Sivilizasiya və texniki-iqtisadi inkişaf
Şərqdə həyatın təkmilləşməsi üçün yalnız qəlbin həyatı və fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, mədəni nailiyyətlər və texniki tərəqqi də hələ insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyil.
Aida İmanquliyeva
Çağdaş siyasətdə hər şey təkcə tarixi rakursda və gerçək hadisələr baxımından deyil, eyni zamanda böyük dövlətlərin maraq dairələri və hətta "milli heysiyyatları" baxımından dəyərləndirilir. Böyük dövlətlərin geosiyasi planları çox vaxt kiçik dövlətlərin öz aralarındakı münasibətlərə və münaqişələrə yön verir, həlledici təsir göstərir. Həm də belə təsirlər və təzyiqlər müxtəlif beynəlxalq təşkilatların (BMT, ATƏT və s.) adı ilə həyata keçirilir.
Təbii ki, böyük dövlətlərin öz aralarında da dünyanın siyasi xəritəsini müəyyən etmək səlahiyyəti uğrunda mübarizə gedir. Bu zaman çox vaxt beynəlxalq hüquq normaları və ədalət prinsipləri ön plana çəkilir və böyüklər arasındakı rəqabətə, onların mənafeyinə toxunmayan, geosiyasi mübarizə arealının kənarında qalan ölkələrə həqiqətən himayədarlıq edilir.
Lakin bu günlə yanaşı keçmiş də vardır və böyük dövlətlər, görünür, tarixi də unutmur, birdən "su axan yerdən bir də axar" ehtimalını nəzərə alaraq böyük tarixi keçmişi olan xalqlara münasibətdə ehtiyatla tərpənir və bəzən ədalət prinsiplərini də ''unudurlar''.
Bəli, dünyada elə ölkələr vardır ki, onlar hələ yenicə müstəqillik əldə edir, öz dövlətlərini qurmağa çalışır, böyük sivilizasiyaya qovuşmağa çalışır. Belə ''təhlükəsiz'' dövlətlərə kömək etmək BMT-nin, Avropa Şurasının, ATƏT-in, YUNESKO-nun və s. beynəlxalq təşkilatların ümdə vəzifələridir. Hamısı sosializm düşərgəsindən və kommunist ideologiyasından təzəcə ayrıldığına baxmayaraq Rusiyaya və Ukraynaya münasibət başqa, Şərqi Avropa ölkələrinə və Pribaltikaya isə münasibət başqadır. Birincilər böyük nüvə silahı potensialına və təbii sərvətlərə malik olmaqla öz potensial imkanlarına və hərbi güclərinə görə Qərbi Avropa ölkələrindən xeyli üstündürlər. Ona görə də bu amili nəzərə almamaq mümkün deyil. Bəs nüvə silahına və böyük təbii sərvətlərə malik olmayan Türkiyədən nəyə görə ehtiyatlanırlar? Burada, bizcə milli maraqlardan daha çox "milli heysiyyat" ön plana keçir. Elə bil ki, keçmiş bu günə transformasiya olunur və türkün simasında özlərinə bir rəqib görürlər. Qisasçılıq hissi qeyri-aşkar şəkildə, təhtəlşüur səviyyəsində çağdaş siyasətə təsir edir. Bu hissiyat bəzən hətta aşkar şəkildə, «keçmişə görə cavabdehlik», mənəvi məsuliyyət və s. adlar altında gündəmə gətirilir. Beynəlxalq hüquq normaları da, ədalət prinsipi də yaddan çıxır və həmin normaların qəsdən təhrif olunmuş variantları ilə manipulyasiya başlanır.
Kipr "problemi" də, Dağlıq Qarabağ "problemi" də tarixin saxtalaşdırılması və gerçək durumun təhrif olunması sayəsində problemə çevrilib. Və elə bir illüziya yaradılıb ki, guya bu problemlərdə türkün mənafeyi beynəlxalq normaların diametral əks qütblərində dayanır, yəni onlardan birinin müdafiə olunması, digərində geri çəkilməyi tələb edir. Əslində isə ancaq zahirən bir-birinə əks qoyulan maraqlar hər iki halda türkün ziyanına saxtalaşdırılmışdır.
Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi baxımdan, bütün beynəlxalq normalar baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir və burada cüzi bir erməni əhalisinin separatçılıq təşəbbüsü qonşu Ermənistanın bilavasitə təcavüzü və Rusiyanın dəstəyi sayəsində güc müstəvisində onların xeyrinə həll olunmuşdur. Burada güc qarşısında beynəlxalq normalardan geri çəkilmək siyasəti yürüdülür.
Kipr isə uzaq, mücərrəd tarix deyil, davamlı tarix müstəvisində həmişə Osmanlı imperiyasının tərkibində olduğundan və yalnız I dünya müharibəsində imperiya dağıldıqdan sonra mübahisəli zonaya çevrildiyindən türkün mövqeyinə separatçılıq kimi baxmaq gülünc olardı. Neçə əsr ərzində türklər rumluları adadan sıxışdırmamış, türklər və rumluların dinc yanaşı yaşamasına təminat vermişlər. İmperiya dağıldıqdan sonra isə burada türklər müntəzəm surətdə sıxışdırılmış, onların haqları tapdanmışdır. 1963 və 1974-cü il hadisələri, Kiprin o vaxtkı rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənən etnik münaqişə və yerli Türk əhalisinə qarşı soyqırım siyasəti və bütün bunlara Avropanın soyuqqanlı münasibəti, beynəlxalq hüquqa və insan haqlarına etinasızlıq Türkiyəni ağır seçim qarşısında qoymuşdu. Avropa öz sözünü demədiyinə görə, Türkiyə təşəbbüsü öz üzərinə götürmüş, Türk qoşunları soyqırımın qarşısını almaq məqsədilə yerli türklərin köməyinə gəlmiş və heç də bütövlükdə Kipr ərazisində deyil, ancaq türklər yaşayan ərazidə öz dövlətçiliyini bərpa etmək və rumlulara da öz dövlətlərini yaratmaq imkanı verməklə tam ədalətli və hətta humanist mövqe tutmuşlar.
Bunlar aydın həqiqətlərdir və təfərrüata getdikcə, məsələ konkretləşdikcə daha da aydınlaşır. Lakin anlaşılmaz görünən beynəlxalq "ictimai rəy", dünya birliyinin (əslində Qərb dövlətlərinin) məsələyə münasibətidir. Bu aydın həqiqətləri saxtalaşdırdıqda hansı arqumentlər əsas götürülür?
Bəli, bu gün türkə öz tarixi keçmişinə görə, öz dövlətçilik ənənələrinə görə, böyük imperiyalar yaratmaq salnaməsinə görə, daha qədim və Qərbdəkindən fərqli olan bir sivilizasiyanı davam etdirmək əzminə görə qısqanclıqla yanaşılır. Tarixi saxtalaşdırmaq, türkün böyük keçmişinə qara yaxmaq, "erməni soyqırımı" kimi uydurma məsələləri vaxtaşırı gündəmə gətirmək və ona dəstək vermək – bütün bunlar göstərir ki, beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasətində ikili standartlar var və öz tarixi keçmişlərindəki uğursuzluqların bir növ qisasını almaq tendensiyası mövcuddur.
Bu gün böyük dövlətlərin silahı təkcə beynəlxalq normalarla manipulyasiya etməkdən ibarət deyil. Həm də iqtisadiyyatın gücündən istifadə olunur: dünya bazarına sahib olanlar iqtisadi təzyiq üsullarından da məharətlə istifadə edirlər.
Başqa ölkələrin böyük dövlətlər tərəfindən hərbi müdaxilə yolu ilə ələ keçirilməsi – militarizm dövrü artıq keçmişdə qalmışdır. İndi, sərhədlərin beynəlxalq iqtisadi əlaqələr üçün açıldığı bir zamanda, əraziləri zəbt etmək deyil, bazarları zəbt etmək vacibdir. Və bu sahədə balans Qərb dövlətlərinin xeyrinədir. Nə vaxtsa lıderliyi ələ keçirmiş olan inkişaf etmiş kapitalist ölkələri hal-hazırda dünya bazarına nəzarət edir.
XX əsrdə bir sıra ölkələrdə milli azadlıq hərəkatının vüsət alması və onların müstəmləkəçilikdən azad olması siyasi müstəqillıyə malik dövlətlərin sayını artırmışdır. Lakin inqilabçıların, millətçi təşkilatların fanatikcəsinə bayraq etdikləri “müstəqillik” anlayışı əslində nisbi xarakter daşıyır. Əvvəla, heç bir sahədə tam, mütləq müstəqillik yoxdur və ola da bilməz. Heydər Əliyevin dediyi kimi, “heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”.27 Mütləq müstəqillik iddiası əslində dünyaya meydan oxumaq deməkdir. Bütün sahələrdə – iqtisadi, siyasi, hüquqi, ideoloji, mədəni-mənəvi və s. aspektlərin hər birində onu əhatə edən kapitalist dünyasından izolyasiya olunmaq və yeni, özünəməxsus iqtisadi münasibətlər əsasında hər şeyi öz məxsusi ideologiyasına tabe etdirməklə tam müstəqil bir dövlət yaratmaq təşəbbüsü – tarixdə misli görünməmiş belə bir cəhd XX əsrin birinci yarısında keçmiş SSRİ dövləti tərəfindən göstərilmişdi. Lakin, hətta sözün hər mənasında nəhəng olan SSRİ dövləti də bu cəhdin nə qədər reallıqdan uzaq olduğunu dərk edərək özünə müttəfiqlər axtarmağa, müəyyən sahələrdə öz ideoloji düşmənləri ilə də əməkdaşlıq etməyə, yeri gələndə kompromisə getməyə məcbur oldu. Dünya sosializm sistemi yarandıqdan sonra da kapitalizm sistemi ilə qarşıdurma siyasəti özünü doğrultmadı və indi bu ölkələr kommunizm idealından əl çəkərək bazar iqtisadiyyatına üz tutur, dünya bazarına daha fəal surətdə daxil olmağa, neçə onilliklər ərzində qərarlaşmış fərqləri aradan götürməyə çalışırlar.
Bəli, XX əsrin sonu, XXI əsrin əvvəllərində hadisələrin inkışafı vahid iqtisadi münasibətlərin, vahid ümumdünya bazarının yaradılması istiqamətində gedir. Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə istinad edərək daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün açmır və bu da təbiidir. Nə qədər ümumbəşəri mənafedən, vahid sosial ideallardan söhbət getsə də, hələ milli mənafelər saxlanılır və yalnız eyni səviyyəli ölkələrin inteqrasiyasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üzün əvvəlcə həmin ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini keçmək, onların çıxdığı sınaqlardan çıxmaq lazımdır.
Vahid dünya bazarının olması, azıq iqtisadi siyasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün faydalı görünsə də, əslində inkişaf etmiş ölkələrin buna daha böyük ehtiyacı vardır. Daha doğrusu, ictimai, elmi-texniki inkişaf prosesinin özünün buna ehtiyacı vardır. Belə ki, külli miqdarda investisiya hesabına artıq kütləvi istehsalda qərarlaşmış texniki və texnoloji sistemlərin tez-tez dəyişdirilməsi baha başa gəldiyindən kapital dünyası intensiv elmi-texniki tərəqqinin, texnologiyaların tez-tez modernləşdirilməsi heç də ən optimal variant olmur. Nəticədə cari iqtisadi mənafe ilə perspektiv texniki tərəqqi arasında ziddiyyət yaranardı ki, bu da ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi.
Lakin geri qalmış ölkələrin iqtisadiyyatının texnoloji tətbiq üçün açıq olması qabaqcıl ölkələrə nisbətən köhnəlmiş texnikanı həmin bazarlara transformasiya edərək milli sənayedə ən müasir texnoloji sistemləri tətbiq etməyə imkan yaradır.
Buna görə də inkişaf etmiş ölkə heç vaxt bütün ölkələrin texniki inkişaf səviyyələrinin bərabərləşməsi tərəfdarı ola bilməz. Ən qabaqcıl ölkələrin özündən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı vardır.
Daha yüksək elm tutumu olan müasir texnika icad olunduqdan sonra istifadədən çıxarılan texnika “mənəvi cəhətdən köhnəlmiş” (yəni özü təzə olsa da əsasında dayanan ideya köhnəlibdir) texnika sayılır və onlar nisbətən aşağı səviyyəli ölkələrə ixrac olunur. Çox aşağı səviyyəli ölkə qabaqcıl ölkənin hətta artıq istifadədən çıxardığı texnika üçün də yetişməmiş olur.
Bu iyerarxiya, ölkələrin çoxpilləli düzülüşü hərbi texnika timsalında özünü daha qabarıq göstərir. Elmi-texniki potensial getdikcə məhz hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sahəsinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də bu iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin (məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texnikanın daim təkmilləşdirilməsini tələb etdiyindən “mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın satılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və münaqişə şəraitinin olmasını tələb edir.
Böyük dövlətlər siyasi arenada aşkar şəkildə sülhün qarantı kimi çıxış etsələr də həmin dövlətlərin maliyyə oliqarxiyası və hərbi sənaye sahibkarları bir qayda olaraq başqa istiqamətdə fəaliyyət göstərirlər. Qərb dünyasına yaxşı bəlli olan bu məntiq bizim tərəfimizdən bəzən çətin başa düşülür, çünki “sağlam fikrə” ziddir. Məsələn, Dağlıq Qarabağ konfliktinə münasibətdə ABŞ dövlətinin rəsmi mövqeyi ilə ABŞ Konqresinin müəyyən dairələrinin mövqeyinin köklü surətdə fərqlənməsi və birincinin ikinciyə güzəştə getməsi təəccüblü görünür. Halbuki ABŞ-ın özündə buna çox vaxt təbii hal kimi baxılır.
İnkişaf etmiş ölkələrin iqtisadi cəhətdən nisbətən geri qalan ölkələrə ixrac etdikləri məhsullar təkcə mənəvi cəhətdən köhnəlmiş texnologiya və hərbi texnikadan ibarət deyil. Həmin ölkələrin əhalisinin tələbatına cavab verməyən, yenə də “mənəvi cəhətdən köhnəlmiş” və ya hətta ekoloji standartlara uyğun gəlməyən istehlak şeylərinin – məişət texnikası və ərzaq məhsullarının da kütləvi ixracı ölkələrarası iqtisadi əlaqələrdə mühüm yer tutur.
Bütün bunlara, əlbəttə, düzmək olar və düzülməlidir. Çünki, Azərbaycandakı intellektual potensial onu ən qabaqcıl ölkələrlə müqayisə etməyə imkan versə də, hələ bu potensialın iqtisadiyyatda reallaşdırılması üçün xeyli vaxt lazımdır (bir şərtlə ki, xammal satıb istehlak şeylərinin hazır şəkildə alınması praktikası dayanaqlı vərdiş halına keçməyə, gələcəyə yönəlmiş quruculuq planlarını, elm tutumlu istehsalın təşkilini kənarlaşdırmaya).
Bəli, hazırkı məqamda Azərbaycanın sosial-iqtisadi durumu elədir ki, biz xarici ölkələrdən istehlak texnikası, ərzaq məhsulları da alırıq, hətta humanitar yardıma da ehtiyacımız vardır. Lakin daha perspektivli əməkdaşlıq istiqaməti elmi-texniki əməkdaşlıqdır, Azərbaycanın ən böyük sərvəti olan intellektual potensiala istinad edən əməkdaşlıqdır. Bəşəriyyətin keçdiyi tarixi yola nəzər salsaq görərik ki, bütün tarix boyu Şərq və Qərb sivilizasiyaları bir-birini müntəzəm surətdə əvəz etmişdir.
Bilimin, mədəniyyətin, ilk insani dəyərlərin beşiyi olmuş Qoca Şərq b.e.ə. I minilliyin birinci yarısında öz əvvəlki inkişaf tempini və öncül mövqeyini tədricən itirmiş, Qədim Yunanıstan elm və mədəniyyətin inkişafı sahəsində irəli çıxmışdır. Lakin antik sivilizasiya boş yerdə yaranmamış, Qədim Şərq sivilizasiyasından bəhrələnmişdir. Roma imperiyasının süqutu ilə bəşər tarixində misilsiz rol oynamış antik elm və mədəniyyət də süquta uğramışdır. Lakin imperiyalar dağılsa da, onlardan miras qalmış elm və mədəniyyət tamamilə silinməmiş və tarixin yaddaşına köçərək yenidən dirçəlmək üçün əlverişli məqam gözləmişdi.
Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr, yeni elmi-mədəni yüksəliş erası VII əsrdən sonra İslamın yaranması ilə başlanmışdır. Bilim və mədəniyyətin inkişaf mərkəzi yenidən Şərq dünyasına köçmüşdür. Bu dövrdə yaranan yeni islam sivilizasıyası özündən əvvəlki elmi nailiyyətlərin, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmiş, onların qoruyub saxlamış, inkişaf etdirmiş və Qərb dünyasının intibahı üçün şərait yaratmışdır.
XV-XVI əsrlərdə əvvəlcə Renessans və daha sonra yeni iqtisadi münasibətlərə – kapitalizm cəmiyyətinə keçidin əsasının qoyulması ilə yenidən dirçələn Qərb sivilizasiyası öncül mövqeyə keçmişdir.
Lakin yeni dövr sivilizasiyası (və onun davamı olan müasir Qərb sivilizasiyası) da boş yerdə yaranmamış, azıq şəkildə etiraf edilsə də, edilməsə də orta əsr Şərq mədəniyyətindən, İslam sivilizasiyasından çox şey götürmüşdür. Müasir Qərb sivilizasiyası əsasən elm və texnikanın tərəqqisinə istinad etmişdir. Lakin indi bir çox tədqiqatçılar artıq Qərb sivilizasiyasının da tənəzzülündən, süqutundan danışırlar.
Tarixin inkişaf məntiqindən çıxış edilərsə, indi növbə Şərqindir. Lakin Şərq sükan arxasına keçməyə tələsmir. Bir tərəfdən yeni dövr sivilizasiyası hələ davam edir və ona alternativin olması az qala ağlasığmazdır. Digər tərəfdən, ayrı-ayrı lokal alternativlər yaranır. Məsələn, kiçik bir Yaponiyanın müasir texnologiyanın inkişafı sahəsində Qərbə meydan oxuması bir daha sübut edir ki, Şərq dünyasının potensialı heç də tükənməmişdir və o öz sözünü hələ deyəcəkdir. Lakin sivilizasiyaların dəyişməsi, köhnənin estafeti yeniyə ötürməsi ilk baxışda göründüyü kimi sadə və asan olmayıb, çox mürəkkəb və ağrılı bir prosesdir. XX əsrin sonu, XXI əsrin əvvəllərində azıq-aşkar ortaya çıxan bu ağrılar yeni doğuşdan xəbər verir.
Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa ərazilərdə də tətbiq etmək üçün mütləq müharibə yolu ilə həmin əraziləri işğal etməli idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributlarından biri də suverenlik, sərhəd və ordu hesab olunur.
Müəyyən bir ərazidə müəyyən hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən normalarla tənzim etmək üçün ilk növədə sərhəd toxunulmazlığı tələb olunur. Lakin zaman keçdikcə sərhəd öz mənasını dəyişir.
Sərhəddin qorunması müasir anlamda heç də o demək deyildir ki, buradan bir quş da keçə bilməz. Əksinə, müasir dövrdə gediş-gəliş xeyli artmışdır. Böyük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox gözə dəyirlər. Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq normalarına əməl olunsun.
Əksinə, sərhəddindən quş da keçməyən ölkələr vardır ki, burada hər şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur.
Əslində dövlətin ərazi bütövlüyü və suverenliyi ilk növbədə həmin ərazidə milli maraqların qorunması ilə bağlıdır28. Lakin milli maraqlar anlayışı geniş mənada götürüldükdə, xarici dövlətlərin təcavüzü iqtisadi və mədəni müstəvilərdə, habelə informasiya fəzasına məqsədyönlü müdaxilə şəklində də ola bilər.
Elmi-texniki inkişaf səviyyəsinə görə və elm tutumlu sənayenin inkişafına görə irəlidə gedən dövlətlər gec-tez dünya iqtisadiyyatında aparıcı mövqe tutmaqla digər ölkələrdə iqtisadi inkişafa təsir etmək imkanına malik olurlar.
Müasir iqtisadi proseslər siyasi sərhədləri asanlıqla keçə bilir. İqtisadiyyatı güclü olan ölkə başqa ölkələrin təkcə iqtisadiyyatına deyil, həm də mədəniyyətinə və mənəviyyatına təsir etmək imkanı qazanır.
Texniki cəhətdən daha yüksək keyfiyyətlə çəkilmiş rəngli bədii film geri qalmış texnologiya əsasında çəkilmiş ağ-qara filmə nisbətən daha çox tamaşaçı cəlb edə bilir. İnsanların estetik zövqünü oxşamaqla bu gözəlliyin arxasında gizlənmiş ideoloji və mənəvi motivlər də tamaşaçıya mənimsədilmiş olur.
Elmi və texniki nailiyyətlər, onların istehsalata tətbiqi cəmiyyətdə iqtisadi tərəqqinin başlıca amilləri sırasına dixildir. Əslində kapitalizm cəmiyyəti özü texniki tərəqqi sayəsində, istehsal vasitələrinin işçi qüvvəsinə nisbətən daha həlledici rol oynaması sayəsində meydana gəlmişdir. Bütün sonrakı dövrdə də sahibkarların gəlirinin artmasının mühüm vasitələrindən biri məhz texniki rekonstruksiya, yeni, daha səmərəli texniki vasitələrdən istifadə edilməsi olmuşdur. Nə qədər ki, yeni texnikanın quraşdırılması əsasən praktik biliklər hesabına həyata keçirilirdi və böyük miqyaslı fəaliyyət tələb etmirdi, ölkə miqyasında vahid texniki siyasətə də ehtiyac yox idi. Ona görə də texniki tərəqqi ayrı-ayrı sahibkarların imkan və səylərinə müvafiq olaraq, pərakəndə surətdə həyata keçirilirdi. Belə şəraitdə texniki yenidənqurmanın sosial nəticələri də tənzim olunmur və kortəbii xarakter daşıyırdı. Texniki tərəqqi sahəsində vahid dövlət siyasətinin olmaması, sahibkarların istənilən texniki yeniliyi tətbiq etməkdə azad olması, bir tərəfdən texniki yaradıcılığın inkişafına meydan açırdısa, digər tərəfdən, onun doğurduğu kütləvi işsizliyin, ekoloji problemlərin və s. qarşısını almaq məqsədi ilə hər bir sistemli tədbir görülməsini istisna edirdi.
Özlüyündə müsbət hadisə olan texniki tərəqqinin sosial tənəzzülə, kütlələrin daha çox təbəqələşməsinə, işsizliyə və mənəvi deqradasiyaya səbəb olması kapitalizm cəmiyyətinin başlıca ziddiyyətlərindən biri idi. Məntiqi olaraq belə çıxır ki, cəmiyyət inkişaf etdikcə bu ziddiyyət də kəskinləşməli idi.
Texniki tərəqqinin böyük vüsət aldığı və klassik kapitalizm cəmiyyətinin daxili ziddiyyətlərinin üzə çıxdığı bir dövrdə texniki nailiyyətlərin sənayeyə və ümumiyyətlə ictimai-iqtisadi həyata təsiri zəhmətkeşlərin həyat şəraitini daha da pisləşdirir, mənəvi tənəzzül doğururdu. Texniki tərəqqinin insanın maddi və mənəvi həyatına bu cür mənfi təsir imkanları çox vaxt texnikanın öz təbiətindən irəli gələn zəruri nəticələr kimi qələmə verilir. Texniki tərəqqiyə belə bədbin münasibət elm və texnikanı xoşbəxt gələcəyin açarı kimi qiymətləndirən sayentist və texnisist baxışların əksinə çıxır. Halbuki istər texnoloji determinizm, itərsə də texnoloji pessimizm texniki tərəqqinin doğurduğu nəticələrin əslində onun hansı ictimai-iqtisadi şəraitdə həyata keçməsindən asılı olduğunu nəzərə almır. Texniki tərəqqinin insana mənfi təsir imkanlarını aradan qaldırmaq üçün özlüyündə mütərəqqi olan bu hadisənin qarşısını almaq, məhdudlaşdırmaq deyil, onu elə istiqamətləndirmək, elə tətbiq etmək lazımdır ki, bütün mənfi təsir imkanları minimuna endirilsin. Bunun üçün isə elmin, texnikanın inkişafı yalnız iqtisadi səmərəyə deyil, həm də sosial-mənəvi mənafeyə uyğunlaşdırılmalı, mümkün ola biləcək demoqrafik, ekoloji, sosial və mənəvi nəticələr nəzərə alınmalıdır. Lakin texniki tərəqqinin sosial nəticələrinin bu və ya digər istiqamətə yönəldə bilmək üçün əvvəlcə bu tərəqqiyə nail olmaq lazımdır. Hansı ictimai-iqtisadi quruluşda texniki tərəqqinin nə kimi nəticələr doğurması probleminə toxunmazdan əvvəl hansı quruluşun texniki tərəqqi üçün daha yaxşı imkan açmasına diqqət yetirilməlidir.
İdeoloji konfrantasiya şəraitində sovet tədqiqatçıları kapitalist dünyasında elmi-texniki tərəqqinin ancaq sosial, mənəvi və ekoloji nəticələrindən bəhs etmiş, mövcud siyasi, ictimai-iqtisadi sistemin, dövlət proqramlarının elmi-texniki tərəqqinin özü üçün, onun intensivliyinin yüksəldilməsi və səmərəli təşkili üçün nə dərəcədə əlverişli olması məsələsi isə kölgədə qalmışdır.
Məsələ burasındadır ki, kapitalizm dünyasında məhz xüsusi müəssisələr arasındakı rəqabət texniki tərəqqinin başlıca hərəkətverici qüvvələrindən biri olmuşdur. Deməli, yeni bir amil neqativ sosial nəticələri şərtləndirməklə yanaşı texniki tərəqqinin intensivliyini də şərtləndirir. Burada həm vahid mərkəzdən planlaşdırılan, həm də daxili rəqabətə və müəssisələrin nisbi müstəqilliyinə əsaslanan təsərrüfat sistemlərinin üstün və zəif cəhətləri ortaya çıxır. Belə güman etmək olardı ki, planlı iqtisadiyyat eyni zamanda texniki tərəqqinin də planlaşdırılmasına imkan açdığından onun sosial nəticələrini də qabaqcadan nəzərə almaq mümkündür. Lakin texniki tərəqqinin həmin dövrdə proqnozlaşdırıla bilməyən və yalnız tətbiq olunduqdan xeyli sonra özünü büruzə verən neqativ nəticələri də vardır ki, bunlardan yaxa qurtarmaq planlı təsərrüfat sistemi şəraitində də mümkün deyil. Belə neqativ halların qarşısının alınması ancaq elmi və texniki biliklərin daha yüksək inkişaf səviyyəsində həyata keçirilə bilər. Çünki texniki tərəqqinin sosial, demoqrafik, ekoloji və mənəvi nəticələrinin proqnozlaşdırılması işi yüksək elmi əsaslar üzərində qurulmasa və ən mükəmməl texnologiyaya istinad edilməsə, problem ictimai-iqtisadi sistemin xarakterindən asılı olaraq öz-özünə həll edilə bilməz.
Klassik kapitalizm cəmiyyəti şəraitində texniki tərəqqi ilə onun müxtəlif ictimai həyat sahələrindəki nəticələri arasındakı qarşılıqlı əlaqə hələ nəzərə alına bilmirdi. Sonrakı mərhələdə istehsalın təmərküzləşməsi, iri inhisarların əmələ gəlməsi bir tərəfdən kapitalizm cəmiyyətinin ziddiyyətələrini daha da kəskinləşdirsə də, digər tərəfdən daha böyük texniki yenidÿnqurma planlarının həyata keçirilməsinə imkan açdı. İri burjuaziyanın təzyiqi ilə xırda istehsal müəssisələrinin inteqrasiyası texniki tərəqqinin naliyyətlərindən daha məqsədyönlü şəkildə istifadə etməyə imkan verirdi. Lakin ilk vaxtlarda iri burjuaziya bu imkanlardan yalnız öz mənafeyi naminə istifadə etməyə çalışırdı. Bu isə zəhmətkeş kütlələrin texniki tərəqqini öz mənafelərinə zidd bir hadisə kimi mənimsənilməsinə səbəb olurdu. Nəticədə texnikadan bilavasitə istifadə edən və onun əyərəksiyini yaxşı bilən ustalar, fəhlələr nəinki texniki tərəqqinin iştirakçısı olmadılar, əksinə, yeni texnikaya, maşınlara düşmən kəsildilər. İmperializm mərhələsində kapitalizm cəmiyyəti “olum ya ölüm” dilemması ilə üzləşir. Bir tərəfdən texniki tərəqqini məhdudlaşdırmaq olmazdı, çünki bu, bütövlükdə məhsuldar qüvvələrin inkişafının qarşısını kəsmək olardı. Digər tərəfdən də texnikanın sürətli inkişafı idarə oluna bilinməyən, hər cür qarşısı alınmayan neqativ nəticələr törədərdi. İmperializm mərhələsində kapitalizm cəmiyyətinin böhranı, çürüməsi, süqutu haqqında mülahizələri şərtləndirən ən ciddi ziddiyyətlərdən biri məhz bundan ibarət idi.
Lakin bundan sonra baş verən hadisələr yaranmış vəziyyətin xeyli dəyişməsinə səbəb oldu. Bu hadisələrdən biri sosialist təliminin və sosialist sisteminin yaranması idi. Sosialist ölkələrinin təcrübəsindən istifadə olunması və daha çox dərəcədə onunla rəqabət zərurəti kapitalist ölkələrində daxili rəqabətin arxa plana keçməsinə, bütün ölkənin mənafeyini nəzərə alan proqramların həyata keçirilməsinə səbəb oldu.
Digər hadisə texniki tərəqqidən elmi-texniki tərəqqiyə keçid idi. Əgər texniki tərəqqi texnikanın yalnız əməli biliklər hesabına nisbi müstəqil inkişafı ilə məhdudlaşırsa, elmi-texniki tərəqqi həm də elmi biliklərin texnikanın yenidən qurulması işinə tətbiqini nəzərdə tutur. Yeni elmi biliklərin əldə edilməsi və tətbiqi isə bir sıra spesifik cəhətlərə malikdir və elmin iqtisadi həyatda rolu artdıqca bu cəhətlər özünü daha çox biruzə verməyə başlayır. XX əsrdə nəinki təkcə məhsuldar qüvvələr, həm də istehsal münasibətləri, cəmiyyətin sosial strukturu və s. elmin getdikcə artan təsirinə məruz qalır.
Elmin spesifik cəhətlərindən biri də budur ki, ayrıca bir müəssisə, şirkət, firma miqyasında onun inkişafını təmin etmək mümkün deyil. Əgər müəssisələrin rəqabəti xırda texniki yeniliklərin həyata keçirilməsinə imkan verirdisə, elmin inkişafı üçün, əksinə, buxova çevrilirdi. Texnikanı yeni keyfiyyət mərhələsinə qaldırmağın yeganə çarəsini yeni biliklərin tətbiqində görən işgüzar dairələr istər-istəməz elmin inkişafına şərait yaratmağa çalışırdılar. Onlar elmin mənafeyi naminə, bütövlükdə ölkənin elmi-texniki potensialını inkişaf etdirmək naminə bəzən öz aralarındakı rəqabətdən geri çəkilərək birgə tədbirlərdə iştirak etməli olurdular.
Vahid, bütöv elm sisteminin iqtisadiyyat, təsərrüfat meydanına daxil olması vahid iqtisadi siyasət üçün də meydan açdı. Beləliklə, bir tərəfdən sosialist dünyası ilə rəqabət digər tərəfdən də elmin sürətli inkişafı və sosial-iqtisadi siyasətə təsiri kapitalizm cəmiyyətinin imperializm mərhələsi kimi qiymətləndirilən yeni keyfiyyət halını tədricən dəyişdirdi. XIX əsrin axırları və XX əsrin əvvəllərində getdikcə şiddətlənən və labüd olaraq süquta aparmalı olan ziddiyyətlər iki sistemin qarşıdurması və elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi şəraitində tədricən öz xarakterini dəyişməyə başladı. Elmin məhsuldar qüvvələrin inkişafına təsiri XIX əsrdə nəzərə çarpacaq bir hadisə idi. XX əsrdə bu prosesin sürətlənməsi nəinki elm ilə istehsalat arasındakı əlaqənin xarakterində və ya məhsuldar qüvvələrin inkişafında, həm də bütövlükdə elmi-texniki və sosial-iqtisadi siyasətin xarakterində ciddi keyfiyyət dəyişikliklərinə səbəb oldu. Məhz bu dəyişikliklərin nəticəsidir ki, XIX əsrin axırlarında və XX əsrin əvvəllərində dünya imperializmini təmsil edən ölkələr indi inkişaf etmiş kapitalist ölkələri adlandırılırlar.
XX əsrin ortalarında daha yalnız təbiətşünaslıq deyil, həm də bir sıra ictimai elmlər tətbiqi funksiya kəsb etməklə inkişaf etmiş kapitalist ölkələrinin sosial-iqtisadi həyatında mühüm rol oynamağa başladılar. İstehsal texnikasının təkminləşdirilməsi və elmi tutumu böyük olan yeni texnika növlərinin yaradılması ilə yanaşı bütövlükdə təsərrüfatın elmi əsaslarla idarə olunması üçün şərait yarandı. Dövlətin yeritdiyi iqtisadi, sosial və elmi-texniki siyasətdə elmi idarəetmə prinsipləri getdikcə daha çox nəzərə alınmağa başlandı. Sahibkarların sinfi mənafeyi ilə ziddiyyət yaranmadıqda işin elmi təşkili rəhbər tutuldu. İstər təsərrüfatın, istərsə də xidmət sahələrinin elmi təşkili cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları ilə daha çox səsləşdiyindən heç də yalnız burjuaziyanın deyil, bütövlükdə əhalinin mənafeyinə uyğun gəlirdi. Əməyin elmi təşkili sahəsindəki tədqiqatlar və sosial-iqtisadi həyatın elmi təhlili göstərdi ki, izafi qazancın artırılması üçün işçi qüvvəsinin özünə başlıca sərvət kimi baxmaq və onu inkişaf etdirmək lazımdır. Çünki zəhmətkeşlərin həyat tərzi yaxşılaşdıqca, ümumi mədəni səviyyəsi yüksəldikcə, onların peşəkar işçi kimi formalaşması asanlaşır. Təsərrüfatın və əməyin elmi zəmində, kompleks proqramlar əsasında təşkil olunması, yüksək texnoloji və iqtisadi təfəkkür mədəniyyətinin təmin edilməsi əmək məhsuldarlığının və nəticə etibarilə sahibkarın qazancının da àrtmasına səbəb olur.
Nə qədər ki, istehsalın texniki təchizat səviyyəsi aşağı idi və məhsuldarlığın artırılması əsasən fəhlənin ağır fiziki əməyi hesabına başa gəlirdi, onda bir fəhlənin başqasından heç bir xüsusi fərqi yox idi və lazım gəldikdə onu başqaları ilə əvəz etmək çətinlik törətmirdi. Onda sahibkarın öz fəhlələrinin sağlamlığı, həyat şəraiti, təhsil və mədəni səviyyəsi ilə maraqlanmasına da xüsusi ehtiyac yox idi. Lakin elə ki, sahibkar fəhlənin mütəxəssis kimi, texniki avadanlığın xüsusiyyətlərini bilən və peşəkar əməli vərdişlərə malik olan usta kimi yetişməsi üçün xərc çəkir, onda ən qiymətli sərvət texnika yox, mütəxəssis-fəhlə olur. Beləliklə elmi-texniki tərəqqinin təsiri ilə müasir kapitalizm cəmiyyətində dəyərlər dəyişir. Sinfi mənafelər arasında ziddiyyət saxlansa da, elmi-texniki tərəqqi bu ziddiyyətin kəskinləşməsini zəiflədir.
Beləliklə, inkişaf etmiş kapitalizm mərhələsi bir sıra özünəməxsus cəhətlər kəsb edir. Bu yeni mərhələ-nin klassik kapitalizm və imperializm mərhələlərindən keyfiyyətcə fərqləndiyini nəzərə çarpdırmaq üçün D.Bell onu “sənayedən sonrakı cəmiyyət” (“postindustrial cəmiyyət”), C.Qelbreyt isə “yeni sənaye cəmiyyəti” adlandırır.
D.Bell hesab edir ki, cəmiyyətin marksist sxem əsasında ictimai-iqtisadi formasiyalara bölünməsi mülkiyyət münasibətlərinin yeganə meyar kimi götürülməsinə əsaslanır. Lakin daha bir meyar da var ki, bu da istifadə olunan bilik növlərinin dəyişməsi, istehsalın bir texniki səviyyədən yeni texniki səviyyəyə keçməsidir. Bu baxımdan D.Bell cəmiyyətin inkişafını üç mərhələyə ayırır: “sənayedən əvvəlki cəmiyyət”, “sənaye cəmiyyəti”, “sənayedən sonrakı cəmiyyət”. O, “sənayedən sonrakı cəmiyyətin” 5 əlamətini qeyd edir: 1) xidmət iqtisadiyyatının üstünlük təşkil etməsi; 2) “mütəxəssislər və texniklər sinfinin” roulunun getdikcə artması; 3) texnikanın yenidən qurulması və siyasətin formalaşmasında nəzəri biliyin həlledici rolu; 4) texnologiyaya nəzarət edilməsi; 5) qərarların yeni “intellektual texnologiya” bazasında qəbul edilməsi.
Göründüyü kimi, bu əlamətlərin əksəriyyəti məhz elmi biliklərin yeni texnika və texnologiya vasitəsilə istehsal və xidmət sahələrinə sirayət etməsi ilə bağlıdır. Təsadüfi deyil ki, C.Furastye kapitalizmin bu yeni inkişaf mərhələsini “bilik sivilizasiyası” adlandırır.
Fransız iqtisadçısı C.Elqozi istehsalın avtomatlaşdırılmasının və ümumiyyətlə elmi-texniki tərəqqinin doğurduğu nəticələri təhlil edərək ”inqilabçılarsız inqilab”ın mümkünlüyü qənaətinə gəlir.
Lakin elmi-texniki inqilabın guya sosial inqilabı əvəz etməsi haqqında fikirlər müəyyən faktiki əsasa malik olsa da, real vəziyyəti heç də tam düzgün əks etdirmir. Məsələ burasındadır ki, sinfi ziddiyyətin aradan qalxması və həyat səviyyəsinií yüksəlməsi əsasən mühəndis – texniki işçilərə aiddir. Kvalifikasiya dərəcəsi aşağı olan və yalnız əl əməyinə arxalanan fəhlə kütləsi yenə də hər cür qayğı və təminatdan məhrum olaraq qalır. Bu, xüsusən üçüncü dünya ölkələrindən iş axtarmaq üçün gələn “ucuz işçi qüvvəsinə” aiddir.
Digər tərəfdən də inkişaf etmiş kapitalist ölkələri imperializm mərhələsi üçün səciyyəvi olan bir sıra köklü ziddiyyətlərdən hələ də azad ola bilməmişdir. Obyektiv təhlil göstərir ki, müasir dövrdə kapitalist ölkələrinin elmi-texniiki tərəqqi sahəsində yeritdiyi siyasət heç də yalnız daxili problemlərin həll olunmasına yönəldilməmişdir. Müharibədən sonrakı dövrdə imperializm mərhələsinə xas olan militarizm əhval-ruhiyyəsi yenidən üstünlük təşkil etmişdir və bu, daha çox dərəcədə kütləvi qırğın silahlarının kəşfi ilə əlaqədardır. İnkişaf etmiş böyük ölkələr, ilk növbədə ABŞ və SSRİ, öz texnoloji nailiyyətlərindən hərbi texnikanın modernləşdirilməsi, ən yeni elmi-texniki kəşflərin məhz hərbi sahəyə tətbiq olunması üçün istifadə etmişlər. ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atması ilə başlanan iki dünya sistemi arasındakı soyuq müharibə əslində elmi-texniki rəqabətin ağırlıq mərkəzinin hərbi sənayeyə keçməsi ilə nəticələndi.
Son illərin təcrübəsi sübut edir ki, hazırlanmış silah istifadəsiz qalmır. İnkişaf etmiş ölkələr məhz hərbi texnika üstünlüyünə arxalanaraq öz siyasi mövqelərini başqa ölkələrə də qəbul etdirməyə çalışırlar. Ən səciyyəvi olan isə budur ki, inkişaf etmiş ölkələr hərbi texnikanı təkmilləşdirdikcə “köhnəlmiş texnikanı” üçüncü dünya ölkələrinə ixrac edir və bununla əslində onları müharibəyə təhrik edirlər. İmperialist ölkələrin “sülhsevər siyasətini” nümayiş etdirən müxtəlif beynəlxalq forumların qərarları onların hərbi texnika sahəsində yeritdikləri silahlanma siyasəti ilə üzləşir və yeni dövrün daha bir ziddiyyəti ortaya çıxır. Hərbi texnikanın səviyyəsi xarici siyasətə təsir edir və texnokratiya ideyası yaranır. Bəzi ideoloqların müasir kapitalizm cəmiyyətini texnokratik cəmiyyət kimi səciyyələndirmək cəhdləri, əlbəttə, əsassız deyil. Onlar yüksək texniki inkişaf səviyyəsinin təkcə iqtisadi amil kimi deyil, həm də siyasi amil kimi çıxış etməsinə istinad edirlər. Doğrudan da, texniki səviyyə dövlətin sosial-iqtisadi siyasətinin müəyyənləşməsinə xeyli təsir göstərir. Xüsusən xarici siyasət hərbi texnikanın inkişafından çox asılıdır. Lakin bununla belə, texnikanın siyasəti müəyyən etməsi fikri ilə razılaşmaq olmaz. Texnika siyasətin həyata keçirilməsində yalnız vasitədir.
Bəs texnokratik təlimlərin meydana gəlməsinə səbəb nədir? Bunu yalnız ideoloji baxımdan, keçmiş sovet tədqiqatlarında qəbul edildiyi kimi sinfi ziddiyyətlərini ört-bastır etmək cəhdi olaraq izah etmək düzgün olmazdı. Texnokratik təlimlərin ideoloji kökləri ilə yanaşı müəyyən qnoseoloji kökləri də vardır. Elm və texnikanın yüksək inkişaf səviyyəsi son onilliklərdə kapitalist ölkələrində yeridilən sosial siyasətə getdikcə daha çox təsir göstərir.
İqtisadi və elmi-texniki siyasətdə elmi prinsipləri daha çox nəzərə alan bir sıra kapitalist ölkələrində sosial təminat və mədəni səviyyənin artması imkanı getdikcə daha geniş fəhlə kütlələrini əhatə edir. Belə ki, istehsalın genişləndirilməsi, yeni sənaye müəssisələrinin açılması mühəndis-texniki kadrların və mütəxəssis fəhlələrin lazım gəldikcə asanlıqla əvəz oluna bilməsi üçün ehtiyat qüvvələrin, işsizlər ordusunun da müəyyən ilkin hazırlıq səviyyəsinə malik olması lazımdır. Tədqiqat göstərir ki, istehsalata cəlb olunan fəhlələrin heç olmasa təhsili varsa, onların müasir texnikanı idarə etməsi, müasir ixtisaslara yiyələnməsi daha tez və asan başa gəlir, işin keyfiyyəti yüksəlir və əmək məhsuldarlığı artıq olur.
70-80-ci illərdə istehsalın avtomatlaşdırılması şəraitində mikroelektronika, hesablama texnikası, robototexnika, biotexnologiya kimi müasir sənaye sahələrinin yaranması, xüsusən hərbi sənayenin sürətli inkişafı ilə əlaqədar olaraq elmin ən yeni nailiyyətlərinə əsaslanan mürəkkəb texniki qurğuların, raket texnikasının, nüvə reaktorlarının və s. geniş təşəkkül tapması yüksək kvalifikasiyalı elmi-texniki kadrlara olan ehtiyacı daha da artırdı.
Böyük mütəxəssislər ordusunun hazırlanması işi yalnız ümumən elm və maarifin inkişafı şəraitində, istedadlı adamların üzə çıxarılması və onların intellektual potensialından maksimum səmərəli istifadə edilməsi sayəsində mümkün ola bilərdi. Yalnız varlıların, sahibkar uşaqlarının təhsil alması mütəxəssis kadrlara olan böyük ehtiyacı ödəmək üçün kifayət deyildi. Yüksək intellektual potensialı olan adamların üzə çıxarılması üçün daha geniş kütlələrin təhsil almasına şərait yaradılmalı idi. XX əsrin ikinci yarısında ilk növbədə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində bu tələbin ödənilməsi dövlət siyasəti səviyyəsində həll olundu. Bütün ölkə vətəndaşlarının intellektual potensialının səfərbər olunması ilə yanaşı, imkan daxilində xarici ölkələrin (ilk növbədə üçüncü dünya ölkələrinin) elm adamlarını və yüksək kvalifikasiyalı mütəxəssislərini işə cəlb etməyin müxtəlif üsullarından istifadə edilməsinə başlandı.
İstehsal sahəsində əl əməyinin texnika ilə sıxış-dırılması və bura daha çox mühəndis və texniki işçilərin cəlb olunması, təsərrüfatın elmi yolla idarə edilməsi, əməyin elmi təşkili sahəsində mütəxəssislərin – menecerlərin rolunun artması əhalinin sosial tərkibinin də tədricən dəyişilməsinə, öz yaşayış səviyyəsinə görə iri sahibkarlarla ixtisassız fəhlələr arasında orta mövqe tutan xüsusi təbəqənin formalaşmasına gətirib çıxarır. Burjua ideoloqlarının fikrincə bu yeni təbəqə dövlət siyasətinin formalaşmasında aparıcı rol oynamağa başlayır. Bu, texnokratiya mərhələsinə keçidin əsas arqumentlərindən biri kimi qiymətləndirilir.
Geniş kütlələrin savadlanması xüsusi ixtisaslaşma tələb etməyən fiziki əməyin icrası üçün ucuz işçi qüvvəsinə ehtiyacı artırır. “Üçüncü dünya” ölkələri ucuz xammalla yanaşı ucuz işçi qüvvəsinin də məskəninə çevrilir.
İndustrial cəmiyyətdə mühəndis-texniki işçilərin bir qismi, kadr çatışmayan yeni sahələrdə yaxşı mütəxəssis olan adamlar onlarla müqayisədə daha ağır işdə çalışan adamlara nisbətən qat-qat artıq maaş alırlar ki, bu da fəhlə sinfinin daxilində texniki təbəqələşmə ilə paralel surətdə sosial-iqtisadi təbəqələşmənin yaranmasına səbəb olur. “Hər şey insan naminə” prinsipi əsas tutulmadıqda aşağıdakı mülahizələr hakim kəsilir: xüsusi ixtisaslaşma tələb etməyən ağır işi görməyə adam çoxdur, yeni texnikanı işə salan, onun fəaliyyətinə nəzarət edən adamlara isə ehtiyac vardır. Deməli, ikincilərə müvəqqəti də olsa, yaxşı şərait yaratmaq, birinciləri isə bacardıqca daha çox və daha ağır vəziyyətdə işlətmək və onlar gücdən düşdükdə yeniləri ilə əvəz etmək lazımdır. Bu mülahizə xüsusi ixtisaslaşma kursu keçməyən, yalnız “qara əməklə” məşğul olan fəhlələrin maddi şəraitini daha da pisləşdirir, onların bir insan kimi inkişafını hər cür məhdudlaşdırmış olur.
XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiyyatın və ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamış olur. Bu sahədə yüksək texniki inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativ və effektli təsir etmək imkanı qazandılar.
İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərəli və sürətli vasitələrinə çevrilmişdir. Nəinki beynəlxalq iqtisadi əlaqələrin gediş-gəlişsiz qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanına malikdir. Bu sonuncu amil, yəni internetin maarifləndirmək funksiyası ilə yanaşı, ideoloji, mədəni-mənəvi təsir (habelə diversiya) funksiyası qloballaşma prosesində çox önəmli yer tutur.
Azərbaycan da elə müstəqilliyinin ilk illərindən bu problemlərlə rastlaşmış, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qloballaşmanın iqtisadi inteqrasiya istiqamətində açdığı imkanlardan uğurla istifadə etməyə çalışmış, “Əsrin kontraktı”, “Böyük İpək yolunun bərpası” kimi planetar miqyaslı iqtisadi hadisələrin mərkəzində dayanmağa nail olmuşdur. Bununla belə, iqtisadi inteqrasiya proseslərində bundan sonra da yaxşı ölçülüb-biçilmiş, incə siyasət aparılmasına böyük ehtiyac vardır. Bundan əlavə, qloballaşmanın ideoloji və mədəni-mənəvi təxribat aspektləri neytral-laşdırılmalı, əksinə, möhtərəm Heydər Əliyevin dediyi kimi, qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət mədəni amillər əxz olunmalı, Şərq və Qərb dəyərləri arasında optimal nisbət gözlənilməli, pozitiv balans yaradılmalıdır.
Dostları ilə paylaş: |