12. Sosiologiyanın strukturu. Cəmiyyət haqqında elm olan sosiologiyanın tədqiqat obyektini çoxlu şaxələrə ayırmaq olar. Başqa sözlə, mürəkkəb cəmiyyət həyatının müxtəlif sahə və istiqamətlərinin məcmusu sosiologiyanın ümumi obyektidir. Məhz bunlar sosioloji biliklərin quruluşunu müəyyənləşdirir.
Sosioloji biliklərin quruluşuna ictimai hadisə və proseslər haqqında məlumatlar, təsəvvürlər və elmi anlayışların sadə (bəsit) toplusu kimi baxmaq olmaz. Bu biliklər dinamik fəaliyyət göstərən və inkişaf edən sosial sistem, cəmiyyət haqqında müəyyən nizamla formalaşan biliklər məcmusudur.
Sosiologiyanın məzmununa daxil olan sosioloji təsəvvürlərin və elmi biliklərin, onların quruluşunun formalaşmasına bir sıra amillər təsir göstərir. Bu amilləri belə ifadə etmək olar.
1. Müstəqil elm kimi sosiologiyanın öyrəndiyi obyektlərin sosal coğrafiyası
2. Sosial hadisə və proseslərin sosioloji nəzəriyyə baxımından öyrənilməsi əsasında əldə edilən elmi ümumilələşmələrin və nəticələrin ictimai əhəmiyyətliliyi dərəcəsi
Sosioloji biliklərə buraya daxil olan struktur elementlərinin məcmusu kimi baxmaq olar. Sosiologiyanın tədqiqat istiqaməti cəmiyyətdən başladığına görə sosioloji biliklər toplusunun ilkin elementi kimi bütöv sosial orqanizm olan cəmiyyət haqqındakı biliklər çıxış edir. Bu biliklər ictimai münasibətlər sistemini, onların məzmununu və qarşılıqlı fəaliyyət mexanizmini özündə əks etdirir.
Müstəqil elm kimi özünəməxsus biliklər sistemi olan sosiologiya mürəkkəb quruluşa malikdir. Bütöv cəmiyyət həyatını, ictimai gerçəkliyi, həmçinin müxtəlif tipli, konkret sosial hadisə və prosesləri öyrənməyə imkan verən təfəkkür forması kimi çıxış edən sosiologiyanın strukturunu şərti olaraq müxtəlif səviyyələrə ayırmaq olar. Cəmiyyətin, ictimai həyatın nəzəri və praqmatik (tətbiqi-praktiki) baxımdan öyrənilməsi aspektləri sosioloji biliklərin müxtəlif səviyyələrə və istiqamətlərə ayrılmasını şərtləndirir. Sosioloji biliklərin səviyyə və istiqamətləri bir-birini doğurmaq, şərtləndirməklə və tamamlamaqla bütöv sosioloji biliklər sistemini, uyğun olaraq onun strukturunu formalaşdırır. Sosioloji biliklərin səviyyələrinin və tədqiqat istiqamətlərinin bir-birinə üzvi keçidi vardır.
Sosioloji biliklərin strukturunu şərti olaraq bu cür səviyyələrdə vermək olar:
Ümumi sosioloji nəzəriyyələr və yaxud nəzəri sosiologiya;
Xüsusi sosioloji nəzəriyyələr və yaxud sahə sosiologiyaları;
Tətbiqi sosiologiya və yaxud konkret sosioloji tədqiqatlar;
Bu səviyyələrin hər birinin cəmiyyətin, ictimai həyatın öyrənilməsi ilə bağlı özünəməxsus yanaşma üsulları və metodları vardır.