Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VII BAŞLIQ {Aristarxla, yaxınlarına necə yardım etməklə bağlı danışıq}



Yüklə 1,55 Mb.
səhifə57/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   53   54   55   56   57   58   59   60   ...   84
VII BAŞLIQ
{Aristarxla, yaxınlarına necə yardım etməklə bağlı danışıq}
Arxadaşlarının ağır günlərində Sokrat onların işinə yaramağa çalışardı: bilməzlikdən bu günə qalan arxadaşlarına, düşdükləri durumdan çıxmaq üçün öyüdlər verərdi; yox, durumları yoxsulluq ucbatından ağırlaşsa, onlara biri-birinə gücüçatan yardımları etməyi öyrədərdi. Onun bu yöndə gördüyü işlərdən, bildiklərimi danışmaq istəyirəm.

Günlərin bir günü Sokrat, Aristarxın çox qanıqara olduğunu görüb soruşdu:

-Deyəsən sənin ürəyində ağır bir yük var, Aristarx, sən gəl onu arxadaşlarınla bölüş, ola bilsin az da olsa, sənin yükünü yüngülləşdirə bildik.

Aristarx dedi:

-Elədir Sokrat, yaman çıxılmaz duruma düşmüşəm. Bizim şəhərdə qarışıqlıq düşəndə, bacım, bacım uşaqları, əmiqızlarım qaçıb bura, mənim yanıma gəldilər, beləliklə də, indi mənim evimdə on dörd adam qalır. Bir yandan da gəlirimiz yox,-bu qarışıqlıqda torpağımız əlimizdən çıxdı, evlərimizi kiməsə yaşamaq üçün verib, axça qazana da bilmirik, qarışıqlığa görə adamlar qaçıb dağılışıblar, ev istəyən də yoxdur. Əlimizdə qalan ev nəsnələrini alan yox, bilmirəm, axça almaq üçün kimin üstünə gedim, indi yoldan axça tapmaq, kimdənsə istəyib axça almaqdan qolay görünür. Sokrat, sözün düzü, belə getsə doğmalarım acından qırılacaqlar, bunu düşünüb yaşamaq isə çox ağırdır, ancaq bu çıxılmaz durumda onların qarnını doyurmaq üçün nəsə bir yol da tapa bilmirəm.

Sokrat onun danışığına qulaq asıb dedi:

-Onda Keramona necəsən, bir yığın adamı dolandırır, özünü də, onları da ürəyi istəyən kimi keçindirir, üstəlik əlində yetərincə axçası da var, sən nədən, öz doğmalarını acından qıracağından qorxursan?

-And olsun Zevsə, onun saxladığı qullardır, mənim yanımdakılar isə hamısı özgür adamlardır.

-Səncə, kimin ad-sanı uca olar, sənin yanındakı özgürlərinmi, yoxsa onun yanındakı qullarınmı?

-Düşünürəm, mənim yanımdakıların.

-Yaxşı, sən bundan utanmırsanmı, o öz yanındakı ad-sanı olmayan adamlara arxalanıb belə yaxşı yaşayır, sən isə bir bölük adlı-sanlı kimsələrlə belə yoxsul yaşayırsan?

-And olsun Zevsə, utanmağına utanıram, ancaq nə etməli, onun yanındakılar uzmanlardır(sənətkarlardır), mənimkilər isə özgürcə böyüyüb boya-başa çatmış adamlardır.

-Uzmanlar, yəni dəyərli bir iş görməyi bacaranlardır, deyilmi?

-Elədir, - Aristarx dedi.

-Səncə, unun nəsə bir dəyəri varmı?

-Deyə bilərəm, lap çox dəyəri var.

-Çörək bişirməyin necə?

-O da, çox dəyərli bir işdir.

-Kişi, qadın bürüncəkləri, köynəklər, döyüşçülər üçün sırıqlılar, işçi paltarları necə?

-Bunlar hamısı çox dəyərli sayılır, - Aristarx dedi.

-Yəni doğrudanmı, sənin yanındakılar bunlardan birinisə də düzəltməyi bacarmazlar?

-Ola bisin, lap hamısını düzəldə bilərlər.

-Yoxsa sən bilmirsən, bu işlərdən ancaq birini, yəni un çəkməyi bacarmaqla, Navsikid nəinki özünü, qulluqçularını da yaxşı dolandırır, hələ desən çoxlu donuz, inək də saxlayır, bunlardan qazandığından şəhərin işlərinə yarayacaq axçalar ayırmağı da çatdırır; çörək bişirməklə Kireb bütün ev-eşiyini olduqca gözəl keçindirir; Kolliatlı Demey - döyüşçü sırıqlıları tikir, Menon - incə qadın donları, meqarlıların çoxu isə işçi paltarları tikirlər, onların bu işiərlə necə yaxşı dolandıqlarını bilmirsənmi?

-And olsun Zevsə, düz deyirsən: onlar yadelli qullar alıb evlərində saxlayır, sonra da onları belə gözəl işlər görməyə qoşurlar, mənim evimdə yaşayanlarsa özgürdürlər, üstəlik də doğmalarımdır.

-Yəni doğrudanmı, onlar özgürdürlər deyə, bir iş görməməli, ancaq yeyib yatmalıdırlar? Başqa özgür yurddaşlarını görmürlərmi? Qıraqdan baxıb görməmiş olmazsan, səncə, kimlər yaxşı yaşayır, kimləri sən ağgünlü sayırsan,- sənin yanında işsiz-gücsüz gün keçirənlərimi, yoxsa gərəkli bir iş görüb başını dolandıranlarımı? Yoxsa sən elə sanırsan: gərəkli bir işi öyrənmək, öyrəndiklərini işdə yoxlayıb bərkitmək, sağlamlığını qorumaq üçün ərincəklik eləməmək, yaşama yarayan gərəkli nəsnələri yığıb toplamaq kimi işlərdən uzaq qaçmaq, işsiz-gücsüz gəzib, öz çörəyini qazanmaq üçün çalışanlara yuxarıdan aşağı baxmaq yaxşıdır,–ancaq əməyə qatlaşmaq, dolanışığının qayğısını çəkmək isə çox gərəksiz işlərdir? Sənin doğmaların bacardığı işləri nəyə görə öyrəniblər, hansı günə qoruyub saxlayırlar? Onlar bu öyrəndiklərini, yaşamlarına yararı olmayacaq biliklər olduğu üçünmü öyrənmişlər, yoxsa yeri gələndə onunla öz dolanışıqlarını qura bilmək üçünmü? Adamlardan işsiz-gücsüz gəzənəmi, yoxsa gərəkli bir işlə gününü keçirənəmi başadüşən kimsə deyirlər? Onlardan əməyə qatlaşanlarmı, yoxsa bir iş görməyib, ancaq oturub necə yaşamaq üçün boş düşüncələrə dalanlarmı, düzgün adamlar sayılmalıdır? Bu harasıdır, sənin danışdıqlarından sonra mən düşünürəm, nə sən doğmalarını sevirsən, nə də onlar sənə sayğı ilə yanaşırlar: sən onlara,–səni dartıb saxlayan yüyən kimi, onlar sənə,–yüklərini çəkməyi bacarmayan yük yabısı kimi baxırsınız. Buradan da bəllidir, getdikcə sizin aranızdakı bu soyuqluq artıb yağılığa çevrilə bilər. Ancaq birdən, sənin yönəltməyinlə onlar işləməyə başlasalar, sən onları öz ocağının işinə yarayan doğmaların kimi sevməyə başlayacaqsan, sənin onların gördüyü işə baxıb sevindiyini görüncə, onlar da sənə sayğı duyacaqlar; sizlər biri-birinizə göstərdiyiniz bu qarşılıqlı yardımları andıqca, bir az da çox anlaşacaq, sizi biri-birinə bağlayan qan birliyinin, doğmalığın üstünlüyünü bir az da artıq duyacaqsınız. Birdən sənin doğmaların, - qadının adını batıran işlərlə axça qazanmağa girişərdilərsə, onların ölməyi bundan yaxşı olardı; ancaq göründüyü kimi, onların biliyi, bacarığı, bütünlüklə ar-namusa uyğun, qadın adına yaraşan, hamının dəyərləndirdiyi işlər görməyə yarayır; adamları bacardıqları işə qoş, onda görərsən onlar necə qolayca, yeyin, yaxşı, ürəklə işləyirlər. Beləliklə də uzun-uzadı düşünmədən onları, sənə də, özlərinə də gün ağlayacaq bir iş görməyə çağır; mən onların bu çağırışı, ürək açıqlığı ilə qarşılayacağına inanıram.

-And olsun tanrılara,- Aristarx dilləndi,- sənin bu öyüdlərin lap mənim ürəyimdən oldu, Sokrat; indiyəcən mən kimdənsə axça almağa ürək eləmirdim, bilirdim, onları dolanışığıma dağıdıb qurtarıb, sonra da qaytara bilməyəcəyəm; indi düşünürəm, hansısa işə başlamaq üçün bunu eləmək olar.

Bu danışıqdan sonra, Aristarx işə başlamaq üçün axça tapdı, yun alıb parça toxumağa, paltar tikməyə girişdilər, iş yerindəcə günorta yeməklərini yedilər, işi qurtarıb axşam yeməyi yedilər, çoxdan qaraqabaq dolanan doğmalarının üzü gülməyə başladı; bayaqdan biri-birinə yanakı baxan adamlar, biri-birinin gözünün içinə dik baxdılar; evinə sığınanlar Aristarxa, onlara arxa durduğuna görə, könül bağladılar, Aristarx da onları, ocağının işinə yarayan doğmaları kimi, ürəkdən sevməyə başladı. İşləri düzələndən sonra o, bir gün Sokratın yanına gəlib, indi necə yaxşı dolandıqlarını ona danışdı, sözarası, evindəkilərin gülməyə salıb, onun özünü bu evdə işləmədən dişləyən tək kimsə olmaqda qınamağa başladıqlarını da söylədi.

Onda Sokrat dedi:

-Onlar belə deyəndə, sən də onlara itlə bağlı qoşulan eşitdirməni(təmsili) danışardın. Heyvanlar danışmağı bacaran çağlarda, bir gün qoyunlar öz yiyələrinə deyirlər: “Sənin işindən baş açmaq olmur: biz sənə yun yetiririk, quzular doğuruq, ağartı veririk, sən isə bizim üçün bir iş görmürsən, yemimizi də örüşdən özümüz otlayırıq; bu it isə, sənə gərək olan nəsə vermir, ancaq sən ona öz yeməyindən verirsən”. İt bunu eşidincə dilləndi: “And olsun Zevsə, o düz eləyir: sizləri kimsə oğurlamasın, qurd parçalamasın deyə, mən gecə-gündüz keşik çəkirəm; mən sizləri qorumasam, ölüm qorxusundan otlamağa da getməzsisniz”. Deyilənə görə bunu eşidən qoyunlar, itin düz dediyini boyunlarına alıb, ona böyük sayğı göstərməyə başladılar. Belə də de, sən də o it kimi, onları qoruyur, böyüklük eləyirsən, sənə görə onları kimsə incidə bilmir, onlar qorxusuz, qulağıdinc işləyib yaşayırlar.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin