Sual 32. Ailə ən mühüm sosiallaşma institutu və cəmiyyətdə tərbiyə subyekti kimi Cavab: Hər bir sosial pedaqoqun və tərbiyəçinin fəaliyyətinin obyekti uşaq şəxsiyyəti və onun formalaşması prosesidir. Uşaq ailədə dünyaya göz açır və ilk birgəyaşayış normalarını, ailədaxili münasibətlər sistemini burada mənimsəyir. O, öz ailəsindən yaxşı və ya pis xüsusiyyətləri götürür və öz valideyinlərinə xas olan ailə modelini gələcəkdə quracağı ailəsində təkrar edir. Bu mənada hər bir ailə özündən sonra gələn ailələr üçün yaxşı və ya pis mənada örnək rolunu oynayır. Uşaq ailədə sosiallaşır, çünki ailə uşağın düşdüyü ilk cəmiyyətdir. Ailədə uşağın ətraf aləmlə münasibəti tənzimlənir və o burada mədəni davranış normalarını qazanır. Ailə cəmiyyətin sosial özəyidir və ailənin mənəvi mədəniyyəti cəmiyyətin mənəvi mədəniyyətini əks etdirir. Sosial vəzifə yerinə yetirməklə ailə öz mədəni, sosial və mənəvi səviyyəsinə uyğun şəxsiyyət formalaşdırır. Ailənin yaşayış şəraiti, tərzi, gigiyenası, həyat xüsusiyyətləri və əyləncəsi – bir sözlə hər şeyi dövlətin sosial siyasətindən irəli gəlir və ondan asılı olaraq o da dəyişir. Ailədə sosiallaşma ailənin tərkibindən asılıdır. Şəxsiyyətin ailədəki sosiallaşması ailə daxilində mövcud olan münasibətlərdən, valideyinlərin nüfuz və rəhbərliyindən asılı olur. Müasir ailəyə cəmiyyətdəki bütün dəyişikliklər: biliyin texnologiyasının və məlumatların toplanması sisteminin yenidən qurulması, siyasi və iqtisadi sistemin böhranı kimi ən qlobal dəyişikliklər də öz təsirini göstərir. Klassik formula ailəni sosial institut kimi, insanların nikah birliyi, məişət birliyi və qarşılılı məsuliyyətlə müəyyən edir. Nikah kişi ilə qadın arasındakı münasibətlərin tarixən dəyişən sosial formasıdır və o, cinsi həyatı tənzimləyir. Nikah eyni zamanda, ər-arvad münasibətlərini, qohumluq əlaqə və hüquqlarını, vəzifələrini, ailə qurmaq, uşaqların dünyaya gəlməsi və tərbiyəsi məqsədini müəyyən edir. Respublikamızda təknikahlılıq dövlət tərəfindən qanuni yolla təsbit edilmişdir.
Ailə cəmiyyətin inkişaf prosesində daim diqqət tələb edən sosial qurumdur və dövlətin kiçik modeli hesab edilir. Ailənin mövcud olması ailədəki qarşılıqlı münasibətlərdən, uşaqların dünyaya gəlib tərbiyə edilməsindən, təsərrüfatın necə qurulub idarə edilməsindən asılı olur. Ailədəki qarşılıqlı münasibətlərin səviyyəsi və keyfiyyəti ünsiyyət ənənələrindən, cəmiyyətin iqtisadi və sosial vəziyyətindən, ailənin tipindən, uşaqların sayından, ailəyə kimin rəhbərlik etməsindən və bu rəhbərliyin üslubundan, valideyinlərin şəxsi keyfiyyətlərindən asılı olur.
Müasir dövr ailə münasibətlərinin qeyri-sabitliyi baxımından xarakterikdir. Bu qeyri-sabitlik bütün xalqlar kimi, azərbaycan ailəsinə də sirayət etməkdədir. Düzdür azərbaycan ailəsi özünün möhkəmliyi ilə seçilsə də bu gün qlobal xarakter daşıyan boşanma bizim ailələrdən də yan keçmir. Müasir dövrdə gənc ailələrin daha möhkəm dayaqlara malik olması üçün cəmiyyətdə həm sosial-iqtisadi, həm pedaqoji, həm də içtimai xarakterli işlər görülməlidir. Gənc ailələlərin daha güclü dayaqlara malik olması üçün gəncləri sistemli şəkildə ailə həyatına hazırlamaq zəruridir. Belə ki,gənc ailənin hər iki üzvü nikah və ailə qanunvericiliyinin əsasları ilə yaxından tanış olmalı və ailə məsələlərinə ciddi yanaşmalıdırlar. Eyni zamanda gənclər şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətlərindən xəbərdar olmalı, ailə büdcəsini və ailə təsərrüfatını idarə edə bilmək səriştəsinə malik olmalıdır.Bu məqsədlə gənc ailələrə kömək üçün ailə lektoriyaları müəyyən rola malikdir və onlar gənc ailələrə uşaqların tərbiyəsi, ailədaxili münasibətlər haqqında öz biliklərini artırmağa şərait yaradır. Gənc ailələr qarşısında duran sosial problem və çətinliklər həm ailə qurmaq, həm də uşaq sahibi olmaq istəyənlərin sayını azaldır. Dövlət də müəyyən vaxtlar gənc ailələrin əsas problemlərinə çevrilmiş evsizlik və digər məsələləri aradan qaldırmağa çalışır.