Hikmət sirdaş olub qala biləydi,
Zəngli saat kimi çala biləydi,
Gen gündə Gün kimi aydın olanı
Məqamda yadıma sala biləydi.
Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter daşıyır, fərdi mənəviyyat prizmasından kənar hadisəyə ancaq qiymət verilir, ona yaxşı və ya pis münasibət bəslənir, sonra isə bu münasibət ya poetik yolla vəsf edilir (mədhiyyə və ya həcv yazılır), ya da daha sistemsiz və daha impulsiv yolla adi şüur səviyyəsində biruzə verilir.
İnformasiyanın xaricdən fərdi mənəvi dünyaya qəbul olunması da əsasən təəssürat formasında, aksioloji xətlə həyata keçir.
2. Fərdi mən prizmasından dünya ancaq ağ və qara rənglərdə görünə bildiyindən çox vaxt təsadüfi amillər nəticəsində ya ağların, ya da qaraların siyahısına düşən hadisələr uyğun olaraq ya təriflənir, ya da pislənir. Eyni hadisənin müxtəlif yönümlərdə müxtəlif rəngləri üzə çıxarılmır, məsələyə dialektik baxımdan, sistemli şəkildə yanaşılmır. Təhlil olmadığından bir münasibətdə “yaxşı” kimi qəbul olunan hadisənin pis cəhətləri üzə çıxarılmır və əksinə.
Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim belə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür tərzidir – səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Yağışdan çıxıb yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini qəbul etməyə daha çox meylliyik.
Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta internet klublarında keçdiyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə mədəniyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.
Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nədənsə Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti yaddan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətlər unudulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oynamış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tənəzzülünə, süqutuna, mənəvi deqradasiyasına aparıb çıxara bilən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsaslanmayan, yandançıxma (çox vaxt Afrikasayağı) “mədəniyyət” nümunələri, o cümlədən, bayağı rok, varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. “Avropa mədəniyyəti” kimi qəbul edilir. Məhdud səviyyəli gənclərdə belə bir meyl təbiidir, lakin təəccüblü burasıdır ki, bəzən mətbuat və televiziya da onların “müdafiəsinə” qalxır, məktəblərimizdə diskotekaların azlığından, Amerika və Qərb cazmenlərinin həyat və fəaliyyətini öyrənmək zərurətindən, rok musiqisinin şəhərimizin kandarında qalmasından böyük qayğı və təlaşla danışılır, darvazaları gen açmaq tövsiyə edilir. Qərbin tərəqqisinin əsil hərəkətverici qüvvələri, böyük elm korifeyləri, maarifçilər və filosoflar isə heç yada da düşmür. Nyutonların, Volterlərin, Bethovenlərin həyat və yaradıcılığından söhbət açmaq unudulur, onlar mətbuat və televiziyaya yaxın buraxılmır. Məgər müasir gəncliyin onlara mənəvi ehtiyacı yoxdurmu? Acınacaqlı haldır ki, gənclərimizin əksəriyyəti Maykl Cekson və Şvartsnegeri Rassel və Bordan daha yaxşı tanıyırlar. Bu, bizim kütləvi informasiya vasitələrinin Avropaya, Qərb mədəniyyətinə birtərəfli münasibətinin nəticəsidir.
Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Bakıda kapitalizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Avropaya seçkili münasibətin zəruriliyini dərk edən H. Cavid yazırdı:
Avropada işıq da var, zülmət də.
Orda səfalət də var, fəzilət də.
Dostları ilə paylaş: |