S o k r a t. Deməli, o bədənini çalışdırmaqda da, öz yemək-içməyini gözləməkdə də, ancaq birinin dediklərini tutmalı, qalanlarını saya salmamalıdır.
K r i t o n. Düzü elədir.
S o k r a t. Yaxşı. Birdən o bu işin bilicilərinin baxışlarını saymayıb, başqalarının, yəni bu işlərdən başı çıxmayanların sözünü tutdu, onun bundan nəsə bir korluğu ola bilərmi?
K r i t o n. Sözsüz, olar.
S o k r a t. Necə bir korluq? Bu, nədə özünü göstərəcək?
K r i t o n. Bu ilk olaraq onun bədənində özünü göstərəcək, bu yanlış sözlərə uymaqla sağlamlığını itirəcək.
S o k r a t. Sən nə yaxşı danışırsan, Kriton. Gəlsənə, başqa konularda da baş verəsiləri belə ardıcıllıqla sadalamağı sınayasan. Bax indi, düzgünlüklə əyriliyə, suyumsuzluqla gözəlliyə, yaxşılıqla yamanlığa yanaşanda,- indi yanaşdığımız təki, biz çoxluğunmu baxışlarına uymalıyıq, yoxsa, birinin,–sözsüz bu birisi işin kökünü bilirsə; biz çoxluqdanmı qorxmalı, çəkinməliyik, yoxsa bu birisindən? Biz bu birisinin dediyini tutmasaq, öncələr də dediyimiz kimi, düzgünlüyün ortadan çıxmasına, yəni onun yoxluğuna yol açmış oluruq. Yoxsa, belə deyil?