İçəridən bölünmüş ölkə öz mədəniyyət identikliyini yenidən qazanmaq üçün üç tələbə cavab verməlidir. Birincisi, iqtisadi və siyasi elita bu addımları bütünlükdə dəstəkləməli və alqışlamalıdır. İkincisi, əhali hətta həvəssiz də olsa yeni identikliyin qəbul edilməsinə razı olmalıdır. Üçüncüsü, ikitirəli ölkənin qatılmaq istədiyi sivilizasiyanın hakim qrupları yeni gəlmək istəyəni götürməyə razı olmalıdır. Bu üç tələbə Meksika tam cavab verir. Türkiyə birinci iki tələbə cavab verir. Qərbə qoşulmaq istəyən Rusiyanın bu üç tələbə cavabı isə bilinmir necədir. Bir vaxtlar liberal demokratiya ilə Marksizm-leninizm arasındakı konflikt ideoloji idi. Aralarındakı bütün ayrılmalara baxmayaraq üzdə onlar azadlıq, bərabərlik, iqtisadi çiçəklənmə kimi eyni məqsədləri bölüşürdülər. Ənənəviçi, millətçi və avtoritar Rusiya isə başqa-başqa məqsədlərə can atacaq. Qərb demokratı Sovet marksisti ilə asanca intellektual debata girə bilərdi. Ancaq onun rus tradisionalisti ilə diskussiyası alına bilməz. Əgər ruslar marksist olmayandan sonra liberal demokratiyanı götürməsələr və başlasalar özlərini qərblilər kimi yox, ruslar kimi aparmağa, Qərblə ilişgiləri yenidən uzaq və düşmən olacaq (8).
KONFUTSİAN-İSLAM BİRLİYİ
Qeyri-Qərb ölkələrinin Qərbə qoşulmasında ortaya çıxan əngəllər gücünə və mürəkkəbliyinə görə cürbəcürdür. Latın Amerikası və Şərq Avropa ölkələri üçün onlar elə də böyük deyillər. Keçmiş Sovetlər Birliyinin pravoslav ölkələrinə gələndə isə maneələr çox böyükdür. Bu əngəllər müsəlman, Konfutsian, Hindus, Buddist ölkələr üçün daha çoxdur. Yaponiya Qərbə assosiativ üzv kimi özünə unikal mövqe qurub: bəzi yönləri ilə o, Qərbdədir, ancaq başlıca ölçülər baxımından Qərb da deyil. Mədəniyyətlərinə, hakimiyyətlərinə görə Qərbə qoşulmayan və ya qoşulmağı bacarmayan ölkələr Qərblə yarışırlar. Bu yarış üçün içəridən özlərini gəlişdirirlər, başqa qeyri-Qərb ölkələri ilə əməkdaşlıq edirlər. Belə əməkdaşlığın ən seçilən örnəyini Konfutsian-İslam birliyi verir. Bu ilişgilər Qərb maraqlarına, dəyərlərinə, gücünə qarşı durub ona meyda oxumaq kimi formalaşıb.
Demək olar ki, bütün Qərb ölkələri hərbi arsenallarını aşağı salmaqdadırlar. Yeltsinin başçılığı ilə Rusiya da eyni cür davranır. Ancaq elə bu vaxt Çin, Şimali Koreya və bəzi Orta Şərq ölkələri öz hərbi imkanlarını önəmli dərəcədə genişləndirirlər. Onlar həm Qərb, həm də qeyri-Qərb qaynaqlarından silah daşıyırlar, eləcə də öz silah istehsalatlarını gəlişdirirlər. İndi həmin proses Çarlz Krouthemmin dediyi yeni «yaraqlı dövlətlər» fenomenini verib. Özü də yaraqlı dövlətlər heç də Qərb dövlətləri deyil. Bu proseslərin ikinci nəticəsi silahlara nəzarət konsepsiyasının yenidən və başqa cür gözdən keçirilməsidir. Silahlara nəzarət Qərb ideyasıdır və Qərb tərəfindən irəli sürülmüşdü. Soyuq Savaş boyunca silahlara nəzarətin başlıca məqsədi Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə Sovetlər Birliyi və onun müttəfiqləri arasında dayanıqlı hərbi tarazlıq yaratmaq idi. Soyuq Savaşdan sonrakı çağda isə silahlara nəzarətin əsas amacı Qərbdən qıraq ölkələrdə Qərbin maraqlarına təhlükə olan hərbi güclənmələrin qarşısını almaq oldu. O vaxtdan Qərb çalışır ki, həmin nəzarəti Uluslararası sazişlərlə, iqtisadi basqılarla, yaraq-yasağın, silah texnolojisinin ötürülməsinə göz qoymaqla gerçəkləşdirsin.
Qərblə Konfutsian-İslam dövlətlərinin bir böyük, ancaq yeganə olmayan konflikti fokusdakı kimi cəmləşib nüvə, kimyəvi, bioloji silahlar üstündə. Bu sadalananların davamı olaraq ballistik raketləri, onları daşımağa yönəlik başqa mürəkkəb vasitələri, eləcə də elektron vasitələrlə işləyən idarə sistemini, izləmə və hədəfləri vurmaq araclarını göstərmək olar. Qərb silahların yayılmasının qarşısını almaq üçün onların yayılmamasını universal norma etməyə çalışır. Silahların yayılmaması haqqında bağlaşmaları, inspeksiyaları isə həmin normaları gerçəkləşdirən vasitə olaraq yeridir. Qərb eləcə də cürbəcür sanksiyalarla silahları geniş yayanları hədələyir, bunu etməyənlərə isə bəzi imtiyazlar verir. Bu zaman, sözsüz, Qərbin diqqəti aktual və ya potensial olaraq Qərbə düşmən olan ölkələrə zillənir.
O biri yandan, Qərbdən qıraqkı ölkələr təhlükəsizlikləri üçün gərəkli bildikləri silahları əldə etmək, yerləşdirmək hüquqları üstündə dirənməkdə davam edirlər. Onlar Hindistanın Müdafiə Nazirinin ağzından çıxmış bir gerçəyi tam mənimsəyiblər. Nazirdən soruşanda ki, Körfəz Savaşı hansı dərsləri verdi, cavabı belə olmuşdu: «Nüvə silahınız yoxdursa, Birləşmiş Ştatlarla işiniz olmasın». Buralarda, bəlkə də yanlış olaraq, nüvə silahına, kimyəvi silaha, raketlərə, Qərbin ənənəvi üstün gücünə tən gələcək potensial kimi baxırlar. Sözsüz, Çinin belə silahı var. İndi Pakistan, Hindistan da o vasitələri öz ərazisində yerləşdirə bilər. Şimali Koreya, İran, İraq, Liviya, Əlcəzair onları əldə etməyə yaxınlaşıblar. Bir yüksək vəzifəli İran məmuru bildirib ki, bütün müsəlman ölkələrinin nüvə silahı oilmalıdır. Deyirlər ki, 1988-də İranın prezidenti göstəriş veribmiş ki, müdafiə və hücum xarakterli kimyəvi, bioloji, radioloji silahlar inkişaf etdirilməlidir.
Qərbə qarşı duran hərbi potensialın gəlişdirilməsində mərkəzi yeri Çinin artıb yayılan hərbi gücü tutur. O, uğurlu iqtisadi inkişaf sayəsində hərbi xərclərini yeyincə artırır, onları modernləşdirməkdə sərt dirəniş göstərir. Keçmiş Sovet dövlətlərindən silah alır, özünün uzaq mənzilli ballistik raketlərini yaratmaq üçün işlər görür; 1992-ci ildə bir meqaton nüvə bombasını partladıb sınaqdan keçirib. Çin nüfuzunu yaymaq üçün havada yanacaq daşıyıb havada da yanacaqla doldurmaq texnologiyasını əldə edir, aviodaşıyıcılar alır. Onun Güney Çin Dənizində hərbi sistem qurması və bu dəniz üzərində suverenliyə iddia etməsi Şərq Asiyada millətlər arasında regional hərbi ötüşmə yarışını qızışdırır. Çin həm də silah və hərbi texnologiya üzrə baş eksportyordur. Nüvə silahlarını, sinir qazlarını istehsal etmək üçün istifadə olunası materialları o, Liviyaya, İraqa eksport edir. Nüvə silahı üzrə araşdırma aparıb sonra da istehsalına keçmək üçün gərəkli reaktoru qurmaqda o, Əlcəzairə yardım edir. Çin İrana nüvə texnolojisini satıb, - Amerika mütəxəssisləri hesab edirlər ki, bu texnologiya yalnız nüvə silahını düzəltmək üçün işlədilə bilər. Çin Pakistanın 300 mil mənzilli raketləri üçün detallar yollayıb. Neçə vaxtdır ki, Şimali Koreya nüvə silahı proqramını işləyir, eləcə də Siriyaya, İrana daha irəli çeşiddə raketlər, raket texnolojisi satır. Orta Şərqə silahların, silah texnolojisinin axını, adətən, Şərqi Asiyadan gəlir. Ancaq hərdən tərs yöndə hərəkət də baş verir: Çin stinger raketlərini Pakistandan alır.
Beləliklə, indi Konfutsian-İslam birliyi əmələ gəlib. Bu birliyin üzvləri birliyi qurmağı onun üçün planlaşdırmışdılar ki, Qərbə qarşı silah və silah texnolojisini əldə etməyi daha da irəlilətsinlər. Onlar bununla Qərbin hərbi gücünə qarşı duracaq mərtəbəyə qalxmaq istəyirlər. Konfutsian-İslam birliyi davam edə də bilər, etməyə də bilər. Ancaq hal-hazırda Deyv Mekködi bildirir ki, bu birlik “nüvə silahlarını yaymaq istəyən reneqatların başçılığı altında onların tərəfdarlarının ittifaqıdır”. Beləliklə, İslam-Konfutsian dövlətləri ilə Qərb arasında yeni bir hərbi yarış fır-fırası başlayıb. Silahlanma yarışının əski dönəmində hər tərəf öz hərbini ya tarazlıq yaratmaq üçün, ya da qarşı tərəfi üstələmək üçün gəlişdirirdi. İndi isə hərbi yarışda bir tərəf yeni yaraq növlərini yaradır, istehsal edir, o biri tərəfsə hərbi güc artımını dar çərçivədə saxlayıb qarşısını almağa çalışır. Özü də bu vaxt tarazlıq məqsədi güdmür və öz hərbi potensialını azaldır.
QƏRB ÜÇÜN SONUCLAR
Bu məqalə onu söyləmir ki, sivilizasiya kimliyi başqa kimliklərin yerini tutacaq və millət-dövləti yox olacaq; ki, hər sivilizasiya siyasi vəhdətdə və bütövlükdə olacaq və bir sivilizasiyanın içində olan qruplar arasında konflikt olmayacaq. Bu yazı, sadəcə, belə bir güman verir ki,
1) sivilizasiyalar arasında fərqlər önəmli və gerçəkdir;
2) sivilizasiya mənsubiyyətindən doğan özünüdərketmə artır;
3) sivilizasiyalar arasında konfliktlər öncələr qlobal dominantlıqda olmuş ideoloji və başqa konflikt formalarını sıxışdırıb çıxaracaq;
4) tarixən Qərb çərçivəsində oyun olaraq oynanılan beynəlxalq əlaqələr getdikcə daha çox devesternləşəcəklər (qərbsizləşəcək) və elə oyuna çevriləcəklər ki, artıq, Qərbə mənsub olmayan dövlətlər orada passiv obyektlər yox, oyunçular olacaqlar;
5) uğurlu beynəlxalq siyasi, iqtisadi və təhlükəsizlik institutları çox güman ki, sivilizasiyaların arasında yox, içində inkişaf edəcək;
6) ayrı-ayrı sivilizasiyalardan olan qruplar arasındakı konfliktlər bir sivilizasiyanın içindəki qrupların konfliktinə baxanda daha tez-tez baş verəcək, davamlı və qanlı olacaq;
7) ayrı-ayrı sivilizasiyaların qrupları arasındakı konfliktlər qlobal savaşa gətirə biləcək səbəbə çevriləcək;
8) dünya siyasətinin əsas oxu «Qərb və yerdə qalanlar» arasındakı ilişgilərdən keçəcək;
9) bəzi içəridən ikitirəlikli qeyri-Qərb ölkələrinin elitaları vətənlərini Qərb ölkələri sırasına salmağa çalışacaqlar, ancaq çox hallarda onlar böyük əngəllərlə rastlaşacaqlar;
10) yaxın gələcək üçün konfliktlərin ocaqları Qərb və bəzi İslam-Konfutsian ölkələri arasında olacaq.
Bu düşüncələr sivilizasiyalar arasında konfliktlərin arzuolunarlığını söyləmək üçün deyil, güman edilən gələcəyi görükdürmək üçündür. Əgər mənim fərziyyəmin ehtimal gücü varsa, onun əsasında Qərb siyasəti üçün sonuclar çıxarmaq gərəkdir. Həmin sonucları yaxın zaman və uzaq zaman arasında bölək. Yaxın zamanda, aydındır ki,
1) Qərbə sərfəlidir öz maraqları üçün içindəki ölkələr arasında işbirliyini və vəhdəti daha da irəlilətsin. Bu deyilənlər, özəlliklə, Şimali Amerika ilə Avropaya aiddir;
2) Qərb ona mədəniyyətcə yaxın olan Şərqi Avropa və Latın Amerikası ölkələrini inteqrasiya etməlidir;
3) Rusiya və Yaponiya ilə əməkdaşlığı qorumalı və irəlilətməlidir;
4) sivilizasiyalar arası konfliktlərin böyük sivilizasiyalar savaşına keçməsinin qarşısını almalıdır;
5) Konfutsian və İslam hərbi güclərinin genişlənməsinə cızıq qoyulmalıdır;
6) Qərb öz hərbi potensialını azaltmağı yavaşıtmalı, Şərq və Cənub Asiyada hərbi üstünlüyünü qorumalıdır;
7) Konfutsian və İslam ölkələri arasındakı fərqlərdən, konfliktlərldən istifadə edilməlidir;
8) başqa sivilizasiyalarda Qərbin dəyərlərinə və maraqlarına rəğbət göstərən qruplara yardım etməlidir;
9) Qərbin maraqlarını, dəyərlərini legitimləşdirən beynəlxalq institutlar gücləndirilməlidir, həmin institutlara qeyri-Qərb ölkələrinin qoşulması artırılmalıdır.
Uzun zaman üçün isə başqa ölçülərdən çıxış etmək gərəkdir. Qərb sivilizasiyası həm Qərb, həm də moderndir. Qərbdən qıraq sivilizasiyalarsa istəyirlər ki, Qərbə çevrilmədən modernləşsinlər. Bu məsələdə hələ ki, yalnız Yaponiya tam uğur qazanıb. Qərbdən qıraq sivilizasiyalar modernliyin bir hissəsi olan zənginliyi, texnologiyanı, səriştəni, maşınları, silahları əldə etmək üçün çalışmalarını davam etdirəcəklər. Onlar həm də çalışacaqlar ki, bu modernliyi ənənəvi mədəniyyətləri, dəyərləri ilə barışdıra bilsinlər. Onların iqtisadi və hərbi gücləri də artacaq. Beləliklə, Qərb gücünə görə ona çatan, amma maraqlarına, dəyərlərinə görə ondan kəskin ayrılan bu qeyri-Qərb ölkələrinə davamlı olaraq uyğunlaşmalı olacaq. Bu, Qərbi məcbur edir ki, həmin vəziyyətdə maraqlarını qoruya biləcək iqtisadi və hərbi gücünü saxlasın. Bu həm də Qərbi məcbur edir ki, başqa sivilizasiyaların təməlində duran dini və fəlsəfi ideyaları daha dərindən anlasın. Qərb başqa sivilizasiyadan olan insanların öz maraqlarını nədə görməsini də yüksək səviyyədə başa düşməlidir. Eyni zamanda Qərb və başqa sivilizasiyalar arasındakı ortaq ünsürləri tapmaq işini də gücləndirmək lazım olacaq. Real gələcəkdə universal sivilizasiya yarana bilməyəcək, ancaq əvəzində bir-birini yola verməyi öyrənən fərqli sivilizasiyaların olması lazım olacaq.
Açıqlamalar
1. Weidenbaum M. Greater China: The Next Economic Superpower? — Washington University Center for the Study of American Business. Contemporary Issues. Series 57, Feb. 1993, p.2-3.
2. Lewis B. The Roots of Muslim Rage. — «Atlantic Monthly». Vol.266, Sept. 1990; p.60; «Time», June 15,1992, p. 24-28.
3. Roosevelt A. For Lust of Knowing. Boston, 1988, p.332-333.
4. Qərb liderləri həmişə ona istinad edirlər ki, “Dünya Birliyi» adından iş görürlər. Ancaq 1990-cı ilin dekabrında “Sabahın xeyir, Amerika» gproqramına müsahibə verəndə Britaniyanın keçmiş Baş Naziri C. Meycorun ağzından çıxan söz ilgincdir. Səddam Hüseynə qarşı hərəkətlərdən danışanda Meycor “Qərb» demişdi. Hərçənd tezcə də özünü düzəldib “Dünya Birliyi» sözlərini işlətməyə başlamışdi, ancaq düzünü çaşanda demişdi.,
5. «New York Times», Dec.25, 1990, p. 41; Cross-Cultural Studies of Individualism and Collectivism. — Nebraska Symposium on Motivation. 1989, vol. 37, p. 41-133.
6. Mahbubani K. The West and the Rest. — «National Interest', Summer 1992, p. 3-13.
7. Stankevich S. Russia in Search of Itself. — «National Interest', Summer 1992, p. 47-51; Schneider D.A. Russian Movement Rejects Western Tilt. — «Christian Science Monitor», Febr.5, 1993, p. 5-7.
8. O. Horris göstərir ki, Avstraliya da içəridən ikitirələşən ölkə olmağa çalışır. Bu ölkə Qərbinn tamhüquqlu üzvü olsa da indiki rəhbərliyi Qərbdən qopmağı təklif edir ki, Asiya ölkəsi olduqları üçün yeni identifikasiyanı götürsünlər və beləcə, qonşuları ilə sıx ilişgilər qura bilsinlər. Bu rəhbərlik sübut etməyə çalışır ki, Avstraliyanın gələcəyi Şərq Asiyanın dinamik iqtisadi gəlişməsindədir. Ancaq mən dedim ki, sıx iqtisadi ilişgi üçün, adətən, eyni mədəniyyət kökü gərəkir. Bundan başqa Avstraliya situasiyasında, deyəsən, ikitirəliyi olan ölkənin başqa sivilizasiyaya qoşulmasına lazım olan üç şərtin üçü də yoxdur.
E-mənbə / link: http://international.azeriblog.com/2009/04/07/samuel-p-hantinqton-sivilizasiyalarin-toqqushmasi
http://international.azeriblog.com/2009/04/07/samuel-p-hantinqton-sivilizasiyalarin-toqqushmasi-davami
"İyirmi il sonra: uçüncü dalğanin gələcəyi"
"Journal of Democracy", 1997
Semuel Xantinqton III AIbert C. Vezerherd Universitetinin professoru və Havarddakı Con M.OIin adına Strateji Araşdırmalar İnstitutunun direktorudur. O, çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: iyirminci əsrin sonunda demokratikləşmə" (1991) və "Sivilizasiyaların toqquşması və dünya nizamının hüdudlan" (1996) adlı əsərlərin müəllifidir. Bu məqalə isə onun bir sıra mühazirələrindən sonra Mario Soareş Fondunun yardımı ilə 1996-cı Hin oktyabnnda Lissabonda etdiyi proqram məzmunlu çıxışı əsasında hazırlanıb. Uç iyun1997-ci il tarixdə o, bu çıxışını ABŞ Konqresində təkrartayıb.
Təqribən 500 il öncə Portuqaliyanın dövlət adamları və mütəfəkkirlərindən ibarət bir qrup, o cümlədən kral II Juan, şahzadə Henrix Dəniz Səyyahı, Bartolomey Dias və Vasko da Qama qətiyyət, inam və qeyri-standart iradə nümayiş etdirərək, bəşər tarixində yeni eranın - coğrafi kəşflər erasının təməlini qoydular. Bu hadisə İspaniya, Fransa və Hollandiya üçün nümunə rolunu oynadı. XX əsrdə, təxminən iyirmi il bundan öncə isə Mario Soareş və onun həmkarları cəsarət və qətiyyət nümayişində əjdadlarından geri qalmayaraq bəşər tarixində daha bir eranın - demokratiya erasının təməlçilərinə çevrildilər. Onlar da öz növbələrində İspaniya, Yunanıstan, Braziliya və bir çox digər ölkələr üçün nümunə və istinad obyektinə çevrildilər.
Ancaq, bu dəfə tamam başqa bir nəticə üzə çıxa bilərdi. 1974-cü ili aprel ayında Portuqaliyadakı diktatura silahlı qüwələr tərəfindən devrildikdən sonra burada bir neçə ay ərzində özbaşınalıq və xaos hökm sürdü. O zaman bu ölkədə demokratiyanın bərqərar olacağına ümidlər tamamilə puça çıxmaq üzrə idi. Çoxları belə hesab edirdi ki, Portuqaliyada stalinçi kommunist partiyası hakimiyyətə gələcək. Belə bir pessimizm ABŞ-ın dövlət katibi Henri Kissencerin mövqeyində də özünü biruzə vermişdi. Henri Kissencer o zaman ABŞ-da sığınacaq tapan müvəqqəti hökumətin xarici işlər naziri Mario Soareşi və onun hökumətini kommunistlərlə liberal davranmaqda ittiham etmişdi.
Kissencer demişdi: "Siz Kerenskisiniz, mən sizin səmimiyyətinizə inanıram, amma siz çox sadəlövhsünüz".
Soareşin cavabı isə belə olmuşdu: "Mən heç də Kerenski olmaq istəmirəm", "Kerenski də istəmirdi" - deyə Kissencer onun sözünü kəsmişdi.
Buna rəğmən Mario Soareş və onun həmkarları Kissencerin haqlı olmadığını sübut etdilər. Portuqaliyada "kerenskilər" qalib gəldi, demokratiya möhkəmləndi, Mario Soareş isə əwəlcə baş nazir, sonra isə prezident kürsüsünə yiyələndi. Əsası Portuqaliyada qoyulmuş üçüncü demokratikləşmə dalğası faktiki olaraq demokratiya erasının başlanğıcını qoydu. İndi tarixdə ilk dəfə olaraq dünya ölkələrinin yarıdan çoxunda bu və ya digər formada demokratik idarəetmə mövcuddur.
Gəlin hadisələrin ardıcıllığına nəzər salaq. On doqquzuncu əsrin əwəllərində başlamış birinci demokratiya dalğası 1920 ci ildə 30 ölkədə demokratiyanın qələbəsi ilə başa çatdı. İyirminci və otuzuncu illərdə yeni avtoritarizm və faşizmin yaranması nəticəsində 1942-ci ildə demokratik dövlətlərin sayı 10-a endi. Demokratiyanın ikinci qısa dalğası İkinci Dünya müharibəsindən sonra baş qaldırdı və demokratik ölkələrin sayı 30-u keçdi, lakin əvvəl olduğu kimi bu ölkələrin bəzilərində demokratik idarəçilik forması süquta uğradı. Demokratikləşmənin Portuqaliyadan başlayan üçüncü dalğası isə öz qüdrətinə və inkişaf sürətinə görə əwəlki iki dalğanı xeyli üstələdi. İyirmi il bundan öncə dünya ölkələrinin yalnız 30 faizi demokratik idisə, indii onların altmış faizindən artığında bu və ya digər formada açıq, ədalətli və rəqabətli seçkilər vasitəsiylə hakimiyyətə gəlmiş hökumətlər qurulub.
İyirmi beş il öncə kommunist siyasi bürosu, hərbi xunta, yaxud şəxsi diktatura kimi avtoritar rejimlər adi hal sayılırdı. Bu gün isə tiraniya əsarətini dadmış yüz milyonlarla insan azad yaşayır. Bundan başqa demokratik rejimlərin bir-birilə savaşması xarakterik hal olmadığından Yer kürrəsində sülh zonası xeyli genişlənib və dövlətlərarası münaqişələrin yaranması təhlükəsi əhəmiyyətli dərəcədə azalıb. Dünyada demokratik sektorun qısa müddət ərzində bu qədər inkişaf etməsi, şübhəsiz ki, dünya tarixində ən möhtəşəm və vacib irəliləyişlərdən biridir.
Bəs, gələcəkdə bizi nə gözləyir? Demokratiya, yenicə qədəm qoyduğu ölkələrdə möhkəmlənə biləcəkmi? Demokratik dövlətlərin sayı artacaqmı? Doğrudanmı biz elə bir yeni dünyanın astanasındayıq ki, bundan sonra demokratiya, nəinki əsas, həm də ümumbəşəri idarəçilik sisteminə çevriləcək?
İqtisadiyyat və mədəniyyət
Bu sualların cavabı əhəmiyyətli dərəcədə iki amildən asılıdır: iqtisadi inkişaf və qeyri-qərb mədəniyyətlərinin demokratiyanı həzmetmə qabiliyyəti.
Birincisi, məlumdur ki, demokratikləşmə ilə iqtisadi inkişaf səviyyəsi bir-biri ilə sıx əlaqədə olan məsələlərdir. Neft sərvətləri ilə zəngin olan bəzi ölkələrdəki durumu nəzərə almasaq, qeyd edə bilərik ki, Sinqapur istisna olmaqla, dünyanın ən zəngin ölkələri demokratik idarəçilik formasına malikdirlər; dünyanın kasıb ölkələrinin, demək olar ki, hamısında isə, -Hindistan və iki-üç digər dövlətin müsbət təcrubəsi istisna olmaqla, - demokratik rejim qurulmayıb. Orta inkişaf səviyyəsində olan ölkələrin bir qismində demokratik idarəçilik qurulsa da, digərləri üçün bu, problem olaraq qalmaqdadır. Lakin, məlum olduğu kimi, demokratikləşmə iqtisadi inkişafla sıx əlaqəli məsələ olsa da, burada birbaşa asılılıqdan söhbət gedə bilməz. Beləliklə, bir sıra yeni suallar ortaya çıxır: iqtisadi inkişaf demokratik dəyişikliklərə təkan verə bilirmi? Demokratikləşmə iqtisadi inkişafa təkan verə bilirmi? Bəlkə həm iqtisadi inkişaf, həm də demokratikləşmə hansısa digər hadisənin, dəyişikliyin məhsuludur?
Seymur Martin Lipsetin hələ çox illər bundan öncə dediyi kimi, bir sıra təkzibedilməz faktlar iqtisadi inkişafın demokratikləşmə proseslərinə ciddi müsbət təsir göstərdiyinə dəlalət edir. Sadə dildə desək, əgər sizə demokratiya lazımdırsa, iqtisadi inkişafı təmin edin. Bu bağlılığı bir sıra amillər şərtləndirir. İqtisadi inkişaf urbanizasiya səviyyəsinin artmasına, təhsil və savad səviyyəsinin yüksəlişinə səbəb olur. Digər tərəfdən, məşğulluğun strukturunda irəliləyişlər baş verir, kəndlilərin sayı və rolu azalır, orta təbəqə və şəhərdə yaşayan fəhlə təbəqəsi formalaşır. Sonuncu iki təbəqə öz maraqları çərçivəsində siyasətə müdaxilə və təsir göstərmək imkanlarını artırmaq üçün getdikcə daha çox səy göstərir. Daha yüksək təhsil səviyyəsinə malik olan bu təbəqələrin, öz maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqı təşkilatları, siyasi partiyalar və vətəndaş assosasiyaları yaratmaq qabiliyyətində olduqları üzə çıxır. İkincisi, iqtisadi inkişaf cəmiyyətin müxtəlif qrupları arasında bölüşdürülə biləsi dövlət və özəl mülkiyyət resurslarının artımını təmin edir. Beləliklə, sərvətləri bölüşdürmək səlahiyyəti uğrunda mübarizədə siyasətdən vasitə kimi istifadə etmək imkanları məhdudlaşır, bu isə kompromislərə və dözümlüyə meyli artırır. Üçüncüsü, iqtisadi inkişaf iqtisadi strukturun mürəkkəbləşməsinə gətirib çıxarır, onun dövlət tərəfindən idarə olunması çətinləşir -iqtisadiyyatda inzibati idarəçilik nümunələrindən gördüyümüz kimi, dövlət nəzarətinin qurulması yalnız iqtisadi staqnasiya bahasına başa gəlir. Dördüncüsü, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəifləməsi kapital, texnoloqiyalar və kommunikasiyalar üzərində özəl mülkiyyət hüququna malik olan müstəqil hakimiyyət mərkəzlərinin yaranmasına və inkişafına səbəb olur. Deyilənlərə malik olan burjuaziya özünün təsir imkanlarının artırılmasına imkan verən siyasi sistemin bərqərar olmasına can atır, bu elə bir sistemdir ki, onda nə hərbi xuntaya, nə kommunist politbürosuna, nə də diktaturaya, yaxud onun partizan hərəkatına yer var. Və nəhayət, sürətli iqtisadi inkişaf özünün ilkin mərhələsində cəmiyyətdə maddi təbəqələşməyə səbəb olsa da, son nəticədə bu, gəlirlərin bölgüsündə daha çox bərabərliyə nail olunmasına imkan verir.
Demokratiya avtoritar üsullarla məcburən əldə edilən iqtisadi bərabərlliyi məqbul saymadığı kimi, gəlirlərin bölüşdürülməsi və rifah səviyyəsində böyük fərqlər olmasını da rədd edir. İqtisadi inkişaf son nəticədə bu fərqlərin aradan qaldırılmasına gətirib çıxarır və bunun məntiqi davamı olaraq demokratik institutların yaradılmasına təkan verir. Nəticədə, iqtisadi inkişafın demokratikləşmə prosesinə bu müsbət təsirinə istinadən "keçid zonasını" (mən bu anlayışı "Üçüncü dalğa"da işlətmişəm) müəyyənləşdirmək mümkün olur. Dövlətlərin iqtisadi inkişafı və iqtisadi dirçəliş mərhələsinə qədəm qoymaları onlarda aşkarlıq və siyasi sistemin demokratikləşməsi uğrunda hərəkatın baş qaldırması ilə müşayiət olunur. Son onilliklər ərzində müşahidə olunan qırxdan artıq demokratiyaya keçidlər məhz bu keçid zonasında olan dövlətlərdə baş verib. Deməli, bundan sonrakı mərhələdə də demokratiyaya keçid nümunələrini sürətli iqtisadi inkişafa malik regionlarda, məsələn Şərqi və Cənubi-Şərqi Asiyada gözləmək lazımdır.
Biz öz mülahizələrimizdə mədəniyyət anlayışını da diqqətdən qaçırmamalıyıq. Müasir demokratiya Qərb sivilizasiyasının məhsuludur. Onun dayaqları sosial plüralizm, sinfi sistem, vətəndaş cəmiyyəti, hüquqi dövlət, seçkili orqanlar təcrübəsi, dinin hakimiyyətdən ayrı olması və fərdiçiliyin prioritet sayılmasıdır - bütün bu xüsusiyyətlər hələ min il bundan öncə məhz Qərbi Avropada inkişaf etməyə başlamışdı. Bu tarixi irs on yeddinci və on səkkizinci əsrlərdə aristokratiyanın və inkişaf etməkdə olan orta sinfin siyasi iştirak uğrunda mübarizəsini şərtləndirdi və nəticədə on doqquzuncu əsrdə siyasi institutların inkişafına rəvac verdi. Təbii ki, sadalanan xüsusiyyətləri ayrı-ayrılıqda başqa sivilizasiyalarda da tapmaq mümkündür, lakin cəm halında bütün bunlar yalnız Qərbdə mövcud olub və olmaqdadır. Müasir demokratiyanın Qərb sivilizasiyasının məhsulu sayılması da məhz bununla izah edilməlidir.
Kiçik Artur Şlesincerin dediyi kimi, Avropa "şəxsiyyət azadlığı, siyasi demokratiya, hüquqi dövlət və mədəni azadlıq ideyalarının əsas, özü də ünikal mənbəyidir... Bu Avropanın ideyalarıdır, onlar Asiyanın, Afrikanın, yaxud yaxın Şərqin ideyalarına da çevrilə bilər, lakin bu, yalnız həmin ideyaların həzm edilməsi yolu ilə mümkündür". Üçüncü dalğanın ən böyük nailiyyəti demokratiyanın bütünlüklə Qərb aləmində kök salmasında və onun elementlərinin digər sivilizasiyalara da sirayət etməsindədir. Əgər üçüncü dalğanın gələcəyi varsa, bu, demokratiyanın bütün qeyri-qərb sivilizasiyalarında da yayılmasında öz təsdiqini tapacaq. Bu məsələ ilə əlaqədar əsas sualı aşağıdakı şəkildə ifadə etmək olar: Qərb sivilizasiyasının məhsulu olan müasir demokratiya qeyri-qərb cəmiyyətlərində möhkəmlənə biləcəkmi?
Dostları ilə paylaş: |