16. Sosiologiyanın xüsusi metodları. Sosiologiyanın metodları və metodologiyanın formalaşması prosesi müəyyən mərhələdən keçmişdir. Sosioloji metodlar haqqında müxtəlif yanaşmalar və təsəvvürlər vardır. Belə təsəvvürlər sosiologiyanın bir elm kimi təşəkkülü prosesində meydana gəlmişdir. Sosioloji metod pozitivizmdən başlayaraq formal sosiologiyaya, cəmiyyətin struktur-funksional təhlilinə doğru inkiaf etmişdir.
Pozitivist metoda görə, sosiologiya təbiətşünaslıq elmlərinin istifadə etdiyi prinsip və metodların köməyi ilə öyrənilməlidir. Belə ki, O.Kont empirik məlumatları əldə etməyin ümumnəzəri metodlarının müşahidənin, eksperimentin, müqayisəli-tarixi metodun (sinxron və diaxron) sosiologiyaya tətbiq olunmasını əsaslandırmış və özünün nəzəri müddəalarının təsviri üçün bunlardan istifadə etmişdir. H.Spenser sosial hadisə və prosesləri induksiya və deduksiya metodlarının köməyi ilə tədqiq edərkən təbiətşünaslığın və tarix elminin məlumatlarından sosioloji ümumiləşdirmələr üçün geniş istifadə etmişdir. Lakin bütövlükdə erkən nəzəri sosiologiyanın klassikləri qarşılarına yeni empirik dəlilləri əldə etməyin metodlarını işləyib hazırlamaq məqsədini qoymamışdılar. E.Dürkheym sübut edirdi ki, sosiologiya sosial faktları, təzahürləri fərdlərdən asılı olmayan, obyektiv surətdə mövcud olan, məcburi xarakterə malik olan və xarici təzyiq göstərmək əlamətinə malik olan əşyalar kimi öyrənməlidir. E.Dürkheymə görə, sosiologiyada obyektiv metod bütün cəmiyyətdə yayılmış, fərdə münasibətdə məcburi olan hərəkət üsulları olaraq faktların mövcudluğunu nəzərdə tutur, faktları isə empirik məlumatları əldə etməyin nəzəri cəhətdən əsaslandırılmış suallarına istinad etməklə aşkara çıxarmaq mümkündür. İntiharın tiplərinin və səbəblərinin E.Dürkheym tərəfindən tədqiq edilməsi empirik tədqiqat üçün nümunəyə çevrilmişdir.
17. Sosiologiyanın digər elmlərlə əlaqəsi. Müasir dövrdə elmi biliklərin diferensasiyası, həm də inteqrasiyası prosesi müşahidə olunur. Bir sözlə, insan zəkasının təbiət və cəmiyyətin inkişaf proseslərinə daha dərindən nüfuz etməsi ilə əlaqədar olaraq, elmlərin diferensiasiyası, yeni müstəqil nəzəriyyələrin yaranması prosesi gedir. Bu proses tədqiqatçıların, alimlərin də ixtisaslaşması zərurətini doğurur. Digər tərəfdən isə elmlərin inteqrasiyası, onların qarşılıqlı təsir əlaqələrinin genişlənməsi və dərinləşməsi prosesi baş verir. Belə meyllər sosiologiyanın təşəkkülü və inkişafında qabarıq nəzərə çarpır. Sosioloji biliyin diferensasiyası nəticəsində yeni sosioloji nəzəriyyələr-elmlər meydana gəlməlidir. Məsələn, əməyin sosiologiyası, elmin sosiologiyası, ailənin və nikahın sosiologiyası, beynəlxalq münasibətlərin sosiologiyası və s. Bütün xüsusi sosioloji nəzəriyyələr ümumsosioloji nəzəriyyənin tərkibinə daxildir. Elmi biliklərin inteqrasiya meyli sosiologiyanın sosial-siyasi və humanitar elmlərlə, habelə dəqiq və təbiət elmləri ilə əlaqələrinin möhkəmlənməsini zərurətə çevirmişdir.
Sosiologiyanın müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir. Bu əlaqə bəzən güclü, çoxcəhətli və intensiv, bəzən isə nisbətən zəif və qeyri-intensivdir. Sosiologiyanın bəzi sosial-siyasi və humanitar elmlərlə əlaqəsinə, qısaca olsa da, diqqət yetirək. Məlumdur ki, siyasi iqtisad maddi nemətlərin istehsalı, mübadiləsi, bölgüsü prosesində obyektiv surətdə təşəkkül tapan münasibətlərin fəaliyyəti və inkişafının qanunauyğunluqlarını, formalarını öyrənir. Bütün sosial münasibətlərdə, proseslərdə, habelə insanın bütün həyat fəaliyyətində iqtisadiyyat özünəməxsus yer tutduğundan iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatların istiqamətləri ilə bilavasitə qovuşur. İqtisadiyyatın və bölgü münasibətlərinin sosiologiyasını, əməyin və əmək kollektivinin sosiologiyasını xatırlamaq kifayətdir.
Sosiologiyanın politologiya ilə qarşılıqlı əlaqələri getdikcə inkişaf edir. Çoxaspektli sosioloji tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi, zəngin empirik materialın toplanıması və i.a. bu əlaqələrin dərinləşməsində böyük rol oynayır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin əlaqəsini daha aydın nümayiş etdirir.
Sosiologiyanın fəlsəfə ilə əlaqələri zəngin tarixi prosesdir. Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu bunu əyani surətdə sübut edir. Fəlsəfə həm varlığın, həm də təfəkkürün, idrak prosesinin tabe olduğu ən ümumi qanunları tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır.
Hüquq elmi də sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan ibarət olan hüququ, bütövlükdə dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilini və fəaliyyətinin hüquqi formalarını öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında böyük məna kəsb edir. Hüquq elmi dövlətin və hüququn inkişafının əsas qanunauyğunluqlarını, onların sosial rolunu, əsas funksiyalarını və s. Tədqiq edir.