Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


IV BAŞLIQ {Aristodemlə, tanrıların insanlara necə yanaşması konusunda danışıq}



Yüklə 1,55 Mb.
səhifə47/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   43   44   45   46   47   48   49   50   ...   84
IV BAŞLIQ
{Aristodemlə, tanrıların insanlara necə yanaşması konusunda danışıq}
Ola bilər kimlərsə,–hansısa cızmaqaralara, ortalıqda gəzən dedi-qodulara inanıb,–Sokratın dinləyicilərini yaxşılıq eləməyə yönəldə bildiyini, ancaq yaxşılıq eləməyin yollarını, onlara öyrədə bilmədiyini düşünsünlər; məncə belə düşünən kimsələr, Sokratın,–özünü çoxbilmiş kimi göstərən adamları, çoxlu sorğularla dilləndirib, bununla da onların özlüyündə çox biliksiz olduqlarını ortaya qoyduğu danışıqlarından başqa,–arxadaşları ilə apardığı gündəlik danışıqlarını da öyrənsələr, onda bilərlər, o, adamlara yol göstərməyi bacarırdı, yoxsa yox.

Bunun doğruluğunu anlatmaq üçün, mən ilk olaraq, onun “Kiçik” ayamalı Aristodem ilə tanrılarla bağlı apardığı danışığını, sizlər üçün burada açıqlamaq istəyirəm.

Aristodemin tanrılara qurban vermədiyini, onlardan dilək diləmədiyini, tanrı buyuruqlarını anladan fal açdırmağa getmədiyini, bu azmış kimi, belə iş görənləri ələ saldığını eşidən Sokrat ondan soruşdu:

-Aristodem, bir mənə de görüm, elə kimsələr varmı, sən onların yaradıcılığının vurğunu olasan?

-Var, - Aristodem dedi.

-Onların adlarını sadala, görək kimlərdir.

-Epik poeziyada ən çox sevdiyim Homerdir, gözəlliyi öyməkdə,–Melanippid, insanın ağrı-acılarından danışanda,–Sofokl, heykəl yapmaqda– Poliklet, rəssamlıqda,–Zevksid.

-Səncə, kimə artıq vurulmağa dəyər, varlıqları—tərpənməz, lal-dinməz, donuq görünüşləri ilə kağıza köçürənəmi, yoxsa diri, danışan, anlayan, tərpənişli varlıqlar yaradanamı?

-And olsun Zevsə, birdən bu dediyin varlıqları kimsə yaratmayıbsa, bir söz deyə bilmərəm, ancaq doğrudan da onları kimsə düşünərək belə yaradıbsa, onda ona qat-qat artıq vurğunluq olmalıdır.

-Sən nələrin yaradılmadığını, gözlənilmədən törəndiyini, düşünürsən?- sonra bunu da de görək, kimsə düşünüb nəsə yaradırsa, bunu boş-boşunamı eləyir, yoxsa nəyəsə yaramaq üçünmü?

-Nəyəsə yarayan nəsnələrin, sözsüz olaraq, öncədən düşünülüb, götür-qoy edilib, yaradıldığını sanmalıyıq.

-Sənə elə gəlmirmi, insanları kim yaradıbsa, onların bədən üyələrini(üzvlərini) qabaqcadan elə düşünüb yaradıb, bu onların işinə bütünlüklə yaraya bilsin, yəni insanlar yan-yörələrində olanları, baş verənləri, büsbütün anlayıb, duya bilsinlər: gözlər gərək olanı görmək, qulaqlar gərək olanı eşitmək üçün yaradılmayıbmı? Qoxular bizim nəyimizə gərək olardı, burnumuz onu duymaq üçün yaradılmasaydı? Acını, sucuğu(şirini), ayırd eləyə, bütün yerdə qalanları dadıb, onlardan bəyəndiklərimizi seçib ayıra bilərdikmi, birdən bunların “bilicisi olan” dilimiz olmasaydı? Bundan başqa, sənə elə gəlmirmi, bax indi deyəcəyim gerçəklik, ancaq düşünülüb yaradıla bilərdi: gözlərin necə kövrək olduğunu bilirsən, göz qapaqlarının onu qorumaq gərək olanda qırpılıb, qapı kimi örtüldüyünü, yuxuya gedəndə kilidləndiyini görəndə, bunun qabaqcadan düşünülüb, belə yaradıldığını necə danmaq olar? Gözlərimizi küləkdən, tozdan qorumaq üçün ələyə oxşar olaraq yaradılan kipriklərə bax; qaşlara,–gözə gölgə salmaq üçün onun üstündə yer ayrılmayıbmı, özü də onlar elə yerləşiblər, başdan süzülən təri gözə tökülüb onu acışdırmağa da qoymurlar. Qulağımıza sayı bilinməz səslər dolur, ancaq o dolub daşdanırmı? Görürsənmi, bütün varlıqların qabaq dişləri, tapdıqları yeməyi parçalamağa, arxa dişləri çeynəməyə yarayır. İnsanın içəri ötürdüyü yemək-içməyin keçdiyi ağızı, tanrılar, gözlə buruna yaxın yerləşdirib; ancaq insanın içində yığılıb, sonradan bayıra tökdüyü pis qoxulu nə varsa, bizi iyrəndirməsin deyə, onların çıxış yolunu gözdən, burundan uzaqda qoyub. Varlıq belə dərindən-dərinə götür-qoy edilərək yaradılıbsa, sən bunları görməməzliyə vurub, onun hansısa gözlənilməzlikdən yaranmadığını, düşünülüb yaradıldığını deməyə, yenədəmi qol qoymaq istəmirsən?

-Yox, and olsun Zevsə, - Aristodem dilləndi,- sən deyən kimi yanaşanda varlıq,- çox bilikli, onu sevə-sevə yaradan birisinin əl işinə oxşayır.

-Onun varlığa doğub törəmək istəyi verməsinə, bundan doğan başqa nəsnələrə: ananın körpəsini əmizdirmək yanğısına, doğulanların hamısının sonsuz yaşamaq sevgisinə, ölümdən bərk qorxmasına, özünü ondan qorumasına, nə deyirsən?

-Bu dediklərin, sanasan, varlığa yaşamaq bacarığı verməyi düşünüb-daşınmış birisinin, yaradıcılığına oxşayır.

-Sən özündə, anlaq deyilən nəyinsə varlığını duya bilirsənmi?

-Sən bir az kəsəsini soruş, mən deyim.

-Bizdə anlaq deyilən bu nəsnə vardırsa, onda bizdən başqa da, hansısa anlaqlı varlığın ola biləcəyini düşünməyə dəyər, yoxsa yox? Bizim bədənimizin yaranmasında ucsuz-bucaqsız torpaqdan kiçicik bir əlcə, sonsuz sulardan bircə ovuc işlənibsə, bununla belə bizim anlağımız da vardırsa, onda kosmosda bizdən başqa da anlaqlı bir varlığın ola biləcəyini düşünmək yerində deyilmi? Bütün bunları biləndən sonra, durub necə demək olar: yer üzündə olanlarin hamısından bizim bədənimizdə kiçicik bir pay vardır, ancaq bircə bizdə olan anlağı biz özümüz qazanmışıq, o ancaq bizdə var, onun hamısı ancaq bizə çatıb, o başqa bir yerdə yoxdur, bu bitib-tükənməz çoxluqları qapsayan, ucsuz-bucaqsız kosmosun yetkin düzəni isə, onun anlaqsızlığından yaranıb?!

-And olsun Zevsə, sənin bu dediklərin doğrudrsa, onda istər-istəməz belə bir sorğu da yaranır: biz işimizə yarayan nələrinsə gözümüzün qabağında, insan əlləri ilə, necə tikilib-qurulduğunu görə biliriksə, onda nədən, dünyanı tikib-quran bir uzmanın(sənətkarın) olduğunu görə bilmirik?

-Sən öpözünün(ruhunun) olduğunu bilsən də, ancaq onu görə bilmirsən, buna baxmayaraq, sənin bədəninə yiyəlik eləyən odur: ona qalsa, sən özünün elədiklərini də, gözəgörünməz öpözünün yönətdiyi anlağınla yox, necə gəldi, başıpozuq gözlənilməzliklərin aşıladıqlarına görə, elədiyini deməlisən.

Onda Aristodem dedi:

-Yox, Sokrat, mən doğrudan tanrılara sayğısız deyiləm, mən eləcə düşünürəm, onlar elə uca, elə uludurlarsa, mənim sayğım onların nəyinə gərəkdir?

-Onda, - Sokrat ona qınaqla baxdı,- belə böyük, güclü, olmaqlarına baxmayaraq, tanrılar sənə göz yetirir, qayğını çəkir, yardım göstərirlərsə, sən də ən azı onlara sayğı göstərməli deyilmisən?

-Sən məndən arxayın ol,- Aristodem dilləndi,- mən tanrıların insanlara lap azacıq belə qayğı göstərdiyinə inansam, onlara saymazyanalıq eləmərəm.

-Sən yəni, doğrudanmı, onların insanlara qayğı göstərmədiyini düşünürsən? Birincisi, yaşayan bütün varlıqlardan ancaq insana boyunu dik tutub dayana bilmək bacarığını onlar vermişlər, insan dik dayanmaqla qat-qat uzaqları görə bilir, yuxarıda, başı üstündə olanlara da, qolayca göz yetirə bilir, buna görə də özünü başqa varlıqlara baxmış, qat-qat yaxşı qoruya bilir. Tanrılar bütün varlıqlara yerimək üçün ayaq vermişlər, insana isə üstəlik bütün ağır-yüngül işləri görməyi bacaran əllər də verilmişdir, buna görə də o bütün varlıqlardan yaxşı keçinir. Bu azmış kimi, bütün varlıqların dili olduğuna baxmayaraq, tanrılar ancaq insana dilini ağzında dolandırıb, istədiyi sözü demək, düşündüklərini biri-birinə anlatmaq bacarığı vermişdir. Ardınca, erkək-dişilər arasında biri-biriylə yaxınlıq eləmək istəyinin oyanmasını, tanrılar başqa varlıqlara ancaq ilin hansısa bir çağında, qısa bir sürədə vermişlər, bizə isə qoca yaşlarımıza kimi, bütün il boyu, haçan istəsək, bunu eləyə bilmək bacarığını vermişlər. Ancaq tanrılar təkcə bizim bədənimizə qayğı göstərməklə qalmamışlar, bundan da önəmlisi: insanın bədənində çox yetkin olan bir öpöz də yerləşdirmişlər. Elə bircə onu götür, bizdən başqa hansı bir varlıq, yaşadığımız bu gözəl, böyük dünyanı yaradan tanrıların varlığını bilir? İnsandan başqa hansı varlıq, tanrılara tapına bilir? İnsandan başqa hansı varlığın belə anlağı var da, aclığın, susuzluğun, istinin, soyuğun qarşısını almaq üçün qabaqcadan düşünüb daşına, onlardan qoruna bilir, öz ağrılarını sağalda bilir, özünü çalışdırmaqla gücünü artıra bilir, nəyisə incələyib-araşdırıb öyrənə bilir, eşitdiyi, gördüyü, öyrəndiyi nə varsa unutmur. Doğrudanmı sənə aydın deyil, başqa varlıqlarla tutuşduranda insanlar az qala tanrılar kimi yaşayırlar, özlərinin bədənlərinin, öpözlərinin yetkinliyi ilə hamını üstələyirlər? Birdən insan, bədəncə öküz, anlaqca özü olsaydı, o istədiklərini eləməyi bacarmazdı; ya da başqa bir varlığın insan kimi əlləri olub, ancaq insanca anlağı olmasaydı, bundan nə qazanardı? Sən belə dəyərli ərməğanları ala-ala da, tanrıların sənə qayğı göstərmədiyini düşünürsən? Onlar bundan artıq nə eləsinlər də, sən onların qayğısını anlayasan?

-Mən tanrılara onda sayğı duyaram, sənin təki onların səslərini eşidə biləm, sənə öyrətdikləri kimi: eləyəsini, eləməyəsini, mənə də özləri anladalar.

-Tanrılar afinalılara, gələcəyi öyrənmək üçün, onların adını anıb açdıqları fallarda düz yol tapmağa yardım edirlərsə, ellinlərə, elə başqa xalqlara da, görkəzmələrlə(möcüzələrlə) öncəgörmələrlə, onların öyrənmək istədiklərini anladırlarsa, təkcə sənəmi belə işlərdə qayğı göstərmirlər? Tanrılar insanları, yaxşılığı da pisliyi də eləmək bacarığının öz əllərində olduğuna inandıra biliblərsə, bu onların gücünü göstərmirmi? Belə olmasaydı, bu uzun illər sürəsində insanlar onların yalan dediklərini anlamazdılarmı? Sən yəni, görmürsənmi, insanların ən yetkin, uzunömürlü birlikləri olan dövlətlərlə xalqlar, - tanrılara sayğını ən başlıca, ən gərəkli iş sayırlar, elə insanların yaşa dolub yetkinləşdikcə, tanrılara qat-qat artıq tapınmaları da buna görə deyilmi?

Dəyərli arxadaşım, - Sokrat sözünün ardını dedi,- bunu başa düşməyə nə var: sənin anlağın bədənində olduqca, onunla öz istədiyi kimi davranır. Buna uyğun olaraq da düşünsək, deməli, dünyanın anlağı da onu, öz istəyinə uyğun, özünə yarayan kimi qurur: yoxsa elə düşünürsən, sənin baxışların oracan itidir də, uzaqları əlinin içi kimi görə bilirsən, ancaq tanrıların baxışları elə işıqsızdır, bütün olanları baxıb, birdən görə bilmir, sənin anlağın bir anın içində, buradakı, misirdəki, siciliyadakı işlərlə bağlı düşünüb-daşına bilir, ancaq tanrıların anlağı bütün varlıqlarla bağlı işləri bir anda düşünüb, yoluna qoymaq gücündə deyil. Adamlara qulluq göstərməyincə, bilmirsən, kim sənə bunun qarşılığında nə verə bilər; adamlara yaxşılıq eləməyincə, onlardan hansılarının yaxşılıq eləməyi bacardığını ayırd eləyə bilmirsən; onlara hansısa konunu gənəşməyincə, kimin bu işdən yaxşı baş açdığını öyrənə bilmirsən. Elə bunun kimi də, sən öncə tanrılara qulluq göstərib, sonra da onlardan görmək istədiyin işlərdə, adamları tanımaqda, sənə yardımçı olmalarını diləsən, onda bilərsən, tanrılar oracan güclü, oracan bilgədirlər, istənilən anda: olanların hamısını görürlər də, eşidirlər də, onların olmadığı bir yer yoxdur, bütün olacaqlar onların qayğısı altındadır.

Belə danışıqları ilə Sokrat, öz arxadaşlarının düşüncələrini oracan dəyişər, mənliklərini elə yetkinləşdirərdi, onlar bütün yaramaz, əyri, alçaq, iyrənc işlərdən - təkcə adam içində olanda yox,- onları bir kimsə görməyəndə belə çəkinərdilər, onlar gördükləri işlərin birinin də tanrılardan gizli qalmayacağına ürəkdən inanardılar.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin