəddindən sonra ikinci yerdə durur. Bəhlul Danəndə lətifələri həm həcmi, həm də məzmunu baxımından fərqlidir. Həcm etibarı ilə Bəhlul Danəndə lətifələri ,adətən,Molla Nəsrəddin lətifələrindən böyük olur. Bu lətifələr əksər hallarda “şah və təlxək” prinsipinə uyğun şəkildə qurulur. O, xəlifə Harun Rəşidin qardaşı kimi təqdim olunur və hərəkətləri ilə qardaşına qarşı çıxır.
Kəlniyyət haqqında lətifələr Azərbaycanda geniş yayılmışdır. Qubadlı, Saatlı və Göyçay rayonlarında onun adı ilə bağlı olan lətifələr yazıya alınmışdır. Bu lətifə personajı Kəlniyət, Kəl İnayət, Kəl İnə adı ilə təqdim olunur. Bu lətifələr süjet xüsusiyyətlərinə görə həm Molla Nəsrəddin, həm də Bəhlul Danəndə lətifələri ilə bağlı lətifələrdən seçilir. Kəlniyyət haqqında lətifələrin əksəriyyəti “Şah və təlxək” prinsipinə uyğun şəkildə qurulur. Bu lətifələrdə o, Şah Abbasın təlxəyi kimi təqdim olunur. O, gah Şah Abbası əyləndirir, gah kəsərli məntiqi ilə şahı çıxılmaz vəziyyətə salır, gah da özü pis vəziyyətə düşür.
“Şah və təlxək” qoşalığı dünya xalqlarının folklorunda tipoloji hadisədir. Bu hadisə türk xalqlarının folklorunda da özünü göstərir. Qazax folklorunda Jerenşe şeşen və As Canıbek, Orta Asiya folklorunda Mahmud və Ayaz, Sultan Hüseyin və Əlişir haqqında lətifələr bu qəbildəndir. Bu personajlar içərisində Kəlniyyət və Jerenşe ən qədimidir.
Azərbaycan folklorunun lətifə fondu sözügedən şəxslərin adı ilə bağlı lətifələrlə tamamlanmır. Bir çox lətifələrin qəhrəmanlarının konkret adı yoxdur. Bununla yanaşı Azərbaycanın müxtəlif bölgələri, kəndləri və şəhərləri üçün səciyyəvi lətif qəhrəmanları var.