Varúava üsyanı. 1943-cü ilin iyulunda Polşanın Baş naziri və hərbi qüvvələrin ali baş komandanı Vladislav Sikorskinin səbəbi indiyə kimi məlum olmayan təyyarə qəzasındakı ölümündən sonra ölkənin yeni Baş naziri Stanislav Mikolayçik, Ali baş komandanı isə general Kazımej Sosnkovski oldu. Tehran konfransında Polşa-Sovet sərhəddinin Kerzon xətti boyunca, yəni Lvov istiqamətində Belostok torpaqları, Buq çayı boyunca keçməsi haqqında qərar qəbul edilmişdir. Tehran konfransı gizli xarakter daşıyırdı və qəbul edilmiş qərarlar haqqında Polşa tərəfinin məlumatı yox idi. Belə bir şəraitdə baş nazir S.Mikolayçik paytaxt Varşavada baş tutacaq üsyandan Polşanın sərhədləri və dövlət müstəqilliyi uğrunda müqavilədə bir vasitə kimi istifadə etməyi düşünürdü. Odur ki, hökumətin başçısı Polşanın mənafeyi naminə Varşavada üsyan qaldırmaq qərarına tərəfdar idi. Ali baş komandan general K.Sosnkovski onunla razı deyildi və belə hesab edirdi ki, İ.Stalin zor gücünə Polşa höku- mətini ölkənin siyasi müstəqilliyini məhdudlaşdırılması ilə bağlı güzəştlərə məcbur edəcəkdir. Yekdil fikirə gələ bilməyən Polşanın mühacir hökuməti qərar qəbul etməyi gizli dövlətin rəhbərliyinə həvalə etdi. Varşava əhalisi beşillik işğalın, 1939-cu il bombardmanın, kütləvi qətillərin cavabının nə zaman veriləcəyini səbirsizliklə gözləyirdilər. İyul ayında alman işğal- çıları şəhərin mərkəzi küçələri ilə qərbə doğru çəkilir, solsahil Varşavası tərəfdən isə yaxınlaşan cəbhənin gurultusu eşidilirdi.
1944-cü il iyulun 31-də Varşavanın baş komendatı T.Komorovski Vislanın qarşı tərəfinə Qızıl Ordunun desant çıxaracağı xəbərini eşidər-eşitməz üsyana başlamaq qərarı verdi. Krayevo ordusunun 40 min döyüşçüsü var idi, lakin onların çoxunun silahı belə yox idi,
əsasən yandırıcı maddə ilə dolu şüşələrlə təyyarələri, tankları, ağır artilleriyası olan almanların üzərinə yeridilər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq polyak üsyançılar mərdliklə döyüşərək ilk dörd gün müddətində şəhərin bir çox mərkəzi rayonlarını tuta bildilər. Üsyanın beşinci günü hitlerçilər və xüsusi SS dəstələri qərb istiqamətində Volya rayonunda hücuma keçdilər. Bir neçə gündə alman işğalçıları Volyada 40 minə yaxın dinc insanı öldürdü. Avqustun 12-də ağır döyüşlər artıq köhnə şəhərdə gedirdi. Köhnə şəhəri alan almanlar Po- vislya tərəfə istiqamət alaraq sentyabrın 5-də üsyançıların elektrostansiyasını tutdu, Varşava qaranlığa qərq oldu. Sentyabrın sonunda Varşavanın cənubunda Mokotov alman aviasiyası tərəfindən bombalandı, çoxlu dinc əhali tələf oldu. Sentyabr ayının 30-da Krayevo Ordusu (KO) komandanlığı şəhəri tərk etmək şərti ilə almanlarla danışığa başladı.
63 gün ərzində davam edən Varşava üsyanı ancaq barrikadalardakı döyüşlərdən ibarət deyildir. Bu vaxt ərzində Varşavada demokratik Polşa dövləti fəaliyyətini davam etdirdi. Buna baxmayaraq, Varşava üsyanının nəticəsi ağır oldu, 150 min nəfər adam, o cümlədən çoxlu vətənsevər gənclər həyatını itirdi. Siyasi cəhətdən də üsyan məqsədinə çatmadı, İ.Stalin
və Sovet totalitar rejimi Polşa xalqına kömək etməkdən imtina edərək PMAK-la birlikdə xalqın faciəsinə tamaşa etməyi üstün tutdular.
Varşava üsyanı yatırıldıqdan sonra alman işğalçıları solsahil Varşavasın dağıtdılar, mülkü əhalini şəhərdən qovdular. S.Mikolayçik Moskvaya səfər etsə də heç bir nəticə əldə edə bilmədən Londona döndü və istefaya çıxdı. Yeni mühacir Polşa hökumətinə sosialist Tomas Artsişevski başçılıq etməyə başladı. Polyak xalqının böyük əksəriyyətinin şücaətinə baxmayaraq Londondakı mühacir Polşa hökuməti Polşa dövlətinin müharibədən sonrakı talehinə təsir etmək gücünə malik deyildir. Çünki qərb dövlətləri Cənub-Şərqi Avropanı İ.Stalinin və totalitar dövlətin rəmzi olan SSRİ-nin ixtiyarına vermişdir.
1945-ci ilin yanvarında sovet qoşunlarının Polşada yeni hücumu başladı və ölkənin bütün ərazisi işğalçılardan azad edildi. Sovet ordusu ilə birlikdə Polşa qoşunları da bu döyüş- lərdə ön cərgədə yer aldı. Qızıl Ordu Polşa torpaqlarında 600 min nəfərdən çox əsgər və zabit itirdi. 1945-ci ilin fevralında üç müttəfiq dövlətin Krım konfransında Londondakı Polşa mühacir hökumətinin hüquqlarını müdafiə edən Uinston Çörçillə, Lyublin hökuməti ilə əlaqə saxlayan İossiv Stalin arasında əslində Polşa ərazisindəki hakimiyyətin kommunistlərin əlində alət olan Müvəqqəti hökumətə verilməsi haqqında saxta kompromis əldə olundu. Belə ki, daxili və xarici demokratik qüvvələrin iştirakı ilə Polşa Milli Birliyinin müvəqqəti hökumətinin (MBMH) təşkili irəli sürüldü. Polşanın şərq sərhədlərinin Kerzon xətti boyunca keçməsi müəyyən edildi. Qərb sərhədləri məsələsi isə növbəti konfransda həll edilməli idi. Gizli Polşa dövlətinin rəhbərliyi, o cümlədən Milli bərabərlik şurasının sədri Kazımej Pujak 1945-ci ilin martında danışıqlara başlamaq adı altında (cəmi 16 nəfər) həbs edilərək Moskvadakı Lyublyanka həbsxanasına göndərildilər.
1945-ci il mayın 8-də Almaniya müharibədə təslim olmaq haqqındakı sənədi imzaladı, 6 il davam edən İkinci Dünya müharibəsi başa çatdı. Berlindəki Brandenburq darvazasının üzərində sovet bayrağı ilə bərabər Polşa bayrağı da dalğalandı, bu isə o demək idi ki, hitlerçilərlə mübarizəyə birinci başlayan polyak xalqı onu axırıncı başa vurdu.