Qərb ruhu
Qərb intellekt və texnika qanadlarında çox uzaqlara uçmuş və həyatın təməl prinsiplərindən, fəlsəfi-estetik bazisdən ayrı düşmüşdür.
Əbu Turxan
Kənardan baxdıqda, Qərb ilk növbədə nə ilə nəzərə çarpır?
Bəs, Qərb özü özündə ən əlamətdar bir məqam kimi, nəyi görür?
Hər iki sualın cavabı eynidir: buz kimi soyuq ağıl dəryası!
Müasir Qərb sivilizasiyası nəyə nail olmuşdursa, hamısına ilk növbədə elmin tətbiqi, yeni texnikaya və texnologiyalara əsaslanan iqtisadi sistem sayəsində nail olmuşdur. Daha doğrusu, bu Qərb sivilizasiyasının təməlidir. Bu baxımdan, Qərbin texnologiyaya, elmə, hətta bütövlükdə rasionallığa yiyə durmaq təşəbbüsü anlaşılandır. Rasionalizmin R.Dekartdan başlaması haqqında iddialar da buradan irəli gəlir.
Bəs əslində necədir?
Rasionallıq həm Qərbin, həm də Şərqin birgə sərvətidir. Əslində, məhz rasionallıq prinsipini, məhz xalis zəka anlayışını Qərb Şərqdən götürmüşdür. Bu başqa məsələ ki, Şərqdə həqiqətin yeganə vasitəsi kimi qəbul edilən əql (zəka) təcrübə ilə, maddi proseslərlə deyil, ilahi başlanğıcla əlaqələndirilmişdir. Allahın insanlara bəxş etdiyi bu ən böyük nemət, təbiəti öyrənməkdən daha çox, ilahi varlığın özünü dərk etməyə yönəldilmişdir.
Qərbdə isə, rasionalizmin daha praktik bir tətbiqi ön plana keçmiş, əql təcrübə ilə birləşmişdir. İnsan transendent dünyanın dərkinə uyaraq qalmamış, nəzərlər həm də cismani dünyaya yönəldilmişdir.
Bunun üçün ilk növbədə dindən, xristianlıqdan imtina etmək lazım idi!
Qərb sivilizasiyasının təməlində elmin dindən ayrılması, rasionalizmin ilahiyyat ilə deyil, empirizmlə birləşməsi dayanır. Bu baxımdan orta əsr xristian sxolastikası da Qərb yox, Şərq hadisəsi idi. Dini fərqlərinə baxmayaraq, Foma Akvinski ilə İbn Rüşdün bu qədər yaxınlığı bir daha onların hər ikisinin eyni sivilizasiyaya məxsus olmasına dəlalət edir.
Avropalılar coğrafi baxımdan Qərb fenomeninə yiyə durduqları və onu qeyd-şərtsiz özününkü saydıqları üçün, onu əsasən çəhrayı rəngdə təsvir edir, daha çox dərəcədə elmlə, ümumbəşəri tərəqqi ilə, universal sivilizasiya ilə bağlamağa çalışır və onun özünəməxsus, spesifik cəhətlərini ayırd etməyə çalışmırlar. Qərblilərin nəzərindəki Qərb fenomeni iki qüsurlu tezis üzərində formalaşmışdır.
Birincisi, bir tərəfdən coğrafi prinsiplərə əsaslanan bölgü ilə spekulyasiya edilir, digər tərəfdən ABŞ, Kanada və İsrail də aşkar və qeyri-aşkar şəkildə Qərb fenomeninə daxil edilir; bu halda ilkin coğrafi yanaşmanın əhəmiyyətinin itdiyi nə üçünsə unudulur. Çünki, həmin Amerika qitəsində ABŞ-la yanaşı, məsələn, Meksika da var ki, Qərbin onu həzm etməyə iştahı yoxdur. Deməli, əsas məsələ coğrafiyada deyil… Və bunu qərblilər bilməmiş olmazlar.
İkincisi, coğrafi prinsipə istinad etməklə, Qərb antik mədəniyyəti qeyd-şərtsiz özününküləşdirir və özünü qədimlərə aparıb çıxarır, «əsil-nəcabət qazanır» və bu zaman qədim yunanlarla özləri arasında körpünün başqa bir millət, başqa bir dini icma, başqa bir mədəniyyət tərəfindən atıldığını nə üçünsə «yaddan çıxarır».
Müasir Qərb sivilizasiyasını antik mədəniyyətlə və xristianlıqla bağlamaq kimi açıq-aşkar, qeyri-elmi yanaşmalara baxmayaraq, Qərbdə bu sivilizasiyanın məğzini anlayanlar və bu mahiyyətdən gələn məhdudiyyətləri görənlər də vardır. Bu gün Qərbdə modernizm və postmodernizm meylləri, əslində ənənəvi rasionalizmə qarşı çıxışlardan başqa bir şey deyil.
Qərb yeni inkişaf yolları axtarır. Ancaq ağıldan, rasional düşüncədən, texnologiyadan ibarət bir həyat darıxdırıcıdır. Qərbin böhranı haqqında həyəcan siqnalları indi tez-tez eşidilir.
Qərb sivilizasiyasının uğurlarından vəcdə gələn və onu öz milli-dini özünəməxsusluğu kimi qələmə verməyə çalışan Maks Veberlərlə yanaşı, harada isə uzaq ölkələrdə yox, onun öz vətənində, onun öz ailəsində, onun öz doğma qardaşı Alfred Veberlər də yazıb-yaradır və əsil həqiqəti söyləməkdən çəkinmirlər.
Demokratiya və beynəlxalq hüquq normalarının da Qərb sivilizasiyası çərçivəsində təqdim edilməsi mübahisəli görünür. Düzdür, hüquq müstəvisində bu nailiyyət ilk dəfə məhz Avropada əldə edilmişdir. Və onun fəlsəfi əsasları da daha çox dərəcədə, məhz Avropada yaradılmışdır. Lakin əslində Avropa humanizmi, Şərq humanist fikir ənənələrinin davamı kimi ortaya çıxmışdır. Şərqdə bu ideyalar ənənəvi üsul-idarəyə; monarxiyaya, şahlığa, sultanlığa, bir şəxsin diktatına qarşı reaksiya kimi ortaya çıxmışdır. İnsan bərabərliyi haqqında, insan azadlığı haqqında ilk təlimlər də, hətta onların ictimai realizasiyası da Şərqdə həyata keçmişdir. Bu baxımdan, biz Məzdək təlimini, Xürrəmilər hərəkatını, Babək üsyanını və s. yada salmaq istərdik. Xürrəmilikdən gələn ideyalar neçə əsr sonra İslama qarşı qoyulmadan, əksinə yeni dəyərlər sistemi ilə əlaqəli surətdə böyük Nizaminin «Xoşbəxtlər ölkəsində» ifadə olunmuşdur.
Lakin bütün bunlara baxmayaraq, Qərb sivilizasiyası məhz daha optimal ictimai təşkilatlanma ilə səciyyələnir. Rasionalizm təkcə təbiətin öyrənilməsinə və dəyişdirilməsinə deyil, həm də cəmiyyətin təşkilatlanma prinsiplərinə təsir etmişdir. Və Qərb demokratiyası yaranmışdır.
Dostları ilə paylaş: |