(*-Üstü ulduzla kərtilənmiş sözlərin yozumu kitabın sonunda verilmişdir.)
qulluğuna getməyi umardısa, Sokrat onlara deyəsiydi, gedin fal açdırın, sonra işə başlayın. Düzdür, yaxşı doğramaçılığı(dülgərliyi), dəmirçiliyi, əkinçiliyi, yönətimçiliyi(idarəçiliyi), sayıcılığı(hesabdarlığı), yığımcıllığı(iqtisadçılığı), qoşun başçısılığını, habelə bunun təki bir çox işləri, insanın çalışmaqla öyrənə biləcəyini sansa da, ancaq bunu da deyəsiydi: bu işlərdə tanrıların gizlin saxladığı, insan bilməyəsi çoxlu incəliklər də var. Bu sözünə aydınlıq gətirmək üçün deyərdi: görürsən, birisi say-seçmə yemiş(meyvə) ağacları əkir, ancaq bilmir onların yemişini kim dərib yeyəcək; birisi özünə gözəl ev-eşik qurur, bilmir onda kim yaşayacaq; strateqliyi* bütün incəliklərinə kimi öyrənən bilmir, bu biliklər yeri gələndə onun işinə yarayacaqmı; dövləti yönətmək işini beş barmağı kimi öyrənən bilmir, dövlət başçısı olsa, özünün sonu nə olacaq; gözəl-göycək bir qızla evlənməyin sevincindən ürəyi atlanan bilmir, onun əlindən hansı acılar yeyəcək; şəhərin adlı-sanlı adamlarından qız aldığı ilə öyünən bilmir, haçansa özünə doğma sayıb arxalandığı bu adamların ucbatından ata-baba ocağını atıb qaça bilər. Sokrat onu da deyərdi, bu işlərin baş verməsinin tanrılardan deyil, yalnız insanın özünün bacarığından asılı olmasını düşünmək dəlilikdir; araba sürməyi: bu işi bacarana, yoxsa bacarmayana tapşırmağı; gəmini yönətməyi: bu işin bilicisinə, yoxsa başı çıxmayana verməyi, bir sözlə bu sayaq: sayılmaqla, ölçüylə, çəkiylə öyrəniləsi işləri, gedib orakuldan soruşmağı da dəlilik sayar, tanrıları bu işlərə qatmağın yersiz olduğunu deyərdi. Sokrat çoxsaylı dinləyicilərinə belə öyüdlər verməyi sevərdi: tanrılar,–insanların anlayası, əlindən gələsi üçün yaratdıqlarını, onların özbaşına öyrənə bilməsi üçün yollar qoymuşlar; ancaq onların insanlardan gizlin saxladıqlarını öyrənmək üçün, fal açıb tanrıların istəmini(iradəsini) öyrənmək gərəkdir: tanrılar ürək qızdırdıqları tanrıqan(mömin) kimsələrə yolun düzünü göstərirlər.
Sokratın ömrü-günü hamının gözü qarşısında keçirdi: ertədən durub gəzişər, gimnasiyaya(gimnastika salonuna) gedər, şəhər ortamı(meydanı) adamlarla dolanda ora gələr; elə günün başqa çağlarını da adamların çox toplaşdığı yerlərdə keçirər; bir sözlə, özünə dinləyici tapa biləcəyi yerləri arayıb-axtaradı. Ancaq inanmıram, onun danışıb-söyləşdiyi bu çoxsaylı adamlardan kimsə, haçansa, Sokratın ağzından tanrıları danmağa çağıran, onlara inamsızlıq aşılayan bir söz eşitdiyini desin.
O, başqalarının,–bildi-bilmədi, yeri gəldi-gəlmədi danışmağı sevdiyi, varlığın yaradılışı ilə bağlı araşdırmalar aparmaz, filosofların “kosmos” dediyi gerçəkliyin necə yaranması, qurulması ilə bağlı konulara baş qoşmazdı; göydə baş verən olayların hansı qaçılmaz düzənlərə bağlı olduğunu öyrənmək üçün baş sındırmazdı. Belə araşdırmalar aparmağı anlamazlığa yozardı.
Belələri ilə qarşılaşanda soruşardı: insana gərəkən bütün bilikləri öyrənib qurtardıqları üçünmü, indi də kosmosu öyrənməyə başlayıblar, yoxsa insanlıqla bağlı öyrənəsiləri bir qırağa atıb, ancaq tanrıların işinə qarışmaq istədiklərindən, bu yolu tutublar? Onları qınayıb deyərdi: “Bunlar niyə başa düşmək istəmirlər, insan anlağının belə işləri qavramağa gücü çata bilməz; Onların içində, bu işlərdən ən yaxşı baş açdığı ilə öyünənlərə baxsanız, öz aralarında belə dil tapa bilmədiklərini görərsiniz, ortaq bir düşüncəyə gəlib, anlaşa bilmədiklərindən də biri-birilərini dəli sayarlar. Dəlilərin davranışını izləsəniz görəcəksiniz: onların biriləri ən qorxulasından belə çəkinməzlər, başqa biriləri qorxusuz olan bir nəsnəni görəndə baş götürüb qaçarlar; biriləri adam içində də qanacaqsız danışmaqdan, davranmaqdan çəkinməz, o biriləri adamlarla üzləşəndə qaçıb gizlənərlər; biriləri Tanrı Evinə(məbədə), tanrılara sayğısızdırlar, başqa biriləri daşdan, ağacdan, heyvandan özlərinə “tanrı” düzəldirlər. Bunun təki də, varlığın yaranışının nədənini araşdıranlar, baxın görün, neçə yerə bölünüblər: birilərinə elə gəlir, varlıq bir bütövlükdür, başqaları üçün o, başıpozuq bir çoxluqdur; birilərinə elə gəlir, o dayanmadan yerdəyişmədədir, başqaları üçün o yerindən tərpənə bilməz; birilərinə elə gəlir, o ara vermədən doğulmaqda, ölməkdədir, başqaları üçün o, nə doğula, nə də ölə bilər”. Onlar üçün bir də belə deyərdi: “İnsanlıqla bağlı işləri öyrənənlər, bu biliklərindən özləri üçün də yararlanır, ürəkləri istəyəndə başqalarının da işinə əl yetirirlər; Görəsən, tanrıların işlərinə qarışanlar, göydəki olayların necə baş verdiyini anlayandan sonra, yel əsdirməyi, yağış yağdırmağı, ilin çağlarını(fəsillərini) dəyişməyi, habelə bu sayaq işləri görməyi bacaracaqlarını düşünürlər, yoxsa onlar üçün önəmli olan yalnız elə, bunların necə baş verdiyini anlamaqdır?” Bu sayaq işlərlə günlərini keçirənlərə onun baxışı belə idi, özü isə ara vermədən, yalnız insanlıqla bağlı işlərdən danışardı: inanclıqla inancsızlıqdan, gözəlliklə suyumsuzluqdan, düzlüklə əyrilikdən, biliklə biliksizlikdən, igidliklə qorxaqlıqdan, dövlətlə dövləti yönətənlərdən, insanlara başçılıq etməklə bunu bacaran insanlardan, habelə bunun təki çoxlu konulardan danışar, bu konuların üzərində çalışıb onlardan baş çıxaranları yüksək soylu, bunu anlamayanları isə başqalarına qul olmaq üçün doğulmuş kimsələr adlandırardı.
Onun ölümünə qol qoyan məhkəmə hakimlərinin, Sokratın öyrətdiklərinin bir yerlərini bimədiklərindən yanlışa qapıldıqlarını düşünüb, bu suçlarının üstündən keçmək olar; ancaq işlərinin adı düzgünlüyü qorumaq, doğrunu üzə çıxarmaq olan bu adamların, Sokratın dediklərindən hamıya bəlli olanlara nədən önəm vermədikləri, istər-istəməz çaşqınlıq doğurur. Ötən çağlarda, Gənəşik Toplantısına seçilib, hamının gözü qabağında yasaları(qanunları) pozmayacağına and içəndən sonra, Sokrat bir ara Xalq Yığınçağına başçılıq etməli olmuşdu. Günlərin bir günü, acıqdan başını itirmiş xalq kütləsi, yasanı pozaraq, bir səslə, strateqlər Frasilla ilə Erasinidaya, onların bütün yoldaşları ilə birgə ölüm kəsmək istəyəndə, Sokrat bu qaldırılan sorğunu səsverməyə buraxmamışdı, baxmayaraq bu, kütlənin ona acığını coşdurmuş, çoxlu sayılıb seçilən adamlar da onu öldürəcəkləri ilə qara-qorxu gəlmişdilər: ancaq içdiyi andı pozub, düzgün olmayan yol tutub, kütlənin qılığına girməkdənsə, Sokrat onda, ölümlə üz-üzə dayanmağı üstün tutmuşdu. Düzdür, onun tanrıların insanların ömür yoluna qarışması ilə bağlı baxışları, çoxluğun baxışlarından seçilirdi, adamların çoxu bu konu ilə bağlı belə düşünürlər: tanrılar insanın başına gələsilərdən nəyisə bilirlər, nəyisə yox; Sokratın isə inancı belə idi: tanrıların sözdə də, işdə də bilmədiyi, onlardan gizli qalası, nələrsə olmur, onların qarışmadığı, yönətmədiyi bir iş belə yoxdur, insanlar arasında nə baş verirsə, hamısında adamlar onların buyuruqlarını yerinə yetirirlər.
Bütün bunlar gün təki aydın ikən, afinalıların beləcə yersiz olaraq, Sokratın tanrılara qarşı yanlış düşüncələrə qapılmasına inanması, adamın əlini-ayağını yerdən-göydən üzür,- Sokrat tanrıları aşağılayan bircə söz belə deməmişdisə, onlara sayğısızlıq göstərməmişdisə, özlüyündə onların sayğısı üçün elə böyük sözlər deyib, gözəl işlər görmüşdüsə, bu sayaq davranan başqa birisi, ən yüksək tanrıqan(mömin) kimsə sayılardısa,- onda afinalıların Sokrata qarşı elədikləri bu amansız davranışa nə ad vermək olar?
Dostları ilə paylaş: |