32. Sosial təbəqələr. Sosiologiyanın müasir ideyalarından biri “Stratifikasiya” nəzəriyyəsidir. Bu termin geologiya elmindən götürülmüşdür. Sosiologiyada “təbəqə” anlayışı ilə adekvat məna daşıyır. Bu nəzəriyyəyə görə cəmiyyətin strukturu sosial təbəqələrin və yaxud qrupların məcmusundan ibarətdir.“Stratifikasiya” və yaxud sosial qruplar nəzəriyyəsinin banisi ABŞ sosioloqlarının patriarxı Eduard Ross sayılır. E.Ross XX əsrin əvvəllərində bu anlayışdan (termindən) istifadə etmişdir. Onun fikrincə, cəmiyyətə sosial qrupların (təbəqələrin) məcmusu kimi bxmaq olar. Fərdin ictimai həyatına onun qrupdaxili həyatı, eləcə də qruplararası münasibətlərdə iştirakı kimi baxmaq olar. Qrupların formalaşması əraziyə (coğrafi amilə), peşələrə, məşğuliyyətlərin oxşarlığına və bu kimi meyarlara görə baş verir. XX əsrin 50-60-cı illərində ABŞ-da cəmiyyətin ictimai qruplarının belə bir təsnifatı mövcud idi: ictimai qruplar, ailə qrupları, tərbiyə qrupları, iri qruplar, mülki qruplar-siyasi təşkilatlarda birləşən qruplar və s.
Bəzi Qərb nəzəriyyələri sübut etməyə çalışırdılar ki, kapitalizm cəmiyyətində (inkişaf etmiş Qərb ölkələrində) müxtəlif ictimai təbəqələrin tədricən qovuşması nəticəsində “vahid orta sinfin” yaranması prosesi baş verir. Onların fikrincə, bu cəmiyyətlərdə adamların bir sinifdən (təbəqədən) digərinə keçməsinə böyük imkanlar yaranmışdı. Belə ölkələrdə “çevik siniflər, açıq cəmiyyət” adlanan sosial qruplar əmələ gəlmişdir.
Bu dövrdə Qərb sosioloqlarında “elita” nəzəriyyəsi də geniş yayılmışdı. Bu nəzəriyyəyə görə insanlar fitrən qeyri-bərabərdir və insanların fərqli istedadlarının psixoloji əsasında cəmiyyətin yuxarı təbəqəsi “elita” adlanan təbəqə, yəni “seçilənlər” təbəqəsi formalaşır. Bu təbəqəni əsasən direktorlar, müdirlər, top menecerlər, yüksək səviyyəli texniki işçilər və s. Bu kimi xüsusi qabiliyyətli insanlar təşkil edirlər. Deyilən nəzəriyyələrin nöqsanlı cəhətləri olsa da, maraqlı tərəfləri də vardır ki, bu da sosioloqların həmişə diqqətini cəlb edir.
Cəmiyyətin sosial strukturu probleminin mühüm aspektlərindən biri sosial yerdəyişmə və ya “sosial mobillik”dir, yəni adamların bir sinifdən, sosial qrupdan və təbəqədən başqalarına keçid məsələsidir. “Sosial mobillik” anlayışı sosiologiyaya 1927-ci ildə P.Sorokin tərəfindən gətirilmişdir. O, mobilliyi iki növə ayırır: üfüqi və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik adlanır. P.Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini nəzərdə tuturdu.