S o k r a t. İndi mənə qulaq as: məni dustaqlıqdan qaçırmaqla, biz kiməsə yamanlıq eləyirikmi, eləyiriksə, onda bunu yamanlığı yaraşdırdığımız kimsəyə qarşımı eləyirik? Bir də mənim bu sayaq qurtuluşum düzgünlük sayılmalıdır, yoxsa yox?
K r i t o n. Sənin bu sorğunun qabağında deyəsi sözüm yoxdur, Sokrat, mən bu dediklərini sonacan anlaya bilmirəm.
S o k r a t. Onda gəl belə bir durumu göz önünə gətirək: mən buradan qaçıb aradan çıxmaq istəyəndə,- düzü bilmirəm, başqa sayaq bunu necə deyirlər,- birdən o anda Yasalarla, Dövlət bura gəlirlər, mənim yolumu kəsib soruşurlar: “Sokrat, bizə de görək, sən nə eləmək istəyirsən? Sən indi əlinə girəvə düşüb deyə, bizlərin,—Yasalar ilə Dövlətin başını batırmağamı çalışırsan? Yoxsa elə düşünürsən, bizlərin varlığını, bütünlüyünü korlamadan, məhkəmə buyuruqlarını saya salmamaq da olar, onları ayrı-ayrı adamlar, öz istəmlərinə görə, doğru saymaya, ayaqlayıb üstündən keçə də bilərlər?” Bax bu sayaq sorğuların qabağında bizlər nə deməliyik, Kriton? Bizim pozmaq istədiyimiz bu yasaların qorunmasının yararlarından yanşaqlar(ritorlar) belə uzun-uzadı danışa bilirlərsə, özümüzü onlardan qat-qat anlaqlı sayan bizlər, necə olur, onu saymırıq, üstəlik məhkəmə buyuruqlarına qarşı özbaşınalıq eləyib, onları yerinə yetirməkdən boyun da qaçırırıq? Yoxsa, özümüzü doğrultmaq üçün, biz onlara bunu deməliyik: bu şəhər bizimlə düzgün davranmır, məhkəmədə bizə kəsilən iş düz deyil? Bunumu deməliyik, səncə?