Onun fikrincə, dövlət təbii inkişafın məhsuludur. Onun yaranması ilkin sosial əlaqələrlə bağlıdır. Bu əlaqələr iki qrupa bölünür: a) ailə-nikah əlaqələri - insan növünün mövcudluğunu təmin edir; b) ağa-qul münasibətləri - bu münasibətlər isə sabit sosial birliyi təmin edir. Həmin qrup əlaqələr üzərində ailə, icma, dövlət yüksəlir. Meydana gəlməsinə görə insanların obyektiv həyat tələbatlarına minnətdar olan dövlət öz növbəsində şəxsiyyətin dolğun inkişafı üçün şərait yaradır. İnsan təbiətcə siyasi varlıqdır və dövlətdə (siyasi ünsiyyətdə) insanın bu siyasi təbiətinin təkamülü başa çatır.
Aristotel fərdin hüquqlarını, xüsusi mülkiyyəti və ailəni müdafiə edirdi. Onun fikrincə, dövlət mürəkkəb anlayışdır, formasına görə o, təşkilatdır və vətəndaşların müəyyən məcmusudur. Eyni
zamanda, dövlətin bu cür müəyyən edilməsi məhz kimi vətəndaş hesab etməkdən asılıdır. Onun inamına görə, vətəndaş dövlətin qanunyaratma və məhkəmə hakimiyyətində iştirak edə bilən şəxsdir. Buna uyğun olaraq, vətəndaş anlayışını hər bir dövlət forması özü müəyyən edir. Həm də vətəndaş anlayışının, deməli, dövlət formasının dəyişməsi ilə dövlətin özü də dəyişir.
O, dövlət formasını siyasi sistem kimi də müəyyən edir. Bu baxımdan, onun fikrincə, dövlət forması idarə edənlərin sayı ilə müəyyən olunur. Bundan əlavə, düzgün və düzgün olmayan dövlət formalarını bir-birindən fərqləndirir. Birinci halda hökmdarlar ümumi rifaha xidmət edir, ikinci halda isə şəxsi xeyir güdürlər. Üç düzgün dövlət forması kimi o, monarxiya idarə üsulunu (çar hakimiyyətini), aristokratiyanı və politiyanı, buna müvafiq olaraq, onların əksi kimi tiraniya, oliqarxiya və demokratiyanı ayırır. Eyni zamanda hər bir dövlət forması daxilində bir neçə növü bir-birindən fərqləndirir.
Onun fikrincə, ən düzgün dövlət forması politiyadır. Burada ümumi mənafe naminə əksəriyyət idarə edir. Qalan formaların hamısında, ona görə, bu və ya digər sapmalar vardır. O belə hesab edirdi ki, politiya oliqarxiya və demokratiyanın birləşməsidir. Düzgün olmayan dövlət formalarının ən pisi isə tiraniyadır.
Aristotelin siyasi təlimində varlıların və yoxsulların barışığına və qanunun hökmranlığına əsaslanan senzli demokratiyaya üstünlük verilir. Buradan çıxış edərək, o, Solonun islahatlarına tərəfdar çıxırdı.
Aristotel belə hesab edirdi ki, politiya "orta" dövlət formasıdır və ona görə də orada "orta" ünsür - adətlərdə mötədillik, əmlakda - orta rifah, hakimiyyətdə - orta sinif hakim olmalıdır. O yazırdı ki, "orta" insanlardan təşkil olunmuş dövlət ən yaxşı dövlət quruluşuna malik olar. O, habelə belə hesab edirdi ki, demokratiya orta sinfə arxalandıqda səmərəli şəkildə fəaliyyət göstərə bilər.
Siyasi təlimində bir çox ziddiyyətlərin olmasına baxmayaraq, Aristotelin adı bəşəriyyətin siyasi fikir tarixində mühüm yer tutur.
Qədim Romada siyasi fikrin tarixi təqribən min illik bir dövrü əhatə edir. Bu dövrün başlıca nailiyyəti hüquqşünaslıq adlanan müstəqil bir elmin yaradılması olmuşdur.
Qədim Roma siyasi fikrinin ən böyük simalarından biri məşhur natiq, dövlət xadimi və mütəfəkkir Mark Tuli Siserondur (e. ə. 106- 43). Onun "Dövlət haqqında" və "Qanunlar haqqında" adlı əsərləri siyasət məsələlərinə həsr olunmuşdur.
Siseron dövləti xalqın işi, onun nailiyyəti kimi müəyyən edirdi. Onun fikrincə, dövlət hüquqi təsisatdır. Bununla da o, "hüquqi dövlət" ideyasının banisi kimi çıxış edirdi. Dövlətin yaranmasının səbəbini isə o, insanların anadangəlmə birgəyaşayışa olan tələbatında görürdü. Siseron idarə edənlərin sayından asılı olaraq, idarəetmənin üç formasını: çar hakimiyyətini, optimatların hakimiyyətini (aristok- ratiya) və xalq hakimiyyətini (demokratiya) ayırırdı. Onun fikrincə, hər üç idarə formasındakı çatışmazlıqları aradan qaldırmaq və "daha
yaxşı dövlət "yaratmaq üçün"qarışıq dövlət" yaratmaq lazımdır.
Qədim Romada siyasi fikrin inkişafından danışarkən erkən xristianlıqdan yan keçmək olmaz. Belə ki, e. ə. 1-ci əsrdə Roma imperiyasının yoxsul kütlələrinin mənafeyinin ifadəsi kimi meydana gələn erkən xristianlığın siyasi ideologiyası ESXATOLOJİ və MESSİAN xarakter daşıyırdı ("esxatos" - yunan dilində "son", "sonuncu", "messiya" isə "məsih" sözündən olub, "xilaskar" deməkdir). Burada bəşəriyyətin xilası İsa peyğəmbərin ikinci dəfə zühur etməsi ideyasına əsaslanırdı. Bu isə, təbii ki, mövcud quruluşun tənqidi ilə sıx bağlı idi.
Erkən xristianlığın bir çox ideyaları sonralar xalq hərəkatlarına böyük təsir göstərmişdir.