27. Tələbat anlayışı.İstehsal və tələbatın qarşılıqlı əlaqəsi.
İqtisadi sferanın mahiyyətinin açılmasında tələbatların izahı xüsusilə zəruridir. Çünki insanların əmək fəaliyyətində və deməli iqtisadı münasibətlərdə tələbatların ödənilməsi əsas yeri tutur. Hər bir dövrdə təkcə iqtisadi həyat deyil, bütünlükdə cəmiyyət çoxsaylı tələbatlar və onların yerinə yetirilməsi üsullarının geniş şəbəkəsi ilə əhatə olunur.
İstehsalı hərəkətə gətirən insan tələbatlarıdır. Tələbat -obyekt və tələbatı ödəyə biləcək subyektin arasında yaranmış ziddiyyətdir; o insan davranışının hərəkətverici qüvvəsi olaraq, fəaliyyətin bütövlüyü, sabitliyi və strukturunu müəyyən edir. Dərk edilmiş tələbatlar - maraq və motivlərdə, sonra isə konkret praktiki fəaliyyətdə ifadə olunur. Tələbatların dərk edilməsi dərəcəsi müxtəlif ola bilər - insanların hər hansı bir məqsədə instinktiv meylindən tutmuş, onun nəzəri, elmi qavranılmasına qədər.
Maddi tələbatlar, müəyyən bir normativlərə cavab verir, onların dövretmə həddləri sabitdir, mənəvi tələbatların normativləri dəyişən, dövretməsi isə uzunmüddətlidir.
İnsanın öz tələbatlarını ödəməsi sırf bioloji xarakter daşımır. Buna görə də o heyvanların öz tələbatlarını ödəməsindən prinsipcə fərqlənir. Belə ki, insanın məqsədi - hər necə olursa-olsun tələbat ödəmək deyildir. O bu işdə öz zövqünə görə hərəkət edir, faydalılıq baxımından şeyləri qiymətləndirir, mədəniyyəti və nəyin dəbdə olmasını nəzərə alır.
İnsanın öz tələbat və mənafelərini ödəməyə yönələn fəaliyyəti müəyyən mənada, həm də başqalarının tələbatlarınıı və mənafelərini ödəməyə xidmət edir. Digər tərəfdən o özünün tələbatlarının ödənilməsinə yalnız başqalarının əməyi sayəsində nail ola bilir.
İnsanların iqtisadi fəaliyyəti əslində onların həyatlarını yaxşılaşdırmağa olan tələbatı ödəmək uğrunda apardıqları mübarizədir. Hər bir dövrdə həyat səviyyəsini yaxşılaşdırmaq, təsərrüfat ehtiyaclarını ödəmək həyati zərurət kimi çıxış edir. Tələbatlar istehlak ilə istehsalın əlaqələndirici vəsilədir.
Tələbat ayrılıqda götürülmüş bir insanın, müəyyən sosial qrupun və bütövlükdə cəmiyyətin öz fəaliyyətini davam etdirməsi üçün zəruri olan məhsullara ehtiyacını ifadə edir.
İstehsal tələbata aşağıdakı üç istiqamət üzrə bilavasitə təsir edir: 1) istehsal nəticəsində yaradılan konkret nemətlər insanların tələbatlarını ödəməyə xidmət edir; 2) istehsalın texniki cəhətdən yeniləşməsi baş verdikcə insanların həyat ukladı ciddi surətdə dəyişilir, keyfiyyətcə yeni istehsal və tələbatlar yaranır; 3) istehsal təkcə tələbatı ödəmək üçün material verməklə kifayətlənmir, həm də istehlak üsullarına dəyişdirıci təsir edir, bütövlükdə istehlak mədəniyyətini formalaşdırır.
Dostları ilə paylaş: |