Sosializasiya anlamı sosiologiyada müxtəlif yönümlərdə araşdırılıb. 40-50-ci illərdə onun sosial psixoloji problemləri ayırd edilmiş, neobiheviorizm və s. kimi psixoloji cərəyanlarda müxtəlif yönümlərdə təhlil olunmuşdur.
Sosializasiya proseslərinin müxtəlif təsnifatlarında sosializasiyanın dörd başlıca sistemi – mikro -, mezo -, ekzo - və makrosistemləri ayırd edilir. Onlar aşağıdakılarla səciyyələnir:
Mikrosistem: ailə + dini qruplar + həmyaşıd uşaqlar cəmiyyəti + tərbiyə institutları.
Mezosistem: etnomədəni amillər + kütləvi kommunikasiya vasitələri.
Ekzosistem:valideynlərin iş yeri + yerli səhiyyə şöbələri + uşağın bacı və qardaşlarının ailəsi + dostlarının ailəsi.
Makrosistem: planetar proseslər + cəmiyyət + dövlət.
Sosializasiya prosesinin özünəməxsus mexanizmləri var. Onlardan ikisi - imitasiya və identifıkasiya xüsusilə önəmlidir. İmitasiya müəyyən sosial modelin şüurlu surətdə yamsılanması kimi özünü göstərir. İdentifikasiya prosesində isə uşaq özünü təqlid obyekti ilə eyniləşdirir və bu yolla sosial təcrübəni mənimsəyir.
Sosializasiya prosesində şəxsiyyət amilləri də müəyyən rol oynayır. N.Smelzer bu baxımdan iki şəxsiyyət amilinin - həya və günahın rolunu qeyd edir.Müəllifin fikrincə, həya hissi o zaman əmələ gəlir ki, insan ifşa olunacağından ehtiyat edir. Günah hissi isə vicdanın tərkində formalaşır, həya hissi ilə birlikdə müəyyən sosial davranışı qadağan edir, onun qarşısını alır.
Sosializasiya prosesisosial psixologiyada adaptasiya, fərdiləşmə və inteqrasiya prosesi kimi səciyyələndirirlər.
Sosializasiyanın əsas institutlarından biri formal qruplar hesab olunur.Formal uşağın həyatı məktəbdə tərbiyə işinin səviyyəsindən bilvasitə asılıdır.
Sosializasiya mikro -, mezo -, ekzo - və makroamillərin xəlitəsində yaranır. Şəxsiyyət də bu faktorların qarşılıqlı əlaqəsinin sehrində pərvazlanır və sosial cəhətdən əhəmiyyətli keyfiyyətlər kəsb edir.
M.R.Bityanova bu keyfıyyətlərin 4 qurupunu ayırd etmişdir.
Birinci qrupa sosial-psixoloji qabiliyyətlər daxildir. Onlar, bir tərəfdən, şəxsiyyətin ünsiyyətdə və qarşılıqlı təsir məqamlarında adaptasiyasının, digər tərəfdən özünü reallaşdırmasını təmin edir. Sosial-psixoloji qabiliyyətlər çevrəsində aşağıdakıları fərqləndirir: sosial təxəyyül, sosial intellekt, sosial-perseptiv qabiliyyətlər.
Keyfiyyətlərin ikinci qrupu ünsiyyət prosesində əmələ gəlir və onun sosiumda müstəqil inkişaf etməsini şərtləndirir.
Üçüncü qrup keyfiyyətlər insanın başqa adamlarla ünsiyyət və qarşılıqlı təsir prosesində onun mövqeyini şərtləndirir.
Dördüncü qrup keyfıyyətlər insanın fərdi xassələri kimi özünü göstərir, onun ünsiyyət üslubunda, sosial mövqeyinin xüsusiyyətlərində bilavasitə əks olunur. Müəllifin fikrincə, keyfiyyətlər insanın təkrarolunmaz fərdi simasını şərtləndirir və onun sosiumda sosial-psixoloji statusunun bərqərar olmasında köklü rol oynayır.
Sosializasiya prosesində uşaq sosial təcrübəni mənimsədikcə sosial qrupun nümayəndəsi kimi, keyfıyyətlərə yiyələnmiş şəxsiyyət kimi formalaşır. Sosializasiya şəxsiyyətin sosial inkişafı ilə bilavasitə bağlıdır, sosiumun psixoloji kodlarının açılmasında önəmli rol oynayır.