VIII BAŞLIQ
{Evfer ilə, özünə necə iş seçməklə bağlı danışıq}
Bir gün Sokrat uzun sürədə görmədiyi, çoxdankı tanışı ilə üz-üzə gəldi:
-Haralarda qalmısan, görünmürsən, ay Evfer? - deyə Sokrat soruşdu.
-Savaş bitəndən sonra, mən yurddışından qayıdıb gəldim,- Evfer dedi,- indi buralardayam. Varım-yoxum, nəyim vardısa yurddışındaydı, hamısı əlimdən çıxdı, atam da Attikada* mənə nəsə qoyub getməyib: ona görə də yurda qayıdan gündən qara işlərdə çalışıb, dolanmaqdayam. Mənə elə gəlir bu, kimdənsə axça dilənməkdən çox-çox yaxşıdır, onsuz da elə axça götürmək üçün ödək(girov) qoymağa da nəyimsə yoxdur.
-Necə bilirsən, belə gündəlik çörək qazanmaqla yaşamağa, gücün çoxmu yetər?
-And olsun Zevsə, elə bilirəm, çox çəkməz.
-Öz aramızdır, sənə qocalanda da axça gərək olacaq, ancaq onda, gücün çatmadığı ücün, səni bu qara işlərə də götürməyəcəklər.
-Düz sözə nə deyəsən, - Evfer Sokratın dediyi ilə anlaşdığını bildirdi.
-Belədirsə, çalışıb indidən özünə elə iş tapmalısan, qocalığında da keçinə biləsən: eləyə bilərsən, bir varlı adamın yanında onun ev-eşyində yönətimçi olaraq işə düzələsən, əkin-biçininə baxasan, taxıl yığımına yardım edəsən, var-yatırını qoruyasan, ona qazanc gətirəsən, özün də dolanışığından arxayın olasan.
-Bilirsən, Sokrat, düzünü desəm, belə bir qul əməyinə qatlaşmağı, özümə sığışdıra bilmirəm.
-Ancaq nədənsə dövlətə başçılıq eləyən adamlar, yurddaşlarının yaşamlarının, var-yatırlarının keşiyini çəkib, onların dolanışığını yönətsələr də, öz işlərini qul əməyi saymırlar, özlərinin də özgür yurddaşlarından yuxarıda dayandıqlarını düşünürlər.
-Bilirsən, Sokrat, mənim kiminsə qınağını eşitməyə, sözünü götürməyə, dözümüm yoxdur.
-Ancaq onu da biləsən, Evfer, qınaq eşitməyəcəyin bir iş tapa biləcəyinə də inanmıram: hansısa bir işi azacıq da olsa yanılmadan görmək olmur; yanılmasan belə, işini dəyərləndirəcək adamların içində yersiz danışan kimsələr tapılır, sənin indiki işində də kimdənsə qınaq eşitməməyin mənə doğrudan çöçün gəlir. Ona görə də, işləyəndə ağızdanyava adamların sözünü qulaqardına vurub, düz danışanlara qulaq asmaq gərəkdir; bir də gərək gücün çatan işin qulpundan yapışasan, gücün çatmayan işi boynuna götürməyəsən; girşdiyin işləri ürəklə, zirəkliklə görməyə çalışasan. Belə işləsən, onda qat-qat az qınağa tuş gələrsən, özünə yarayan iş tapıb, qocalığında da öz dolanışığından arxayın ola bilərsən.
Dostları ilə paylaş: |