O bir əngin dəniz ki, çox qorxuncdur.
İnsan gah inci bulur, gah boğulur...
Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq “müasir” olmağa çalışırıq. İstisinə isinmədiyimiz bir şeyin tüstüsünü bəh-bəhlə qəbul edirik.
Şərq təfəkkür tərzini atıb Qərb təfəkkür tərzindən yapışmaq (yeri gəlmişkən, təfəkkür tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi də çox mürəkkəb və uzun prosesdir) nə deməkdir? Əsas məqsəd hər hansı təfəkkür tərzinin zəif cəhətlərindən, birtərəfliyindən azad olmaq deyilmi?
Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini “barışdırmağı”, onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur. Son zamanlar hamını heyrətləndirən “Yaponiya müəmmasının” açarını da məhz Şərq və Qərb təfəkkür tərzlərinin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi potensialın Qərbə məxsus rasional düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtarmaq lazımdır.
Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlərinin üstün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi planda xüsusi tədqiqat tələb edir. Müasir cəmiyyətşünaslığın vəzifələrindən biri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb mədəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarətdir. Ciddi elmi tədqiqata əaslanmayan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur.
Məsələn, bəziləri belə hesab edirlər ki, düşüncəmizin ətalətliliyi, məsuliyyətsizlik, biganəlik, “əşi, nə olsun ki...” münasibəti, utancaqlıq və s. Şərq təfəkkürünün tərkib hissəsidir. Əlbəttə, məsuliyyətsizlik, biganəlik pis keyfiyyətdir. Lakin o yalnız Şərqin ənənəvi mənəviyyat tərzi kimi izah oluna bilməz, çünki daha çox dərəcədə sosial mühitlə, sahibkarlıq hissinin olmaması ilə bağlıdır.
Utancaqlıq və ətalətli düşüncə kimi keyfiyyətləri ancaq qara rənglə çəkmək düzgün olmazdı. Utancaqlıq nədə isə bizə mane olur deyə, əsrlər boyu formalaşmış bu yüksək mənəvi keyfiyyətdən azadmı olmağa çalışmalıyıq? Əgər ali hisslər intellekti üstələyirsə birincidən azad olmaq əvəzinə ikincini inkişaf etdirmək barədə düşünməli deyilikmi? Elə yüksək intellektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür mədəniyyətinə yüksəlmək mümkün deyilmi ki, öz sözünü demək və haqqını müdafiə etmək işində abır, utancaqlıq, təvazökarlıq hüdudu daha mane ola bilməsin?
Hər hansı çəpəri, bəndi keçməyin üç yolu var: bəndin altından sürünüb keçmək, bəndi dağıdıb keçmək və nəhayət, bəndin üstündən keçmək. Birinci yol – alçalmaq, axırıncı – yüksəlmək tələb edir. Bəndin dağıdılması isə min illər ərzində yaradılmış bir abidənin, mənəvi meyarın aradan götürülməsidir ki, bu zaman ölçü itir, yüksəkliklə alçaqlıq eyniləşir.
Vaxtilə, burjua inqlabı aristokratiyanın böyük səylə əməl etdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə intellektin əxlaqi meyar üzərində birtərəfli qələbəsini təmin etdi. Rasional düşüncə və işgüzarlıq təşəbbüslərinin qarşısını ala biləcək heç bir mənəvi məhdudiyyət saxlanmadı. Bir sahədəki ifratçılığın yerini başqa sahədəki ifratçılıq əvəz etdi. Əvvəl bir istiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə pozulmuş oldu. Qərb intibahı şərqçilikdən qərbçiliyə keçid prosesində müvəqqəti müvazinət mərhələsi oldu. Lakin bu mərhələdə qərar tutmaq Avropaya müyəssər olmadı. Kəfkir ətaləti ilə o biri qütbə hərəkət etdi. Mənəvi qadağanlar rasional fikir süzgəcindən keçirilərək hüquq qaydaları ilə məhdudlaşdırıldı. İntellekt isə yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan tezliklə öz əməllərinin peşimançılığını çəkməyə başladı. Bioloji və sosial ekologiyaya mənəvi ekologiya problemləri də əlavə olundu.
Müvazinət pozulanda, insanın mənəvi həyatı daxili çarpışma və ziddiyyətlərdən məhrum olanda o, inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Əksinə, mənəvi qadağanlarla rasional düşüncə və fəaliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə insanın birtərəfli inkişafına, mənəvi deformasiyasına yol verilmir.
İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – özbaşınalıq, anarxiya yaranır.
Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir (“ağır otur, batman gəl”). Əlbəttə, fizikadan məlum olan “ətalət – kütlə ölçüsüdür” fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik “yüngüllük” kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə “ağırlıq” kimi – müsbət mənada qiymətləndirilir.
Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağanlar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keçməli, bir növ filtr – təmizləyici rolunu oynamalıdır.
Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir.
Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.
Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?
Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufanlarından, dağıdıcı təsirlərindən qorunub saxlanması, “milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin astanasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.
Dostları ilə paylaş: |