Ęarl Lui Monteskye (1689-1775) maarifçiliyin banilərindən biridir. Onun baxışları ziddiyyətlidir. Belə ki, "İran məktubları" əsərində o, Fransada mütləqiyyət rejimini təlqin edir, "Qanunların ruhu haqqında" adlı əsərində isə respublikaya rəğbət bəsləyir.
O, dövlətin və hüququn inkişaf qanunauyğunluqlarını göstərir. “Mənim prinsiplərim şeylərin təbiətindən irəli gəlir”, - deyir. Onun fikrincə, hər bir xalqın mənəvi siması, onun qanunlarının xarakteri coğrafi mühitdən asılıdır. O, təbii qanunlara böyük diqqət yetirir və belə hesab edirdi ki, onlar cəmiyyət yarananadək mövcud olmuşlar; Bunlar bərabərlik, sülh, qida əldə etmək cəhdi, cəmiyyətdə yaşamaq arzusudur. Öz təbii halından çıxan insanlar bərabərliyi itirir və nəticədə onlar arasında müharibə başlanır. Müharibələr isə öz növbəsində, müsbət qanunlar qəbul etməyə sövq edir.
Onun təlimində siyasi amilə böyük yer verilir. O belə hesab edirdi ki, dövlət forması qanunların məzmununu müəyyən edir və hətta coğrafi mühitə də təsir göstərir.
Aristotelin ardınca, o idarə edənlərin sayından asılı olaraq, idarəetmənin təbiətini müəyyən edir. Üç idarəetmə formasını ayırır: respublika, monarxiya və despotiya. Siyasi formaların güc yolu ilə dəyişdirilməsinin əleyhinə olsa da despotizmə qarşı üsyanı ədalətli hesab edir. Monarxiyanı despotizmin əleyhinə qoyur və belə hesab edirdi ki, monarxiya elə bir dövlətdir ki, orada azadlıq vardır, azadlıq isə odur ki, qanunun dediyini edəsən. "Qanunun yol verdiyini etmək
hüquqi azadlıqdır", - deyir. İngiltərə konstitusiyalı monarxiyası onun idealı olmuşdur.
Monteskye demokratik və aristokratik respublikanı bir- birindən fərqləndirir, respublikanı da monarxiya kimi qanunauyğun dövlət forması hesab edirdi.
Onun fikrincə, dövlət formaları onların ərazisindən asılıdır. Kiçik dövlətlər respublika, orta səviyyədə olanlar monarxiya, böyük dövlətlər isə despotiya olurlar. Onun fikrincə, federasiyaya əsaslanan respublika böyük ərazidə də yarana bilər.
Monteskye belə hesab edirdi ki, siyasi azadlıq vətəndaşların təhlükəsizliyi ilə bağlıdır. Hakimiyyətin bölünməsi təhlükəsizlik və qanunçuluq üçün təminatdır.