41. Siyasət anlayışı. Siyasətin subyektiv və obyektiv tərəfləri
Siyasət - dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlərarası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır; o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mənəvi mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdır. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.
Siyasəti bır sıra elmlər (politologiya, siyasi sosiologiya, siyasi psixologiya və sair) öyrənir. O fəlsəfənin də obyektini təşkil edir. Belə ki, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə həm də siyasət ilə hakimiyyətin əlaqələri, onun maddi və ideal formaları -dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər problemlər daxildir.
Beləliklə, siyasət fəlsəfəsinin tədqiqat sahəsi - siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial-siyasi fıkir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideyalar və nəzəriyyələr çərçivəsində öyrənilirdi; Müasir dövrdə siyasət fəlsəfəsi siyasi prosesləri izləyir, təhlil edir, siyasi hadisələrə cəmiyyətdəki digər sosial hadisələrlə əlaqə və qarşılıqlı təsirdə yanaşır.
Dostları ilə paylaş: |