3
O YERLƏRDƏ İZİM QALDI…
Bu yaxınlarda Qalaaltı sanatoriyasında istirahət edirdim. Gözəl ab-
havası, yaraşıqlı, gəzməli-görməli yerləri olan bu müalicəvi sanatori-
ya neçə-neçə dərdlərə, əlacsızlara şəfa bulağı olub. Qalaaltının mehri-
ban həkimləri, tibb işçiləri, sağlamlığın keşiyində dayanıblar. Qalaaltı
sanatoriyasında mən bircə çatışmazlıq hiss etdim. Bu da Qalaaltının bəzəyi,
əsrlərin müqəddəs, sirli yadigarı olan Çıraqqalanın bərbad halda olmasıdır.
Əsrlərin yadigarı olan bu tarixi abidənin bərpası keçmişimizə çıraq tutan
qalanı tikənlərin ruhuna da təskinlik olardı… Mən orta məktəbdə oxuy-
anda Çıraqqalaya ekskursiyaya getmişdik. Görünür, əsrlərin sınağından
çıxan bu qala son 10-15 ildə təbiətin küləyinə, sazağına dözə bilmir. Bəlkə
də o əsrlərdə onun qeydinə qalanlar olubmuş, indi isə müasir dövrdə el-
min, texnikanın sürətli inkişafına baxmayaraq babalarımızın, ulularımızın
əvəzsiz yadigarına dırnaqarası baxılır. Necə olur ki, 14-15 əsr bundan qa-
baq Çıraqqalanı dağların başında ən uca zirvədə hasilə gətirə bilirlər, biz
isə bu sürətli atom, texnika əsrində ulularımızın, qədim Odlar Yurdunun
müqəddəs yadigarlarını nədənsə bərpa edə bilmirik?!
Qalaaltı sanatoriyasına gələn bütün xəstələr böyrəklərində, öd kisə-
lərində olan çatışmazlıqlara baxmayaraq, bura ayaq basan kimi babaların
əvəzsiz yadigarını – Çıraqqalanı görməyə tələsirlər…
Çıraqqalanın hər daşı – uğursuz həyatına qiymət verilməyən bədbəxt
bir insan kimi qəlpə-qəlpə olub dərin dərələrin, uçurumların dibinə yu-
varlanır, yarğanların burulğanlarında qeyb olur. Sinəsi parçalanıb dən-dən
olur Çıraqqalanın… Sanki haray-həşir salıb qışqırır ki, mərəzlərini, xəs-
təliklərini 1-2 saatlıq unudub, ay məni görməyə gələn insanlar deyir, bəlkə
siz mənə öz kömək əlinizi uzadasınız. Axı mən sizin ulu keçmişinizin,
bütünlükdə yerlə-yeksan olub torpaq altında qalan Şabran şəhərinizin,
Dər bəndinizin, bütöv Azərbaycanınızın yadigarıyam. Sümükləri dəlik-
deşik divarların oymalarından boylanan, səssiz-səssiz inildəyən neçə-neçə
günahsız qurbanların nişanəsiyəm! Bəlkə siz gedib başbilənlərinizə xəbər
verə və mənim bugünkü halımla onları hali edəsiniz. Ey mənim qurub-
yaradan babalarımın, ulularımın nəvə-nəticələri, kömək edin mənə deyir…
Ümumittifaq əhəmiyyətli Qalaaltı sanatoriyası mənə elə gəlir ki, ittifaqın
kurort mənşəli ərazilərindən heç də pis deyil. Yayın cırhacır vaxtında
burda yalnız 1-2 saat isti hava hiss edirsən. Qalan saatları həzin ab-hava
4
adamı müşayiət edir. Mən tez-tez mətbuatımızda da oxuyuram ki, tarixi
keçmişimizin yadigarlarını qoruyaq, saxlayaq. Bəs görəsən, Dəvəçi rayo-
nunun ərazisində yerləşən Qalaaltı sanatoriyasının bəzəyi olan Çıraqqalanı
qorumaq tarixi yadigarlarımızdan deyilmi?! Deyirlər, bu qala 17 tikilidən
ibarət olub, onun təkcə biri qalıb. O da dağılandan sonra gərək Qalaaltının
adını dəyişdirsinlər, çünki az bir hissə qalıb, belə getsə ondan, ümumiyyətlə,
əsər-əlamət qalmayacaq.
Dədələrin, babaların əziz-xələf yadigarı Çıraqqala, qəlbini sıxma, bəlkə
sənin də taleyinlə maraqlanan tapıldı. Səni birinci dəfə gördüyümdən illər
keçib… Bir də sənin müqəddəs, sehrli torpağına ayaq basdım. O vaxt ki,
izlərimin üstünə yeni izlər qarışdı. Məni uşaqlıqdan valeh edən, şiş dağlar
başından kəndimiz Tağaya, dəli-dolu Xəzərə sarı boylanan sirli-soraqlı
qalam, səninlə yenidən görüşdüyümə görə, o otlu-əncərli daşlarına ayaq
basdığıma görə sevinirəm… Kədərim sənin dağılmış görkəmini gör-
düyümdən yanadır, lakin ümidimi itirmirəm, rica edirəm, heç sən də itirmə!
Ümidvaram ki, ulularımızın yadigarına kömək əlini uzadanlar tapılacaq!..
Sənin uçulub tökülmüş qalaçanda bərpa işləri aparılacaq. Mən buna hava
və suyun varlığı təki inanıram. O gün gələcək. Mən görməsəm də sən bunu
görəcəksən. Uşaqlığımdan boyunu uzaqdan-uzağa heyran-heyran süzdü-
yüm, Çıraqqala, mənim səndə izim qaldı…
15.07.1987
Qalaaltı
Qeyd: Bu məqaləni 15.07.1987-ci ildə yazdım, amma o zaman mətbuatda çap
etdirə bilmədim. İllər keçdi. Biz, yəni Şimali Azərbaycan müstəqillik qazandı.
Zaman keçdi, mərhum prezidentimiz Heydər Əliyev 23 iyun 2003-cü ildə № 1262
saylı “Çıraqqala» tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında”
sərəncam imzaladı. Bu sərəncamın yerinə yetirilməsini arzu edərdim…
|