S o k r a t. Məni qorxudan tək bu olsaydı, nə vardı, Kriton, bundan başqaları da var.
K r i t o n. Sən gəl, boş yerə qorxub çəkinmə. Açığı, səni buradan qaçırmaq üçün elə çox axça da istəmirlər. Qaldı bu çuğullara, özün yaxşı bilirsən, onlar özlərini necə dəyər-dəyməzinə satırlar, onları da bir az axça verib susdurarıq, qutarıb gedər. Mənim nəyim varsa, özününkü bil, düşünürəm, əlimdə olanlar bu işləri görməyə artıqlaması ilə çatar. Birdən mənim var-yoxumun əlimdən çıxacağını düşünüb, bu işə ürək eləmirsənsə, onda bunu da biləsən, sənin yadelli arxadaşların bu işə çatası axçanı ödəmək üçün ayaqdadırlar; Fivanlı Simmiy isə artıq bu işə yetəsi axçanı gətirib ortaya qoyubdur. Kebet də, elə bir çox başqaları da, gərəkən axçanı ödəməyi ürəkdən istəyirlər. Yenə də deyirəm, qorxub çəkinmə, səni qurtarmağımıza qarşı dirəşməyi boşla getsin; məhkəmədəki sözündən,- buradan başqa yerə gedib dolana bilməyəcəyini deməyindən də, sıxılıb eləmə: mən yaxşı bilirəm, sən hara getsən səni sevib, sayğı göstərəcəklər. Birdən sən Fessaliyaya getmək istəsən, ən yaxşısı elə bu olardı, orada mənim çox dəyərli arxadaşlarım var, onlar sənə gərəyincə sayqı göstərəcək, səni qoruyacaq, bir kimsənin səni incitməsinə yol verməyəcəklər. Bundan başqa, Sokrat, mənə elə gəlir, qurtulmağa yol olan yerdə yaxanı ələ verməklə, sən düz iş görmürsən. Bununla sən yağılarının dəyirmanına su tökürsən, onlar onsuz da sənə bacardıqları nə yamanlıq varsa eləyiblər, qalıb bircə səni öldürməkləri, yoxsa bunumu istəyirsən? Bu azmış kimi, sən öz oğlanlarına qarşı da dönüklük eləyirsən, onların başına nələrin gələ biləcəyinə göz yumursan, buradan qurtulsan, onları dolandıra, yaxşı insan olaraq böyüdə bilərsən, yoxsa onlar öksüzlüyün(yetimliyin) bütün ağrı-acılarını dadmalı olacaqlar. Doğrudan da, gərək bu uşaqları necə gəldi, əkib tökməyəsən, bunu eləmisənsə, onları dolandırmalı, boya başa çatdırmalı, düzgün böyütməlisən, sən isə onları bu sayaq atıb getməklə, yolun ən yararsızını, ən yüngülünü seçirsən; sən bütün ömrünü yaxşılıq eləməyə çalışmaqda keçirdiyini deyirsənsə, onda bu işdə də ərdəmli, kişi adamların yolunu tutub, uşaqlarını özgə əllərdə qoymamalısan. Mənə gəlincə, sənə görə də, sənin arxadaşların olan bizlərə görə də, başıaşağı olacağımdan utanıram, səni ölümdən qurtarmasaq, hamı deyəcək, bu işlər bizim qorxaqlığımızdan olub: işinin məhkəməyə düşməyi də, gəlib-gəlməməyin özündən asılı olsa da məhkəməyə varmağın da, elə məhkəmənin gedişində baş verənlər də, bu sonuncu olaylar—səni qurtarmağa yol olsa da bunu etməməyimiz də(sənin bunu istəməməyinə baxmayaraq), bunların hamısını bizim qorxaqlığımıza, yaramazlığımıza yozacaqlar. İndi bax gör, Sokrat, bütün bunlar bizim işlərimizi korlamaqla qalmayacaq, bizim də, sənin də, adımızı batıracaqdır. Bir özün də düşün-daşın; doğrusu, artıq düşünməkdən də keçib, sözdən işə keçmək çağı yetişib, ertəsi günün gecəsi bunu eləməsək, artıq iş-işdən keçəcək. Yalvarıram sənə, Sokrat, mənim sözümü yerə salma, bu yersiz tərsliyini burax getsin.