Çexoslovakiya Respublikasının iqtisadiyyatı. Mərkəzi Avropada yenidən yaradılmış dövlətlərdən nisbətən inkişaf edəni Çexoslovakiya idi. Gənc dövlətin yüksək inkişaf etmiş sənayesi var idi. Çexoslovakiyanın ərazisində keçmiş Avstriya-Macarıstan imperiyası sənaye- sinin dörddə üç hissəsi, kimya, toxuculuq, şəkər və digər sənaye sahələri müəssislərinin çox hissəsi yerləşmişdi. ÇSR-in iqtisadiyyatı hərbi əməliyyatlar zamanı zərər çəkməmişdi və onun bərpasına böyük vəsait sərf etməyə ehtiyac yox idi.
Yeni respublika müharibədən sonrakı Avropada iri dövlətlərin satış bazarı uğrunda mübarizə apardıqları bir şəraitdə meydana çıxmışdı. Güclü sənayesi olan Çexoslovakiya qarşısında bu problem kəskin dururdu. Lakin daxili bazar çox məhdud idi və Çexoslovakiya sənaye məhsullarının hamısını sərf edə bilmirdi. Ölkənin iqtisadi vəziyyəti müharibə qurtardıqdan sonra əvvəlcə ABŞ-da, sonra isə Avropada meydana gələn istehsal böhranı ilə çətinləşmişdi. 1921-ci ildə 1913-cü il səviyyəsinin 63 faizinə çatmış Çexoslovakiya sənayesi, sonrakı illərdə isə daha çox azalmışdı. Rəsmi statistik məlumata görə, tam işsizlərin sayı böhran vaxtında, təqribən 4,5 dəfə artmışdı. 1924-cü ildə Çexoslovakiya müharibədən sonrakı böhranın qarşısını ala bildi, ölkədə iqtisadi yüksəliş başladı. Şərqi Avropanın digər kapitalist ölkələrindən daha güclü olan Çexoslovakiya sənayesi bu ölkələrin bazarlarında xeyli mövqelər ələ keçirə bildi. 1926-cı ilin sonu – 1927-ci ilin əvvəllərində sənaye məhsulu müharibədən əvvəlki səviyyəyə çatdı, 1929-cu ildə isə həmin səviyyəni 25 faizdən çox ötüb keçdi. Lakin bu inkişaf Çexoslovakiyanın bütün rayonlarını əhatə etmirdi. Çexiyada sənaye yüksək, başqa rayonlarda – Slovakiyada, Zakarpat Ukraynasında zəif inkişaf etmişdir ki, bu da nəticədə Çexoslovakiyanın xalq təsərrüfatına mənfi təsir göstərirdi.
Kapitalizmin müvəqqəti sabitləşməsi illərində orta və xırda müəssisələrin iri müəs- sisələr tərəfindən ələ keçirilməsi hesabına inhisarların və kapitalın təmərküzləşməsinin rolu xeyli artmışdı. 1930-cu ildə Çexiyanın iri müəssisələrində fəhlələrin təxminən 50 faizi cəm- ləşmişdi. 1919-cu ildən 1929-cu ilə qədər sənaye və ticarətdə səhmdar cəmiyyətlərin sayı 2 dəfədən çox, onların malik olduqları kapital isə 3 dəfə artmışdı. Çexiyanın yeddi ən böyük bankı ölkənin bütün bank kapitalının beşdə dörd hissəsini öz əlində cəmləşdirmişdir. Ölkə parlamenti inhisarların mənafeyinə uyğun olaraq bir sıra qanunlar qəbul etdi. Belə ki, “bank- ları sağlamlaşdırmaq” üçün xüsusi fond yaradılmasını nəzərdə tutan qanun qəbul edildi.
Başqa bir qanunda isə Avstriya-Macarıstan monarxiyasının silah zavodları sahiblərinə ödəyə bilmədiyi borcları ödəmək üçün dövlət xəzinəsindən onlara bir neçə yüz milyon kron ayrılmasını nəzərdə tuturdu. 1924-cü ildə icarə haqqında qanun qəbul edildi ki, bu da xırda icarədarların vəziyyətini pisləşdirdi.
Ölkənin iqtisadi inkişafına və daxili bazarın genişlənməsinə keçirilən aqrar islahat da müsbət təsir göstərdi. Aqrar islahatın keçirilməsi haqqında qanun 1919-cu ilin aprelində qəbul edildi. Qanuna əsasən 150 hektardan artıq əkin yerlərindən və 250 hektar meşə yerlərindən artıq olan bütün torpaq sahibkarlardan satın alınaraq torpaq pulu müqabilində aztorpaqlı kəndlilərə verildi. Qalan torpaqlar isə öz əvvəlki sahibkarlarının ixtiyarında saxlanıldı. İsla- hatın keçirilməsi nəticəsində kəndlilər 1,7 milyon hektar torpaq ala bildi ki, bu kənddə gər- ginliyin azaldılmasına səbəb oldu. Nəticədə müsadirə edilmiş 4 milyon hektar əkin sahələrinin 45 faizi kəndlilərə verildi, bir o qədəri də əvvəlki sahiblərinə qaytarıldı, 10 faizə qədəri isə aqrar partiyanın liderlərinə verildi. İslahat demək olar ki, kilsə torpaq sahiblərinə toxunmadı. Çexoslovakiyada əkin sahələrinin 30 faizə qədəri şlyaxta və kilsəyə məxsus idi.1929-cu ildə aqrar islahatın keçirilməsi əsasən qurtardı. İslahatın keçirildiyi 1919-1929-cu illərdə Çexos- lovak kəndlisinin borcu 2,5 dəfə artmışdı. Aqrar islahat qolçomaq təsərrüfatlarının artmasına, maliyyə kapitalının kənd təsərrüfatına sirayət etməsinə, kənddə sinfi təbəqələşmənin güclən- məsinə kömək etmiş oldu.
20-ci illərin ikinci yarısı iqtisadiyyatın inkişafı illəri kimi xaakterizə olunur. Aqrar islahatın nəticələri də bu prosesə müsbət təsir göstərdi. Bir sıra göstəricilərə və əhalinin həyat səviyyəsinə görə ÇSR on ən inkişaf etmiş ölkələr siyahısına daxil ola bildi. ÇSR-in iqtisadiy- yatında aparıcı mövqeləri iri müəssisələr, məsələn, silah istehsal edən “Şkoda” zavodları, həmçinin Tomaş Batinin ayaqqabı istehsal edən konserni tuturdu. K.Kramarj hökuməti və sonrakı kabinetlər Çexoslovakiyada xarici, xüsusən fransız, ingilis, amerikan və belçika sə- naye konsernlərinin, banklarının fəaliyyətini dəstəkləyirdi. Məsələn “Şneyder-Krezo” fransız konserni Çexiyadakı ən böyük Şkoda zavodlarına nəzarət edirdi.
1929-cu ildə başlamış dünya iqtisadi böhranı tezliklə Çexoslovakiyanı da bürüdü. 1930- cu ildə böhran əvvəlcə yüngül, sonra isə ağır sənayeni əhatə etdi. 1932-1933-cü illərdə böhran daha da dərinləşdi. Böhranın cərəyan etdiyi illərdə sənaye istehsalı 1929-cu illə müqayisədə 40 faiz aşağı düşdü. Maliyyə və aqrar böhran da dərinləşdi. İşsizlərin sayı rəsmi məlumata görə –həm də bu rəqəm xeyli azaldılmışdı – 1933-cü ilin əvvəllində 920 min nəfər təşkil edirdi ki, onların da yalnız 240 min nəfəri işsizliyə görə müavinət alırdı. Böhran xarici ticarət dövriyyəsinin xeyli azalmasına səbəb oldu. ÇSR-in milli gəlirinin 30-40 faizi xarici ticarət dövriyyəsi hesabına əldə edilirdi. Çexoslovakiya Balkanlarda və başqa bölgələrdə Almani- yanın xeyrinə satış bazarlarını itirməyə başlamışdı. İxracat 1933-cü ildə 1929-cu il səviy- yəsinin yalnız 29 faizini təşkil edirdi. Böhran illərində, yəni 1929-1933-cü illərdə Çexoslo- vakiyada rəsmi məlumatlara əsasən işsizlik 27 faiz artmışdır. Yeddi milyon nəfər iş qabiliy- yəti olan əhalinin təqribən 1,3 milyon nəfəri işsiz idi. 1930-cu ildən 1933-cü ilə kimi ölkədə kənd təsərrüfatının ümumi borcu 30-dan 50 milyard krona yüksəlmişdir. 1932-1933-cü illərdə ehtiyac və qıtlıq respublikanın əksər rayonlarını, xüsusilə Slovakiya və Zakarpat Ukraynasını bürümüşdür.
İqtisadiyyatda böhran o qədər dərin idi ki, onun nəticələrini ancaq birinci respublikanın sonunda aradan qaldırmaq mümkün oldu. Ölkənin iqtisadiyyatında canlanma yalnız 1936-cı ildə baş verdi, 1937-ci ildə daxili ümumi məhsul böhrandan əvvəlki dövrdəkinin 98,4 faizini təşkil etdi. Avtomobil nəqliyyatı və onunla bağlı şosse yollarının yenidən qurulması və yeni yolların çəkilməsində böyük irəliləyiş əldə edildi. Ölkənin elektrikləşdirilməsi, xüsusən çex və Moraviya kəndlərində və Slovakiyada sürətlə gedirdi. “Şkoda” konserni dünya silah ticarətində, o cümlədən SSRİ ilə ticarədə öncül yerlərdən birini tuturdu ki, burada da küllü həcmdə fransız kapitalı əsas rol oynayırdı.