Oldu
Fələyin çarxı dolaşdı,
Gözün gözümə sataşdı.
Ehtirasım coşub daşdı,
Qəlbim biixtiyar oldu!
Tanrıdanmı gələn meydi,
Əlim ürəyinə dəydi,
Necə yumşaq bir ürəkdi,
Hər yetənə şikar uldu!
O çöhrənə bir büt dedim,
Qoy mən səcdəsinə gedim,
Bircə kəlmə üns eylədim,
Kədər məndən kənar oldu.
Sənlə bu dünya cənnətdi,
Gözüm baxmağa minnətli,
Bilmədim bu nə hikmətdi,
Könül sənsiz bikar oldu.
Yer-göydür çöhrənə heyran,
Sənlə zənginləşdi cahan,
Sən tək gözəl qızlar hər an
Cahana iftixar oldu!
Fevral, 1996.
Qəzəl
Bir kərə gördüm səni ey gül, qərarım qalmadı,
Oldun hər zövqüm mənim, bağım, baharım qalmadı!
İstədim bir qoxlayıb ətrindən ilham almağı,
Etməyə neynim, əlimdə ixtiyarım qalmadı.
Əl götürdüm bil həyatımdan bu sənsizlikdə mən,
Çünki, ömrümdə sabaha etibarım qalmadı.
Bircə müşkül dərdimə ölməklə eylərdim dava,
Çünki, asan etməyə öz iqtidarım qalmadı.
Hansı bir xoşbəxt təsadüf oldu ki, Şirvaniyə
Bir kərə “can” söylədin, dərdim, qubarım qalmadı!
Aprel, 1995.
Qəzəl
Tər güllərin də bülbülə avazı var imiş,
Həm rəhmi, həm məhəbbəti həm nazı var imiş.
Nikbin olur görəndə könül böylə gülləri,
Ömrün də böylə gül yetirən yazı var imiş.
Sən bir kübar, mənsə fəqir, çoxdu fərqimiz,
Bu eşqə fərqimiz kimi narazı var imiş.
Artmaz bu sevgim ey gül, axı başqa-başqayıq,
Yəqin məhəbbətin də çoxu, azı var imiş.
Şirvani bircə söz yazamaz nikbin olmasa,
Nikbin olanda mütləq onun sözü var imiş.
Noyabr, 1994.
Satirik şeirlər
Rüşvətxor müəllim
Qurtar bizi, Allah, sən özün ahı-amandan,
Bəd günlərə qaldıq.
Dövranın əzabından usandıq da bu candan,
Sap-sarı saraldıq.
Olduq tələbə, sandıq olar bizlərə xoş gün,
Heç verdilər imkan?
Tez vurdu fələk bəxtimizə dərd ilə möhrün,
Olduq da peşiman.
Dövranda gələrmiş günümüz qara bizimçün,
Məğbul zamanından.
Başlarmış o günlər yeni macəra bizimçün,
Dad imtahanından!
Öyrənmək əvəzdən də biliklər başımızdan
Çıxdı bu zamanlar.
Sanki, gəlib olduq naşı biz ən naşımızdan,
Keçdikcə yalanlar!
Məllim dedi: -İstərsən əgər almağa qiymət,
Elm ilə çalışma.
Fikr eyləmə, sakitcə gəlib ver mənə rüşvət,
Aşkarda danışma!
Yazmaqla xeyir gəlməsə qiymət yazarammı?
Ağlınla düşün bir.
Yüz gün oxusan mən bu yolumdan azarammı?
Kəndindədi təqsir.
Baxmam bilənə, bilməyənə, gəlməsə rüşvət,
Axmaqdı baxanlar!
Rüşvət verib həm də gəlib etsin mənə minnət,
Haqq əhli çıxanlar!
Hər yerdə çalışqan tələbə düşmənim oldu,
Bil, böylə həqiqət!
Çünki, belə yol bizlər üçün sərfəli yoldur,
Yox bizlərə töhmət!
Sən sorma o qiymət alan avvarəni məndən,
Onlar məni andı.
Get, sən də gətir, eyləmə kəm parəni məndən,
Müşküllər asandır.
Pul yoxsa da lap hörmət edib pay gətirərsən,
Tut kəndini sən saf.
Lap hörmət edib payını hər ay gətirərsən,
Yumşalmayan əclaf!
Sən get gətir “induşka”, toyuq, ya qoç ətindən,
Ət olmaya yağsız,
Mer-meyvə gətirsən də çıxarsan bu çətindən,
Etməzsən araqsız.
Dostun Gədəbəydən gətirib bir xaşa kartof,
Yazdım ona qiymət.
Yalnız demişəm lazım olur bozbaşa kartof,
Var onda mərifət!
Qoz-fındığı “Novruz”da gətirtdim Balakəndən,
Keçməm belə vardan.
Heç keçmərəm o Lənkəranın mandarinindən,
Göyçaydakı nardan.
Hər kəs Qubadandırsa, gərək alma gətirsin,
Hörmətdi mənimçün,
Hər kəs Şəkidəndirsə gərək halva gətirsin,
Elmindən o üstün!
Hər kim ki, mənim sözlərimi hər dəm eşitdi,
Dövranda ucaldı.
Hər kim ki, mənim təklifimə etiraz etdi,
Ağlar günə qaldı!
Fevral, 1996
“Ağıllı” məsləhət
(Bəhri-təvil)
Bəşər övladısan əl çəkmə ginən keyfi damaqdan, həmişə özgələri seyr et uzaqdan, kefini pozma nahaqdan, oyanıb sübhi-sabahdan eləmə halı xarab, iç cana şəfqətli şərab, heç zaman əl çəkmə araqdan, arağa meyl eləyib içsə kim o, əqli-cahandır, əsl aqil, əsl alim də odur, özgə yalandır, ona hər elm əyandır, sənə həmsöhbət olar, söylədiyi hikmət olar, sən ona əks olma ziyandır, çün onun işləri qandır, ona qan tökmək asandır, əgər içsən səni tərk eyləyəcək qorxu-təlaş, onda durub hər yeri mərdanə dolaş, hər yerə sal dava-dalaş, qana bata göz ilə qaş, sən bu işə adi yanaş, lap elədikcə qazan “əhsən” bu əməldən, həmi əylən bu əməldən, mey iç hər gün ki, bu mey könlünü məstan edəcəkdir, o cəhənnəmləri, çox qəmləri, çox yasları, matəmləri viran edəcəkdir, meyə yar olsan əgər, bil yaşamaq getməz hədər, çünki qəmi-qüssə, kədər, mey ilə bir anda gedər, könlünü xoşhal edər, bir qədər artıq da içərsən meyi lap “hazır” olarsan, lap axır pullara da içki alarsan, yenə bəs eyləməsə, sat papağı, al arağı, mürgü yerin yol qırağı, hər gecə yollarda qalarsan, nə xəyallara dalarsan, bu əməllərlə demə sən canına qəsd eləyirsən, özünü məst eləyirsən, desələr dinimiz harəm buyurubdur, onu heç içməsin adəm buyurubdur, daha sən də meyi tərgitmək əgər istəsən hərdən, necə olmuşdusa zatən, özünün nəfsini öldürməyə qoy çatmasın heç vaxt iradən, bu cahanda dəxi nuş etməyə ispirtli nə var – konyak, araq, ya ki, çaxır, insanı yüksəldər axır, dünyada insanlığa yüksəlməyi istərsən əgər sən, meyi içməkdə ol eyzən!
Oktyabr, 1996.
Tələbə
Oxuyub təhsil alan kəs kimi gendən baxana
Görünər bəlkə də bir bəxtəvər insan tələbə.
Bu çətin, ağrılı dövranda da yüz xiffət ilə
Fəqət əslində olar öz qəmi pünhan tələbə.
İmtahan məqbul elə işlə qatar başını ki,
Özgə məşğulluğa tapmaz bir an imkan tələbə.
San ki, hər məqbulu, hər imtahanı bir bəladır,
Hər semestr axırı işləri əfğan tələbə!
Yığılar birdən ağır işləri üst-üstə qalar,
Olar onda qəmi aləmdə bir ümman tələbə.
Gərək hər elmə fəda eyləyə öz canını ki,
Edə bilsin işinin müşkülün asan tələbə.
Olmasa müşkülü asan yenə də işlərinin,
Gecə-gündüzdə görər kabus, şeytan tələbə.
Hərdən “Əzrayıla dönmüş” bu müəllimlərinin
Tənəsindən də olar halı pərişan tələbə
Arifə zövq olar elm, amma belə yerdə olar
Elmi öyrənməyinin zövqü də viran tələbə.
Vay o gündən ki, müəllim də inadkarlıq edə,
Qala kəsrə, ola bir cüt gözü giryan tələbə.
Pulu kəm, gəzməyi, kef çəkməyi, zövq almağı kəm,
Keçirər əsla fəqir, sadə güzəran tələbə.
Bu çətin dövri-kəsadlıqda qazanc etmək üçün
Ya gedib alver edər, ya qalar “axran” tələbə.
Hər əziyyətlə bərabər bu qürur hissi də var,
Adı hərdən özünə fəxr, şərəf-şan tələbə.
Bu şərəf hər tələbə kəslərə aid də deyil,
Çoxdu tuz, elmsiz, həm cahil, nadan tələbə.
Bu ada layiq olar hər oxuyan öz gücünə,
Kamil, elmli, layiqli çalışqan tələbə!
Noyabr, 1997.
Doğma hər bir sözü rədd eyləyərik
Doğma hər bir sözü rədd eyləyərik,
Nə bacardıqca da rusca deyərik,
Bu cür adətləri hər vaxt öyərik,
Nə bilək, dil, ya da millət nə demək,
Ya qürur, fəxr, şərafət nə demək.
Söz verək ki, qələmə “ruçka” deyək,
Nöqtəyə qoy həmişə “toçka” deyək,
Ya nəfəslik nədi, “fortoçka” deyək,
Başımızda papağa “şapka” deyək,
Əskiyə, cındıra ”tıryapka” deyək.
Unudub doğmanı yad söz alarıq,
Sözümüz kəmdi deyib alçalarıq,
Milli hislərdən uzaq biz qalarıq,
Bu dili rus dilinə itdirərik,
Onları dil ilə fəxr etdirərik!
İyun, 1998.
Ali məktəb müəllimlərimə.
Dostum Həmid Ormanlıya
nəzirə yazılmış şeir.
Bu rüşvətxor Babakişi1,
Bağırsağın yeyər dişi,
Mühazirə deyəndə də,
“Konspekt”siz getməz işi.
Bu məllim də fizik Rizvan,
Oxuyana verməz imkan,
Deyər ki, bir “zaçot”umun
Qiymətidir otuz “şirvan”!
Bax bu məllim də Həmiddi,
Yığmadı, hamı şahiddi,
Müdirinin maşınını
Tələbələr təmir etdi!
Həmid məllim, var qüvvəsi,
“Od Yurdu”ndan2 gəlir səsi,
Heç yadından çıxmır onun
“Qluşitel” məsələsi!
Bu məllim də Ağaməmməd,
Almaz tələbədən rüşvət,
Kitab yazıb sata-sata
Bir təhər saxlayar külfət.
1 Adlar şərti deyil, həqiqidir
2 ”Odlar yurdu” universiteti nəzərdə tutulur
Bu məllim də Allahverdi,
Oxuyana “əla” verdi,
Bilməyən pul versin ona ,
“Tapşırizm” onun dərdi!
Bu məllim də Bəxtiyardır,
Özü də tərki-diyardır,
Deyir çəkdiyin qapıdan
“Kamaz” girməz, yerin dardır.
Bu məllim də Məmmədiyə,
Sadiq qalar “kişi”liyə3,
Tələbə heç nə verməsə -
Deyir – qiymət yazım, niyə?
İyun, 1999.
3 Həmin müəllimin öz aramızda ləqəbi “kişi” idi.
Digər mövzularda
olan şeirlər
Dəniz
Uşaq, körpə, qoca, cavan,
Gözəl, çirkin, yaxşı, yaman,
Varlı, kasıb, müdrik, avam,
Bu dünyada hər cür adam
Birləşibdir,
bir olubdur bu dənizdə.
Dünyaya yad bir mənzərə
qurulubdur bu dənizdə!
Dəniz döyür sahilini
dayanmadan,
Dalğaları yuyur çılpaq bədənləri
yorulmadan, usanmadan!
Böyük dəniz,
Kaş ki, sən bu bədənləri
yuduğun tək
Yuya biləydin ruhları,
Böyük-böyük günahları.
Yazıq dəniz,
Sən nə qədər çırpınasan
yenə təmiz olmarıq biz.
Vaxt çatacaq,
Gün batacaq,
Səndə bir olan insanlar,
Hərəsi öz libasında,
Hərəsi öz maskasında
Çəkiləcək köşəsinə,
Dönəcək öz peşəsinə,
Məmur rüşvət almağında,
Kasıb möhtac qalmağında,
Ayaq tutan ağ yalanlar,
Ucalanlar,
Alçalanlar,
Tərəzidə aldadanlar,
Uduzanlar və udanlar...
Böyük dəniz,
Sənsə heç vaxt dəyişməzsən,
elə həminki dənizsən,
Cansız bir varlıq olsan da
Fəqət, canlı insanlardan
əslində daha təmizsən!
11. 07. 2010
Ayan qızım
Göydə Ayı andırırsan
Mənim adı Ayan qızım,
Görüm elə Ay kimi də
Yüksəklərdə dayan, qızım!
Bu dünyanı anla dərin,
Qulu olma simu-zərin,
Olsun ən böyük dəyərin
Ağlın, abır-həyan, qızım!
Elim ulu, yurdum böyük,
Fəqət köksü bölük-bölük,
Sev Vətəni, olma dönük,
Vətən dərdinə yan, qızım!
29. 08. 2009.
Xəyallar
Nə qədər xoşdu xəyallar,
Qəlbimin dostu xəyallar.
Tale məndən üz döndərsə
hər şeyimi alsa bir gün,
Bağlayaraq əl-qolumu
məhbəslərə salsa bir gün,
Döndüyüm son pənah yerim –
xəyallarım,
Keçmişimdə xatirələr,
Gələcəkdə arzularım, diləklərim –
xəyallarım...
İçim, canım –
xəyallarım,
İlk məkanım,
Son ünvanım –
xəyallarım.
Ha üzürəm,
Ha süzürəm
xəyallarda,
Xəyal elə xəyal olur,
Amma elə həqiqətin zövqü yenə
Xəyallarla gerçək olur,
real olur!
Xəyallarım arzularçün,
amallarçün,
Arzularım səadətçün,
Səadətim yenə şirin
xəyallarçün
31. 08. 2005.
İnanıram
İnanıram,
varlığıma inandığım tək,
Bir asudə, azad, xoşbəxt
zaman gələcək,
Əsarətin, haqsızlığın
sərt qaranlığı,
Hürriyyətin işığında
bir gün itəcək.
İblislərin, xainlərin
hökmranlığı
Mələklərin hökmü ilə
sona yetəcək!
Yanvar, 2001.
Sən göylərə uçduğun gün.
Ə. Elçibəyə
Sən göylərə uçduğun gün,
Behiştə nur saçdığın gün,
Nə dost, sirdaş ağlar səni,
Nə bir yaxın,
qohum-qardaş ağlar səni.
Fəqət, gözü yaş bilməyən,
Nə dost, nə qardaş bilməyən,
Bir qəlbi daş ağlar səni,
Töküb qan-yaş ağlar səni!
Sentyabr, 2000.
Böyük
Ə. Elçibəyə
Sənin bir ömürda daşıdığını
Yüz ömür bir yerdə daşıya bilməz,
Ürək daşımağa böyük gərəkdir,
Hər ürək ki, dözüb yaşaya bilməz!
Nədir daşıdığın? – ötən illərdə,
Min-min insanların qalan diləyi,
Aşiqi olduğun türk millətinin
Xoşbəxt həm bu günü, həm gələcəyi.
Nədir daşıdığın? – ötən illərin
Ümmanında itən dürlər, incılər,
Onları tapanda türk millətinə
Güc, qürur, azadlıq, şərafət gələr!
Niyə daşıyırsan? – min illər daha
Millətin onları dağıtsın deyə,
Dağılıb, itrilib, qurtaran günü
Yeni “Elçi” yığıb qayıtsın deyə!
Qısqanclıq edərlər bu öndərliyə,
Bəlkə mən də öndər olardım deyə,
Əgər düşünsələr olmadım niyə,
Bilsınlər, Tanrıdan riza gərəkdir,
Qısqanan qəlblərə cəza gərəkdir!
İyun, 2000.
Çıxdı Günəş qırmızı
Çıxdı Günəş qırmızı,
An, gülüm, an, an,
Eylədi xoşbəxt bizi,
Qan, gülüm, qan, qan!
Hər birimiz bir çiçək,
San, gülüm, san, san,
Şeytanı yenmiş mələk,
Can, gülüm, can, can!
Batdı günəş qap-qara,
Yan, gülüm, yan, yan,
Saldı bizi ah-zara,
Can, gülüm, can, can!
Doğar günəş bir daha,
Tez, gülüm, tez, tez,
Eylə dua Allaha,
Döz, gülüm, döz, döz!
Aprel, 2000.
Allahdır
Göstərmə Allaha yaxşını, pisi,
Allah hər bir şeyi görən allahdır,
Demə görünməyir, gəlməyir səsi,
Başımız üstündə duran Allahdır!
Görəndə deyərək “sonsuz” adına,
Qonşusu istehza eyləyir ona,
Bir kor qız diləyən sonsuz qadına
Bir gözü kor qızı verən Allahdır!*
Aprel, 2000.
*Ağdam rayonunun Muğanlı
kəndində olmuş hadisə.
Dərd deyil ki
Haqqın varsa,
Haqsızlıqla dünya dola
Dərd deyil ki,
İnsan qəlbi min arzudan,
kamdan qala,
Dərd deyil ki.
Lap sonunda dəliliklə
Qəlbin asudəlik bula,
Dərd deyil ki.
Bir dərd ki, bir vaxt insanı
Az yaşında müdrik edə,
Zaman ilə çıxıb gedə,
Hərdən də düşəndə yada,
Hətta bir az şirin dada,
Dərd deyil ki.
Gülüşünlə, sevincinlə
zaman-zaman
Dərd ki gəldi-gedər ola,
Əzabını çəkəndəsə
Yükü bir “ah” qədər ola,
Dərd deyil ki.
Dərd ki, qaldıqca köhnələn,
lap saralan, solan ola,
Dərd ki bircə dəqiqəlik
qəlbdə unudulan ola,
Dərd deyil ki!
Dərd odur ki, birdən durub
vicdan səni haqsız görə,
Ruhuna min əzab verə,
Vicdanının səsi sənin
Hər izini, addımını
hər an təqib edə-edə,
Kölgə kimi bir yanında
gedə-gedə,
İti qılınc tək qəlbini
dəlib edə dəlik-dəlik,
Dünya adlı bir məhbəsdə
axtarasan asudəlik,
Tapmayasan bir an belə,
Tapmağına qalmaya heç
güman belə!
Öz içindən gələ sənə
elə əzab, elə zülm,
Nə dəlilik çarə ola,
nə də ki, bir ucuz ölüm!
Avqust, 1999.
Dünya, səndən əl çəkimmi
Taleyimin hər an üzü döndüsə,
Qəlbimdəki arzu, ümid söndüsə,
Həyat gəlib gözdə heçə endisə,
Dünya, səndən əl çəkimmi, bilmirəm!
Dörd bir tərəf namərdlərlə doldusa,
Haqq müttəhim, nahaqq hakim oldusa,
Əl çəkməyim haqqa gedən yoldusa
Dünya, səndən əl çəkimmi, bilmirəm!
Sevinc məndən hər an qaçar oldusa,
Qəlbim gəlib sonda naçar oldusa,
Hər bəlaya, dərdə düçar oldusa,
Dünya, səndən əl çəkimmi, bilmirəm!
Mart, 1999.
Xocalı adlı bir faciəmiz var
Demə bu dünyada nəsibmiş bizə,
Xocalı adlı bir faciəmiz var,
Qanla yazılıbdır tariximizə,
Unutmaz heç zaman bu el, bu diyar,
Xocalı adlı bir taleyimiz var!
Orda bir el-oba, yurd talanıbdır,
Köksümüz üstündə od qalanıbdır,
Orda namusumuz tapdalanıbdır,
Allah göz ola kor, qulaq ola kar,
Xocalı adlı bir faciəmiz var!
Yoğruldu bu elin qanla torpağı,
Qılıncdan keçrildi körpə uşağı,
Çəkildi bir zülm, vəhşilik dağı,
Tanrı dərgahına çıxdı ahu-zar,
Xocalı adlı bir faciəmiz var!
Allahdır yaradan axı insanı,
O verib insana vücudu, canı,
Zülmün, vəhşiliyin var bir divanı,
Zülmünə məhkumdur zalım, zülmkar,
Xocalı adlı bir faciəmiz var!
Xocalı dildə bir dərd kəlməsidir,
Bir gün yox, bir əsrin faciəsidir,
Bu haray, bu fəryad haqqın səsidir,
Eşitsin bu dünya, olsun xəbərdar,
Xocalı adlı bir faciəmiz var!
Bəsdir qəmə batdıq, bəsdir hüzn, yas,
Babalardan bizə mərdlikdir miras,
Namərd yağılardan alaraq qisas,
Bir gün edəsiyik biz onları xar,
Xocalı adlı bir faciəmiz var!
Fevral, 1999.
İnsanlıq
Səadət bəlkə kef, bəlkə əzabdı,
İnsan oğlu onu bəs nədə tapdı?
Səadət insanlıq, bir də savabdı,
İnsanlıq qərəzdən hər an qaçmaqdır,
Ən böyük bir savab ürək açmaqdır!
Mərd olanı axmaq biləndən uzaq,
Namərd olmayana güləndən uzaq,
Yoldaşına kələk gələndən uzaq,
İnsanlıq qərəzdən hər an qaçmaqdır,
Ən böyük bir savab ürək açmaqdır!
Xoş sözlə arzular oyanan olur,
Qocalar özünü gənc sanan olur,
Könül möcüzəyə inanan olur,
İnsanlıq qərəzdən hər an qaçmaqdır,
Ən böyük bir savab ürək açmaqdır
Dekabr, 1998.
Yaşamaq qanunu
Göz açırıq bu dünyaya yaşamağın həvəsində,
Gələn gündən bulunuruq həyat mübarizəsində.
Hər birimiz sanırıq ki, sahibiyik bu zamanın,
Əslən zaman ola-ola tək sahibi hər insanın.
Hər birimiz bir səadət idealına inanırıq,
Qəlbimizin arzusuna, xəyalına inanırıq.
Çatmaq üçün bu dünyada arzulara, səadətə,
Bir şövq ilə qatlaşırıq hər əzaba, hər zəhmətə.
Bir gün ən böyük bir arzun gerçək olandasa sənə,
Tez təzə bir arzu çıxır, olmayırsan xoşbəxt yenə.
Çatıb arzulara xoşbəxt sanmadıqca özümüzü,
Tez dikirik daha yüksək arzulara gözümüzü.
O qədər tamahı iti gəlmişik ki, bu dünyaya
İstəyirik kosmonavt tək çıxaq ulduzlara, Aya.
İş çətinə düşəndəsə özümüzə gəlirik biz,
Xoşbəxt görünən keçmişin tez qədrini bilirik biz.
Vaxtında bilmədiyimiz üçün peşiman oluruq,
Hər şeyçün Allaha şükür eyləyən insan oluruq.
Lap bədbinləşirik dönsə bir az da taleyin üzü,
Axtarırıq tək bir ümid, bir quru təsəlli sözü.
Kimin ümidi qalıbsa, bəlkə də bir səadətdir,
Çünki, həyatda insana hərdən fələk çox namərddir.
Elə bir iş işləyir ki, qəlbdə arzu, ümid sönür,
Arzu, ümid həqiqətdə əsl möcüzəyə dönür!
Yaşamaqçün məcbur olub həqiqətini danırsan,
Möcüzəyə inanırsan!
Noyabr, 1998.
Gənclər üçündür
Bu aləm gənclərin deyil, ya nədir?
Nə var təbiətdə gənclər üçündür.
Yaş ötsə səadət bir əfsanədir,
Əsl səadət də gənclər üçündür!
Mənalı nə varsa bizim həyatda,
Şənlik də, bayram da, toy da, büsat da,
İncə musiqi də, xoş muğamat da,
Şeir də, sənət də gənclər üçündür!
Gənc olan aldatmaz özü özünü,
Görər səadətin hər bir üzünü,
Qocalsam deyərəm yenə düzünü:
Həyat cəmiyyətdə gənclər üçündür!
İyul, 1998.
Fəqirlik
Vara qürur deyən insan mərd deyil,
Xoşbəxt olmağımçün var da şərt deyil.
Fəqirlik nəinki ağır dərd deyil,
O, mənim bəlkə də səadətimdir,
Mənim öz taleyim, öz qismətimdir!
Çox vaxt görməyəndə insan fəqarət,
Olar harınlamaq, xudbinlik adət,
Gərək insanlığa edəsən hörmət,
İnsanlıq, kamillik var-dövlətimdir,
Fəqirlik bəlkə də səadətimdir.
Namərd olmamaqçün yaxına, yada,
Ehtiyac görəsən gərək dünyada,
Fəqirlik nə qədər acı olsa da,
Bu mənim bir şirin həqiqətimdir,
Fəqirlik bəlkəsiz səadətimdir!
Aprel, 1998.
Qaçqınlıq
Bu insandır, yurd yuvası, od ocağı öz cənnəti,
Öz qəlbində gələcəkçün min arzusu, min niyyəti,
Bircə anda məhv olarsa neçə evin səadəti,
Yoxsa bu bir axır-məhşər, qiyamət çathaçatıdır?
Bu ki insan həyatıdır!
Ömür eşqiylə yurdunda hər kəs cahi-cəlal edib,
Ocağında həm sevinib, həm qəm edib, məlal edib,
İndi bir ömür əzabı zalımlara “halal edib”
İki-üç əşya, bir libasla çıxmağı son nicatıdır?
Bu ki insan həyatıdır!
Bu olanlar de ki haqqa, ədalətə necə sığa?
Bu insanlar da bəs axı layiq idi insanlığa,
Neçə ailə töküldülər çölə, düzə, alaçığa,
Bu həyata layiq axı xaliqin heyvanatıdır,
Bu ki insan həyatıdır,
Bu ki insan həyatıdır!
Aprel, 1998.
Dərd və gülüş
Bu gülüşün altı dərddir,
Can dərd çəkir gülə-gülə.
Bu fələk gör nə namərddir,
Can da yanıb döndü külə,
Dərdi çəkdi gülə-gülə!
Bilmirəm ki, bu nədəndir,
Qəlb nə nikbin, nə də şəndir,
Dərdi öz məhvinə təndir,
Öz dərdini bilə-bilə
Can dərd çəkir gülə-gülə!
Yəqin ki, bu son ümiddi,
İndi artıq o da itdi,
Elə bilmə gülüş getdi,
Bu dodaqlar qaçır elə,
Can dərd çəkir gülə-gülə!
Ən xoşbəxt gün ötən gündü,
Hər cəhətdə o üstündü,
Lap fələyin üzü döndü,
Bu can isə dözür hələ,
Dərdi çəkir gülə-gülə!
Dünyanın çox bəlası var,
Olar sonunda intihar,
Hər naçarı gülüş tutar,
Qoymaz birdəfəlik ölə!
Can dərd çəkir gülə-gülə!
Düşsək də hər ağlar günə,
Gülüş məqam tapıb yenə
Tezcə gəlib keçər önə,
Göz yaşını silə-silə.
Can dərd çəkir gülə-gülə!
Kim görürsə, Şirvaniyə
Deyir,”üzün gülür, niyə?”
Bilmirəm nə etsin deyə
Bu dodaqlar qaçır belə,
Can dərd çəkir gülə-gülə!
Fevral, 1998.
Analar
Düşünürdüm,
Qəlbimə bir sual gəldi:
-Kimsən, anam?
Cavab gəldi:
-Nazın ilə oynayanam,
Sən gecələr ağlayanda beşiyində,
Mən də sənin səhərədək keşiyində
Nazın ilə oynayanam!
Olmayıbdır, olmayacaq,
ola bilməz bil ki, sənin,
Mənim qədər bu dünyada
sənə qayğı bəxş edənin.
Olmayıbdır, olmayacaq
mənim kimi bir insanın,
Mənim qədər səbri olub
nazın ilə oynayanın,
Ömür boyu yenə sənin
borclu qalacaq bu canın.
Can bala , yox, borc demirəm,
bəxşişimdir,
Mən anayam bu da mənim
adı müqəddəs işimdir...
-Sən, ay mənim canım anam,
Həqiqəti necə danam,
Sənin mənə yandığını
Yəqin sənə çətin yanam,
Bunun üçün ömür gödək,
Ömürü uzadan gərək.
Ana, bəyəm
İndi nəyəm?
Bu on doqquz yaşımda da
Qucağında bir körpəyəm,
Aciz, arsız,
Iqtidarsız,
Bir insafsız,
Etirafsız.
Bir körpəyəm, sən də mənim
başım üstündə həyansan,
Bu yaşda da yenə mənim
nazım ilə oynayansan!...
Övladının uğurunda
analar nə günlər görüb,
Ana nələrdən vaz keçib,
nələrini qurban verib,
Miqdarı yox, qədəri yox,
Bəlkə ondan birindən də
övladının xəbəri yox!
Analarsa bu əzabdan,
iztirabdan
usanmazlar,
Bu əzabın,
iztirabın
qarşılığını ummazlar,
Amma taparlar əzabda,
iztirabda
səadəti!
Nə gözəldir təbiətin,
cəmiyyətin
bu adəti,
bu hikməti!
Sanki itir bu əzablar
Övladına sevgisində, həvəsində,
Sanki qalır bu borc, əzab
Bir sevginin, məhəbbətin kölgəsində!
Heç bir zaman bu analar
Övladıyçün etdiyinə
olmaz peşman,
Yenə edər canın qurban,
Olmasa da böyüyəndə
övladının ləyaqəti,
Son məqamda
tapar yenə övladının
varlığında səadəti!
Nə gözəldir təbiətin,
cəmiyyətin
bu adəti!
bu hikməti!
Bu hikmətdir
anaları dahi edən,
Müqəddəs, ilahi edən.
Tanrı bizə bəxş eləmiş
Ömür, dünya bir həvəsdir,
Bir hikmət var bu dünyada
o bir haqdan gələn səsdir –
hər bir ana müqəddəsdir!
Yanvar, 1998.
Dostları ilə paylaş: |