16 . XƏTTİ KORRELYASİYA ÜSULU İLƏ QISA MÜŞAHİDƏ SIRASININ UZADILMASI
Hidroloji hadisələrin tədqiq olunmasında bir çox hallarda iki və daha çox müşahidə sıraları arasında əlaqələrin müəyyən edilməsinə ehtiyac olur. Belə hallarda sıranı təşkil edən kəmiyyətlər arasında olan əlaqəni müəyyən etmək üçün riyazi statistikada korrelyasiya nəzəriyyəsindən istifadə olunur. Korrelyasiya yunan sözü «correlatio»-dan götürülüb mənası əlaqələrin daxili münasibətini öyrənmək deməkdir.
Məlum olduğu kimi təbiətdə baş verən hadisələr elə mürəkkəb və çoxcəhətlidir ki, həmin hadisələrə təsir edən amillərin hamısının tam şəkildə nəzərə alınması mümkün olmur.
Misal üçün yaz gursululuğunun əsas kəmiyyət göstəriciləri yalnız qar sularının ehtiyatlarından yox, həm də yaz yağışlarının miqdarından, havanın temperaturundan, torpaq-qrunt qatının ilkin nəmliyindən və s. asılı olur. Odur ki, gursululuğa təsir edən bütün amillərin təsirinin nəzərə alınması mümkün olmadığından, həmin dövrdə yalnız maksimal su səviyyəsi ilə qar sularının ehtiyatı arasındakı asılılığın qurulması imkanı yaranır ki, bu da təxmini xarakter daşıyır. Əgər hər hansı y funksiyasının qiymətləri yalnız x1, x2, .… xn dəyişənlərinin qiymətlərindən deyil, əlavə bir çox digər amillərdən də asılıdırsa, belə asılılıqlar funksional asılılıqlardan fərqli olaraq, korrelyasiya asılılıqları adlanırlar.
Bütövlükdə isə kəmiyyətlər arasında əlaqələr funksional və ya korrelyasiya şəklində olurlar. Bunlardan funksional əlaqələr daha dəqiqdir. Belə ki, iki kəmiyyət arasındakı funksional asılılıqda x arqumentinin hər qiymətinə y funksiyasının bir qiyməti uyğun gəldiyi halda, korrelyasiya asılılığında arqumentin hər bir qiymətinə funksiyanın bir neçə qiyməti uyğun gələ bilər.
Fizika, kimya və bir çox digər elmlərdə bütün qanunlar funksional asılılığa aid olduqları halda, hidroloji kəmiyyətlər arasındakı əlaqələr əsasən korrelyasiya şəklində baş verir.
Dostları ilə paylaş: |