VI BAŞLIQ
{Sokratın sofist Antifontla sözləşməsi}
Sokratın sofist* Antifontla olmuş danışığını sizlərə açıqlamaq istəyirəm.
Günlərin bir günü, Antifont Sokrata yaxınlaşıb, onun dinləyicilərinin başını qatmaq, danışıqdan yayındırmaq üçün, ortaya söz atdı:
-Ay Sokrat! Mən elə düşünürdüm, fəlsəfə yolunda çalışan kimsələr ağ günlərə çıxırlar, ancaq deyəsən bu işdən sənin payına, eləcə ağrı-acıları dadmaq düşüb. Elə gündə yaşayırsan, qul belə bu sayaq dolanışığa dözməyib, ağasının yanından baş götürüb qaçardı: yeyib içməyində ac-yalavacsan; bürüncəyinin yamaq-yırtıqlı olması bir yana, yayda da, qışda da, ancaq onu geyirsən, başqası yoxundur; il uzunu ayaqyalın, köynəksiz gəzirsən. Bir yandan da kimsədən axça götürmürsən, baxmayaraq, axça olmadan adamın işləri yoluna düşmür, axçan varsa, genbol yaşayırsan, dadlı bir ömür sürürsən. Öyrətmənin(müəllimin) bilik öyrətməsində, bir də öyrəncilərinə özünü yamsılamağı aşılamaq anı da var: sən, öyrəncilərinə də özünə oxşamağı aşılayırsansa, deməli, onlara özü özlərinə yamanlıq eləməyi öyrətmədəsən.
Sokrat ona üz tutub dedi:
-Antifont, mənə elə gəlir, sən mənim yaşamımı elə ağır, elə ağrı-acılı sanırsan, belə yaşamaqdansa, ölməyi üstün tutardın. Yaxşı, gəl baxaq görək, sən məni niyə belə qaragünlü sayırsan? Ona görəmi, mən axça götürmədiyimdən ürəyim istəməyən kimsəylə danışmıram, ancaq axça götürüb, qarşılığında nəsə öyrətməyi boyun olan öyrətmən, aldığı axçaya görə, könlü istədi-istəmədi, başqasının qulluğunu gətirməlidir? Yoxsa, sən mənim yeməyimi ələ salıb, düşünürsən, sənin yediyin yemək, mənim yediyimdən artıq bədəninə yarayır? Yoxsa, sən öz yeməyinə çoxlu axça ödəməklə onun, mənim daşdan çıxan çörəyimdən üstün olduğunu düşünürsən? Yoxsa, elə düşünürsən, sən bu çox axça tutan yeməyini yeyərkən, mənim ucuzlu yeməyimdən duyduğumdan artıq ağız dadı duyursan? Sən yəni bilmirsənmi, kim yeməyinə aclığını yavanlıq eləyib, onu ağız dadı ilə yeyirsə, ona aş qazanına acı-ucu(ədviyyat) tökmək də gərək deyil, elə bunun kimi də, kiməsə sussuzluğunu yatırmaq gərəksə, əlinin altında nə varsa onu da içir? Qaldı, mənim bu günü getmiş bürüncəyim, deyim biləsən: adamlar paltarlarını istiyə-soyuğa görə dəyişirlər, ayaqqabını da ona görə geyirlər, yolun daş-kəsəyi ayaqlarını əzməsin; sən bir yol da olsa görmüsənmi, mən soyuqdur deyə evdə oturub, bayıra çıxmayam, istidə kimisə kölgələndiyi yerdən sıxışdırıb, onun yerini tutmaq istəyəm, ayaqqabım yoxdur deyə, ürəyim istəyən yerə getməyəm? Sən yəni bilmirsənmi, insanlar öz yaradılışlarından dözümsüz olsalar da, ancaq onlar öz üzərində çalışmaqla, güclərini artıra, istənilən ağırlığa dözə bilirlər? Mənə gəlincə, görünür sən bunu da bilmirsən, mən uzun illər çalışmaqla öz bədənimi istənilən ağırlığa, ağrı-acıya dözməyə alışdırmışam, indi mənim, sənin kimi özünü bərkə-boşa salmamış adamdan, niyə üstün olduğumu anlaya bilirsən, yoxsa yox? Mən qarınqulu deyiləmsə, yuxu, qadın düşkünlüyüm yoxdursa, sən bunu anlaya bilirsənmi, demək mənim bunlardan qat-qat üstün sandığım öyrəncələrim vardır, mənim bu üstün öyrəncələrim bədənimi üzüb əldən salmadığından, uzun illər boyunca onlardan duyduğum sevinclərlə baş-başa yaşayacağımı necə, anlaya bilirsənmi? Mən bilirəm, sən də bunu bilməmiş deyilsən, ağır əməklərə qatlaşmağa dözmədiklərindən, işləri düz gətirməyən kimsələr, sonucda qaragünlü olub yasa batırlar; əmək çəkib, işlərində uğur qazananlar isə, - əkinçilər, dənizçilər, habelə başqaları,- özlərini ağ günlərə çıxarıb, sevinc içində yaşayırlar. Bax beləcə, mənim bu dediklərimi anlaya bilmirsənsə, onda insanın, özünü də yetkinləşdirib, arxadaşlarını da buna yönəldə bilməsindən, hansı sevinclər duyduğunu hardan biləsən? (Bilmək istəsən, mən bütün olaylara, ancaq bu gözlə baxmaqdayam.) Arxadaşlara yardım eləyəndə, yurdu qorumaq üçün döyüşlərdə, kimlər sürəkli olaraq duruş gətirə bilər,- mənim kimi yaşayan birisi, yoxsa sənin o ağgünlü dediyin, gününü əyləncələrə sovuranlar? Savaşa yürüyəndə, genbol yemək-içməksiz yaşaya bilməyənlər dözümlü olur, yoxsa nə varsa onunla keçinməyi bacaranlar? Düşmənin dörd bir yandan qapsayıb, aclıqla sınağa çəkdiyi düşərgədə, kim qolayca yağıya yenilir,- yaxşı yeməklər olmadan keçinə bilməyənlər, yoxsa əl altında olanla dolana bilənlər? Oxşayır, Antifont, sən genbol, varlı yaşamağı ağgünlülük sayırsan; ancaq mənim anladığıma görə, nəyəsə gərək duymadan yaşamaq ancaq tanrılarda olur, demək az bir nəsnələrlə keçinə bilmək- tanrılara yaxın olmaq deməkdir; tanrılar yetkinliyə çatmışlardırsa, onda tanrılara bu sayaq yaxınlıq da yetkinliyə çox yaxın olmaq sayılmalıdır.
Başqa bir gün Antifont yenə Sokrata ilişdi:
-Ay Sokrat! Mən səni düzgün adam saymaqdayam, ancaq sənə anlaqlı deməyə dilim gəlmir; mənə elə gəlir, sən özün də bunu bilirsən: yəni sənin öz öyrətdiklərinə görə axça almamağın da buna görədir. Öz aramızdır, sən öz bürüncəyini, evini, başqa bir gərəkli nəyinisə götürüb başqasına elə-belə verməzsən, onları dəyərindən ucuz da satmazsan, onların axça ilə ölçülən hansısa dəyərinin olduğunu bildiyin üçün də bunu eləməzsən. Buradan da aydın olur, sən öz danışıqlarının dəyəri olduğunu bilsəydin, dinləyicilərindən onların dəyərincə axça da alardın. Elə buna görə də, səni düzgün adam saymaq olar, sən öz dinləyicilərindən, öyrətdiyin dəyərsiz biliklərə görə axça almırsan, deməli onları aldatmırsan da, ancaq sənin onlara öyrətdiyin biliklər bir quruşa dəymirsə, onda sənə nə adla anlaqlı demək olar?
Sokrat onun sözünün qabağında bunları dedi:
-Antifont! Bizim aramızda, hamının qavradığı belə bir düşüncə var: gözəllik ilə bilikdən, yaxşılq üçün də, yamanlıq üçün də yararlanmaq olar. Öz gözəlliyini axça verən kimsələrə satanlara pozğun deyərlər; ancaq yaxşı, ürəyidüz adamın sevgisinə könül verənləri namuslu sayarlar. Bunun kimi də, öz biliyini axça alıb kimə gəldi satana da, sofist kimi əskik bir ad verərlər; kim isə başqa birisində yüksək insanlıq dəyərləri olduğunu duyub, ondan qazanc güdmədən, bildiklərini ona öyrədirsə, onu yaxşılıq eləməyə yönəldirsə, bununla da onu özünə arxadaş eləyirsə, ona yaxşı adam, sayqılı yurddaş deyərlər. Antifont, bunu da bilsən yaxşıdır, başqaları, yaxşı atımı, itimi, quşumu sevdikləri kimi, mənim də onlarınkından qat-qat üstün olan öz sevgim vardır, mən: yaxşı arxadaşlarımın çox olmasını, bildiyim bütün yaxşı nə varsa, onlara öyrətməyi, bundan başqa, onları gərəkli biliklər öyrənə biləcəkləri başqa kimsələrlə də tanış eləməyi sevirəm. Eləcə də keçmiş bilgələrin bizim üçün yazıb qoyduqları kitablarında yer alan çox dəyərli biliklərini, arxadaşlarımla birgə oxuyub incələməyi sevirəm, orada bizə gərəkən nəsə tapırıqsa, bu biliyi öz aramızda bölüşürük, biri-birimiz üçün bir az da artıq gərəkli kimsələr oluruq.
Sokratın belə danışıqlarını eşidəndə mənə elə gəlirdi, iş-gücünün ancaq öz dinləyicilərini yetkinləşdirməyə çalışmaq olmasından o, ölçüyəgəlməz sevinclər duyurdu.
Başqa bir gün isə, Antifont onu çaşdırmaq üçün soruşmuşdu, nəyə görə o dövlət işindən yaxşı baş açdığını düşünərək, başqalarına dövlət qulluğuna yarayacaq bilikləri öyrədir, onları bu iş üçün yetişdirir, ancaq özü dövlət qulluğunda işləməkdən boyun qaçırır.
Onda Sokrat belə demişdi:
-Deyə bilərsənmi, Antifont, mən tək özüm gedib dövlət qulluğunda işləsəm dövlətə çox qulluq göstərərəm, yoxsa bunu bacaran çoxlu adamlar yetişdirib dövlət qulluğuna göndərsəm?
Dostları ilə paylaş: |