Dördüncü əlaməti xalqın milli mentalitetində təsbit olunan psixiki həyat tərzinin ümumi cəhətləri təşkil edir. Bu o deməkdir hər bir millətin psixiki tərzi onun milli məişət xüsusiyyətlərində, xislətində, vərdişlərində, maraqlarında, mahnı, rəqs və folklorunda təzahür edir.
39. Cəmiyyətin sosial strukturunda ailə.
Ailə hər şeydən əvvəl cəmiyyətin və onun strukturunun təkrar istehsalının əsas mənbəyidir. O sosial varlığın zəruri tərəfi, cəmiyyətin ilkin özəyidir. Ailə ərlə-arvad arasıııda, habelə onlarla uşaqlar arasında və bütövlükdə nəsillər arasındakı münasibətləri əhatə edir. Cinsə və yaşa görə əmək bölgüsü, ev təsərrüfatının aparılması, məişətdə insanlar arasındakı münasibətlər, yeni nəslin tərbiyəsi və sair məsələlərin həlli də ailə ilə sıx bağlıdır. Bunlardan əlavə şəxsiyyətin fərdi inkişafında da ailənin rolu böyükdür. Məhz burada uşaq dünyaya göz açır və ictimai həyata qədəm qoyur, dili, sosial normaları və dəyərləri mənimsəyir. Deyilənlərdən aydın olur ki, ailə sözün müəyyən mənasında tərbiyə məktəbi, həyat təcrübəsinin, müdrıkliyin qazanılması və toplanılması məktəbidir.
Ailə cəmiyyətdə həm sosial qrup, həm də sosial institut rollarını yerinə yetirir. Onun funksiyaları da iki yerə bölünür: daxili və xarici.
Xarici funksiyalar sosial institut roluna cavab verir, daha ümumidir, cəmiyyət sistemində ailənin mahiyyəti və məqsədlərini müəyyən edir. Buraya insan nəslinin artırılması, şəxsiyyətin formalaşması (sosiallaşması) və rekreaktiv (maddi və mənəvi qüvvələrin bərpası) funksiyalar daxildir.
Daxili funksiyalar bununla əlaqəlidir ki, ailə, sosial qrup olaraq, təşkilat şəklində fəaliyyət göstərir və bir sıra vəzifələri icra edir: təsərrüfat-məişət, tərbiyəvi, istehlak və idaraetmə.
Cəmiyyətdə ailə münasibətlərinin tarixi formaları müxtəlif olmuşdur. Bu formaların təbii və sosial tərəflərinin ifadə tərzi də bir-birindən fərqlənmişdir.