III BAŞLIQ
{Sokrat öyrəncilərinin işinə: örnək olaraq da, bilik öyrədərək də yarıyardı}
Sokrat arxadaşlarının işlərinə necə yarıyardı, onlara necə dəyərli sözlər danışardı, bununla da onun bilginliyi necə üzə çıxardı, indi bunlardan, bir para unutmadıqlarımı sizlərə danışmaq istəyirəm.
Tanrılara gəlincə, onun işi də, sözü də,- bu hamıya bəlli idi, - Pifiyin* dediklərinə uyğun idi, onun: necə qurban vermək, uluları necə anmaq, habelə bunun təki bütün göstərişlərini sözsüz yerinə yetirərdi. Pifiyin deməsinə görə, kim doğma şəhərinin gələnəklərinə uyğun olaraq davranır, o düz yoldadır. Sokrat da onun dediyi kimi eləyər, başqalarını da buna çağırardı, kimsə bu deyilənləri qulaqardına vurub, başqa yol tutardısa, onları saçmalıq eləyən, yolunu azmış kimsələr sayardı.
Dilək diləyəndə, tanrılardan özü üçün nəsə istəməzdi, hamıya yaxşılıqlar göndərməyi diləyərdi, kimin üçün nəyin yaxşı olacağını, tanrıların hamıdan yaxşı bildiyini düşünərdi; tanrılardan qızıl-gümüş ummağı, onlara—ağalığa çatmaq üçün yalvarmağı, bir sözlə əl açıb, onlardan nə isə dilənməyi, qumar oyununa, döyüşü udmaq istəyinə oxşadardı, bu sayaq işlərin sonu öncədən bilinməz deyərdi.
Verdiyi qurban, əlində olana uyğun, az-azacıq olardı, ancaq çox varlı olan birisinin böyük qurbanlar verməsindən də qısılmazdı. Tanrıların böyüklüyünü, onların böyük qurbana kiçik qurbandan çox dəyər verməsində axtarmaq qanmazlıqdır,–belə olsaydı, gərək onlar, yaramaz yollarla varlanmış adamların böyük qurbanlarını, yaxşı adamların verdiyi kiçik qurbanlardan çox bəyənmiş olaydılar, deyərdi. O, tanrıların,–ürəkdən tapınan kimsələrin sayğılarına, onlara– elgözünə sayğı göstərənlərdən, qat-qat artıq dəyər verdiklərinə inanardı. Aşağıdakı şeir parçasını oxumağı çox sevərdi:
Ölməz tanrılara qurbanlığını, əlində olandan versən yaxşıdır.
Arxadaşlarına da: kiməsə əl tutanda, yadelliləri qonaqlayanda, başqa yerinə düşən durumlarda, “olanından verməyin” ən düzgün yol olduğunu aşılayardı.
Birdən Sokrata elə gəlsəydi, tanrılar ona nəsə buyururlar, onu bu buyuruqları yerinə yetirməkdən çəkindirmək olmazdı, ola bilsin, tanımadığı uzaq yola çıxan hansısa adamı, gözüaçıq, yolu tanıyan kimsəylə yox, kor ilə, yolu tanımayan birisiylə yola çıxmağa tablaşdırmaq olardı, ancaq Sokratı tanrıların buyuruqlarını yerinə yetirməkdən daşındırmaq olmazdı. Adamlar arasında adının pis çıxacağından qorxub, tanrıların buyuruqlarını yerinə yetirməkdən çəkinməyi anlamazlıq sayardı; tanrıların göstərdiyi yolu tutanda, buna başqalarının necə baxacaqlarına, nə deyəcəklərinə, azacıq da olsa önəm verməzdi.
O, bədənini də, öpözünü(ruhunu) də, özünün seçdiyi ömür yoluna elə alışdırmışdı, olduqca toxdaq, qorxusuz, arxayın yaşayırdı, tanrılardan gələn gözlənilməz, ağır bir duruma düşərdisə, bunlardan da çox qolayca qurtula bilirdi. Dolanışıq ona elə ucuz başa gəlirdi, mən özüm də deyə bilmirəm, Sokratın dolanışığına çatacaq boyda axça ilə necə keçinmək olardı? Yeməyi, ağız dadı ilə yeyə bilənəcən yeyərdi, aclığının yeməyi dada gətirməsini gözləyərdi, susamadan içməzdi, ona görə nə içsəydi də döşünə yatardı. Onu günorta yeməyinə çağırsalar, o da birdən yox deməzsə, burada da özünü çox yeməkdən qolayca saxlaya bilirdi, ancaq başqaları, qonaqlıqdır deyin bunu bacarmır, acgözlük eləyirlər. Kiminsə özünü çox yeməkdən saxlaya bilmədiyini görsə, onu yeməyi dada gətirən qatqılar tökülmüş bişmişləri yeməkdən çəkinməyə çağırardı, aclığı olmadan yeməyə, susuzluğu olmadan içməyə yeriklədən qatqıların gücünə qarınqululuq eləyənlərin, mədələrini də, başlarını da, öpözlərini də korladıqlarını söyləyərdi. Şuxluğa salıb, Kirkanın* da belə qatqıların gücünə adamların başını aldadıb, onları donuza çevirmək üçün tıx deyənəcən yedirib-içirdə bildiyini deyirdi; Görürsünüzmü, Odissey Hermesin öyüdünə qulaq verib, yeyib-içməyinin ölçüsünü gözlədiyindən, donuza dönməmişdi,- deyirdi. “Sözün düzünü şuxluqla deyərlər”,- deyiminə uyğun olaraq, Sokrat bu sayaq sözləriylə də, dinləyicilərini düz yola yönəltməyə çalışardı.
Sokrat öz dinləyicilərini insan bədəninin gözəlliklərinə dəlicəsinə vurğunluqdan çəkindirməyə çalışardı: gözəl bədənə toxunanda, istər-istəməz başını itirirsən, deyərdi. Bir gün, Kritonun oğlu Kritobulun, Alkiviadın üzdən çox gözəl olan oğluna vurulub, onu öpdüyünü eşidəndə, Kritobulun yanındaca, Ksenofontdan soruşdu:
-Ksenofont, sən doğrudanmı Kritobulu arsız, azğın, çılğın olan birisi təki yox, ağıryana, götürqoylu bir kimsə sayırsan?
-Düzünə qalsa, mən onu götür-qoylu bir kimsə saymaqdayam, - Ksenofont dedi.
-Bundan sonra sən onu, arsız, azğın, özünə yiyəlik eləməyi bacarmayan birisi saya bilərsən, o özünü boş yerə, qılınca çarpan, oda ata bilən kimsədir.
-Sən onun davranışından nəsə sezmisən, yoxsa bu sözləri özündən çıxarırsan?
-Bilmirsənmi, o, bu yaxınlarda, Alkiviadın gün parçasi kimi göyçək oğlunu öpməklə böyük bir igidlik eləyib?
-Bu, qorxmazlıq sayılırsa, onda mən də bunu eləyə bilərəm!
-Ay qaragünlü, sən yəni doğrudanmı, gözəl olan birisini öpəndə səni nə gözlədiyini anlamırsan? Sən indi büsbütün özgür olan bir kimsə, bu işi tutunca düşkün istəklərinin quluna çevriləcəyini, necə bir uçuruma yıxılacağını, doğrudanmı başa düşmürsən? Bu sayaq alçaq əyləncələrə qapılmaq, səni yoxluğa sürükləyib aparmayacaqmı? Sənin bundan sonra gərəkli bir iş görməyə macalın olacaqmı? Belədə, sən dəlilərin də özünə yaraşdırmadığı bir işə girişmirsənmi?
-Herakla and olsun, Sokrat, sən bu öpüşməyə, çox yersiz olaraq, belə qapqara boyaq vurursan!
-Mənim sözüm sənə çöçünmü gəlir?–Sokrat dilləndi,- yoxsa, qara quruşdan də kiçik olan tarantulanın(ağulu hörümçəyin) ağzını toxundurduğu kimsələri necə ağrı-acılara saldığını, onların başlarını necə pozduğunu da bimirsən?
-And olsun Zevsə, düz deyirsən, - Ksenofont dilləndi,- ancaq bu tarantula sancanda ağzından nəsə damızdırır da.
-Anlamaz!- deyə Sokrat səsləndi.- Gözəllərin də öz öpüşləriylə, insanı başdan çıxaran nəyisə damızdırdıqlarını buçağacan bilmirsənmi? Doğrudanmı yəni bilmirsən, “gənclik çağlarının gözəlliyi” adlanan bu yırtıcı varlıq, tarantuladan da qorxuludur, tarantula yenə ağusunu ancaq sancanda buraxa bilir, bu “gözəl” deyilənlər isə, uzaqdan-uzağa adamın üstünə nə buraxırlarsa, onların huşunu başından çıxarırlar! (Yoxsa, elə buna görə, Erota* oxatan deyirlər, axı gözəllər adamı uzaqdan da yaralaya bilirlər.) Mənim sözümü eşit, Ksenofont, belə gözəlləri görəndə, oradan arxana baxmadan qaçıb uzaqlaş. Sən isə, Kritobul, ən yaxşısı uzun bir sürədə buradan uzaqlaşıb get, öpözünü necə ağır bi düşkünlüyə yoluxdursan da, ola bilsin uzaq yolların yolçuluğu səni sağalda bildi.
Beləliklə də Sokrat sevgiylə bağlı əyləncələrdə, adamlara, bunun törədə biləcəyi qarğaşadan uzaq gəzməyi aşılayır, bədən ilə öpözün(ruhun) üzüləcəyi ölçülərdə bu işə baş qoşmamağa çağırırdı. Özünü isə elə kökləyə bilmişdi, başqalarının ən suyumsuz adamdan uzaq qaçdığı kimi, o da belə gözəllərdən yan gəzərdi.
Yeməyə, içkiyə, qadınla yaxınlığa qarşı da, özünü ölçü-biçi gözləməyə beləcə alışdıra bilmişdi, bununla yanaşı, Sokrat özünü bu düşkünlüklərdən qoruya bilməkdən elə böyük sevinclər duyardı, bu düşkünlüklərə qapılmaqdan tapılan, ucuz, üzücü toxtamışlığa(komforta), gözünün ucu ilə baxmağı belə özünə sığışdırmazdı.
Dostları ilə paylaş: |