İkincisi, Şərq və Qərb bölgüsü mədəni-mənəvi bölgü kimi, habelə sivilizasiyaların tipi və düşüncə tərzləri arasındakı fərqə görə getdiyindən biz kitabda bu anlayışlardan məhz həmin mənada istifadə edəcəyik.
Üçüncüsü, və ən başlıcası, Şərq və Qərbi fərqləndirən ən mühüm amil münasibətlərin şəxsi, yoxsa ictimai miqyasda qurulmasıdır. Belə ki, Şərq düşüncəsində məqsəd insanın kamilləşməsi, Qərb düşüncəsində isə – cəmiyyətin təkmilləşdirilməsidir.
Bəli, Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsüdür. Qədimlik və ənənəvilik müasirliklə, modernləşdirmə ilə qarşılaşır. Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intellektual və texnoloji uğurlar yada düşür. Bu cür başa düşüldükdə, Yeni Dövrə qədər hər hansı bir Qərb sivilizasiyasından danışmaq mümkün deyil. Roma imperiyasının süqutundan ta Renessans dövrünə qədər Avropa da Şərq sivilizasiyasının bir hissəsi idi. Həm də ucqar hissəsi, əyalət idi. Dünyada baş verən əsas proseslər, sivilizasiyanın ağırlıq mərkəzi, geopolitik situasiyanı müəyyən edən böyük hadisələr məhz Şərqdə baş verirdi. Avropa ölkələri ancaq bu böyük mədəniyyət mərkəzləri ilə bağlı olmaq dərəcəsinə görə sivilizasiyaya qatıla bilirdi. Təsadüfi deyildir ki, Orta əsrlərdə müsəlman dünyasının təsir dairəsində olan İspaniya elmi-fəlsəfi fikrin inkişafında oynadığı rola görə bütün digər Avropa ölkələrindən öndə gedirdi. Vatikan isə sivilizasiyanın, tərəqqinin yox, sxolastikanın və inkvizisiyanın ideya mərkəzi idi.
Varlığın iki böyük əsasının, maddi və mənəvi, hissi-empirik və hissi-estetik başlanğıcının bu və ya digər dövrdəki prioritetliyi bəşər sivilizasiyasının müxtəlif zaman kəsiklərində formalaşan müxtəlif keyfiyyətli, xarakterli qatlarının fərqləndirilməsi də coğrafi bölgüyə əsaslanmır. Sadəcə olaraq müasir Avropa «Qərb sivilizasiyası»nın daşıyıcısına çevrildikdən sonra onun keçmiş zamana ekstrapolyasiyası subyektiv mülahizələrlə həyata keçirilir ki, bu da avropasentrizimin daha bir təzahürüdür. Onların əsas arqumenti, əlbəttə, antik sivilizasiyadır. Lakin obyektiv təhlil göstərir ki, antik dövrdə yaradılan dəyərlər sistemi müasir Şərq və Qərb bölgüsü baxımından heç bir tərəfə uyğun gəlmir və daha çox dərəcədə sinkretik hadisədir.
Şərq təfəkküründə ona görə hissi-estetik və metaforik məqam ön plana çıxır ki, insan-dünya münasibətlərində bütövlüyün qorunub-saxlanması üçün onlar hissi-empirik və rasional məqamlara nisbətən daha əlverişlidir. Bizim Qərb düşüncəsi kimi səciyyələndirdiymiz hissi-empirik metod hadisələrin hissələrə ayrılmasını, parçalanmasını tələb edir. Marksizmin terminologiyası ilə desək, əslində bu, metafizik metoddur. Və Qərbin bütün sonrakı uğurlarının təməlində dünyanın məhz hissə-hissə, konkret hissi təcrübə aktları sayəsində öyrənilməsi və bu hissələrin sintezindən onun yeni, bütöv mənzərəsinin hasil olması dayanır. Bu, əslində dünyanın elmi təhlilidir. Təsadüfi deyildir ki, bir çox tədqiqatçıların fikrinə görə, «Elm – Qərbin yeni dinidir».5 Daha doğrusu Qərbin təməlində din yox, elm dayanır.
Lakin Şərq dünyanın bədii-estetik mənzərəsindən çıxış edir. Hissədən yox, bütövdən başlayır. Sonlu olanlar sonsuzluğun, əbədiyyətin bir anı, məqamı kimi götürülür. Hegelin haqlı olaraq müşahidə etdiyi kimi, “Şərqdə bölünməz, möhkəm, vahid, substansional olanlar üstünlük təşkil edir... Qərb isə, xüsusən yeni dövrdə, sonsuzluğun müntəzəm bölünməsindən və parçalanmasından çıxış edir”.6
Qərb düşüncə tərzinə görə, bütöv – hissələrin cəmidir. Əvvəlcə hissələr dərk edilməli, sonra onlardan bütöv konstruksiya alınmalıdır. Bunun üçün isə empirik və rasional idrakın vəhdəti tələb olunur.
Rasional idrak Şərq üçün də səciyyəvidir. Lakin Şərqdə rasional, yəni, əqli fəaliyyət birbaşa bütövün dərkinə yönəldilir. Düşüncənin obyekti nə az, nə çox, bütövlükdə kainat, ali məqsəd, əbədiyyət və nəhayət, Allahın özüdür.
Allah ideyasının birbaşa mənimsənilməsi Qərb düşüncəsi üçün səciyyəvi deyil. Ona görə də, Qərb ya dindən ümumiyyətlə kənarda dayanır, ya da Allah ideyasını sadəcə bir simvol kimi qəbul edərək düşüncənin strukturundan kənarlaşdırır və məhz kənarda özünü tapmış olur. Qərbdə azadlıq nəinki başqa insanların, sosial qurumların, siyasi hakimiyyətin məhdudiyyət sferasından, həm də Allahın hər yerdə və hər şeydə iştirakından irəli gələn daxili nəzarət sferasından kənara çıxmaqla əldə edilmiş olur. Ona görə də «Allah ölmüşdür» ideyasının müəllifləri (Nitsşe, Haydegger və s.) Qərbdə az qala azadlıq ideallarının böyük daşıyıcıları, carçıları kimi dəyərləndirilir.
Lakin digər tərəfdən, XIX əsrdən başlayaraq Şərq düşüncə tərzinə böyük maraq yaranmış və bu iki sivlizasiyanın gələcək sintezindən xəbər verən yeni fəlsəfi və ədəbi-bədii axtarışların əsası qoyulmuşdur.
Bu vəhdət ideyasının əsas carçıları O.Şpenqler, A.Toynbi, M.İqbal kimi, L.N.Tolstoy, Emerson, U.Uitmen, C.X.Cübran, Əmin Ər-Reyhani, Həsən bəy Zərdabi, Cəvahirləl Nehru kimi şəxsiyyətlərdir. Əslində bu ideyanın beşiyi başında Qərbdə Herder, Kant, Qöte, Şərqdə A.Bakıxanov, M.F.Axundov, Cəmaləddin Əfqani kimi zamanını qabaqlayan böyük düha sahibləri dayanır. XX əsrin əvvəllərində Şərq və Qərb dəyərlərinin birləşdirilməsi, milli və dini dəyərləri saxlamaqla modernləşmək mövqeyi Azərbaycan ziyalıları üçün çox səciyyəvi olmuşdur. Bu şüarla çıxış edən böyük siyasi xadimlərlə yanaşı, Azərbaycanda Sabir, Hadi, Cavid və Cabbarlı kimi böyük mütəfəkkir-yazıçılar da bu mövzunu həmişə öz yaradıcılığının diqqət mərkəzində saxlamışlar.
Azərbaycanda da digər Şərq ölkələrində olduğu kimi, sivilizasiyalararası münasibət probleminə elmi-fəlsəfi münasibətdən öncə ədəbi-bədii münasibət formalaşmışdır. Yəni ilk reaksiya şair mütəfəkkirlərdən gəlmişdir.
Zamanca dünyanın intellektual dərkinin hissi dərkdən sonra gəlməsi qanunauyğun haldır. Və bir problem kimi fəlsəfi əhəmiyyət kəsb edən ancaq bu iki düşüncə tərzi və mədəniyyət formaları arasında münasibətin öyrənilməsidir. Coğrafi mənada Şərq və Qərb olsa-olsa geopolitika problemi sayıla bilər. Sadəcə olaraq, müasir mənada elm Qərbi Avropada yaranıb inkişaf etdiyindən elmə əsaslanan sivilizasiya formasının şərti olaraq “Qərb” adlandırılması daha məqsədyönlüdür. Reallıqda isə bu gün ABŞ və Yaponiya elmi-texnoloji sistemlərin inkişafında liderliyi ələ keçirdiklərindən fəlsəfi və coğrafi bölgü arasındakı adekvatlıq artıq çoxdan sıradan çıxmışdır. Qərb sivilizasiyası hissə-hissə, damla-damla bütün planetə paylanmışdır və getdikcə daha çox dərəcədə planetar hadisəyə çevrilmək cəhdləri göstərir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir. Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələrin birgə səyi tələb olunur. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan da bu proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu məsələyə münasibətini Heydər Əliyev belə ifadə etmişdir: «Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim «İpək yolu»nun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır.»7 İndi Azərbaycanda bu strateji kurs prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməkdədir.
Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi Qədim İpək yolunun bərpasında oyanaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırııq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk. Çünki “Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq.”8 Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.
Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. XX əsrin 70-80-ci illərində isə bu yeni tendensiyanın mahiyyətini və üstün istiqamətlərini çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mədəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahüründən ibarət idi. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının artması da, məhz bu yeni tendensiyaların nəticəsi idi.
Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi kimi mövcud olduğundan, azərbaycanlı alimlər SSRİ-də aparılan tədqiqatların əsasən şərqşünaslıq aspektlərinə cəlb edilirdilər; qərbşünaslıq və xüsusən Şərq-Qərb münasibətlərinin tədqiqi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövrdə – XX əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə görkəmli şərqşünas alim Aida İmanquliyeva öz elmi mühitinin ətalətini dəf edərək və öz zəmanəsini qabaqlayaraq, olduqca aktual, gələcəyə yönəlmiş bu mövzu ətrafında ciddi araşdırmalar apardı. O, problemin elə aspektlərini ön plana çəkdi ki, onlar təkcə Azərbaycanda yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əsrin qovuşuğunda aktuallaşmış oldu. Siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək Yolunun bərpası ideyasını irəli sürən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 8-9 sentyabr 1998-ci ildə 32 dövlət başçısının iştirakı ilə Bakıda keçirilən beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrə start verildi. Onu da qeyd etmək yerinə düşər ki, 2000-ci ildə İran prezidenti Məhəmməd Hatəmi Şərq və Qərb sivilizasiyalarının dialoqu ideyası ilə çıxış edəndə, bir çoxları bunu bir yenilik kimi dəyərləndirdi. 2001-ci il isə YUNESKO tərəfindən «Sivilizasiyaların dialoqu» ili adlandırıldı. Və nəhayət, bu problem Azərbaycanın birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində bir daha aktuallaşdı və bu dəfə ölkəmiz bu dialoqda təşəbbüskar və aparıcı tərəf kimi çıxış etdi. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz “Şərq-Qərb” mövzusunda kino festivalları, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.
10 iyun 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi” mövzusunda keçirilən Beynəlxalq forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrdən danışaraq dedi: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?”9
Əlamətdar haldır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Şərqin və Qərbin sülh və şəfqət elçisi Mehriban xanım sadəcə sual qoymaqla kifayətlənmir; o özünün artıq beynəlxalq miqyas almış geniş və çoxcəhətli fəaliyyəti ilə bu suala həm də cavab verir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atır.
Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət edir.
Cəmiyyətin həyatında elmlə yanaşı, əxlaq və din də həlledici rol oynayır. Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə təhsil strategiyasında öz əksini tapır. Son dövrlərdə Azərbaycanda məktəblərə dövlət qayğısının artması da bu baxımdan qanunauyğun görünür. İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi ilə davam etdirilir ki, bu da «sağlam bədən» üçün görülən işlərin «sağlam ruh» üçün görülən işlərlə tamamlanması deməkdir. Siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan İlham Əliyevin quruculuq fəaliyyəti birinci ledinin mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bu da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.
Təsadüfi deyildir ki, bu gün bütün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş olan Bakıda toplaşır və dinlərin dialoqu çərçivəsində və bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparırlar.
Azərbaycanın eyni zamanda dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfransdakı çıxışında dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu demişdir. Həqiqətən də, bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu və bir-birini qarşılıqlı surətdə tamamladığı siyasi-iqtisadi və mədəni-mənəvi mərkəzə çevrilmişdir. Bu mənada Azərbaycan həm Şərq, həm də Qərb dəyərlərini ehtiva edir.
Bu kitabda biz Şərq və Qərb fenomenlərinin fəlsəfi və coğrafi anlamları arasında fərq üzərində ona görə xüsusi dayanırıq ki, hazırda bir sıra siyasətçilər bu zahiri cəhətdən sui istifadə edir və bu müxtəlifliyi ya coğrafi regionlar, ya da dinlər arasında müxtəlifliklə bağlamağa çalışırlar.
Dünyada yeni inteqrativ meyllərin güclənməsi, xüsusən, qloballaşma hadisəsi bu mövzuya diqqətin daha da artırılmasını tələb edir və kitabda məsələnin siyasi və iqtisadi aspektlərinə geniş yer verilməsə də, hər halda ümumi mənzərənin bütövlüyünün təmin olunması naminə bununla bağlı ayrıca fəsillər daxil edilmişdir.
Dostları ilə paylaş: |