Təhsil müəssisələrində psixoloji xidmət şəbəkəsi 90-cı illərin əvvəllərində formalaşmağa başlamışdır. Məktəbdə psixoloji xidmətin təşkili məktəbin əsas məqsədinin – şəxsiyyətin hərtərəfli inkişafı məqsədinin bütün problemlərinin həll edilməsində mühüm vasitə sayılır.
Şagirdlərə fərdi yanaşma, onların təlim çətinliklərinin aradan qaldırılması, uşaq şəxsiyyətinin inkişafındakı çatışmazlıqların, məktəblilərin təlimdə geri qalmaları və onların aradan qaldırılması üçün tədbirlərin müəyyən edilməsi – bunların hamısı məktəbdə psixoloji xidmətin vəzifələrinə daxildir. Məktəb psixoloqları 6 yaşlı uşaqların təlimi, şagirdlərin qabiliyyət və istedadın vaxtında düzgün müəyyənləşdirilməsinə, məktəb və ailə tərbiyəsində çətin və ziddiyyətli hallar müydana çıxarkən müəllim və valideynlər üçün psixoloji məsləhətlərin təşkili və b. məsələlərin uğurlu həllinə yaxından kömək göstərir.
Məktəb psixoloji xidmətində psixopedaqogika məsələləri mühüm yer tutur. Lakin məktəb psixoloqu yaş və pedaqoji psixologiya ilə yanaşı həm də sosial-psixoloji problemləri həll edir.
Sosial psixologiyanın pedaqoji problemləri isə şəxsiyyətlərarası münasibətlər sahəsi ilə əlaqədardır. “Müəllim-müəllim”, “müəllim-şagird” və “şagird-şagird” tipli münasibətlər sahəsi isə elə bir sosial-psixoloji amildir ki, ünsiyyətin zənginləşməsi və şəxsiyyətin formalaşmasının tətbiqi problemləri bilavasitə onunla bağlıdır. Bu istiqamətdə aparılan tətbiqi tədqiqatlar belə bir fakta istinad etməlidir ki, qarşılıqlı münasibətlərin dəyişilməsi ünsiyyətin idarə olunmasını, ünsiyyətin məqsədyönlü təşkili isə qarşılıqlı münasibətlərin idarə olunmasını şərtləndirir. Sinif kollektivinin, uşağın mənsub olduğu qrupların sosial-psixoloji xarakteristikası, ailədə və məktəbdə şəxsi qarşılıqlı münasibətlər sistemində şagirdin mövqeyi, müəllim və valideynlərin şagirdi anlama səviyyəsi, “çətin” uşaqlar və s. elə sosial-psixoloji problemlərdir ki, müəllimlər təlim və tərbiyə prosesində onları həll etməkdə çətinlik çəkirlər. Şagirdlərin təlimdə geri qalmasını da çox vaxt elə bu amillər şərtləndirir…
Təhsil sahəsində sosial-psixoloji xidmətin uğurları onun sosial-psixoloji problemlərinin uğurlu həllindən bilavasitə asılıdır.