İkincisi, insanların bioloji adaptasiyasıdır, yəni onların tədricən elmi-texniki tərəqqinin təsirilə yaradılmış ikinci təbiətə uyğunlaşması prosesidir ki, bu da elm və texnikanın müasir inkişaf tempi şəraitində qeyri-mümkündür. Yəni, insan orqanizmi elə mütəhərrik deyil ki, onun milyon illər ərzində formalaşmış təbii ehtiyacları və onların ödənilməsi üsulları qısa bir müddət ərzində öz xarakterini dəyişə bilsin.
Və nəhayət, üçuncüsü, elmi-texniki tərəqqinin təbiətə təsirini elə istiqamətləndirmək ki, bu zaman, bir tərəfdən, İnsan-Təbiət qarşılıqlı münasibətinin harmoniyası pozulmasın (və ya pozulma imkan daxilində minimuma çatdırılsın), digər tərəfdən də, bir təsir başqa bir təsiri kompensasiya etsin və ya məhz mənfi təsirlərin kompensasiyasına xidmət edən xüsusi proqramlar işlənib hazırlansın. Başqa sözlə, elmi-texniki tərəqqinin doğurduğu mənfi nəticələr onun öz imkanları hesabına neytrallaşdırılmış olsun.
İnsan təbiətin bir hissəsi kimi, bioloji varlıq kimi deyil, təbiətlə əkslik təşkil edən nisbi müstəqil tərəf kimi - mənəvi varlıq kimi götürüldükdə də texnogen amillərin ona təsiri analoji yolla təhlil edilə bilər. Belə ki, industriallaşmanın insan mənəviyyatına, əxlaqa mənfi təsir imkanlarını aradan qaldırmaq üçün də onun qarşısını almaq deyil, elə istiqamətləndirmək, elə tətbiq etmək lazımdır ki, belə mənfi təsirlər minimuma endirilsin və ya hər halda zəruri olan mənfi nəticələr elmi-texniki inqilabın özünün açdığı digər imkanlar sayəsində kompensasiya edilsin.
Lakin belə analogiya hər üç yolu əhatə etmir. İkinci yol – bioloji adaptasiya mümkün olmadığı halda, mənəvi adaptasiya tamamilə mümkündür. Bunun üçün insan mənəviyyatına intensiv təsir üsullarından, xüsusi oriyentasiyalı tərbiyə vasitələrindən istifadə edilməli, ayrı-ayrı konkret situasiyaların spesifikasını nəzərə alan təbliğat metodları hazırlanmalıdır.
Mənəvi adaptasiya – insan mənəviyyatının yeni şəraitə, elmi-texniki inkişafın qarşıya qoyduğu tələblərə uyğun olaraq dəyişilməsi, yenidən formalaşmasıdır. Bəs bu yeni tələblər nədən ibarətdir?
Əgər əvvəllər istensal prosesində texniki tərbiyə, müəyyən əmək vərdişlərinə mükəmməl şəkildə yiyələnmək əsas rol oynayırdısa, indi - elmi-texniki inqilab şəraitində - işçinin mənəvi keyfiyyəti: məsuliyyət hissi, diqqət, intizam və s. ön plana keçir. Hər bir işçi əvvəl yalnız bir dəzgaha nəzarət edirdisə, indi bütöv avtomat sistemin işi, bir yox, minlərlə qiymətli məhsulun taleyi bir adamın fəaliyyətindən asılı olur. İnsana nə qədər böyük sərvət etibar olunursa, onun işə vicdanlı münasibəti, mənəvi keyfiyyətləri də istehsalın səmərəliliyində bir o qədər çox əks olunur. Avtomatın işi dəqiq vaxt bölgüsünə əsaslandığından onu idarə edən insandan da böyük dəqiqlik, daimi diqqət tələb olunur.
Mənəvi tərbiyə işi müasir tələblər səviyyəsində qurularsa, texnoloji yeniliklər və onlara uyğunlaşmaq tələbi ağır bir yük kimi fəhlənin çiynindən asılmaz, əksinə, daxili mənəvi tələbat kimi mənimsənilər. Bu zaman texniki tərəqqiyə olan ehtiyacla fəhlələrin fərdi mənəvi ehtiyacı arasındakı ziddiyyət də müvəffəqiyyətlə aradan qaldırılmış olar.
Texniki tərəqqi sayəsində istehsalatda insanların yaradıcılıq potensialının reallaşdırılması üçün geniş imkanlar açılır. Məhz texniki amillər gənclərdə istehsalata, yaradıcı əməyə həvəs yaradır və bununla yanaşı, onlarda məsuliyyət hissini artırır, əməyə vicdanlı və intizamlı münasibət formalaşdırır. Texniki maraq, sosial maraq və fərdi mənəvi marağın üst-üstə düşməsi, bir-birini tamamlaması müasir mərhələdə ən ciddi vəzifələrdən biri kimi ortaya çıxır.
Bu məsələlərin həllinin prinsipcə mümkün olması heç də o demək deyil ki, onlar öz-özünə də həll oluna bilər. Əgər xüsusi tədbirlər görülməzsə, istənilən şəraitdə texnogen amillər əxlaqa, mənəvi tərbiyəyə müsbət təsir göstərdiyi dərəcədə də, mənfi təsir göstərmək imkanına malikdir. Keçid dövrdə bu imkan özünü çox aydın büruzə verir. Texniki tərəqqi ilə gələn ziddiyyəti K.Marks çox gözəl şərh edir: "Bizim vaxtımızda hər şey elə bil ki, öz əksliyi ilə əvəzlənir. Texnikanın qələbələri elə bil ki, əxlaqi deqradasiya bahasına başa gəlir".52
Yeni dövrdə mənəviyyatla bağlı problemlərin ortaya çıxması səbəbləri kapitalizm cəmiyyətininmi, yoxsa bütövlükdə Qərb dünyasınınmı xarakteri ilə bağlıdır? Bu suala müxtəlif dövrlərdə müxtəlif cür cavablar verilmişdir. XIX-XX əsrdə, industrial cəmiyyət dövründə yaşamış Alfred Veber yazır: “Qərb cəmiyyətinə baxdıqda hiss olunur ki, burada surroqatlarla doldurulmuş böyük boşluq vardır… Qərbin bütün dünyaya ötürdüyü texnikalaşmış və xalis empirik yönümlü mənəviyyat təbəqəsi əslində Qərbin özü üçün də təhlükəlidir. Bu gün Qərb dünyasında ruhi-mənəvi dərinlikdən məhrum olan intellektuallıq hakim kəsilmişdir”.53
Müasir dövrdə texnika ilə əxlaq arasındakı ziddiyyət, doğrudan da çox kəskindir. Lakin məsələyə daha ümumi şəkildə yanaşdıqda dərhal belə bir təbii sual ortaya çıxır. Texnika ilə əxlaq arasındakı əkslik bu iki tərəfin öz mahiyyətlərindən irəli gəlir, yoxsa bu tərəflər arasındakı əlaqəni təmin edən ictimai mühitdən asılıdır?
Bu suala "hə" və "yox" - deyə qəti cavab vermək çətindir. Bir şey qəti məlumdur ki, baxılan ziddiyyət texnikanın təbiətindən irəli gəlməyib, onun hansı ictimai mühitdə və necə tətbiq olunması ilə bağlıdır. Cəmiyyət inkişaf etdikcə elmi-texniki inqilabın mənəviyyata mənfi təsir imkanlarının gerçəkliyə çevrilməsi daha çox məhdudlaşdırılır və əksinə, müsbət təsir imkanlarının reallaşması üçün geniş şərait yaradılır.
Texnogen amillər konkret sosial şəraitdən asılı olaraq mənəviyyata həm mənfi, həm də müsbət təsir göstərmək imkanlarına malikdir. Deməli, elmi-texniki inqilabın insana təsirini idarə etmək üçün istensal üsulunun dəyişilməsi özlüyündə hələ kifayət deyil. Konkret sosial şəraitin dəyişdirilməsi lazımdır; həm də məhz elmi-texniki inqilabın qoyduğu tələblər baxımından və hər bir mikromühitin spesifikasını, səciyyəsini nəzərə almaqla.
Mütərəqqi cəmiyyətin üstünlüyü bunda deyil ki, bütün ziddiyyətləri, o cümlədən, texnika-əxlaq ziddiyyətini öz-özünə aradan qaldırır. Bu, mümkün deyil. Mütərəqqi cəmiyyətin, qabaqcıl ictimai sistemin üstünlüyü kompleks proqramlar tərtib olunarkən, məsələn, elmi-texniki tətbiqlərin iqtisadi səmərəsi ilə birlikdə, həm də sosial nəticələrini, o cümlədən, insan mənəviyyatına, əxlaqa təsirini də nəzərə almaq imkanındadır. Məhz bu cür sosial-iqtisadi-mənəvi kompleks proqramların hazırlanıb həyata keçirilməsi cəmiyyətin təkmilləşdirilməsi üçün mühüm şərtdir.
A.Toffler özünün məşhur “Üçüncü dalğa” kitabında ictimai inkişafda kefiyyətcə fərqli üç əsas mərhələ qeyd edir: “Bu günədək insanlıq daha iki böyük dəyişiklik dalğası keçirdi. Bunlardan hər biri əvvəlki mədəniyyətləri yox edib, yerlərinə öncəkilərin ağıllarına belə gətirməyəcəkləri yeni həyat tərzləri qoydu. Birinci dəyişiklik dalğası ancaq min ildə ortaya çıxa bildi. İkinci dalğa – sənaye devrimi – sadəcə üç əsrdə… Bu gün tarix daha böyük sürətlə keçir. Üçüncü dəyişikliklər dalğası, yəqin ki, yüz ildən çox sürməyəcəkdir”.54 Bu mərhələ müxtəlif müəlliflər tərəfindən müxtəlif cür adlandırılır. Z.Bcezinski bunu “texnetron dövr”, Daniel Bell “postindustrial cəmiyyət”55, Manuel Kastels “informasiya epoxası”56, A.Toffler isə “superindustrial cəmiyyət” adlandırır. Tofflerə görə, “üçüncü dalğa ailələrimizi parçalayaraq, iqtisadiyyatı sarsıdaraq, siyasi sistemlərimizi laxladaraq, dəyərlərimizi dağıdaraq hər birimizə təsir edir. A.Toffler belə hesab edir ki, bu mərhələ daha çox texnoloji səciyyə daşısa da, industrial cəmiyyətdən köklü surətdə fərqlənir. Fərqlər içərisində isə ən çox yeni yaşayış tərzinə keçid zərurətini vurğulayır.57
F.Fukuyama da əxlaqi-mənəvi problematikaya müraciət edir: “Müasir kapitalizm cəmiyyətinin əxlaq qarşısında qoyduğu problem iqtisadi mübadilənin təbiətindən irəli gəlmir. Səbəbkar ilk növbədə yeni texnologiyalara keçiddir… O, eyni dərəcədə həm iqtisadi mübadiləyə, həm də mənəvi mübadiələyə təsir edir ki, bu da Böyük Ayrılmanın mənbəyidir”.58
Beləliklə, industrializasiyanın əxlaqa mənfi təsir imkanlarını aradan qaldırmağın ən düzgün üsulu onları ört-basdır etmək yox, üzə çıxarmaq, dərk etməkdir.
İlk növbədə rasionallaşmaya, yeni elmi-texniki nailiyyətlərin, nou-hauların tətbiqinə əsaslanan Qərb sivilizasiyasının mənfi təsir imkanlarına, məsələn, aşağıdakıları nümunə göstərmək olar:
1. Elm və texnikanın bütün əmək sahələrinə və məişətə nüfuz etməsi nəticəsində insan mənəviyyatında rasional və intellektual meylin üstünlük təşkil etməsi və mənəviyyatın ümumi ahənginin pozulması təhlükəsi. Lakin rasional düşüncə tərzinin hakim kəsilməsi, böyük arzu və idealların, ali duyğuların, saf emosiyaların, məhəbbət hissinin quru məntiqi analizlə, "sağlam düşüncə" ilə əvəz olunması - əxlaqi tənəzzül, mənəvi deqradasiya təhlükəsi.
2. Əmək bölgüsünün sürətlənməsi, dar ixtisaslaşma, əməyin diferensiasiyası nəticəsində fərdin bütövlüyünün aradan qalxması təhlükəsi. K.Marks elmdən və müasir texnikadan çox-çox uzaq olan ibtidai icma cəmiyyəti dövründəki adamın yüksək elmi-texniki inkişaf səviyyəsinə malik kapitalizm dövründəki (hətta, ümumiyyətlə, müasir dövrdəki) adama nisbətən daha bütöv, tam bir fərd olduğunu söyləyirdi. Bunun səbəbini isə, hər şeydən əvvəl, əmək bölgüsündə görürdü. Belə ki, artıq hər bir şəxs öz fəaliyyətini bu fəaliyyətin məqsədi ilə əlaqələndirə bilmir, əməyinin məhsulunu tam şəkildə təsəvvür edə bilmir, ideyadan onun texniki realizasiyasına qədər bütün mərhələləri keçmir. Onun fəaliyyəti hansı isə tamın bir hissəsi olduğu kimi, o özü də hansı isə tamın hissəsinə çevrilir. Əmək bölgüsü ilə, texnikanın tətbiqi ilə bağlı olan bu proses müstəqil milli dövlət quruculuğu dövründə öz-özünə aradan qalxmır. Cəmiyyətin təkmilləşdirilməsi və müstəqil dövlət quruculuğu prosesində qarşıda duran vəzifələrdən biri də, məhz nə vaxtsa itirilmiş olan bütövlüyünü insana qaytarmaqdır. Təbii ki, bunun üçün əmək bölgüsündən, iri maşınlı sənayedən imtina etmək yox, elmi-texniki inqilabın açdığı asudə vaxt imkanından səmərəli və məqsədyönlü surətdə istifadə etmək nəzərdə tutulur.
3. Müasir texnikaya əsaslanan istehsalatda, bir tərəfdən, fəaliyyətin monotonluğunun, iş prosesindəki yekrəngliyin, digər tərəfdən də, zehni əməyin və məsuliyyət hissinin artması ilə psixoloji gərginlik şəraitinin yaranması. Bu meyli aradan qaldırmaq və ya heç olmazsa, zəiflətmək üçün, əvvəla, əməyin inteqrasiyasına, eyni işçinin bir neçə yaxın ixtisasa yiyələnməsi və vaxtaşırı olaraq işini dəyişməsinə, işə yaradıcı münasibətin inkişaf etdirilməsinə, ikincisi, əməyə və onun nəticəsinə şüurlu münasibət aşılanmasına nail olmaq lazımdır. Burada insanların mənəvi bütövlüyü onun fiziki və psixoloji gərginliyi ilə əlaqədar olan çətinlikləri kompensasiya etməli olur.
4. Urbanizasiya, iri şəhər və sənaye mərkəzlərinin yaranması, kənd adamının şəhərə gəlişi, təbii ünsiyyətin süni ünsiyyət vasitələri ilə əvəz olunması, İnsan-Təbiət münasibətinin İnsan-İkinci təbiət, İnsan-İnsan münasibətinin İnsan-Texnika-İnsan münasibəti tərəfindən sıxışdırılması və s. bu kimi dəyişikliklər nəticəsində əxlaq normaları və "fərdi mənəvi keyfiyyətlərin keçirdiyi təbəddülat. Ənənəvi əxlaq təsəvvürləri ilə yeni normalar arasında ziddiyyətin yaranması. Bu məsələdə ümumi çıxış yolu, vahid resept söyləmək çox çətindir və konkret sosioloji tədqiqatlara böyük ehtiyac vardır.
5. Bu gün Qərbdə yüksək texnoloji inkişaf sayəsində hər şeyin adiləşməsi, dərk olunan və əlçatan olması, insanı heyrətləndirə biləcək hadisələrin azalması, insanın təbiətə məftunluğunun təbiət üzərində hakimiyyət hissi ilə əvəz olunması, maddi vasitələrin gücünə inamın artması, onların hər şeyə qadir olması fikrinin mənəvi idealları sıxışdırması təhlükəsi yaranmışdır. Bu təhlükənin qarşısını almaq maddi şəraitin dəyişdirilməsindən daha çox, tərbiyə vasitələrinin yeni tələblərə uyğun şəkildə qurulmasından, ideya-mənəvi tərbiyə işinin təkmilləşdirilməsindən, incəsənətin bədii təsir gücünün artırılmasından və s. asılıdır.
Müəyyən ümumiləşdirmə aparsaq, elmi-texniki tərəqqinin əxlaqa, mənəviyyata mənfi təsir imkanlarının aradan qaldırılması yollarını üç əsas istiqamətdə qruplaşdırmaq olar:
1. Elmin və yeni texnologiyaların istehsalata, məişətə tətbiqinin layihələşdirilməsi zamanı mümkün mənfi nəticələri qabaqcadan nəzərə almaq.
2. İnformatizasiya və texnizasiyanın zəruri mənfi təsirlərini başqa vasitələrlə (din, əxlaq, incəsənət və s.) kompensasiya etmək.
3. Mənəvi tərbiyənin elmi-texniki tərəqqinin tələblərinə müvafiq olan yeni, intensiv metod və formalarını hazırlamaq və onun kütləviliyini artırmaq məqsədi ilə elmi-texniki tərəqqinin açdığı imkanlardan istifadə etmək.
Eyni bir texniki yeniliyin müxtəlif nəticələr doğura bildiyini dana konkret şəkildə göstərmək üçün, məsələn, internetin və televiziyanın əxlaqa və ümumiyyətlə, insan mənəviyyatına təsir imkanlarını nəzərdən keçirək.
Əvvəllər insan əxlaqı yalnız onun yaşadığı konkret ictimai mühitin (həm makro, həm də mikromühitin) təsiri ilə, həmin mühitdə hakim olan əxlaq normaları ilə müəyyən olunurdu. Hər bir fərdin irsi keyfiyyətləri ilə şərtlənən potensial əxlaqi meyl real ictimai mühitin təsiri ilə bu və ya digər üstün istiqamət əldə edirdi. Lakin televiziyanın təsiri ilə insanın yaşadığı konkret ictimai mühit sanki genişlənir və insanın əxlaqi keyfiyyətləri təkcə öz mikromühitinin təsirindən yox, həm də televiziya proqramlarının məzmunundan asılı olur. Burada biz bir daha müasir texnikanın insana müxtəlif təsir imkanlarının şahidi oluruq. Lakin bu təsirin xarakteri texnikanın öz təbiətindən, tutaq ki, televizorun quruluş və keyfiyyətindən asılı deyil. Bu təsirin istiqaməti həmin texniki vasitənin hansı məqsəd üçün istifadə olunmasından asılıdır. İstənilən cəmiyyətdə televiziyanın əxlaqa təsirindən başqa, mənfi təsir imkanlarından da danışmaq mümkündür. Bu isə, görünür, ilk növbədə məişət şəraitinin və müasir texnikanın hər halda məhdudluğu ilə bağlıdır. Belə ki, adamların yaş dövrlərini və inkişaf səviyyələrini nəzərə alan müxtəlif televiziya proqramlarının hazırlanması və onların eyni vaxtda paralel şəkildə translyasiya olunması və ailənin müxtəlif üzvlərinin istədikləri proqrama baxmaq üçün müxtəlif televizorlardan istifadə etməsi mümkün olmadıqda istər-istəməz hamı eyni bir proqrama tamaşa edir. Bu zaman isə eyni bir veriliş müxtəlif yaş qruplarına mənsub olan və müxtəlif səviyyələrə malik adamlara tamamilə müxtəlif istiqamətdə təsir edə bilər.
Digər tərəfdən də, televiziya proqramlarının tutulmasında buraxılan kiçik bir qüsur və ya subyektiv amil mənəvi tərbiyə işinə olduqa ciddi ziyan verə bilər. Məsələn, "ağladan yanında otur, güldürən yanında yox" hikməti unudulduqda, məzhəkələrə, ucuz gülüş vasitələrinə, şit yumora həddindən artıq yer verildikdə televiziya gənclərdə həyata ciddi münasibətin, fəal həyat mövqeyinin, mübariz keyfiyyətlərin formalaşmasına pis təsir göstərmiş olur. Yaxud gəncləri "dünya mədəniyyəti" ilə tanış etmək kimi çox xeyirxah niyyət, əgər bu, xüsusi profilaktik tədbirlərlə müşayiət olunmazsa, ideologiya süzgəcindən keçirilməzsə, bayağı mədəniyyətin və əxlaqın təbliği kimi səslənə bilər və ümumi inkişaf səviyyəsi aşağı olan, hələ əqidə yetkinliyi əldə etməmiş gənclərin əxlaqa deqradasiyasına gətirib çıxara bilər.
Televiziya və kinonun bədii ədəbiyyat və teatrla, fotoqrafiyanın təsviri sənətlə rəqabəti və birincilərin texniki cəhətdən müntəzəm olaraq təkmilləşməsi sayəsində getdikcə daha böyük auditoriya qazanması, ikincilərin olduqca mühüm və böyük mənəvi tərbiyə gücünün kölgədə qalmasına səbəb olur. Mükəmməl texnika vasitəsilə kiçik vaxtda böyük işlər görmək imkanı vaxta münasibəti dəyişir və elmi-texniki inqilab şəraitində yaranmış psixoloji atmosfer adamları daha çox dərəcədə yığcam informasiya dalınca qaçmağa sövq edir, necə deyərlər, roman oxumağa vaxt qalmır.
Texnogen cəmiyyətdə onsuz da gərilmiş əsəblər "başqalarının" faciəsinə şərik olmağa "dözmür", adamlar istər həyatda, istərsə də sənətdə dərin fəlsəfi-psixoloji vəziyyətlərdən, gərgin dramatik səhnələrdən qaçır, düşünmək və həyəcanlanmaq tələb etməyən yüngül səhnələrə meyl edir. Nəticədə, insan faciə və dramın böyük mənəvi tərbiyə gücündən məhrum olur, komikliklə, eybəcərliklə müntəzəm kontakt onu mənən kasıblaşdırır, təsadüfi kənar təsirlərə qarşı daxili müqavimət qabiliyyəti azalır. İztirablarsız, mənəvi təbəddülatlarsız əxlaq normaları insan mənəviyyatının dərin qatlarına nüfuz edə bilmir, qəlbin hökmünə çevrilmir. Habelə, elmi-texniki inqilabın bir tərəfdən, incəsənətin özünə, digər tərəfdən də, adamların incəsənətə münasibətinə təsiri mənəvi tərbiyədə də öz əksini tapmış olur.
1. Ümumi elmi-mədəni səviyyənin yüksəlməsi, elmi dünyagörüşünün və nəticə etibarilə ali məqsəd, əqidə və s. əxlaqi keyfiyyətlərin formalaşması. Ümumi bilik səviyyəsi, elmi düşüncə tərzi əxlaqı bilavasitə dəyişdirməsə də, fərdi əxlaqla ictimai əxlaq arasındakı, habelə fəaliyyətin motivi ilə nəticəsi arasındakı ziddiyyətin aradan qaldırılması üçün mühüm şərtdir.
İctimai həyat mürəkkəbləşdikcə, əmək və onun sosial-iqtisadi nəticələri arasındakı vasitəlilik artdıqca insanın öz əməli fəaliyyətinin nəticələrini dərk etməsi çətinləşir və daha fərdi əxlaq insan fəaliyyətini birqiymətli şərtləndirə bilmir. İnsanın istəyi, niyyəti ilə əməlləri, əməllərin real nəticələri arasındakı körpü - sağlam şüur, empirik bilik, fərdi həyat təcrübəsi daha özünü tam doğrultmur, yəni daha etibarlı rabitəyə entiyac duyulur. Yeni dövrdə yüksək əxlaqi keyfiyyətlərin, nəcib hiss və duyğuların həyata elmi münasibətlə, elmi-nəzəri biliklərlə vəhdəti tələb olunur. İctimai elmlər insanın əxlaqa keyfiyyətləri ilə ictimai-iqtisadi fəaliyyətini düzgün əlaqələndirməyin əsas şərtinə çevrilir. Beləliklə, yaşadığımız cəmiyyəti və lokal ictimai həyat hadisələrini dərk etmək yalnız alimlər qarşısında duran problem olmayıb, həm də hər bir şəxsin mənəvi ehtiyacıdır.
Bir tərəfdən, elm və texnikanın yüksək inkişaf tempi ilə əxlaqa tənəzzül arasında, digər tərəfdən də, mənəvi aləmdə intellektual səviyyə ilə əxlaqi səviyyə arasında kəskin ziddiyyət yaranır. Görkəmli fizik, atom silahını yaradanlardan biri P.Oppenheymer yazır: "...Avtomatlaşdırmada, hesablama texnikasında və kosmosun tədqiqində böyük tərəqqiyə nail olsaq da, əxlaqi-mənəvi tərəqqiyə nail ola bilməmişik".59 Bu gün elm və əxlaqın inkişaf tempi arasında optimal nisbət yaradılması bir problem kimi qalmaqdadır.
Elm və texnika həmişə insanın qarşısına onun yeni imkanlarına uyğun yeni vəzifələr qoya bilirmi? Elmin inkişaf tempi insanın mənəvi imkanlarının artması tempi ilə ayaqlaşa bilirmi?
Bu sual, göründüyü kimi, elmi tərəqqi ilə mənəvi tərəqqinin intensivlikləri arasındakı münasibətə dair yuxarıda qoymuş olduğumuz sualın tam əksidir. Cəmiyyətin inkişafının müəyyən mərhələsində mənəvi tərəqqinin elmi tərəqqini qabaqlaması və onun daha yüksək sürətlə inkişafı üçün obyektiv şərait yaratması imkanı ortaya çıxır. Burada fəlsəfi fikrin üzərinə yeni bir yük düşür və naturalist düşüncə paradiqmasının humanist düşüncə paradiqması ilə əvəzlənməsi zərurətə çevrilir.
3. Yeni texniki nailiyyətlərin mənəvi tərbiyə işinin təşkilinə tətbiq edilməsi, mənəvi tərbiyə vasitələrinin kütləvilik dərəcəsinin artması, etik biliklərin daha böyük miqyasda yayılması və s. də elmi-texniki tərəqqi sayəsində mümkün olur və onun müsbət təsir imkanlarına aiddir.
İnsanın mənəvi kamilliyi onun əməli fəaliyyəti ilə bilavasitə bağlıdır. Daha doğrusu, mənəvi keyfiyyətlər məhz əməli fəaliyyətdə təzahür edir ki, onun da ən mühüm tərkib hissələrindən biri peşə fəaliyyəti, ixtisas sahəsindəki işdir. Əxlaq yalnız insanlararası münasibətlə məhdudlaşmır, buraya İnsan-Cəmiyyət-İnsan münasibətləri də daxil olur. İnsan-Cəmiyyət münasibətləri isə hər bir şəxsin cəmiyyətdə, ictimai həyatda tutduğu mövqe ilə, o cümlədən, onun ictimai-faydalı əməyi ilə şərtlənir. Ona görə də, elmi-texniki tərəqqinin əxlaqa, insanın mənəvi simasına təsirindən danışarkən insanın əməli fəaliyyətini, onun bu sahədəki mənəvi xüsüsiyyətlərini və burada baş verən dəyişiklikləri, meylləri də nəzərə almaq lazımdır.
Müasir dövrdə əxlaqın konkret formalarından biri İnsan-Texnika-İnsan münasibətlərində təzahür edir. Başqa sözlə, insanlararası münasibət texnika ilə vasitələnir və bu zaman müasir texnikaya necə, hansı səviyyədə yiyələnmək və ondan hansı məqsədlə istifadə etmək insanın mənəvi keyfiyyətlərindən də asılı olur. Burada mənəvi idealla, insanın arzu və istəkləri ilə texnikanın hansı məqsəd üçün istifadə olunması arasında əlaqə yaranır.
Rasionalizm müasir dövrdə insanlara, onların taleyinə, həyat mövqeyinə və nəticə etibarilə həm də əxlaqına, mənəvi keyfiyyətlərinə qlobal problemlər vasitəsilə də təsir göstərir. Miqyasca bütün planeti əhatə edən, bütövlükdə bəşəriyyətin taleyi ilə bağlı olan, hər bir ölkəni, hər bir xalqı, hər bir insanı düşündürməli olan problemlər nəzərdə tutulur. Bunlara ilk növbədə Yer üzərində sülhün təmin edilməsi - müharibə və sülh problemi, cəmiyyətin təbiətə dəyişdirici təsirinin məqsədəuyğun surətdə idarə olunması - ekoloji problem, planetimizdə əhalinin artması, ailə-məişət münasibətlərində baş verən geniş miqyaslı dəyişikliklər - demoqrafik problem, tükənməkdə olan enerji mənbələrinin yenilərilə əvəz edilməsinə ehtiyac - energetik problem və s. aiddir. Bu problemlər istər bilavasitə, istərsə də bilvasitə elmi-texniki tərəqqi ilə, onun neçə tənzim olunması və hansı səmtə yönəldilməsi ilə bağlıdır.
Bu gün bütün dünyanın tərəqqipərvər adamları böyük insan adının layiq olduğu mövqeyi müdafiə etməli, yalnız yaşadıqları ölkənin, mənsub olduqları xalqın mənafeyini deyil, həm də bütövlükdə cəmiyyətin, bəşəriyyətin taleyini düşünməli, öz böyük mənəvi borclarını, insanlıq borclarını yerinə yetirməlidirlər. Məhz bu cəhət, hadisələrin qlobal miqyas alması ilə əlaqədar olaraq düşüncə tərzinin, mənəvi məsuliyyətin də qlobal miqyas alması müasir dövrün başlıça səciyyələrindən biridir. Əgər bir tərəfdən elmi-texniki tərəqqi bəşəriyyət qarşısında qlobal problemlər qoyursa, o biri tərəfdən, elmin inkişafı, elmi dünyagörüşünün formalaşması, əsrlərin miras qoyduğu zəngin elmi-mədəni sərvətlərə yiyələnmiş olan insanın yüksək mənəvi kamillik səviyyəsi bu problemləri məhz insan mənafeyi baxımından, humanist mövqedən həll etməyə imkan verir.
Qloballaşma şəraitində İnsan-Təbiət qarşılıqlı təsirində də elə ziddiyyətlər ortaya çıxır ki, onların həlli ümumbəşəri mənəvi məsuliyyətlə cilovlanan ciddi münasibət tələb edir. Əxlaq bir daha İnsan-İnsan münasibətlərinin çərçivəsindən kənara çıxır və İnsan-Təbiət münasibətləri qlobal ekoloji problemləri vasitəsilə insanın, bəşəriyyətin taleyinə təsir göstərməklə İnsan-Təbiət-İnsan münasibətlərinə çevrilir. İnsan ilə təbiət arasındakı münasibətin qlobal miqyas alması qarşıya yeni əxlaqi problemlər qoyur, insan fəaliyyətini məhdudlaşdıran mənəvi qadağaların sayı artır.
İnsan amilinin rolunun artması, onun təkcə öz konkret fəaliyyət sahəsində deyil, beynəlxalq aləmdə baş verən hadisələr miqyasında fəallıq göstərməsi, dünyəvi problemləri dərk edərək onlara şüurlu münasibət bəsləməsi, təkcə öz mənsub olduğu xalqın deyil, həm də bütövlükdə bəşəriyyətin mənafeyini nəzərə alması insanın mənəvi tərəqqisi prosesində yeni keyfiyyətli pillədir. Elmi-texniki inkişaf, sivilizasiya insanın təbiətlə qarşılıqlı münasibətdə maddi fəaliyyət imkanlarını, "fiziki" gücünü artırdığı kimi, düzgün kurs götürdükdə, humanist əhvali-ruhiyyə ilə tərbiyə olunduqda insanın mənəvi gücünü də artırır və ümumi ahəng, harmoniya yenə də təmin edilmiş olur.
Dostları ilə paylaş: |