Bütün dinlər Şərq hadisəsidir
İstənilən mədəniyyətin, yaxud sivilizasiyanın mərkəzi elementləri dil və dindir.
S.Hantinqton
Müasir dövrdə Qərbdə ən çox yayılmış mövqelərdən biri sivilizasiyanı din və dillə əlaqələndirmək cəhdləridir. Mənəvi mədəniyyətin təməlində məhz bu iki amilin dayanması doğurdan da, heç kimdə şübhə doğurmur. Çünki dil və din milli-mənəvi keyfiyyətlərin, adət-ənənələrin, əxlaqi dəyərlərin təməl daşı və daşıyıcısıdır. Xüsusən, şifahi xalq ədəbiyyatı ictimai şüurun məhsulu olmaqla, bütövlükdə xalqı səciyyələndirir. Əxlaqi-mənəvi dəyərlərin əksəriyyəti dinin təsiri ilə formalaşır və ya bu təsirə məruz qalır.
Bu məsələ kifayət qədər aydın olduğundan biz onun üzərində dayanmaq istəməzdik. Lakin, təəccüblü olan dil və dinin məhz sivilizasiya ilə uzlaşdırılması cəhdləridir. Sivilizasiya isə mənəvi mədəniyyətdən fərqli olaraq, hiss üzərində deyil, intellekt üzərində qərar tutur. İntellekt isə ümumbəşəri və universaldır. Yəni, bütün insanlar irqindən, dilindən və dinindən asılı olmadan eyni əqli prinsiplər əsasında düşünür. Məntiq hamı üçün eynidir. Dünyanın dərk olunması, təbiət elmləri və onların tətbiq mexanizmləri – bütün bunlar eyni mexanizmə malikdir və milli və yaxud dini mənsubiyyətlə əlaqədar deyildir. Və əgər sivilizasiya, məhz elm və elmi-texniki yaradıcılığın məhsulu kimi ortaya çıxırsa, burada dil və din nə kimi bir rol oynaya bilər? Xristianlığı müasir Qərb sivilizasiyası ilə əlaqələndirməyə çalışanlar «sivilizasiya anlayışının öz mahiyyətindən kənara çıxdıqlarının fərqindədirlərmi?»
S.Hantinqton bütün bəşəriyyətə məxsus olan, universal olan nə varsa, hamısını Qərblə əlaqələndirərkən Şərqdə universal düşüncənin, intellektin, elmin varlığını tamamilə inkar etmək məqsədimi güdür? Görünür, məqsəd məhz bundan ibarətdir ki, bölgünün özü Şərq və Qərb kimi yox, Qərb və qeyri-Qərb kimi aparılır və qeyri-Qərb üçün ancaq universalizmdən kənar olan amillər saxlanılır.16
Əlbəttə, dillə bağlı motivlər aydındır. İngilis dilinin dünya dili və sivilizasiya dili kimi qəbul edilməsi zərurətindən danışanların mövqeyi heç də arqumentsiz deyil. Elm ümumbəşəri olduğu üçün dünya elmi ictimaiyyəti öz fəaliyyətini əlaqələndirmək üçün vahid dildən istifadə etmək məcburiyyətindədir. Belə bir dil kimi məhz ingilis dilindən istifadə edilməsi isə dilin öz xüsusiyyəti olmayıb, bu dildə danışan xalqların müasir dildə daha böyük hərbi-siyasi, iqtisadi və kommunikasiya imkanlarına malik olmaları ilə bağlıdır. Antik dövrdə belə bir elm dili rolunu – yunan dili, orta əsr Şərqində – ərəb dili, ta XVIII əsrə qədər Avropada isə – latın dili oynamışdır. XIX əsrdə fransız, alman və ingilis dilləri arasında rəqabət getmiş və nəhayət, XX əsrdən ingilis dili üstünlük qazanmışdır. Lakin, bununla belə, bütün sosializm düşərgəsində belə bir dil kimi rus dili də hegemonluq və universallıq uğrunda mübarizə aparmışdır. Bu mübarizə də yenə ingilis dilinin xeyrinə həll olunmuşdur. Daha doğrusu, dilin yox, ingilis dilli ölkələrin. Biz bu qısa tarixçəni ona görə yada saldıq ki, hansı isə dilin prioritetliyi əslində dilin yox, onun arxasında duran dövlətin siyasi və iqtisadi gücü ilə müəyyən olunur. Əgər Rabindranat Taqor, Cübran Xəlil Cübran hansı əsərlərinisə ingilis dilində yazırsa, bu heç də o demək deyildir ki, onlar Qərb düşüncəsini, Qərb sivilizasiyasını təmsil edirlər. Bu baxımdan, dil sivilizasiya amili kimi götürülə bilməz.
Dinin buraya qatılması və din amilinin qabardılması isə, heç şübhəsiz, ya subyektiv mülahizələrlə əlaqədardır, ya da onun mahiyyəti düzgün təsəvvür olunmur. Əslində, din universal əqli keyfiyyətlərlə deyil, duyğu ilə bağlıdır və insan «Mən»inin daha dərin qatlarını ifadə etməklə yanaşı, lokal mədəni-mənəvi mühitlə, hətta fərdi mövcudluqla əlaqədardır.
Dini duyğu, insani mahiyyətlə bağlı olduğu üçün, daha dərin və qədim köklərə malikdir. C.Əfqaninin yazdığına görə, «İnsanın ilk tərbiyəsi onun dini tərbiyəsidir, fəlsəfi dünyagörüş sonra yaranır».17 Lakin fəlsəfi düşüncənin formalaşmasında dini hissin böyük rolu vardır. Həm din, həm də fəlsəfi düşüncə insan mənəvi dünyasının empirik və nəzəri elmdən fərqli bir sahəsidir. Öz xüsusiyyəti etibarilə, onlar daha çox Şərq hadisəsidir. Əmin ər-Reyhani buna işarə ilə yazır: «Mən Şərqəm. Mən fəlsəfənin və dinin sahibiyəm».18
Dostları ilə paylaş: |