Sivilizasiya və cəmiyyət
Hər bir millətin inkişaf tarıxındə onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçəklənmə dövrü olur.
Aida İmanquliyeva
Texnika inkişaf etdikcə və müasir kommunikasiya vasitələri yarandıqca, elə bil ki, dünya kiçilir.
Təkcə bir qəsəbə, bir şəhər daxilində deyil, həm də xalqlar və dövlətlər arasında əlaqələr artır, məsafələr azalır. Dəvə karvanları komfortabelli reaktiv təyyarələrlə əvəz olunduqca, insanların müxtəlif səbəblərdən yerdəyişməsi çoxalır. Digər tərəfdən, peyk ötürücüləri ilə teleyayımların və internetin açdığı böyük imkanlar məsafələri ümumiyyətlə aradan götürür. Nəticədə bəzən uzaq qitələrdə yaşayan adamlarla əlaqə və ünsiyyət ən yaxın qonşu ilə olduğundan çox olur.
Əlaqələrin artması müxtəlif siyasi rejimlərin, sosial quruluş formalarının, həyat tərzlərinin, düşüncə üsullarının, mədəniyyətlərin, əxlaqların, dini dəyərlərin daha çox qarşılaşmasına və birbaşa təmaslara şərait yaradır. Müxtəlifliklərin əlaqələnməsi bir tərəfdən qarşılıqlı zənginləşmə üçün şərait yaradırsa, digər tərəfdən, qarşıdurmanın artması yeni ziddiyyət və konflikt mənbələrinin yaranması üçün də səbəb olur.
Bir sözlə, əlaqələr artdıqca təkcə hansı isə bir ölkənin sakini indi özünü bütövlükdə Yer planetinin sakini kimi hiss etmək istəyir. Lakin hansı yolla; başqa xalqların dilini, mədəniyyətini, həyat tərzini mənimsəmək və onlara uyğunlaşmaq, yoxsa öz mədəni-mənəvi dəyərlərini bütün dünyaya yaymaqla? “Sivilizasiyaların toqquşması” ideyası da, “mədəniyyətlərin dialoqu” və “mədəniyyətlərin plüralizmi” ideyası da bu suala cavab axtarışında ortaya çıxır. Lakin əvvəlcə dünyada bir-birindən köklü surətdə və ya önəmli dərəcədə fərqlənən hansı düşüncə üsullarının, həyat tərzlərinin, mədəniyyətlərin olması və bunların əsas fərqləndirici xüsusiyyətləri öyrənilməlidir. Çünki hər bir xalqın, etnosun özünəməxsus spesifik cəhətləri olsa da, daha böyük miqyasda eyniyyət məqamlarının olması bir neçə böyük sivilizasiyalardan və mədəniyyətlərdən danışmağa imkan verir.
Belə bölgülərdən biri də xeyli dərəcədə rəmzi səciyyə daşıyan Şərq və Qərb düşüncəsi, Şərq və Qərb sivilizasiyalarıdır. Milli və ya dini bölgülərdən fərqli olaraq, burada cəmiyyətin inkişaf səviyyəsi və tutduğu inkişaf yolu mahiyyət göstəricisi kimi ön plana keçir.
Qərb sivilizasiyasını şərtləndirən, onun Şərqə nisbətən üstünlüyünü təmin edən mühüm cəhətlərdən biri fərd–cəmiyyət münasibətlərinin daha mükəmməl olması, cəmiyyətin daha optimal təşkilatlanmasıdır. Şərqdə azadlığın hər kəsin öz arzu və istəyinə uyğun surətdə yaşamaq kimi anlamasına rəğmən, Qərbdə hər kəs özünü ilk növbədə cəmiyyətin bir üzvü kimi hiss etməklə, öz azadlığını da qərarlaşmış ictimai münasibətlər çərçivəsində tapır. Burada hər hansı bir şəxs mövcud qaydalarla razılaşmırsa, öz etirazını onları pozmaq, «qulaq ardına vurmaq» yolu ilə yox, bütövlükdə ictimai münasibətlərin dəyişdirilməsi, onların əsasında duran ideyanın yeniləşməsi uğrunda mübarizə ilə ifadə edir.
Cəmiyyətin necə təşkilatlanması hər bir fərdin həyatına təsir edir. Lakin hər bir fərd ümumictimai miqyasda gedən proseslərin məğzini anlamaq, onlara düşünülmüş şəkildə müdaxilə etmək imkanına malik deyil. Ona görə də ən asan yol bu işi kimlərin isə öhdəsinə buraxaraq, ictimai axına kor-koranə surətdə qoşulmaqdır. Lakin bu yol insanların azadlıq və xoşbəxtliyini nə dərəcədə təmin edir?
Hegelə görə azadlıq dərk olunmuş zərurətdir. Başqa sözlə, adi insanlar azad olmaq üçün mövcud cəmiyyətin qanunlarını, onların təməlində duran, onları zəruri edən prinsipləri mənimsəməlidir. Şəxsi ideyalar, şəxsi fəaliyyət planları da ictimai zərurətlə uyğunlaşdırılmalıdır. Lakin elə şəxslər də olur ki, onlar ictimai zərurətin özünü, onun əsasında duran ideyanı dəyişmək yolunda mübarizə aparırlar. Bütün maddi təzahürlər kimi ictimai gerçəklik, qərarlaşmış ictimai münasibətlər sistemi də hansısa ideyanın təzahürü olduğundan, ictimai həyatın hər hansı bir struktur səviyyəsindəki islahatlar da ilk öncə ideyalar iyerarxiyasının adekvat pilləsində dəyişiklik olmasını tələb edir.
Hər bir şəxs öz fərdi həyatını yaşamaqla yanaşı, cəmiyyətin bir üzvü kimi böyük miqyaslı ictimai proseslərin də iştirakçısı olur. Əlbəttə, bu şans hamıya eyni dərəcədə verilmir. Kim isə ictimai hadisələrdə aparıcı rol oynayaraq bəşər tarixinə daxil olduğu halda minlərlə insan ictimai həyatda subyektdən daha çox bir obyekt olaraq iştirak edir və tarixdə heç bir iz qoymur. Bununla belə, minlər, milyonlar olmasa, kütlə olmasa, ayrı-ayrı şəxslər nə qədər böyük düha sahibi olsalar da, cəmiyyəti inkişaf etdirə bilməzlər. Çünki cəmiyyət əhalinin şəxsiyyətlərlə, kütlənin ideya ilə sintezidir. Kim isə o zaman böyük şəxsiyyətə çevrilə bilər ki, onun qərarlaşmış ictimai şüurdan kənara çıxan, fərqli ideyası olsun və bu ideya təkcə keyfiyyətcə, sanbalca deyil, həm də məhz kəmiyyətcə, miqdarca böyük proseslərin hərəkətverici qüvvəsinə çevrilmək əzmində olsun.
Məhz ideya çoxlu miqdarda, müxtəlif istiqamətli hadisələrin eyni üstün istiqamət boyunca düzənlənməsinə, təşkilatlanmasına imkan yaradır. İdeya hadisələri canlandırır və yönəldir. Onun öz rolu istiqamətini özü seçə bilməyən yüklü zərrəciklər üçün sahənin oynadığı rola bənzəyir. Təsadüfi deyildir ki, K.Marks kütlələrin ideyaya yiyələnməsindən yox, ideyanın kütlələrə yiyələnməsindən bəhs edirdi.
Lakin ən gözəl, ən böyük ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. Bir növ pərakəndə, xaotik material olan kütlənin ideya yönümündə düzənlənməsi üçün xüsusi məqsədyönlü fəaliyyət tələb olunur. İdeyanın gerçəkləşməsi, real ictimai müstəvidə təzahürü üçün görülməli olan işlər mahiyyət etibarı ilə nə ideya yaradıcılığı, nə də maddi bir hadisədir. Bu, əslində ideyadan gerçəkliyə körpü atılması prosesidir. Bu, ideya ilə siyai iradənin sintezi, cəmiyyətin fərqli ideya əsasında yenidən təşkilatlanmasıdır.
Cəmiyyəti bir piramidaya bənzətsək onu təşkil edənlərin əksəriyyəti alt müstəvidə yerləşəcəkdir. Yuxarı qatlardakı adamların sayı getdikcə azalacaqdır. Zirvəyə isə ancaq tək-tək adamlar çıxa bilər. Alt müstəvilərdə hadisələr, maddi həyat cərəyan edir. İdeya isə yuxarıdan aşağıya gəlir. Piramidanın zirvə nöqtəsini ən yüksək ideya səviyyəsi kimi fərz etsək, burada ideya var, lakin maddi heç nə yoxdur. Hündürlük maksimal olsa da, oturacaq sıfra bərabər olduğundan, həcm də sıfırdır. Aşağıya doğru gəldikcə hündürlük azalır, oturacaq isə genişlənir.
Həyatın dibindən müəyyən ideya səviyyəsinə yalnız ayrı-ayrı şəxslər yüksələ bilir. Bu, insanın başqalarından fərqlənməsi, şəxsiyyətin cəmiyyətdən ayrılması və onun fövqünə qalxması deməkdir. Burada hərəkətverici qüvvə intellektual yaradıcılıq və mədəni-mənəvi potensialdır. Sıxılmış yayın potensial enerjisi olduğu kimi mədəni-mənəvi və intellektual potensial da belədir. Mövcud ictimai münasibətlərin, real ictimai inkişaf səviyyəsinin məhdudlaşdırıcı baryeri bu enerjinin aktuallaşmasına imkan vermir; ta o vaxta qədər ki, sıxılmış ideya və iradi potensialın səviyyəsi bu baryeri keçməyə imkan versin.
Cəmiyyətin strukturu o zaman optimal sayılır ki, onu ideya səviyyəsinə görə piramidanın aşağısında yox, yuxarısında duranlar idarə etsin. Yəni, hökumət intellektual elitadan təşkil olunmuş olsun. Bu isə ilk yaxınlaşmada demokratiya prinsipləri ilə uzlaşmır.
Bir tərəfdən, demokratiya, xalqın özünüidarəsi ideyası çox cazibədar görünür. Digər tərəfdən, intellektual və mədəni-mənəvi inkişaf səviyyəsinə görə yüksəkdə duranların sayı həmişə az, orta və aşağı səviyyəlilərin sayı çox olur. Ona görə də, demokratiya müəyyən mənada aşağı səviyyəlilərin yüksəkdə duranları idarə etməsi kimi də başa düşülə bilər.
Halbuki, daha yaxşı cəmiyyət, yəqin ki, yüksəkdə duranların aşağıda duranları idarə etməsinə əsaslanmalıdır. Məhz bu cəhətə görə də Platon kimi görkəmli simalar hələ o vaxtlar demokratiyanın əleyhinə olub. Demokratiya əleyhdarlarının mövqeyi buna əsaslanır ki, idarəetmə sistemində meyar azlıq və ya çoxluq deyil, dünyagörüşü və intellektin səviyyəsi, başqa sözlə, şüurun azlığı və ya çoxluğu olmalıdır. Tək adamın (monarxiya) və ya elitar bir qrupun (aristokratiya) hakimiyyəti ideyası belə yaranıb. Şərqdə geniş yayılan ədalətli şah ideyası da bu qəbildəndir.
Lakin çoxluq ara-sıra öz sözünü həmişə deyib. Aşağılar hərəkətə gəlib. Üsyanlar olub. Çevrilişlər olub. Kütlə gücünü göstərib. El gücü – sel gücü. Amma unudulub ki, sel tənzim olunmadıqda onun gücü ancaq dağıtmağa yönəlir.
İstiqamətlənməmiş, təşkilatlanmamış ictimai güc də hər cür kobud qüvvə kimi, sel kimi dağıdıcı olur. Sel cəmiyyətin arxitektonikasını dağıdıb, neçə-neçə əsrlər ərzində ixtisaslaşmış, strukturlaşmış cəmiyyətin nailiyyətlərini xeyli dərəcədə yuyub aparıb. (Marksizmin tənqid etdiyi təbəqələşmə də əslində strukturlaşmanın, deməli, sivilizasiyanın əlamətlərindən biridir). Düzdür, bu sosial selə, bu ictimai hərəkatlara da əslində həmişə azların nümayəndəsi başçılıq edib. (Əslində, demokratiya o zaman faydalı ola bilər ki, o, bütövlükdə kütləyə deyil, elitaya tətbiq olunmuş olsun, lakin elita daxilində azlıqda qalan tərəf bəzən bu mənada məqbul olmayan metoda əl atır və öz mövqeyini kütlənin köməyilə həyata keçirməyə çalışır. Elitadaxili mübarizə ideyaların mübarizəsindən daha çox kütləyə təsir etmək və onu yönəltmək uğrunda mübarizəyə çevrilir).
«Şəxsiyyət və kütlə», «Şəxsiyyət və cəmiyyət», «Fərd və toplum» münasibətlərinə olduqca müxtəlif mövqelərdən yanaşmaq mümkündür. Problem nəzəri-fəlsəfi müstəviyə keçməzdən əvvəl xalq arasında da ona müəyyən münasibət formalaşmışdır. Kiminsə kütlədən, camaatdan, xalqdan ayrılmasına, toplumdan ya yuxarıda, ya da aşağıda dayanmasına, ya müsbət, ya da mənfi istiqamətdə seçilməsinə çox vaxt pis baxılmışdır. «Palaza bürün, elnən sürün!», «Şəhərə girdin hamı gözü qıpıq, sən də ol gözü qıpıq!» ifadələri hamıdan biri olmaq, seçilməmək, fərqlənməmək mövqeyini ifadə edir. Halbuki, fərq olmadıqda inkişaf da ola bilməz. Kimsə irəli çıxmalıdır, kimsə sürünənlərə şahin zirvəsindən baxmalıdır, kimsə ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq salmalıdır, - əks təqdirdə cəmiyyətdə inkişaf ola bilməz.
İctimai tərəqqinin hərəkətverici qüvvəsi məhz fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə ölçülür. Bu fərqdən doğan ziddiyyət kütlənin xeyrinə həll olunanda şəxsiyyətlər tərki-dünya olur və onları tənhalığın faciəsi gözləyir. Şəxsiyyətin qələbəsi isə cəmiyyətin sosial ideala doğru hərəkətə gətirilə bilməsindən asılıdır.
İnkişafın dialektikası belədir. Eyni səviyyədə olanlar, tamamilə identik olanlar bir-birini inkişaf etdirə bilməzlər. İnkişaf fərqdən yaranır. Əgər yüzlərlə, minlərlə insanın içərisində bircə nəfər də «standart»dan kənara çıxa bilsə, yeni ideya verə bilsə hamının bu ideyaya yiyələnməsi, səviyyəcə yüksəlməsi və deməli, ictimai inkişaf səviyyəsinin də yüksəlməsi şansı yaranır. Yəni bütövlükdə ictimai inkişaf əksəriyyətin deyil, tək-tək adamların, liderlərin səviyyəsi ilə ictimai baryer arasındakı nisbətdən asılı olur. Bütövlükdə cəmiyyətin səviyyəsinin qalxması üçün onun bütün üzvlərinin müvafiq səviyyəyə qalxmasına ehtiyac yoxdur. Müəyyən çətin problemi həll etmək üçün bir adamın yüksək səviyyəsi kifayət edə bilər. Çətini yerdə qalanların ona inam bəsləməsidir. Vay o gündən ki, kütlə öz içərisindən çıxmış böyüklərin və kiçiklərin yerini dəyişik salsın və mənfi istiqamətdə seçilənlərin dalınca getsin. (Burada yenə də təqsir kütlənin yox, şəxsiyyətin üzərinə düşür).
Beləliklə, cəmiyyəti inkişaf etdirən şəxsiyyətlərdir. Şəxsiyyətlər yeni ideyalarına görə seçilirlər. İctimai inkişaf isə ideyaların kütlələrə yiyələnməsi hesabına həyata keçir.
Sivilizasiya əslində ictimai tərəqqi anlayışına adekvatdır. İctimai tərəqqi isə cəmiyyətin təşkilatlanma dərəcəsindən, ideyalarla kütlələr (maddi-ictimai potensial) arasında koordinasiyanın effektivliyindən asılıdır.
Cəmiyyəti insanlar toplusundan mütəşəkkil bir sistemə çevirən əmək bölgüsüdür. Sivilizasiyanın da əsasında məhz əmək bölgüsü dayanır.
* * *
Yaşadığı müddət ərzində insan bütün ideyalarının reallaşmasına nail ola bilərmi? Axı, bir ömür üçün nəzərdə tutulmuş qısa müddətli hadisələrlə yanaşı ömrə sığmayan uzun müddətli hadisələr də vardır (hadisənin müddəti dedikdə ideyadan onun tam reallaşmasına qədər tələb olunan zaman nəzərdə tutulur. İnsan ömrü özü də bir hadisədir. Hər bir insanın ömrü gen və tale ilə müəyyənləşdirilmiş ideyalar kompleksinin reallaşması və tükənməsi prosesidir). İdeyası, təməli insan üçün kənar olan hadisələrdən fərqli olaraq insanın öz ideyalarının gerçəkləşdirilməsi doğma hadisələrdir. Və insan ömrünün hissələridir. Bir az nasiranə dillə desək, həyat planlardan və onların reallaşmasından ibarətdir. Bəs yarımçıq qalan planların həyata keçirilməsi məsuliyyəti kimin üzərinə düşür? Kiminsə yarımçıq qalmış planlarını övladımı həyata keçirməlidir? Yəni ideyanın maddiləşməsi proseslərindəki varislik, əgər bu mümkündürsə, genetik-bioloji varislikləmi əlaqədardır? Yoxsa ancaq ailə-məişət, xüsusi mülkiyyət sahəsindəmi bu varisliklər adekvat olurlar? Bəs elm, sənət sahəsindəki yaradıcı fikirlər, yarımçıq qalmış ideyalar hansı övlad tərəfindən davam etdirilməlidir? İqtisadi quruculuq, dövlət quruculuğu sahələrində geopolitik strategiyalar, ümummilli mədəni-mənəvi amallar, ümumbəşəri sosial ideallar kimin tərəfindən davam etdirilməlidir?
Təsadüfi deyil ki, elm adamları da, sənət adamları da öz sağlığında davamçılar hazırlamaq, öz məktəblərini yaratmaq haqqında da düşünürlər. Bununla da öz fərdi cismani həyatları başa çatsa da onların ideyaları davamçıların şəxsində yaşayır. Beləliklə, insan ömrünə verdiyimiz tərif mövqeyindən yanaşdıqda onların həqiqi ömrü davam etdirilmiş olur. İnsan daha böyük müddətli hadisələrə, proseslərə qatılaraq öz həyatını daha böyük miqyaslı ictimai proseslərin tərkibində yaşada bilər. Əslində insanların əksəriyyəti bu və ya digər ictimai proseslərə daxil olduğundan onların cismani ömrü ilə real həyatı arasında fərq həmişə olur. Lakin ölməzlik qazananlar ideya müəllifləridir. Başqasının ideyasının ictimai realizasiyası prosesinə qatılaraq real ictimai həyatın uzadılması bir şeydir, sənin ideyanın ictimai prosesə çevrilərək yaşaması başqa şeydir. Bu artıq sosial-mənəvi sferada ölməzlikdir.
Cəmiyyəti çox vaxt müəyyən zaman kəsiyində, müəyyən dövrdə insanların ittifaqı, sazişi, birgə fəaliyyəti kimi və ya yenə də müəyyən zaman kəsiyində insanlar arasında qərarlaşmış münasibətlər sistemi kimi başa düşürlər. Lakin bizcə bu cür başa düşülən cəmiyyət cansızlaşmış, maddiləşdirilmiş bir prosesdir. Əslində cəmiyyət onu təşkil edən insanların canından, qanından, beynindən, ürəyindən, fikrindən, hissiyyatından fərqli olaraq özünün iqtisadi və siyasi həyatı, enerji dövranı, informasiya mübadiləsi sistemi, ideologiyası, fikri, hissiyyatı olan canlı bir orqanizmdir. Daha doğrusu, bütövlük naminə belə olmalıdır. Cəmiyyətin həyatı da ümumi, yekun ideyaların müxtəlif istiqamətlərdəki realizasiya proseslərinə uyğun olaraq insan ömrünə bənzəyir. Əks təqdirdə biz bütöv cəmiyyət əvəzinə ayrı-ayrı şəxsi həyatların, vahid istiqamətdə yönəldilməyən ayrı-ayrı hadisələrin (ideya-reallıq keçidləri) sadəcə toplusu və ya ən yaxşı halda eklektik sistemi ilə rastlaşacayıq.
Bir insanın vahid əqidəsi, həyat məramı olmadıqda, o çoxlu sayda müxtəlif, bəzən bir-birinə zidd istəklərin reallaşması dalınca qaçdıqda onun şəxsi həyatı da təsadüflərdən asılı vəziyyətə düşür. Cəmiyyətin də vahid konseptual ideyası olmadıqda onu təşkil edən ayrı-ayrı adamların ideyalar toplusu ancaq bir xaos və qarşıdurmalar yarada bilər.
Sual olunur ki, cəmiyyət daha böyük insanlar toplusunu əhatə etdikcə onun inkişaf potensialı artır, yoxsa azalır?
Hər bir adamın müəyyən bilik və bacarıqları vardır. Əgər bunlar toplana bilsəydi, böyük toplumun imkanları daha böyük olardı. Lakin elə hər şey də bu toplama qaydasının səmərəliliyindən asılıdır. Cəmiyyətlər bir-birindən təşkilatlanma dərəcəsi ilə və fərdi impulsların toplanma mexanizmi ilə seçilirlər. Məsələ burasındadır ki, insanların əməli fəaliyyətinin faydalılıq dərəcəsi skalyar yox, vektorial kəmiyyətdir. Biz bu kəmiyyəti şərti olaraq fərdi fəaliyyət impulsu adlandıra bilərik. Burada ideyadan başlayaraq bilik və bacarıqlar vasitəsilə son nəticənin əldə olunmasına qədərki bütün fəaliyyət prosesi əhatə olunur. Bu hadisə ona görə vektorial kəmiyyətlə ölçülür ki, müxtəlif fərdlərin fəaliyyətləri heç də bir-birinin davamı kimi, eyni istiqamətdəki proseslər kimi ortaya çıxmır və onları sadəcə olaraq toplamaq mümkün deyildir. Burada vektorial kəmiyyətlərin toplanma qaydası tətbiq olunur. Fərdi impulsların yönəlmə bucağından asılı olaraq yekun impuls sıfır da ola bilər. Hər halda vektorial cəm həmişə skalyar cəmdən (mütləq qiymətlərin məcmuyundan) kiçik olur. Yekun göstəricinin sıfır ilə mütləq cəm arasında hansı mövqeyə uyğun gəlməsi məhz cəmiyyətin təşkilatlanma dərəcəsindən asılıdır.
Göründüyü kimi, fiziki enerjinin, əməli fəaliyyətlərin toplanma qaydası vektorial cəm prinsipinə uyğundur. Lakin əqli enerji başqa prinsiplə toplanır. Məsələn, biliklərin toplanması ortaq, təkrarlanan hissənin çıxarılması yolu ilə həyata keçir. Biliyin təkrarlanması ilə yekun bilik artmır. İkinci fərdi bilik birinci fərdi biliyə nisbətən məhduddursa və ya bərabərdirsə, onun əlavə olunması yekun biliyi artırmır.
Əqli qabiliyyətlərin toplanması da başqa prinsiplə həyata keçir. Burada çoxluğun bütün hədlərinin cəmi bu çoxluğa daxil olan ən böyük həddin mütləq qiymətinə bərabərdir. Yəni bir qrup adamın yekun ağlı bu qrupdakı ən ağıllı adamın səviyyəsi ilə ölçülür. Bu halda cəm toplananların içərisində ən böyüyünün mütləq qiymətinə bərabər olur.
Riyaziyyatda belə bir prinsip var: toplananların yerini dəyişdikdə cəm dəyişmir. Lakin real həyatda bu belə deyildir. Toplananların yerini ya məkanca, ya zamanca dəyişdikdə nəticə fərqli ola bilər.
Cəmiyyətdə insanların hansı ardıcıllıqla düzlənməsi sadəcə həndəsi mənada başa düşülmür. Burada ən əsas məsələ hər kəsin öz yerində olmasını təmin etməkdir. Belə ki, cəmiyyətin mükəmməl bir mexanizm kimi işləməsi üçün insanların müxtəlifliyindən istifadə olunmalıdır. Bütün üzvləri eyni olan cəmiyyət inkişaf edə bilməz. Hamının bilik və vərdişləri, bacarıqları eyni olduqda əmək bölgüsü prinsipi optimal surətdə həyata keçirilə bilməz. Halbuki, inkişaf ancaq müxtəlifliyin vəhdətindən doğa bilər.
Sivilizasiya üçün iki hərəkətverici qüvvə var. Birincisi, hər bir insanın bilik və bacarıqlarının artırılmasıdır ki, bu da insan imkanlarının təbii məhdudluğu üzündən müəyyən bir hüdudu aşa bilməz. Eyni biliklərə malik insanların toplanmasından isə yeni biliklər hasil ola bilməz. İkinci mənbə müxtəlif istiqamətlərdə ixtisaslaşan insanların məqsədyönlü kombinasiyasından böyük miqyaslı, güclü ictimai mexanizmlərin hazırlamasıdır. Birinci istiqamət fərdlərin inkişafına və kamilləşməsinə, ikinci istiqamət isə cəmiyyətin inkişafına və kamilləşməsinə yönəldilmişdir. Birinci istiqamət Şərq üçün, ikinci istiqamət isə Qərb üçün daha səciyyəvidir.
Lakin indi Qərbdə paradiqmanın dəyişməsi prosesi gedir. Meyarlar özgələşir, struktur yerdəyişmələri baş verir. Qərbdə elə bir inkişaf səviyyəsi yetişib ki, cəmiyyətdə, demək olar ki, hamı savadlı, yüksək təhsilli, siyasətə qoşulmaq iqtidarında olan adamlardır. Burada elita orta təbəqədən az fərqlənir. («Fəhlə aristokratiyası» ideyaları və s.) Kütlə anlayışına səviyyəcə uyğun gələn aşağı təbəqə (cəmiyyətin tör-töküntüsü) isə əslində azlıqda qalır.
Siyasi elita, hakimiyyətdə, yoxsa müxalifətdə olmasından asılı olmayaraq böyük əksəriyyətlə, xalq kütləsi ilə bir növ qaynayıb-qarışır. (Səviyyəcə sərt keçid yoxdur, xarizma mümkün deyil.) Əvvəlki modelə görə, piramidanın zirvəsində durmalı olanlar əksəriyyəti təşkil etdiyindən piramida sanki tərsinə çevrilmiş olur. Azlıqda qalan təbəqə, sosial tör-töküntü, «normalardan» kənara çıxanlar diqqət mərkəzində olur və cəmiyyətin onlara xüsusi münasibəti, hətta qayğısı formalaşır. Cəmiyyət özünü unudub (öz problemləri artıq həllini tapıb deyə), azlıqların (etnik, ya seksual azlıq, narkomanlar, AİDS-ə tutulanlar və s.) dərdini çəkməyə və onlara qayğı göstərməyə, onlar üçün hüquqi baza yaratmağa başlayır.
Dayanıqlılığın təbii prinsipinə görə, sistem geniş oturacağa söykənir və azlıq həmişə üstə çıxır. Ona görə də, piramida çevrilmək məcburiyyətində qalır. Bu hal müasir Qərb cəmiyyətində müşahidə olunmaqdadır. Piramida təbiət qanunlarına uyğun olaraq çevrilsə də, cəmiyyətə tətbiq halında bu, əslində tərsinə çevrilşdir. (Sağlam şüur baxımından hansı model daha yolveriləndir: cəmiyyətin bütün ağırlığını hiss edən azlıqlar, yoxsa azlıqları başına mindirən cəmiyyət?)
Bizcə, Qərbin süqutu ideyasının əsasında həm də bu cür anormal vəziyyəti şərtləndirən sosial gerçəklik dayanır.
Çoxluq ənənəvi olaraq azlığı öz başı üzərinə qaldırıb və bu Qərbdə yeni ənənənin təməlini qoyur. Son dövrlərdə Qərbdə formalaşan yeni dəyərlər sistemində insan haqlarını qorumaq adı altında azlıqların haqları ön plana çıxır. Qərb ölkələri üçün bu, bəlkə də anlaşılandır. Lakin onlar bu yeni paradiqmanın tələblərinə uyğun olaraq bizim ölkədə də məhz həmin azlıqları axtarıb tapmaq, onların xüsusi statusunu müəyyənləşdirmək tələbi ilə çıxış edirlər. Halbuki, bizdə hələ intellektual elitanın özü azlıqdır və cəmiyyət ona qayğı ilə yanaşmaq üçün xüsusi baza yaratmadığı halda, Qərbdəki azlıqların analoqunu axtarıb tapmaq və qayğı ilə əhatə etmək məcburiyyətində qalır.
Dostları ilə paylaş: |