Qloballaşma, yoxsa qlobal sivilizasiya?!
Bəşəriyyətin bütövləşməsindən böyük qüvvə alınması gözlənilir. Lakin bu qüvvənin həmişə idarə edilə biləcəyi sual altındadır.
Teyyar de Şarden
Son vaxtlar fəlsəfi və ictimai-siyasi fikirdə ən çox rast gəlinən anlayışlardan biri qloballaşmadır. Lakin təhlil göstərir ki, fəlsəfi kontekstdə bu anlayış heç bir yük daşımır. Belə ki, son dövrlərdə dünyanın coğrafi-siyasi xəritəsində ikiqütblü inkişafdan birqütblü inkişaf yoluna keçid tendensiyası müşahidə olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iqtisadi situasiyanı ifadə edir və hər hansı obyektiv-zəruri inkişaf qanunauyğunluğunu əks etdirmir.
Fəlsəfə maddi dünyada olduğu kimi, ictimai-siyasi həyatda da konkret tarixi vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öyrənir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri yarandığı gündən bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasından başlayaraq daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti ehtiva edən genişmiqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna kəsb edir.
Bu cür yanaşdıqda qloballaşmanın tarixi bəşər tarixi ilə üst-üstə düşür. Yəni, hər bir insan özünün həyat uğrunda, özünü və dünyanı dərk etmək, onları dəyişdirmək və dünyanı insana tabe etmək istiqamətindəki mücadiləsində gec-tez başqa insanlarla iş birliyi yaratmaq məcburiyyətində qalır və bu proses ta bütün bəşəriyyəti əhatə edənə qədər genişlənməkdə davam edir. Ailə, tayfa, millət, milli dövlət bu inkişaf yolunda pillələrdir.
Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fərdi insan mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətindən irəli gəlir və bir tendensiya kimi həmişə mövcud olmuşdur.
İndi qloballaşma adı altında baş verən proseslər əslində bir qütblü dünyanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bayraq altında sıraya düzülməsi, bir dilin başqa dilləri, bir siyasi iradənin başqa siyasi iradələri, bir iqtisadi marağın başqa maraqları sıxışdırıb çıxarması ilə müşayiət olunur. Fəlsəfədə izlənən ümumictimai təşkilatlanma prosesi isə belə subyektiv meyllər fövqündədir.
Kant tərəfindən irəli sürülən vahid planetar dövlət ideyası Hegelin ümumdünya-tarixi təfəkkür ideyası, K.Yaspersin «istiqamətlənmiş zaman» təlimi və s. ictimai zəruri inkişaf tendensiyasnı ifadə etməklə fərddən millətə, millətdən bəşəriyyətə gedən yolun qanunauyğunluqlarını, mahiyyətini izah edir. Bu yolun bir məntəqəsi olan dövlət bir çox mütəfəkkirlər tərəfindən ictimai sazişin nəticəsi kimi izah olunmuşdur. Yəni, insanlar cəmiyyəti daha yaxşı idarə etmək üçün ictimai təşkilatlanmanın optimal formalarını axtarır və müxtəlif ictimai-siyasi inkişaf mərhələlərində həmin inkişaf səviyyəsinə adekvat olan idarəçilik formaları tapılır. Bu məntiqlə bütün bəşəriyyət miqyasındakı vahid idarəçilik sistemi də ictimai sazişin nəticəsi olmalıdır. Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq hüquq normaları məhz bu məntiqdən doğmuşdur. Bu proses, əlbəttə, qloballaşma adlandırıla bilərdi, lakin belə olmamışdır. İndi qloballaşma adı ilə təqdim olunan tendensiya nəzərdən keçirdiyimiz bəşər tarixinin məntiqi davamı kimi ortaya çıxmır. Ona görə də bu iki proses fərqləndirilməlidir.
Əvvəlcə, aydınlaşdırmaq lazımdır ki, mahiyyəti etibarilə ümumbəşəriləşmə, ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən bəşəriyyətə gedən yol fəlsəfi ədəbiyyatda öz əksini hansı terminlərlə tapmışdır. – Şübhəsiz ki, ilk növbədə sivilizasiya termini ilə! Hətta sözün etimologiyasından da göründüyü kimi, söhbət ictimailəşmədən, fərd müstəvisindən ictimai toplum, cəmiyyət müstəvisinə keçiddən gedir. Və məhz sivilizasiya insanların birləşməsindən, birgə əməli fəaliyyətdən doğan yeni enerji potensialının daşıyıcısı olur. Yəni, toplumun gücü fərdlərin gücünün cəmindən çox olur. Və fərdlər təbiətlə, dünya ilə qarşılıqlı münasibətində bu yeni güc potensialından istifadə etməyə başlayır.
Biz sonrakı paraqrafda sivilizasiyanın mahiyyətini daha geniş işıqlandırmağa çalışacağıq. İndi isə məqsədimiz bu ictimai-zəruri prosesin fəlsəfi mənada qloballaşma tendensiyasını ifadə etməsi və geopolitik kontekstdə ortaya çıxmış qeyri-fəlsəfi qloballaşma terminindən fərqini vurğulamaqdır.
İnsan özünü hələ dünyadan, təbiətdən ayırmadığı vaxtlarda o, bütöv idi. Özünü təbiətə qarşı qoyduqca, ayrıldıqca bu, bütövlükdə boş sahələr yaranmağa başladı. Və bu boşluq insanın zehni və əməli fəaliyyəti ilə əsrlər boyu damla-damla yeni məzmun, yeni mahiyyətlə doldurulmuş oldu.
Dünyanı bir küll halında duyan, hiss edən insan onu rasional düşüncə ilə anlamaq üçün hissələrə ayırdı. Bütöv dünya parça-parça oldu, hadisələr toplumuna çevrildi. İnsanın məni də parçalandı və yenidən parçalardan, hissələrdə rekonstruksiya olundu. Pozulmuş intuitiv ahəngin yeni rasional ahənglə əvəzlənməsi üçün neçə-neçə minilliklər ərzində insanın rasional quruculuq fəaliyyəti lazım gəldi.
Rasionallaşma, dünyaya seyrci münasibət, dünyanın məntiqi dərki insanı özündən ayırıb, bütövlüyündən məhrum edib, təbiətin, maddi dünyanın qoynuna atdı. Mifik dünya, əsrarəngiz dünya, poetik dünya buz kimi soyuq ağlın təmasından çatladı, hissələrinə ayrıldı. Və hissi idrakın tələblərinə uyğun olaraq insan miqyası ilə müqayisə olunacaq lokal tədqiqat sahələrinə ayrıldı. Bu sinkretik sahələr də öz növbəsində duyğu orqanlarının fiziki-fizioloji qavrama imkanlarına uyğun rakurslara bölündü.
Bu bölünmə hissi idrakın hökmü ilə həyata keçirildi. Yenidən bütövləşmək, ayrı-ayrı parçaları və rakursları vahid ortaq məxrəcə gətirmək, hissələrin arxasında tamı görmək, hissi obrazların arxasında həqiqəti sezmək və nəhayət, haçandan haçana bütövlükdə dünyanın elmi mənzərəsini yaratmaq uğrunda idrak mücadiləsi neçə min illər ərzində davam etdi. Lakin insan yenə də bütövləşə bilmədi.
Bir insanın rasional quruculuq fəaliyyətindəki məhdudluq, lokallıq bütövlüyün əldə olunması naminə daha çox insanın birgə fəaliyyətinin, daha doğrusu fəaliyyətlərinin birləşməsini tələb edirdi. Sivilizasiya bu missiyanı da öz üzərinə götürdü.
İnsanların intellektual fəaliyyətinin cəmiyyət miqyasında birləşdirilməsi… Əməli fəaliyyət sahəsindəki səylərin birləşdirilməsi, əmək bölgüsü və bölünmüş əməli fəaliyyətlərin inteqrasiyası, birgə yaradıcılıq səyləri ilə yaranan elmi nəzəriyyələr, kəşflər və onların tətbiqinin nəticəsi olan texniki qurğular, maşınlar, sex, manufaktura, fabrik, zavod, avtomatlaşmış istehsal müəssisələri…
İnsan idrakı ilə bölünmüş təbiətin insan ideyaları əsasında yenidən birləşməsi və ikinci təbiətin yaranması. Bütün bu fəaliyyətlərin, bütün bu intellektual yaradıcı proseslərin subyekti olan… insanmı? Yox, bəşəriyyət.
Bəli, ümumbəşərilik sivilizasiyanın mahiyyətindədir. Bəşəriyyət hələ özünü bir tam kimi tanımadığı dövrlərdən, qeyri-aşkar şəkildə ayrı-ayrı fərdlərin fəaliyyətinin arxasında dayanaraq maddi istehsal prosesini, elmi-texniki tərəqqini, informatizasiyanı, bir sözlə, sivilizasiyanı yaradırdı.
Düzdür, bir çox hallarda bu böyük ictimai birlik, bu böyük ümumbəşəri qüvvə məhz planet miqyasına gəlib çatmamış, lokal və regional sivilizasiyalar mövcud olmuşdur. Lakin bizcə, onların da subyekti yarımçıq bəşəriyyətlər yox, məhz bəşəriyyət özüdür.
Bu gün bəşəriyyət özünü dərk etməyə lap yaxın ikən, min illər ərzində gedən proseslər öz məntiqi yekununa az qala çatır ikən ictimai-siyasi proseslərdə baş verən təbəddülatlar onun üçün təhlükəyə çevrilmişdir. Sivilizasiyanın obyektiv zəruri gedişatı qloballaşma deyilən yandançıxma bir proseslə təhlükə altına alınmışdır.
Biz heç də müasir dövrdə qloballaşma adı altında gedən prosesin əleyhdarı kimi çıxış etmək fikrində deyilik. Sadəcə olaraq, adın düzgün seçilməməsi, mahiyyətin təhrif olunması ucbatından həqiqi böyük qloballaşma prosesinin, yeni, ümumbəşəri sivilizasiyanın arxa plana keçməsinin və nəzərdən düşməsinin əleyhinəyik.
Əlbəttə, ictimai hadisələrin miqyası böyüdükcə onları hansı isə bir, bütöv ideyanın maddi təcəssümü kimi izah etmək çətinləşir. Kiçik miqyaslı hadisələri sonradan müəyyən ideya istiqamətində düzmək və bütövlükdə tarixin məqsədini onun ayrı-ayrı parçalarının timsalında seyr etmək nisbətən asandır. Lakin bütöv tarixi prosesi sivilizasiya kontekstinə salmaq və intellektual texnoloji quruculuq prosesi ilə ictimai hadisələr, tarix səhnələri arasında əlaqə yaratmaq və bütün bunların vahid ideya əsasını müəyyən etmək, əlbəttə, çətindir. Lakin bu, çox önəmlidir. Bəşəriyyət bundan sonra hara gedəcəyini dərk etmək üçün buna qədər hansı ideya əsasında inkişaf etdiyini mütləq anlamalıdır.
Biz bütövlükdə bəşər tarixini bütün lokal sivilizasiyaları əhatə edən bu geniş əhatəli prosesi məzmununa uyğun olaraq qlobal sivilizasiya adlandıracağıq. İdeya müəllifi və icraçısı bütövlükdə bəşəriyyət olan bu proses ayrı-ayrı fərdlərin və lokal ictimai qrupların, millətlərin, dövlətlərin neçə min illər ərzində göstərdikləri məqsədyönlü fəaliyyətlərin vektorial cəmi kimi ortaya çıxır.
Çağdaş mənada qloballaşma da, şübhəsiz, qlobal sivilizasiyanın əhatə etdiyi müxtəlif yönümlü, müxtəlif çeşidli, müxtəlif ömürlü proseslərdən biridir. Qlobal sivilizasiya qloballaşmadan fərqli olaraq həmçinin qlobal problemləri də əhatə edir. Ekologiyanın ayrı-ayrı lokal problemlər çərçivəsində yox, bəşər tarixi kontekstində, insanın mahiyyəti kontekstində nəzərdən keçirilməsi də məhz qlobal sivilizasiya çərçivəsində mümkün olur.
Məhz qlobal sivilizasiyanın bəşəriyyətin ideya təcəssümü kimi nəzərdən keçirilməsi yenidən insanın mahiyyəti probleminə, həyatın mənası probleminə və həqiqi böyük fəlsəfi problematikaya qayıdışı da şərtləndirmiş olur.
Uzun bir dövr ərzində ayrı düşmüş mənəviyyatla texnogen cəmiyyət, mədəni-mənəvi dəyərlər sistemi ilə maddi-texniki sistemlər, fərdi-mənəvi yaşantılarla ictimai-siyasi proseslər, adi insani xoşbəxtliklə planetar vətəndaşlıq məsuliyyəti, nəhayət ki, eyni bir ortaq məxrəcə, eyni baxış müstəvisinə gətirilir. «Bəşəriyyətin uşaqlıq çağı» olan antik dövrdə olduğu kimi, yenidən mikrokosmun makrokosmla əks əlaqəyə girməsi, özünü rasional dünyada, süni təbiətdə itirmiş insanın yenidən özünü tapması…
* * *
Üçüncü minilliyin başlanğıcında dünyada gedən ictimai-siyasi və iqtisadi proseslər kontekstində ən çox nəzərə çarpan hadisələrdən biri tarixi İpək Yoluna qayıdışdır. Bu gün neçə yüzillər və minillər keçdikdən sonra bir vaxtlar dünyanın iki qütbünü birləşdirən Böyük İpək Yolunun yenidən bərpası məsələsi ortaya çıxır, Azərbaycan da yenidən Şərqlə Qərb arasında strateji körpü rolunu oynamağa başlayır.
Lakin nəyə görə məhz indi?
400 il keçdikdən sonra dünyada dəyişən nə olmuşdur? İpəyəmi yenidən ehtiyac yaranmışdır, karvanamı?
Karvan dövrü çoxdan keçmişdir. Onun çox güclü alternativləri onu ticarət yollarından çoxdan sıxışdırıb çıxarmışdır və yeni nəqliyyat vasitələri dünyanın ən ucqar qütblərini ən qısa müddətə birləşdirmək imkanı açmışdır.
İpək də daha çoxdandır ki, Şərqi səciyyələndirmir. İpəyin də olduqca müxtəlif alternativləri meydana çıxmıçdır. Elm və texnologiya inkişaf etdikcə çox müxtəlif çeşidlərdə istehsal olunan sintetik parçalar ipəyin həm zahiri, həm də fiziki xassələrini asanlıqla əvəz edir. Həm də bu sahədə Qərb Şərqi üstələyir. İndi dəvə də, karvan da, ipək də, köhnə geyimlər, dəblər də, adət-ənənələr də daha çox dərəcədə ekzotikaya çevrilir. Onlar qərbliləri iqtisadi cəhətdən deyil, başlıca olaraq tarixi və etnoqrafik baxımdan maraqlandırır. Bir çox Şərq ölkələri iqtisadi partnyorluqdan çıxaraq istirahət və turizm diyarlarına çevrilir.
Lakin doğrudanmı Qoca Şərq müasir Qərb dünyasını ancaq tarixi ilə, keçmişi ilə, ekzotikliyi ilə cəlb edir? Və doğrudanmı daha Şərqin deməyə yeni sözü qalmamışdır?
Bəli, son əsrlərdə məhz belə bir tendensiya hiss olunmaqda idi. Çoxları elə düşünürdü ki, indi daha qədim ticarət yollarını turist yolları əvəz edə bilər. Təyyarələr, çarter reysləri həqiqətən daha çox dərəcədə turistlərə xidmət edir. Onların yükləri də çox vaxt məhz keçmişə söykənən suvenirlərdən ibarət olur.
Qərbin Şərqə marağı daha çox dərəcədə gəncliyin ağsaqqalla görüşü, keçmişdən ibrət dərsi almaq xarakteri daşıyır. Təsadüfi deyildir ki, Şərqlə Qərb arasındakı dialoqun başlıca istiqamətlərindən birini indi mədəniyyətlər arasındakı mübadilə təşkil edir.
Lakin son illərdə başqa meyl də getdikcə güclənməkdədir. Qədimdə ipək gedən yollarla indi neft və qaz nəql olunmağa başlamışdır.
Yolların da rolu yenidən artmağa başlamışdır. Düzdür, Böyük imperiyalar dövrü artıq çoxdan keçmişdir. Amma böyük siyasətlər dövrü hələ keçməmişdir. Əksinə, indi siyasətin rolu daha çox artmağa başlamışdır. Əvvəllər qılıncın dediyi sözləri də indi iqtisadi mənafelərə əsaslanan siyasət deyir.
Tarixdən yaxşı məlumdur ki, müharibələr siyasətə müdaxilə edəndə siyasət gözəlliyini də itirir. Siyasi münasibətlərin öz labirintləri var və bu labirintdən ancaq böyük siyasətçi, bələdçinin köməyi ilə çıxmaq mümkündür.
Lakin çox təəssüf ki, qaba qüvvət, müharibə taktikası ölkələr arasında incə siyasət körpüsünü dağıtmış, qarşılıqlı iddialar, hərbi və siyasi qarşıdurmalar yaratmışdır.
Bəşər tarixinə ilkin nəzər saldıqda çox vaxt ticarət də, iqtisadiyyat da, elm və mədəniyyət də arxa plana keçir və ən çox gözə çarpan müharibələr olur, böyük iddialı sərkərdələrin, şahların, kralların böyük-böyük imperiyalar yaratmaq uğrundakı mübarizələri...
Əgər müxtəlif ölkələr sərvətlərinə görə eyni olsa idilər, bəlkə də bu qədər müharibələr olmazdı. Əgər dünyanın bu başından o biri başına qədər yol keçən müxtəlif yüklü dəvə karvanları rahatca gedib-gələ bilsəydilər beynəlxalq münasibətlər tarixində də hərb və siyasət deyil, ticarət ön yerdə durardı.
Ancaq tarixdə ipək yüklü dəvə karvanları ilə yanaşı həmişə əliqılınclı süvari dəstələri də olub. Qitələri, diyarları birləşdirən sülh məramlı tacirlərlə, karvanbaşılarla yanaşı, ölkələr arasında sərhədlər çəkən, ticarət əlaqələrindən bac-xərac tələb edən sərkərdələr, xanlar, xaqanlar da olub.
İqtisadiyyat, ticarət dünyanı birliyə, vəhdətə sövq etdiyi halda, rəyasət və siyasət dünyanı parçalanmağa və hərənin öz ağalıq zonasını yaratmasına yönəlidir.
Neçə-neçə imperiyaların ərazisindən və nüfuz dairəsindən keçən qanlı-qadalı Böyük İpək Yolu isə bütün çətinliklərə baxmayaraq, min illər ərzində yaşamağa davam edib.
Ancaq XVI əsrdə nisbətən az xətərli olan okean yolları kəşf olunduqdan sonra, Böyük İpək Yolu da nəfəsini dərmək üçün bir qədər arxa plana keçib, karvanları okean gəmiləri əvəz edib.
Azərbaycanın müstəqil dövlət kimi yeritdiyi beynəlxalq iqtisadi siyasət imkan verdi ki, daha kəsə və iqtisadi cəhətdən əlverişli ticarət yolu – ümumiyyətlə beynəlxalq əlaqələrin bütün sahələrini əhatə edən yeni yollar salınsın. Məlum oldu ki, bu, vaxtilə min illər boyunca fəaliyyət göstərmiş İpək Yolunun yeni variantı ola bilər. Hələ o vaxt ən optimal yol İpək Yolu idi. Qədim İpək Yolunun prioritetliyi b.e.ə. III-II əsrlərdən başlayaraq XVI əsrə qədər davam etmişdi.
XV-XVI əsrlərdə, bir tərəfdən imperiyalar arasında münasibətlərin kəskinləşəməsilə əlaqədar olaraq, digər tərəfdən Şərq ölkələrindən – Çindən, Hindistandan, Orta Asiyadan quru yolla aparılan məhsulların istehsal texnologiyasının artıq neçə illər, əsrlər ərzində Qərb ölkələrində mənimsənilməsi sayəsində ticarətdə prioritetlər xeyli dərəcədə dəyişildi. Bəzən məhsulların ixracı ilə paralel olaraq ixtisaslı kadrlar və texnologiyalar ixrac olunurdu və ticarəti yerli istehsal əvəz edirdi. Ona görə də XVI əsrdən sonra müxtəlif səbəblər nəticəsində bir neçə əsr ərzində İpək Yolu fəaliyyətini dayandırmış və ya məhdudlaşdırmışdır. O vaxt bu yol daha çox dərəcədə Cənubi Azərbaycan ərazisindən keçirdi və XVI əsrdən sonra Çindən gedən ipəyin məhdudlaşması nəticəsində Azərbaycan ipəyinin Qərbə ixracı daha da genişləndi. XVII-XIX əsrlərdə Azərbaycanda ipəkçilik, həm də Şərq ölkələri üçün ənənəvi olan bir sıra digər məhsulların ixracı genişlənirdi. Yeni dövrdə Azərbaycan daha çox rol oynamağa başladı.
Amma məhz Azərbaycanın müstəqillik əldə etməsi, bütün dünya ölkələrinə münasibətdə açıq iqtisadi siyasət yeritmək strategiyasını seçməsi, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranması, Azərbaycanın iqtisadi cəhətdən ciddi partnyor kimi qiymətləndirilməsi və təsdiq olunması – bütün bunlar elə bir perspektiv açdı ki, yenidən bərpa olunacaq ticarət yolunda Azərbaycan mərkəzi yerlərdən birini tutdu. Düzdür, analoji statusa Orta Asiya ölkələri də malikdir, onlar da müstəqil, bağımsız ölkələrdir, böyük xammal ehtiyatları var. Lakin Azərbaycan Asiya ilə Avropa arasında xüsusi strateji mövqe tutur. Azərbaycan həm Xəzər dənizi ilə birbaşa əlaqəsi olduğuna, Orta Asiya ölkələrilə əlaqələr yaratmaq imkanlarına, həm də son illərdə vaqonların, böyük avtomobillərin, yük maşınlarının bərə ilə keçirilməsi asanlaşdığına görə müəyyən üstünlüklərə malikdir. Ən başlıcası isə Azərbaycanın və ona rəhbərlik edən şəxsiyyətin dünya nüfuzuna malik olması və onun simasında iqtisadi əlaqələrin, bağlanan müqavilələrin etibarlılığı Qərb dünyasında bu yolun bərpa olunmasına həvəsi artırır və onu təminatlı edir. Eyni zamanda, Uzaq Şərq ölkələri və ilk növbədə Yaponiya yeni açılan imkanı görür və ona görə də qədim İpək Yolunun bərpası ideyasından çıxış edirlər. Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfransın respublikamızda keçirilməsi Azərbaycanın yeni yaradılan beynəlxalq magistralda aparıcı rol oynamasını daha da möhkəmləndirəcəkdir. Yeni bağlanan müqavilələrdə Azərbaycanın strateji mövqeyi təsbit olunur və çəkilən yeni yolların – avtomobil, dəniz, dəmiryolu – hamısında Azərbaycanın xüsusi çəkisi yüksəkdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev iqtisadiyyatın inkişafında yolun böyük rolunu xüsusi qeyd etmişdir: «Yol iqtisadiyyatın, iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa iqtisadiyyat inkişaf edə bilməz. Xüsusilə, regional iqtisadiyyat çox böyük çətinliklərlə üzləşə bilər. Bizim məqsədimiz isə ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi, hər bir regionu sürətlə və hərtərəfli inkişaf etsin. Əlbəttə, bu məqsədə çatmaq üçün ilk növbədə müasir yollar olmalıdır.»10
Dəmir yollarının və yüksək keyfiyyətli avtomobil yollarının salınması XX əsrdə quru yolunu yenidən aktuallaşdırmışdır. Bu qayıdış sadəcə nəqliyyat növünün inkişafında tsiklikliyə, dövriliyə dəlalət etmir. Bu qayıdış ənənəvi vasitələrin yeni intellektual və texnoloji imkanlar sayəsində ikinci nəfəs əldə etməsindən xəbər verir.
Bundan əlavə, bu gün Avropa ölkələrinin Şərq dünyasına marağı artmaqdadır. Bunu bir neçə səbəbdən izah etmək olar. Birincisi, SSRİ imperiyasının dağılması ilə ideoloji baryerin və maneələrin aradan götürülməsi; ikincisi, Orta Asiya respublikalarının müstəqil dövlətlərə çevrilməsi; üçüncüsü, Çinlə münasibətlərin yumşaldılması. Çünki ideoloji baryer olanda nə SSRİ daxilində olan Şərq ölkələri ilə, nə də Çinlə sərbəst ticarət əlaqələri yaratmaq mümkün deyildi.
Sözsüz ki, bu kimi iri həcmli layihələrin reallaşması və böyük kapital qoyuluşu bu istiqamətdə region dövlətlərindən cəsarətli addımlar atılmasını tələb edirdi. Çoxları gözləmə mövqei tutduğu halda bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, Heydər Əliyevin məqsədyönlü siyasəti və ciddi səyləri nəticəsində uzun müddətə nəzərdə tutulmuş neft strategiyasının ilk mühüm addımı atıldı. “Əsrin kontraktı” adını almış və Xəzərdə iri miqyaslı neft hasilatını nəzərdə tutan bu müqavilə Azərbaycanın təkcə iqtisadiyyatının yox, həm də Azərbaycanın beynəlxalq siyasətinin əsl təntənəsi idi. Zaman keçdikcə o vaxt atılmış bu müdrik addımın əhəmiyyəti daha çox hiss olunur. Bu kontrakt həm də regionda bütün sonrakı neft layihələrinin reallaşmasına rəvac vermiş oldu.
XXI əsrdə dünyanın bir çox dövlətlərini vahid iqtisadi məkanda birləşdirmək bu proqramın baş xəttini təşkil edir. 70 il xarici dünyadan təcrid olunmuş Xəzər hövzəsi ölkələrinin milli iqtisadiyyatlarının qlobal təsərrüfat sisteminə qoşulmasında dəmir və dəniz yolları, boru xətləri və avtomobil magistralları müstəsna əhəmiyyətə malikdir.
Müasir dövrdə TRASEKA-nın Qərb-Şərq nəqliyyat inteqrasiyasında rolu danılmazdır. Bu, milli nəqliyyat sistemlərinin Avropa və dünya nəqliyyat şəbəkələrinə qoşulması deməkdir.
Şərq-Qərb, Şimal-Cənub yollarının kəsişməsində yerləşən Bakı şəhəri vahid Avropa-Asiya nəqliyyat sistemində iri nəqliyyat qovşağı rolunu oynayır. TRASEKA proqramının həyata keçirilməsi Bakının nəqliyyat şəbəkəsinin bərpasında həlledici amilə çevrilir.
Əsas İxrac Boru Kəməri – Bakı-Tbilisi-Ceyhan Xəzər neftini dünya bazarlarına ən səmərəli istiqamətdə çatdıran boru kəməridir.
Beləliklə, qısa müddət ərzində Azərbaycan Avropa və Asiya arasında sadəcə körpü rolu ilə kifayətlənməyərək, mühüm iqtisadi mərkəzə çevrilmişdir. Ümid etmək olar ki, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində əldə edilmiş uğurlar həm də bölgədə siyasi sabitliyin və mədəni inkişafın rəhni ola bilər.
Lakin dünyanın vəhdəti deyil, bölüşdürülməsi ideyası hələ də üstünlük təşkil etdiyindən, hələ də bir sıra bölgələrdə hərb və siyasət iqtisadi əlaqələrin, ticarətin, mədəniyyətlərin dialoqunu üstələyir. Ona görə də iqtisadi və mədəni-mənəvi əlaqələr diapazonunun daha da genişləndirilməsinə böyük ehtiyac vardır. Bu baxımdan, «Əsrin kontraktı», TRASEKA proqramı və İpək Yolunun bərpası üçün göstərdiyi böyük səylər estafetin iqtisadiyyata və mədəniyyətə verilməsi naminə atılan ən ciddi addımlar hesab oluna bilər.
İndi planetimiz yeni böyük bir eranın başlanğıcındadır. Bəşəriyyət imperiyalarsız və müharibələrsiz yaşamaq praktikasını öyrənir. Elə bir praktikanı ki, yolları idarə edən ancaq iqtisadi prinsiplər olsun. İndi konkret coğrafi ərazilərlə sərhədlənmiş imperiyaları iqtisadi nüfuz dairələri əvəz edir. Və dünyada gedən proseslərin mərkəzində vahid iqtisadi məkan yaratmaq uğrunda mübarizə dayanır.
Şərq və Qərbin vəhdəti kontekstində siyasiləşmiş qloballaşma prosesinin əvəzinə, qlobal sivilizasiya ideyasının inkişaf etdirilməsi daha çox elmi əsaslara malikdir.
Dostları ilə paylaş: |