01.02.2013
VƏTƏN HAMIYA TƏN GƏRƏK…
Avtobusla yaşadığım Pirallahıdan şəhərə gedirdim. Təsadüfən qonşu
oturacaqda uşaq bağçasında musiqi müəlliməsi işləyən bir xanımla yol
yoldaşı oldum. Müəllimə öncə yolun uzaqlığından, əvvəllər “Qazel” tipli
marşrutların fəaliyyətindən və 60 km yolu 40 dəqiqəyə qət etməsindən, 150
saylı marşrutun xəttə buraxılmasından, adamların basabasla, saat yarıma
əziyyətlə getməsindən ağızdolusu bəhs etdi, sonra aldığı aylıq məvacibin
azlığından gileylənərək sözünə davam etdi: “Mən 23 il bağçada musiqi
müəlliməsi işləyirəm. Əvvəllər Neft Şirkətinə baxırdıq, aylıq məvacib 190
manat idi, indi isə bizi ordan xaric ediblər, 90 manat maaş alıram. Hamı
müəllimləri, həkimləri pisləyir, amma aldığımız aylıq məvacibin fərqində
olan yoxdu. Bu pulla necə yaşayasan? Heç mənzil xidmətlərini ödəməyə
yetmir. Həyat yoldaşım isə 250 manat maaş alır, 3 uşağımız var, bilm-
irik necə yaşayaq. Vallah, billah, çətinlik içindəyik. Niyə bu büdcədən
maliyyələşən qurumları bir fikirləşən yoxdu? Bunun bir sonu olacaqmı?”
Qadın danışdıqca mən günahkar-günahkar ona qulaq asırdım, sanki
bu çatışmazlıqların səbəbkarı elə mən özüm idim. O, sözünə davam edib
207
deyirdi: “Dükanlara bahaçılıqdan girmək olmur, uşaqlarım qarnıdolusu
çörək yemir. Bir gün kiçik qızım mənə nə desə yaxşıdır: “Ana, sənin ali
təhsilinin bizə nə xeyri? Nə vaxta qədər biz yarıac yaşayacağıq, incimə,
ana, ac adamın qızını heç alan da tapılmır, qalır atasının evində, un çuvalına
tay olur…” Düzü, uşağın sözü məni yaman tutdu. Qəhər məni boğdu,
gözlərim doldu… Dedim: Neyləyim, qızım, gedim xadimə işləyim? Heç
süpürgəçiliyi də indi tapmaq olmur”.
Yeri gəlmişkən, süpürgəçi dedim yadıma düşdü, getmişdim mənzil
haqqını ödəməyə, fürsətdən istifadə edib, küçəmizdəki zibilxananın aşıb-
daşmasından gileyləndim. Dedilər ki, gördüyündən də beşbetər olacaq,
çünki bizdə adamları işdən çıxarma əməliyyatı gedir. İşçilərin sayını
azaldırlar, maaşlarını da kəsiblər. 110 manat maaş alırıq, onu da bizə çox
görüblər. İşsizliyə əlac etməkdən, əksinə, ölkədə işsizlərin sayın artırırlar.
Yol yoldaşım yana-yana sözünə davam edirdi: “Yaxşı ki, 3 qızım var,
bir dənə buna sevinirəm. Bəlkə bəxtləri oldu kiməsə ərə getdilər. Əgər
oğlan olsaydılar birinci onların əsgərliyini fikirləşəcəkdim. Dondurulmuş
müharibə, tez-tez cəbhədən əsgər intiharlarıyla bağlı xəbərlər gəlir.
Görəsən, torpağı işğal altında olan ölkənin əsgəri niyə intihar edir? Niyə
bizim içdən və çöldən dövlətçiliyimizə qəsd edirlər? Nə baş verir? Bizim
əsgərlərimizə indi elə baxmalıdırlar ki, onların ayaqlarını basdığı yerdən od
çıxsın, amma bizdə əksinə, əsgərlər intihar edir, hərbidə xoşagəlməz hallar
hər gün qulaqlarımızı dəlir. Camaat yarıac, yarıtox oğul bəsləyir, onun da
aqibəti sonda belə olur. Yenə düşmən gülləsinə tuş gəlsə deyərsən ki, Vətən
yolunda şəhid olub… Qayınanam pensiyaçıdır, yanvardan pensiyasını 80
qəpik artırıblar”.
Müəllimə ürəyini bir xeyli boşaldandan sonra üzünü mənə çevirib dedi:
“Eh, siz neyləyəsiz e… Sizi də bayaqdan mənfi emosiyalarla yükləyirəm,
bağışlayın, siz Allah…
Bağça müəlliməsi əsl ziyalı düşüncəsi ilə çulğanmış qadın idi. Onun
yana-yana söylədiklərini bir xeyli dinlədim. Düzü, adamın ürəyinin partla-
mağı gəlirdi, çünki bu müəllimə bağçada işləyirdi. Millətin sabahı, gələcəyi
bağçadan başlayır, əgər bağça müəlliməsinin üzü gülmürsə, ürəyi çətinliklər
burulğanında çırpınırsa, bir qarın çörəyin həsrətini çəkirsə, bəs onun tərbiyə
verdiyi körpələr hansı mənəvi qidanı alacaqlar? Deməli, rüşvət bağçalardan
başlayır. Rüşvətin kökünü kəsmək üçün birinci bağçalarda, məktəblərdə
çalışan insanlarımız urvatlı maaş almalıdır ki, sabahımız olan balalarımızdan
208
süpürgə pulu, gül pulu istəməsinlər. Yəni həyatın çətinliklərini dadmamış
balaları çətinlik burulğanında əzməsinlər. Sağlamlıqları üçün həkimə müraciət
edəndə həkimə pul vermək barədə baş sındırmasınlar.
Kimi milyonlar üstündə oturub, maşınlarının sayını, evlərinin ünvanını
unudur, bilmir paraları hara xərcləsin? Kimi də gündəlik çörəkpulunu
çatdıra bilmir. Bizim ölkədə nə qədər ortabab cəmiyyət formalaşmayacaq,
halımız gündən-günə fəna olacaq. İnsanlarımız banklardan asılı vəziyyətdə
yaşayır, elə bir ailə tapmazsan ki, onun banklara kredit borcu olmasın.
İnsanları da elə tərəzinin həddindən artıq əyilməsi hiddətləndirir. Bizim
dövlətçiliyimizin ömrü çox uzun illəri əhatə etmir. Çox kövrəkdir. Bu
kövrəkliyi sabun köpüyünə döndərməyə çalışanlar, papaqlarını qabaqlarına
qoyub dərin-dərin düşünməlidirlər. Ayə, bu Vətən təkcə biz milyonlar
üstə oturanların deyil axı, milyonları rahat həzm etmək üçün millətin az
maaşla yaşayan zümrəsinə də yaxşı mənada diqqət ayırmalıyıq. Sosial
ədalətsizlik olan ölkələrdə xarici və daxili qüvvələr baş qaldırır, ölkəni
içdən və çöldən didir, məhv edir, xaraba qoyur. Biz çox əzablar görmüş
xalqlardanıq, o xalqlardan ki, hələ də qaçqın problemimiz var, işğal altında
torpaqlar bizdən kişi hünəri gözləyir! Bizim varlı zümrəmiz isə “mənəm-
mənəm”liklə məşğuldur. Sonda sözümün canı odur ki, bu Vətən bizim
yuvamızdırsa, ONDA HAMIYA TƏN GƏRƏK…
01.03.2013
Dostları ilə paylaş: |