Hüquqi müstəvidə yanaşdıqda, yenə də ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə görə dünya ictimaiyyəti Ermənistanı təcavüzkar bir ölkə kimi pisləməli, ona qarşı sanksiyalar tətbiq olunmalı idi. Lakin ermənilər burada da manevr edərək millətlərin öz müqəddəratını həll etmək hüququ ilə fikirləri çaşdırır, guya vaxtilə Dağlıq Qarabağda ermənilərin hüquqlarının tapdalandığını, onların milli məninin təzyiq altda qaldığını və xilas üçün müstəqilliyin yeganə vasitə olduğunu “isbat” etməklə ərazi toxunulmazlığı ilə milli özünütəsdiq hüququ arasında paritet yaratmağa çalışırlar. Digər tərəfdən də, ərazinin əslində guya ermənilərə məxsus olması və qırmızı inqilabın ədalətsiz qərarı ilə Azərbaycana verilməsi və indi tarixi səhvləri düzəltməyin labüdlüyü barəsindəki hədyanlarla avropalıları “çaşdırırlar”. Əlbəttə, Avropanı çaşdırmaq o qədər də asan deyil. Onlar həqiqəti bilməmiş olmazlar. Lakin, görünür, məhz həqiqəti görməkdə maraqlı olmadıqlarından həqiqətə bənzədilmiş versiyaları həqiqət kimi qəbul etməyə hazırdırlar.
Beləliklə, hüquqi müstəvidə də ermənilər böyük səylərlə tarix və ictimai rəylə manipulyasiya edərək müəyyən paritet yaratmağa nail olublar.
Siyasi müstəviyə gəldikdə isə, burada həqiqət daha az rol oynayır.
Siyasəti fəlsəfədən fərqləndirən də budur ki, o, hadisələrin özündən çox, onların dünya birliyinə necə təqdim olunmasına, artıq formalaşmış ictimai rəyə, dövlətlərin daha qlobal mənafelərinə söykənir.
* * *
Bu gün reallıq bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunmuşdur. Bir milyon nəfərədək qaçqın və məcburi köçkün vardır və onlar ən elementar insan hüquqlarından belə məhrum olmuşlar. Nə biz, nə də insan hüquqlarına hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat, tərəqqipərvər qüvvələr yüz minlərlə insanın belə acınacaqlı vəziyyətinin uzun müddət davam etməsinə razı ola bilmərik.
Lakin reallıq həm də bundan ibarətdir ki, Cənubi Qafqazda sabitlik olmadan və qonşu dövlətlərlə iqtisadi əlaqələr qurmadan Ermənistan iqtisadi cəhətdən inkişaf edə bilmir, iqtisadi çətinliklər keçirir. Bu cür yaşamaq onlara da sərf etmir. Avropa və Amerika Ermənistanı bu vəziyyətdən çıxarmaq və Qafqazdakı iqtisadi layihələrdə onların iştirakını təmin etmək məqsədi ilə bizə təzyiq göstərirlər. Lakin təəssüf ki, bunun müqabilində onlara BMT-nin qərarlarını yerinə yetirmək istiqamətində heç bir təzyiq göstərilmir. Münaqişənin həlli üçün heç şübhəsiz, ilk növbədə böyük dövlətlərin mövqeyi daha rasional olmalıdır. Sivilizasiyalararası dialoqun alınması üçün lobbiçiliyin təsirləri aradan götürülməli, dini təssübkeşlik kimi subyektiv amillərə yol verilməməlidir.
Yeni əsr yeni meyarlar, yeni mübarizə üsulları ilə səciyyələnir. XXI əsrdə sərhəd rolunu tikanlı məftillər deyil, gömrük məntəqələri əvəz edir. İnkişaf etmiş ölkələrdə torpaq uğrunda mübarizə iqtisadi maraqlar və nəqliyyat dəhlizləri uğrunda mübarizə ilə əvəzlənir. Yeni əsrdə isə qloballaşmanın yeni formulu mədəni-mənəvi sədləri keçmək, öz mənəvi prinsiplərini daha böyük ərazilərə yaymaqdan ibarətdir.
Bu gün kiçik dövlətlərin bu prosesə öz simasını saxlamaqla qatıla bilməsi, mədəniyyət müxtəlifliyinin saxlanılması üçün xüsusi səylər göstərilməlidir.
Son illərdə Azərbaycanda gedən inteqrativ proseslər Şərq və Qərb sivilizasiyaları arasında səmərəli dialoqun təmin edilməsi sahəsində bir nümunə, pozitiv təcrübə kimi dəyərləndirilə bilər.
Dostları ilə paylaş: |